Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Könül Mehdiyeva Tofiq ko***@gmail.com ID: 5273
Salam. Bildiyiniz kimi, 2020-ci il üzrə pandemiyadan zərərçəkən fəaliyyət sahələri üzrə vergi ödəyiciləri üçün bəzi güzəştlər və azadolmalar nəzərdə tutulmuşdur. Sualım ondan ibarətdir ki, e-taxes.gov.az saytında 08.04.2020 tarixində yerləşdirilən Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifati ilə bağlı siyahıda göstərilən vergi ödəyicilərinə Vergi Məcəlləsinin XVIII fəsilinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarına əsasən qeyd olunan güzəşt və azadolmalar tətbiq olunurmu?
08/10/2021 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 222-225-ci maddələrdən ibarət “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilmişdir.

Adıçəkilən fəslin müddəalarının şamil edildiyi fəaliyyət növləri Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilmişdir. Həmçinin bu maddədə müəyyən edilmiş fəaliyyət sahələri sırasına koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) aid edilmişdir.

Həmçinin, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatı saytımızda yerləşdirilmişdir. 
(https://www.e-taxes.gov.az/new/downloads/Fealiyyet_kodlari_pandemiya.xlsx

Eyni zamanda, Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 

Qeyd olunanlarla yanaşı bildiirik ki, vergi ödəyicisinin fəaliyyətinin pandemiyadan zərər çəkən fəaliyyət sahələrinə adi edilib-edilməməsinin faktiki uçot məlumatları əsasında müəyyən edilməsi üçün aidiyyəti sənədlərlə birlikdə qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elxan el***@bk.ru ID: 5272
Salam. Bildiririk ki, VM-nin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallarən ödəmə həyata kecirildiyi vaxt sayılır. Ödəmə deyərkən 166.1.2 maddəsində göstərilmişdir ki, qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt nəzərdə tutulur. Bilmək istərdik ki, bunun sənədləşməsi hansı qaydada aparılır. Bundan əlavə, öhdəliyin ləğv edilməsindən sonra ƏDV-nin əvəzləşdirilməsi (alınan mala görə) hansı qaydada aparılmalıdır?
07/10/2021 Oxunub: 140 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1.2-ci maddəsinə əsasən qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt ƏDV tutulan əməliyyatların aparıldığı vaxt sayılır.

Buna əsasən vergi ödəyiciləri qarşılıqlı surətdə bir birinə mal (iş, xidmət) təqdim edilməsindən yaranan hesablaşmalarını (öhdəliklərini) qarşılıqlı olaraq ləğv etdikləri (əvəzləşdirdikləri) halda bu zaman öhdəliyin qarşılıqlı ləğv edildiyi vaxt hər iki tərəf üçün ƏDV-tutulan əməliyyatın vaxtıdır. Bu zaman hər iki tərəf qarşı tərəfə elektron qaimə-faktura təqdim etməklə aparılan əməliyyatlar üzrə ƏDV məbləğlərini ƏDV-nin depozit hesabına ödəməlidirlər.

Əlavə olaraq bildiririk ki, yalnız barter müqaviləsi əsasında aparılan əməliyyatlar zamanı verilən elektron qaimə-faktura üzrə ödənilmiş ƏDV-nin məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədli Könül Üzeyir hi***@mail.ru ID: 5271
Salam. Mən Məmmədli Könül Üzeyir qızı Ağcabədi rayon Təzəkənd kəndində yaşayıram. Ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etdiyimiz zaman bizdən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının sığorta nömrəsini istəyir. Amma Qayınatam Məmmədov Əhmədxan Əsgər oğlu 1998-ci ildə Dövlət aktı almışdır. Nömrəsi JN:288 KOD 60807028. Amma Bizə sığorta nömrəsi və ya VÖEN nömrəsi lazımdır. Xahiş edirik Bizə yazdığım Sığorta nömrəsini və ya VÖEN nömrəsini verilməsində kömək edəsiniz.
07/10/2021 Oxunub: 102 Orta qiymət: 0

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir. 

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhməd Maşıyev Mütəllim 0glu ax***@gmail.com ID: 5270
Salam. Mən şirkətin adının dəyişdirmək istəyirəm. Bununla bərabər şirkətimə verilən lizenziyalarını da, yeni verilən adla eyni olması üçün, hansı sənədləri təqdim etməliyəm?
07/10/2021 Oxunub: 124 Orta qiymət: 0

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-nin, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini səhifəmizin “Bir Pəncərə” bölməsinin “Lazımı sənədlər” alt bölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımı sənədlərin siyahısı ilə “Xidmətlər” bölməsinin “Vahid standartlar” alt bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar  İqtisadiyyat Nazirliyi tərəfindən verildiyindən lisenziyalar barədə məlumatı aidiyyəti üzrə müraciət etməklə əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xəqani Məmmədov İkram ma***@gmail.com ID: 5269
Salam. Bakıda yaşayıram Mingəçevir şəhər qeydiyyatındayam. Ailəliyəm evdə 5 nəfər qalırıq və bütün yük mənim üzərimdədir. Bər bər fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Bilmək istəyirəm ki, mən buna görə ayda hansı məbləğdə vergi ödəməliyəm? Öncədən təşəkkür edirəm.
07/10/2021 Oxunub: 116 Orta qiymət: 5

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı Sosial sığorta haqqında Qanuna əsasən Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) minimum aylıq əməkhaqqının 3 faizinin  – 2,0 əmsalı (7.5 manat * 2) miqdarında ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 124-cü, 150-ci, 218.4.4-cü, 220.10-cu maddələri,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" və “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Reyhan Salamova Seyfəddin sa***@bk.ru ID: 5268
Salam. Özəl müəssisələrdə ayrıca təsisçi ştatı varmı? Əgər təsisçi belə ştat üzrə müəssisədən əməkhaqqı alarsa, onun bu məvacibindən hansı tutulmalar aparılmalıdır? Əvvəlcədən təşəkkür edirik.
07/10/2021 Oxunub: 119 Orta qiymət: 0

Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Hüquqi şəxsin təsisçisi eyni zamanda muzdlu işçi kimi çalışdıqda tərəflər arasında əmək müqaviləsi bağlanmalı, təsisçinin aldığı əməkhaqqıdan ödəmə mənbəyində gəlir vergisi, sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta haqları tutularaq ödənilməli və vergi orqanına bəyan edilməlidir. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

Əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci və 102.5-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahimova İlahə Əli qızı ci***@gmail.com ID: 5267
Salam sualım ondan ibarətdir ki, əmək haqqından fiziki şəxslərdən gəlir vergisinin azaldılması güzəşti mənə aiddir ? 18 yaşına çatmamış sağlamlığı məhdud(autizm) övladım var. Öncədən təşəkkür edirəm.
07/10/2021 Oxunub: 118 Orta qiymət: 0

Bildiririk ki, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

- uşağın doğulması haqqında şəhadətnamənin surəti;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Lalə Əliyeva Etibar al***@gmail.com ID: 5263
Vergi məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən muzdlu işdən illik gəlir 30 000 manatadək olduqda, gəirin 2400 manat məbləğində olan hissəsi vergidən azaddır. 1) Bu maddədə qeyd olunan illik gəlir deyəndə aylıq 12 ay ərzində işçinin muzdlu işdən gəlirlərinin cəmi nəzərdə tutulurmu? 2) Əgər elədirsə, aylıq və illik gəlirə həmin azadolma necə tətbiq olunacaq? Və illik gəlirdən gəlir vergisi necə tutulacaq (Fərz edək ki, neft qaz sahəsində fəaliyyəti olan fiziki şəxsdir)? Əvvəlcədən təşəkkürlər!
06/10/2021 Oxunub: 80 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsin əsas (əmək kitabçasının olduğu yerdə) və ya əlavə iş yerində muzdlu işlə əlaqədar əldə edilən gəlirləri Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə,  8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Bununla yanaşı, fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərindən verginin tutulması zamanı tətbiq olunan güzəşt və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Fiziki şəxsin Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilən vergi güzəştləri yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Göstərilənlərə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsin həm əsas iş yeri üzrə, həm də əlavə iş yeri üzrə ayrılıqda muzdlu işdən aylıq gəliri 8000 manatdan çox olduqda fiziki şəxsin bu gəliri Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb edilir və fiziki şəxsin Vergi Məcəlləsinin 102-ci maddəsi üzrə güzəşt hüququ onun əsas iş yeri üzrə gəlirlərinə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mikayılli Eşqin Yamil Es***@mail.ru ID: 5258
Salam. Mən "Sənayenin təşkili və idarə olunması" ixtisasını bitirmişəm. Vergi Xidmətində işə qəbul müsabiqəsində iştirak edə bilərəm?
05/10/2021 Oxunub: 58 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. 

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada  müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fikrət Şirinov Bğyükkişi fi***@mail.ru ID: 5254
"edv geri al" səhifəsində şəxsi kabinet açmışam 1 həftədir ki, kabinetədə fiksal daxil etmək üçün səhifə açılmır
05/10/2021 Oxunub: 67 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhmədova Ayla Ərəstun qızı ah***@gmail.com ID: 5253
Salam. Mən bakalavr BDU tarix, magistr BDU fərqlənmə diplomu ilə bitirmişəm. Bilmək istərdim, vergiyə imtahanda iştirak edə bilərəm?
05/10/2021 Oxunub: 89 Orta qiymət: 5

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elgün Musazadə Valeh el***@mail.ru ID: 5252
Salam. Bu 5600903582 VÖEN üzrə bank hesabının hansı bankda olmasını öyrənmək istəyirəm.
04/10/2021 Oxunub: 89 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin bank hesabı haqda məlumat kommersiya (vergi) sirri hesab edilir. Kommersiya sirri təşkil edən məlumatlar vergi ödəyicisi tərəfindən şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət edilməklə əldə edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Xəyalə Nəsirova xe***@gmail.com ID: 5249
"ƏDV geri al"-da şəxsi kabinetə niyə keçid etmək olmur? Nömrə yazıram, FİN kod yazıram, şifrəni qeyd edirəm, yenə həmin xanaları boş göstərir və təsdiq etmir. Xahiş edirəm, bu barədə kömək göstərəsiniz. Öncədən təşəkkür edirəm.
04/10/2021 Oxunub: 76 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aysel Abuşlu Mais ay***@gmail.com ID: 5248
Salam, 2 aya yaxındır ki, şikayətimin nəticəsini gözləyirəm. Müddətin çox uzandığını düşünürəm. Viva şirniyyat evinin çek verməməsi ilə bağlı idi şikayətim.
04/10/2021 Oxunub: 99 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Qeyd olunanlara əsasən, müraciətinizin nəticəsi barədə məlumat qanunvericilikdə nəzərdə tutulmuş qaydada veriləcəkdir. Müraciətiniz haqda əlavə məlumat üçün saytımızın "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Afət Hüseynova Əvəz qızı Af***@kocsistem.com.tr ID: 5241
Bacım oğlu Ayaz Hüseynov Alim oğlu vergi uçotuna dair ərizə yazaraq vergi orqanında 2139010948460700 ilə qeydə alınmışdır. Lakin, fəaliyyət göstərmir. Əgər VÖEN açıq qalarsa, vergi ilə bağlı problemləri yarana bilərmi? Bu halda nə etmək lazımdır?
01/10/2021 Oxunub: 169 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məmmədov Ruslan İsmayıl ru***@bercgroup.az ID: 5240
Salam! Mən oyuncaq istehsalı ilə məşğul oluram. Elektron qaimə əsasında xammal alınır, həmin xammal avadanlıqlar vasitəsi ilə istehsal prosesindən keçməklə oyuncaqlar hazırlanır. Həmin oyuncaqlar isə elektron qaimə ilə vergi ödəyicilərinə satılır. Yəni alışlar və satışlar rəsmi sənədlər əsasında həyata keçirilir. Xammalın hazır məhsula çevrilməsi prosesində olan aşağıdakı sənədləşmələr isə yazılmamışdır. 1. İstehsal ehtiyatlarının (xammal) anbara təhvil – qəbul aktı 2. İstehsal ehtiyatlarının (xammal) istehsala buraxılış qaimə - fakturası 3. Hazır məhsulların təhvil – qəbul aktı Sual: Yuxarıda qeyd olunan istehsal prosesində daxili sənədlərin olmaması yoxlama zamanı müəyyən olunarsa hansısa sanksiya nəzərdə tutulurmu ?
01/10/2021 Oxunub: 206 Orta qiymət: 5

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Belə ki, Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Bildiririk ki, yuxarıda qeyd olunan sənədlər Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğun olaraq kağız və ya elektron daşıyıcıda mətbəəyə sifariş olunmadan hazırlanaraq tərtib oluna bilər və həmin sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğun olduğu halda vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Gülmira Mehdiyeva Yunis qizi. gu***@gmail.com ID: 5374
Salam. VÖEN-i itirmişəm. Nğmrəsi bele idi: 1700354192. Qaz çəkdirib qaz sayğacı almaq üçün VÖEN istədilər. Gəldim Ziya Bünyadov 15 ünvana, qəbul etmədilər. Dedilrə onlayn növbə götürün, növbə götürə bilmirəm. Öz telefonumdan və nəvələrimin 2-si də öz telefonundan məni növbəyə yazdıra bilmədi. Mən nə edim? Zəhmət olmasa, mənə yol göstərin, ya da məni Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinə növbəyə yazın. (Mən əmlakımı icarəyə verirdim, indi yenə vermək istəyirəm, qaz olmayanda soyuq olur). Sağ olun.
01/10/2021 Oxunub: 76 Orta qiymət: 0

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. 

Onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur). Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Onlayn növbəyə yazılmaq üçün qeyd olunan mobil nömrə müraciət edən şəxsin adına qeydiyyatda olmalıdır. Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədov Seymur Ayəm oğlu ma***@mail.ru ID: 5236
Salam, misal üzərindən sual vermək istərdim. Bir şirkətdən mal almışam. Lakin bir neçə aydan sonra təsadüfən məlum olur ki, o, mal aldığım şirkət "əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir" deyə riskli vergi ödəyicisidir. 1-ci halda ona ödədiyim ƏDV-ni əvəzləşdirə və ondan alınmış malları satıb xərcə silə bilərəmmi? 2-ci hal isə riskli vergi ödəyicisi ƏDV ödəyicisi olmasa ona ödədiyim pul xərcə daxil olurmu? Hər 2 hal üzərindən ətraflı məlumat verməyinzi xahiş edirəm. Əvvəcədən təşəkkür edirəm.
30/09/2021 Oxunub: 226 Orta qiymət: 0

Bildiririk ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır.

Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Eyni zamanda, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Sorğunuzda qeyd olunan halda vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13.2.81-ci, 13.2.82-ci, 109.9-cu və 175.11-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan Mamedzade Sahib oğlu or***@gmail.com ID: 5234
1. Müəssisənin filialı yaradılarkən, bu proses Vergi Məcəlləsi ilə necə tənzimlənir? 2. İcarəyə götürülmüş obyektə uçot kodu alınırmı ya baş ofisin uçot kodu ilə icarəyə götürdüyü obyektə kod alına bilər? 3. Filial üçün ayrı VÖEN almaq şərtdirmi? 4. Əgər filial rayonda yerləşirsə, baş ofis isə Bakı şəhərində filial üçün bankda hesablaşma hesabı açmaq lazımdırmı, ya baş ofisə Bakıda bankda açılmış hesab kifayət edir? 5. Sadələşdirilmiş vergi bəyannaməsini təqdim edərkən baş ofisin Bakı şəhərində, filialın isə rayonda yerləşdiyini nəzərə alsaq gəlirin cəlb olunduğu vergi dərəcələrini 2% və 4% olmaqla onu hesabatda necə əks etdirmək olar? 6. Ola bilərmi Bakı şəhərində yerləşən baş ofisə bankda hesab açılsın, rayonda yerləşən filial da o hesabla fəaliyyət göstərsin. Bu zaman vergi ödənişi nə şəkildə olacaq? Qeyd: müəssisə sadələşdirilmiş vergi ödəyicisidir. 7. 18% ƏDV, 6%, 8%, 4 % sadələşdirilmiş vergi növləri arasında fərq nədir və bu növ vergi ödəyiciləri elektron qaimə faktura hazırlayarkən nə kimi fərq vardır? 8. Online qaimə-fakturanı hansı vergi ödəyiciləri təqdim edə bilər? 9. Baş MMC (Baş ofis) filiallar sərbəst olaraq mənfəət ödəyicisi mükəlləfiyyətini seçdiyi halda və dövriyyəsi 12 ay ərzində 200.000 azn - i keçmədiyi halda Əsas MMC ƏDV ödəyicisi olmalıdırmı? Ya belə bir şərt varmı?
30/09/2021 Oxunub: 318 Orta qiymət: 0

Cavab 1-2. Bildiririk ki, Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Tələb olunan sənədlərin siyahısını saytımızın “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz. 

Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti vergi orqanında olduğu yer üzrə uçota alındıqda vergi orqanı tərəfindən vergi ödəyicisinin filialının, numayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) uçotda olduğunu təsdiq edən və özündə 15 rəqəmli uçot kodunu əks etdirən arayış verilir.

Cavab 3, 4, 9. Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinin müddəalarına əsasən müəssisə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər, xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri və bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri hesab olunur.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.

Həmçinin, Vergi Məcəlləsinin 103-cü maddəsində mənfəət vergisinin ödəyiciləri müəyyən edilmişdir. Həmin maddədə də qeyd olunmuşdur ki, bu maddənin müddəaları Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilən şəxslərə, yəni  hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filiallarına, struktur bölmələrinə və ya digər ayrıca bölmələrinə şamil olunmur.

Cavab 5 və 7. Bildiririk ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. 

Həmçinin bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə dəyişiklik edilmiş və sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərin ticarət fəaliyyəti üzrə gəlirlərinin 6 faiz dərəcə ilə vergiyə cəlb edilməsi ləğv edilmişdir və sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilmişdir. 

Cavab 6. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. 

Cavab 8. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.

Qeyd edilənlərlə yanaşı bildiririk ki, çoxsaylı suallarınızla bağlı sənədləşdirilmiş məlumatlar əsasında qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 34-cü, 103-cü, 218-ci və 220-ci maddələri, «Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında ərizə» formasının doldurulması Qaydası

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Novruzzadə Gülbahar Bayram ng***@gmail.com ID: 5232
Mən magistram və disertasiya mövzum "Vergi uçotunun auditidir". Mən çox xahiş edirəm, bu barədə statistik məlumatları tapmaqda mənə kömək edəsiniz.
29/09/2021 Oxunub: 139 Orta qiymət: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Sorğunuzda qeyd olunan statistik məlumatların əldə edilməsi üçün rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver: