Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Nail Rəsulov Nurəli na***@mail.ru ID: 5473
Salam. Mən 55 günlük vətən müharibəsi iştirakçısıyam. Kəlbəcər rayonunun azad olunması medalı ilə təltif olundum. Mən bilmək istəyirəm ki, mən maaş alarkən vergi, tibbi sığorta tutulmalarından azad olunmalıyam? Ancaq hələ də mənim maaşım 275 olduğu halda mən 246 manat maaş alıram. Etməliyəm ki, tam maaş alım.
09/11/2021 Oxunub: 98 Orta qiymət: 0

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır. Müharibə iştirakçılarının tibbi sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.2.7-ci maddəsi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məcidov Orxan Ələddin or***@inbox.ru ID: 5468
Salam. Mən VÖEN açdırmışam, amma məmə kod verə bilmədilər VÖEN-ə bağlı hesab açdırmaq üçün. Bildirdilər ki Dölət Vergi Xidmətinə müraciət edin. Onlar sizə kodu verəcək.
08/11/2021 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mübarək Hacıyev Mübariz ha***@list.ru ID: 5465
Salam mən Lənkəran dövlət universitetinin Tarix və ictimaiyyət ixtisasını bitirmişəm. Bu il GDU -nun magistraturasını fərqlənmə ilə bitirmişəm. Tarix ixtisasında oxuyarkən İqtisadiyyat fənni keçmişəm. Hal-hazırda müəllim işləyirəm. Vergi orqanlarında işləmək üçün imtahanda iştirak etmək istəyirəm. Bilmək istəyirəm ki mən vergi orqanlarına işə qəbul imtahanında iştirak edə bilərəm? Cavabınızı gözləyirəm. Əvvəlcədən təşəkkür.
07/11/2021 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. 

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada  müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rafael Quliyev Namiq oğlu ra***@mail.ru ID: 5461
Salam, aşağıdakı məzmunda sualım var: 4 nəfər təsisçidən ibarət MMC-də təsisçilərdən biri MMC-dən ayrılmaq və payını yerdə qalan 3 nəfər təsisçiyə bağışlamaq və ya satmaq istəyir. Bu prosesin rəsmiləşdirilməsi (sənədləşdirilməsi) hansı ardıcıl mərhələlərdən keçir? Detallı məlumat, zəhmət olmasa.
05/11/2021 Oxunub: 196 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Eyni zamanda bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sahil Sabirzadə İlham oğlu sa***@gmail.com ID: 5458
Salam. İşləyən işçiyə və ya işdən çıxan işçiyə qalıq məzuniyyətə görə ödənilən kompensasiya ödənişindən icbari tibbi sığortaya və işsizlik sığortasına tutulma olmalıdırmı ?
05/11/2021 Oxunub: 133 Orta qiymət: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və  məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və Əmək Məcəlləsinin 154-cü, 157-ci maddələri, “Tibbi sığorta haqqında", "Sosial sığorta haqqında",  "İşsizlikdən sığorta haqqında"  Azərbaycan Respublikasının Qanunları. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Kamal Həmid ka***@inbox.ru ID: 5457
Salam. Mən ƏDV geri qaytarııması ilə bağlı "ədvgerial"da hesab aktivləşdirmişdim. Ölkə xaricinə getməyimlə bağlı hesabımı tamamilə bağlamaq istəyirəm. Necə edə bilərəm?
05/11/2021 Oxunub: 56 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahimov İbrahim Mövlud af***@mail.ru ID: 5454
Salam. 2019 cu ildə sadələşmiş vergi ödəyicisi hüquqi şəxsə xidmət göstəribsə, gəlir vergi ödəyicisi sayılır. Vergi məcəlləsinin 218.6.1 maddəsi hansı tarixdən qüvvədədir, onu zəhmət olmasa qeyd edərdiz. Öncədən təşəkkür edirəm
04/11/2021 Oxunub: 116 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. 

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəhimli Rəhim el***@mail.ru ID: 5453
Salam. Müsəssisənin 5000 manat borcu yaranmışdır və yaranmış borca 1825 manat faiz borcu hesablanmışdır. VM - 85.4 əsasən hesablanmış borcun əsas hissəsi yəni 5000 manat silinmiş lakin ona hesablanmış faiz borcu 1825 manat silinməmişdir. Bilmək istərdim silinmiş olan 5000 manat ilə birlikdə ona hesablanmış 1825 manatda silinməlidirmi? Öncədən təşəkkürlər.
04/11/2021 Oxunub: 200 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Eyni zamanda “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.

Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilənləri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri nəzərə alaraq, vergi orqanları tərəfindən vergi ödəyicilərinin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarının tutulması üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilmiş tələbetmə müddəti bitdikdə vergi ödəyicilərinin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən ümidsiz borc kimi silinməlidir. Bunun üçün ilk növbədə hər bir tədiyyə üzrə vergi orqanlarının tələbetmə hüququnun axımının başlanıldığı tarix müəyyənləşdirilməlidir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan vergilər, o cümlədən faizlər üzrə yaranmış borcların ümidsiz borc kimi silinməsinə münasibət bildirilməsi üçün uçotda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 65-ci, 85-ci, 93-cü maddələri və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 5450
Hörmətli dostlar. İlk öncə suallarımı operativ cavablandırdığınız üçün sizə təşəkkür edirəm. Sual: 168.1.5-ci maddədə əks olunmuş xidmətlərin ixracı “0” dərəcəyə cəlb olunan əməliyyat sayılır. Həmin xidmətlərin tərkibində poçt rabitəsi xidməti var. Yəni, poçt rabitəsi xidmətinin ixracı (məsələn, Bakıdan İstanbula poçtun çatdırılması) “0” dərəcəyə cəlb olunan əməliyyat sayılır. Lakin 165.1.4 maddədə qeyd olunub ki, beynəlxalq poçt xidmətləri “0” dərəcəyə cəlb olunmur (istisna hal kimi qeyd olunub). Bununla bağlı poçt rabitəsi xidmətinin ixracı hansl dərəcə ilə ƏDV-yə cəlb olunmalıdır? Təşəkkür.
04/11/2021 Oxunub: 221 Orta qiymət: 3

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən poçt rabitəsi xidmətlərinin ixracından ƏDV sıfır (0) dərəcə ilə tutulur. Buna misal olaraq, rezident şəxs tərəfindən göstərilən poçt rabitəsi xidmətləri qeyri-rezidentlərlə bağlanmış müqavilələr əsasında birbaşa onlara göstərildiyi halda həmin xidmətlərin göstərilməsi ƏDV-yə sıfır dərəcə ilə cəlb edilən əməliyyatlara aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə görə beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Bununla yanaşı Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 165-ci və 168-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Abasova Nərgiz Məhəmmədovna na***@mail.ru ID: 5448
Yazıb Sizdən soruşmaq istəyirəm ki, Cəmiyyətdə məzuniyyət haqqı Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən işçinin məzuniyyəti hər iki aya düşürsə işçiyə birinci ayda işlədiyi günlərə və tam məzuniyyət günlərinə görə ödəniş edilir. Sosial sığorta haqqı və Gəlir vergisi (dövlət təşkilatı) isə həmin aydakı iş günlərə və birinci aya düşən məzuniyyətə görə vergi hesablanır və ödənilir. Digər aya düşən məzuniyyət günlərinə əsasən vergi isə 2-ci ayda verilir. Yazıb öyrənmək istəyirəm ki, bu vəziyyətin düzgün olub olmadığını mənə bildirəsiniz.
04/11/2021 Oxunub: 107 Orta qiymət: 5

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.
 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Paşa Vəliyev pt***@yahoo.com ID: 5444
Salam. Xahiş edirəm, məlumat verərdiniz. Mən internet üzərindən (Youtube kanalımda reklam çarxlarına görə vəsait toplanacaq) gəlir əldə etməyi planlaşdırıram. Vergi ödəməliyəm? Əgər bəli, o zaman bunun üçün hansı addımlar atılmalıdır mənim tərəfimdən? Mən bildiyim qədər VÖEN almalıyam, bankda sahibkar hesab açılmalıdır, sonra vəsait həmin hesaba köçürülməlidir. Gəlir vergisi verməli olacağım təqdirdə harada bəyan etməliyəm, bəyannamədə nələri göstərməliyəm? Bütün bunlarla bağlı ümumi bir təlimat forması varmı sizdə?
03/11/2021 Oxunub: 170 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız Youtube videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən "Gəlir vergisi bəyannaməsinin" forması və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Seymur se***@gmail.com ID: 5440
Salam. Mənim şadlıq sarayım var. Oradakı ofisiantlar günlük işləyirlər. Onlarla mülki-hüquqi xarakterli müqavilə ilə işləyə bilərəmmi? Səbəbi də o vəzifədə işləyənlər günlük dəyişən adamlardır. Hər dəfə işə qəbul edib, işdən çıxarmaq mümkün deyil. Xahiş edirəm sualımıza cavab verəsiniz.
03/11/2021 Oxunub: 178 Orta qiymət: 5

Bildiririk ki, müraciətinizdə qeyd olunan ofisiantlar vergi orqanında uçota alınaraq «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» əldə etməldir. Onları işə cəlb edən şəxslər isə həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini təmin etməlidirlər.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 58-ci, 218.4.4-cü, 220.10-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mansurov Səməd İlqar sa***@yahoo.com ID: 5439
Salam. 02 fevral 2021-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən emal prosesinin icra edən müəssisə göstərdiyi xidmətə görə xam malı təqdim edən müəssisə tərəfindən xammalın emala göndərilməsi qaiməsini göndərməlidir. Qaimənin təqdim edilməməsinə baxmayaraq, emal müəssisəsi köhnə qaydalara əsasən göstərilmiş xidmət qaiməsini təqdim etmişdir. Təqdim olunmuş qaimələri ləğv edib, yeni qərara əsasən düzəliş edərkən hər iki müəssisənin cərimə və sanksiyası necə hesablanacaq.
03/11/2021 Oxunub: 123 Orta qiymət: 5

Bildiririk ki, elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası” ilə tənzimlənir.

Həmin Qaydalara əsasən vergi ödəyicisi tərəfindən mallar emal edilməsi məqsədilə digər vergi ödəyicisinə verildikdə “malların emala verilməsi barədə” elektron qaimə-faktura tərtib edilir və malların dəyəri elektron qaimə-fakturada göstərilir.

Emal məqsədləri üçün alınmış mallar emal edildikdən sonra təhvil verilərkən malları emal edən vergi ödəyicisi tərəfindən “emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-faktura tərtib edilir. Bu zaman tərtib edilən elektron qaimə-fakturada emal edilmiş malların dəyəri istisna olmaqla, məhsula dair bütün məlumatlar əks etdirilir. Göstərilmiş emal xidmətinin dəyəri ilə bağlı “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura tərtib edilir və həmin elektron qaimə-fakturada “emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi qeyd edilməklə, mallar təhvil verilən vergi ödəyicisinə təqdim edilir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 5430
Şəxsi hesab vərəqənin axırıncı cədvəlində "Sosial üzrə bölüşdürülməmiş ödəmələr" qrafasında , məbləğ göstərilir. Xahiş edirəm bu rəqəmin hansı hallarda yaranması barədə məlumat verəsiniz.
02/11/2021 Oxunub: 83 Orta qiymət: 0

Bildiririk ki, şəxsi hesab vərəqəsində "Sosial üzrə bölüşdürülməmiş ödəmələr" qrafasında əks olunan məbləğ vergi ödəyicisinin sosial sığorta haqqı üzrə ödənilmiş, lakin bəyan edilməmiş məbləğlərin cəmini əks etdirir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tünzalə Sağlam Zahid tu***@gmail.com ID: 5427
Salam, mənim çeklə bağlı bir sualım var sizə. Dünən "Dəniz Mall"dakı sinemada olduq, oradan aldığımız çekin üzərində ƏDV göstərilir. Amma heç bir halda ƏDV geri verilmir. Bu çek əsas deyilsə, niyə üzərində ƏDV əks olunub?
02/11/2021 Oxunub: 177 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır.

Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən kinoteatr xidmətlərinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüqar Yaqubov Qabil vu***@gmail.com ID: 5425
Bildiyimiz kimi Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyərinə görə illik 1% əmlak vergisi hesablayıb ödəyirlər. Bəzi hallarda müəssisələrin balansında olan əmlakların dəyərinə eyni zamanda həmin əmlakın yerləşdiyi torpaq sahəsinin də qiyməti daxil edilmiş olur. Bu zaman əmlak vergisi hesablananda əmlakın ümumi dəyərindən torpağı dəyəri azaldılaraq hesablanamalıdırmı? Nəzərə alsaq ki, azadolma və güzəştlərdə müəssisənin balansında olan mexaniki nəqliyyat vasitələrinə əmlak vergisinin hesablanmaması nəzərdə tutulub.
01/11/2021 Oxunub: 137 Orta qiymət: 3

Bildiririk ki, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir. Bununla yanaşı əmlak vergisindən güzəşt və azadolmaları nəzərdə tutan Vergi Məcəlləsinin 199-cu maddəsində torpaq sahələri təsbit edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 199-cu, 201-ci və 202-ci maddələri.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Elnur Əliyev Çingiz ae***@mail.ru ID: 5423
Salam, zəhmət olmasa aşağıdakı sualları cavablandırmağınızı rica edirəm: 1) Fiziki şəxs adı altında şirkət qurmaq olarmı və fiziki şəxs ilə şirkət adı yaratmaq olarmı ? 2) MMC olaraq şirkət qurduqda, təsisçidən başqa hər hansı bir işçi mütləqdirmi yoxsa təsisçi özü işi apara bilərmi ? 3) Əgər 2 -ci sualda "işçi mütləqdir" cavabı olarsa, şirkətin qazancı olmazsa işçiyə əmək haqqı ödəməsi və vergilərin ödənməsi mütləqdirmi yoxsa qazanc olmazsa ödənməyə bilər və ya hansı vergilər mütləqdir?
01/11/2021 Oxunub: 99 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar hesab olunur. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. 

Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

Cavab 2-3. Bildiririk ki, cəmiyyətin rəhbər və təsisçisinə ayrı-ayrı şəxslər kimi baxıldığından hüquqi şəxsin təsisçisinin eyni zamanda həmin hüquqi şəxsin rəhbəri olmasından asılı olmayaraq rəhbər və digər işçilərlə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində həmin hüquqi şəxs çıxış edir. Hüquqi şəxsin təsisçilərinin təsis müqaviləsində və ya iştirakçılarının ümumi yığıncağının qərarında hüquqi şəxsin adından onun rəhbəri ilə əmək müqaviləsi bağlamaq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti təsisçilərdən birinə həvalə oluna bilər. Bu baxımdan hüquqi şəxslə onun rəhbəri arasında əmək münasibətləri əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Hüquqi şəxslə onun digər işçiləri arasında bağlanmış əmək müqavilələri üzrə bildirişlər hüquqi şəxsin rəhbəri tərəfindən elektron informasiya sisteminə daxil edilir.

Hüquqi şəxsin hesabat dövrü ərzində fəaliyyəti olmadığı və işçiyə əməkhaqqı ödənilmədi halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fidan Rəfiyeva Nemət re***@gmail.com ID: 5418
Salam, iş yeri vergidən yayınır və əmək müqaviləsi olmadan işçiləri işlədir. Hara müraciət edə bilərəm?
31/10/2021 Oxunub: 106 Orta qiymət: 1

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Əliyev Famil Balamirzə oğlu fa***@mail.ru ID: 5411
İşləməyən pensiyaçılar bələdiyyəyə əmlak vergisi ödəməlidirmi?
30/10/2021 Oxunub: 98 Orta qiymət: 5

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 199.3-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İbrahimova Salatin Allahverən qızı ib***@gmail.com ID: 4867
A müəssisəsinin Tacikstan respublikasında filialı fəaliyyət göstərir və ana şirkətin tapşiriqlarını yerinə yetirir. Hər ay filiala nümayəndəlik xərclərini ödəmək üçün vəsait göndərilir. İl ərzində göndərilən vəsaitlər A müəssisəsinin xərcinə aid olunmalıdırmı? Filialın gəlir və xərcləri A müəssisəsinin mənfəət vergi bəyannaməsində necə tanınmalıdır?
29/10/2021 Oxunub: 346 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 127.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla rezident şəxsin əldə etdiyi gəlirlərdən (o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirlər daxil olmaqla) həmin gəlirlərin əldə edilməsi ilə bağlı olan xərclər çıxıldıqdan sonra qalan mənfəətindən 20 faiz dərəcə mənfəət vergisi hesablanaraq dövlət büdcəsinə ödənildiyindən filialın fəaliyyəti üçün köçürülən vəsait gəlirdən çıxılmır.

Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (9 Orta qiymət)
Qiymət ver: