Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Balakişiyev Namiq Balaş em***@mail.ru ID: 5400
Fərdi sahibkar olaraq bir tərəfdən və sığortaolunan (direktor) digər tərəfdən (eyni şəxs!), əmək müqaviləsi bağladım, əmək münasibətləri qanunlaşdırdım, pensiya hesabıma qanuni olaraq, artıq vəsait köçürdüm. Müqavilə əsasında əmək haqqı ay ba ay hesablanırdı və hesablanmış əmək haqqı üzrə MDSS və s vergilər vaxtı-vaxtında ödənilirdi. Bu günə kimi təqdim olunan Vahid bəyannamələrdə bir problem ilə rastlaşmamışam. Lakin 2021-ci il 3-cü rübün Vahid hesabatını təqdim edəndə, hesabatı yoxlamadan keçirmək mümkün olmamışdır və ekranda göstərilən səhv məhz bu idi : “Vergi ödəyicisi öz FİN-in və ya SSN-in muzdlu işçilər (sığortaolunlanlar) üzrə ümumi məlumat hissəsində qeyd edə bilməz). Cavabda, bu günə kimi təqdim olunmuş Vahid hesabatların sistem tərəfindən problemsiz qəbul olunması, bu problemin həlli barədə, cavab verməyinizi sizdən xahiş edirəm. Təşəkkürlər!
28/10/2021 Oxunub: 92 Orta qiymət: 0

Bildiririk ki, bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı metodiki köməkliyin göstərilməsi üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhmədov Nazim na***@mail.ru ID: 5393
Salam. Sualım budur ki, Vergi orqanlarına test imtahansız birbaşa müsahibə yolu ilə qəbul gözlənilirmi? Mühasibat sahəsində 5 ildən artıq işləyən vətəndaşlar üçün. Xahiş edirəm, məlumat verin.
26/10/2021 Oxunub: 59 Orta qiymət: 3

Bildiririk ki, müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada müraciət etməyiniz tövsiyə olunur.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
Əzizova Şahnisə Emin qizi sa***@gmail.com ID: 5389
Salam, mən DSMF və vergiyə olan ümumi borcumu bilmək istəyirəm. Xahiş edirəm, cavablayardınız.
25/10/2021 Oxunub: 84 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi Əzizova Şahnisə Emin qızı (VÖEN:2905706572) vergi ödəyicisi kimi uçotdadır və fəaliyyəti dayandırılmışdır. Eyni zamanda, hər hansı vergi və sosial sığorta haqqı üzrə borcu yoxdur.  

Həmçinin bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək ödənişləriniz, təqdim edilməli bəyannamələriniz haqda məlumat ala bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Səbinə Məmmədxanlı Məmməd qızı sm***@gmail.com ID: 5388
Salam. Mən keçən ayın 14-ü, (14/09/2021) VÖEN ləğv edilməsi üçün Nərimanov 1 -ə müraciət etdim. Lazimi qaydada, ərizə və kağızları imzalayıb, orada işləyən əməkdaş mənə bildirdi ki,bir ay ərzində,sizin VÖEN ləğv olunacaq. Lakin, bir aydan cox keçib və hələ də VÖEN ləğv olunmayıb. Xahiş edirəm, köməklik göstərin. VÖEN nömrəsi 1003083592.
25/10/2021 Oxunub: 78 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Məmmədov Elxan el***@mail.ru ID: 5382
Salam mənə SMS gəlib ki, sizin internet vergi idarəsində olan elektron kabinetdə 3 ədəd oxunmamış məktubunuz var. Bilmək istərdim, mən o məktubu haradan oxuya bilərəm?
23/10/2021 Oxunub: 115 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elnur Atakişiyev at***@gmail.com ID: 5381
Salam. 1. Müəssisə uçotunu hesablama metodu ilə aparır. 2020-cil il dekabr ayının 29-da xidmət alır, lakin qarşı tərəf qaiməni 2021-ci il yanvar ayında göndərir. Bu zaman bu xərc 2020-ci il mənfəət vergisi bəyamnaməsində, yoxsa 2021-ci il mənfəət vergisi bəyamnaməsində göstərməlidir? 2. Yaxud da əksinə, biz xidmət göstərmişik 2020-ci il dekabr 29-da, qaiməsini isə 2021-ci il yanvar ayında göndəririk. Mühasibat uçotunda 2020 gəliri kimi nəzərə alırıq və mənfəət vergisi bəyannaməsində də 2020-ci ildə göstərsək, debitor borclara görə uyğunsuzluq gələ bilərmi ƏDV bəyamnamələrinə əsasən? Zəhmət olmasa hər bir suala ayrı-ayrı cavab verərdiniz.
23/10/2021 Oxunub: 235 Orta qiymət: 4

Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Eyni zamanda, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Qeyd edilənlərə əsasən, dekabr ayında təhvil alınmış xidmətlər üzrə çəkilən məsrəflər və ya təhvil verilmiş xidmətər üzrə gəlirlər, müvafiq olaraq dekabr ayının gəlir və  xərclərinə aid edilir və 2020-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Təqdim edilmiş bəyannamələr üzrə kameral vergi yoxlaması aparılan zaman müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (tərəflər arasında bağlanmış müqavilələr, təhvil-təslim aktları və s.) kameral vergi yoxlamasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 37-ci, 134-cü, 135-ci və 136-cı maddələri.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Nuranə Qasımzadə Səyyaf nu***@gmail.com ID: 5377
Salam. Mən bir neçə il öncə VÖEN istifadəçisi olub sonra müvəqqəti bağlatdırmışam. İndi yenidən həmin VÖEN-i aktivləşdirmək üçün necə və hara müraciət etməliyəm və hansı sənədlər tələb olunur bunun üçün?
22/10/2021 Oxunub: 109 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Həmidov Firavan 05***@gmail.com ID: 5375
Salam, mən Həmidov Vüsal Firavan oğlu Salyan rayon Kürsəngi kəndində yaşayıram, şəhid qardaşıyam. Mən ünvanlı dövlət sosial yardımı alıram indi, avtomobil idarə etmək üçün yəni (sürmək üçün) etibarnamə alsam mənim sosial yardımım kəsilməyəcək ki?
21/10/2021 Oxunub: 142 Orta qiymət: 0

Bildiririk ki, ünvanlı dövlət sosial yardımı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142 www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynzadə Hüseyn İlham oğlu hu***@gmail.com ID: 5190
Hüquqi şəxs qeyri rezidentə "Facebook" və "Google" şirkətlərinə reklam üçün ödəniş edir. ƏDV qeydiyyatında olarkən, ödənilən məbləğlərin ƏDV-sini əvəzləşdirməyə hüququmuz varmı?
21/10/2021 Oxunub: 426 Orta qiymət: 4

Bildiririk ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Eyni zamanda, qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Mətin Həsənov me***@gmail.com ID: 5372
Salam. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödəmə mənbəyində vergi tutularkən məcburi dövlət sosial sığorta haqqı necə hesablanır?
20/10/2021 Oxunub: 142 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara aparılan ödənişlərdən gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi, habelə ödənişlərin tam məbləğindən 25 faiz dərəcə ilə məcburi sosial sığorta haqları tutulur.  

Eyni zamanda, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu halda icbari tibbi sığorta haqqı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutularaq ödənilməli və hesabat təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 150-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rüfət Müslümzadə Faiq oğlu ru***@gmail.com ID: 5370
Salam. "A" MMC şirkəti "B" MMC dən 10 000 (+1800 ədv) manatlıq xammal alıb. Sonra "A" MMC şirkəti "B"MMC -yə 10 000 (+1800 ədv) manatlıq özünün istehsal etdiyi məhsulu satıb. Sual ondan ibarətdir ki, muhasibat uçotunda bu əməliyyatlar üzrə debitor və kreditor bir birini tam olaraq bağladığı üçün tərəflər bir birinə hər hansı ödəniş etmir. Bəs Dövlət Vergi xidmətinin bu məsələyə yanaşması necədir? Bu halda tərəflər bir birinə ödəniş etməlidirmi?
20/10/2021 Oxunub: 251 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 14.3.1-ci maddəsində barter əməliyyatları bazar qiyməti tətbiq edilən əməliyyatlara aid edildiyindən barter edilən aktivlərin təqdim edilən dəyəri bazar qiyməti ilə gəlirlərə, təqdim edilən aktivin dəyəri isə gəlirlərdən çıxılan xərclərə aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron qaimə-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 159-cu və 175-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Gündüz Kərimov gu***@yahoo.com ID: 5369
Salam. Müəssisə müqavilə əsasında muştərisinə hədəf verir və hədəf qarşılığında avans olaraq vəsait ödəyir. Yalnız hədəf tamamlandıqdan sonra müştəri elektron qaiməni göndərir. Lakin bəzi hallarda müştəri hədəfini tamamlamadan, müxtəlif səbəblərdən fəaliyyətini dayandırır. Elektron qaimə də göndərilmir və nəticədə müəssisə ödədiyi vəsaiti xərc kimi qeydlərinə sala bilmir. Bu hal üçün qanunvericilikdə xüsusi bir hal nəzərdə tutulubmu? Təşəkkürlər.
20/10/2021 Oxunub: 152 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Həmçinin, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. 

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan xərclər müəssisənin gəlirdən çıxılmayan xərclərinə aid edilir və sərbəst mənfəət hesabına maliyyələşdirilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci, 108-ci və 109-cu maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 5373
Salam. Sualım royalti ilə bağlıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(102)-463/2021 nömrəli qərarı ilə royatli ƏDV-yə cəlb olunmur. Lakin Dövlət Vergi Xidmətinin Apellyasiya Şurası royaltinin ƏDV-yə cəlb olunmasına dair bir neçə qərar qəbul etmişdir. Yəni, Ali Məhkəmənin qərarına baxmayaraq, vergi orqanı öz şəxsi mülahizələrinə görə birtərəfli qərar qəbul edir. Nəzərinizə çatdırmaq istərdim ki, 2016-2017-ci illərdə vergi orqanı royatlinin ƏDV-yə cəlb olunmamasını qəbul edirdi. Həmin vaxtlardan maddə dəyişməyib, lakin vergi orqanının yanaşması birdən-birə dəyişdi. Xahiş edirəm öz münasibətinizi bildirəsiniz. Təşəkkür.
20/10/2021 Oxunub: 278 Orta qiymət: 2

Bildiririk ki, royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Fiziki şəxsin royalti gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün ƏDV-yə cəlb olunmur və ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur. Royalti gəlirləri hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən gəlir olduğu üçün, hüquqi şəxs ƏDV məqsədləri üçün qeydiyyatda olduğu halda əldə etdiyi royalti gəlirləri ƏDV-yə və mənfəət vergisinə cəlb olunur.

Həmçinin bildiririk ki, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi üzrə royalti ödənişləri ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ilə yanaşı, ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 124-cü və 159-cu maddələri.

2/5 (6 Orta qiymət)
Qiymət ver:
Səddam Azəri Azər oğlu se***@gmail.com ID: 5368
Salam, mənim anam dializ xəstəsidir, 1-ci qrup əlildir. Ona mən qulluq edirəm. Özüm də orta məktəbdə müəlliməm. Bu halda 1,2-ci qrup əlillərə baxan şəxslərə şamil olunan vergi güzəştindən mən necə faydalana bilərəm?
19/10/2021 Oxunub: 117 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bununla yanaşı, bu güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərar ilə təsdiq edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi,  Nazirlər Kabineti tərəfindən 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Ceyhun Qasımov Vahid Ce***@gmail.com ID: 5280
Salam mən Unibank kartım ilə 45 dollarlıq proqram satın aldım məndən 13.77 azn vergi tutulub. Banka müraciət elədim, məni sizə Dövlət Vergi Xidmətinə yönləndirdilər. Mən sadəcə 1 ədəd proqram almışam 45 dollara, niyə vergi tutulmalıdır ki, səbəb nədir?
19/10/2021 Oxunub: 319 Orta qiymət: 4

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların yüklənməsi xidmət (iş) hesab edilir və bu xidmətlərə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən  aparılan ödənişlər Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına uyğun olaraq ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Qəribov Alxaz Abid oğlu al***@mail.ru ID: 5365
Büdcə təşkilatında çalışıram. Müəssisə tərəfindən xərclər smetasına uyğun ildə bir dəfə vəzifə maaşının 1 misli miqdarında mükafat və maddi yardım verilir. Verilmiş maddi yardımdan gəlir vergisi tutulmalıdırmı? Cavabın elektron poçt ünvanıma göndərilməsini Sizdən xahiş edirəm
19/10/2021 Oxunub: 148 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Buna əsasən işçilərə verilən maddi yardım və mükafatlar muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Məmmədov Səfər in***@gmail.com ID: 5363
Mən bilmək istəyirəm, fərdi sahibkarlıq vergisi nə qədər təşkil edir və nə qədər vergi, DSMF ödəməliyəm. Məbləğ nədir?
19/10/2021 Oxunub: 106 Orta qiymət: 0

Fiziki şəxsin vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarətdir.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 149-cu, 218-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Maqsud Nəriman ma***@mail.ru ID: 5361
Salam, mən VÖEN-i dondurmuşam. Amma mənim telefonuma mesaj gəlib ki, 3-cü rübü təqdim eləyim, niyə?
19/10/2021 Oxunub: 133 Orta qiymət: 0

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,149-cu və 221-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aygün Bayramzade Pərviz le***@gmail.com ID: 5359
ÖMV odənilməsi üçün Bank rekvizitini necə tapa bilərəm?
19/10/2021 Oxunub: 65 Orta qiymət: 0

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən Dövlət Xəzinədarlığı orqanlarında işsizlikdən sığorta ayırmaları köçürüləcək hesablar) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
HRCLUB MMC in***@hrclub.az ID: 5347
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisində çalışan işçinin əmək məzuniyyətinin günləri müxtəlif təqvim aylarına təsadüf etdiyi təqdirdə, məzuniyyət haqqı məbləğindən gəlir vergisi hansı qaydada hesablanacaqdır?
19/10/2021 Oxunub: 94 Orta qiymət: 0

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: