Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Paşa Vəliyev pt***@yahoo.com ID: 5444
Salam. Xahiş edirəm, məlumat verərdiniz. Mən internet üzərindən (Youtube kanalımda reklam çarxlarına görə vəsait toplanacaq) gəlir əldə etməyi planlaşdırıram. Vergi ödəməliyəm? Əgər bəli, o zaman bunun üçün hansı addımlar atılmalıdır mənim tərəfimdən? Mən bildiyim qədər VÖEN almalıyam, bankda sahibkar hesab açılmalıdır, sonra vəsait həmin hesaba köçürülməlidir. Gəlir vergisi verməli olacağım təqdirdə harada bəyan etməliyəm, bəyannamədə nələri göstərməliyəm? Bütün bunlarla bağlı ümumi bir təlimat forması varmı sizdə?
03/11/2021 Oxunub: 161 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız Youtube videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən "Gəlir vergisi bəyannaməsinin" forması və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Seymur se***@gmail.com ID: 5440
Salam. Mənim şadlıq sarayım var. Oradakı ofisiantlar günlük işləyirlər. Onlarla mülki-hüquqi xarakterli müqavilə ilə işləyə bilərəmmi? Səbəbi də o vəzifədə işləyənlər günlük dəyişən adamlardır. Hər dəfə işə qəbul edib, işdən çıxarmaq mümkün deyil. Xahiş edirəm sualımıza cavab verəsiniz.
03/11/2021 Oxunub: 171 Orta qiymət: 5

Bildiririk ki, müraciətinizdə qeyd olunan ofisiantlar vergi orqanında uçota alınaraq «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» əldə etməldir. Onları işə cəlb edən şəxslər isə həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini təmin etməlidirlər.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 58-ci, 218.4.4-cü, 220.10-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mansurov Səməd İlqar sa***@yahoo.com ID: 5439
Salam. 02 fevral 2021-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən emal prosesinin icra edən müəssisə göstərdiyi xidmətə görə xam malı təqdim edən müəssisə tərəfindən xammalın emala göndərilməsi qaiməsini göndərməlidir. Qaimənin təqdim edilməməsinə baxmayaraq, emal müəssisəsi köhnə qaydalara əsasən göstərilmiş xidmət qaiməsini təqdim etmişdir. Təqdim olunmuş qaimələri ləğv edib, yeni qərara əsasən düzəliş edərkən hər iki müəssisənin cərimə və sanksiyası necə hesablanacaq.
03/11/2021 Oxunub: 111 Orta qiymət: 5

Bildiririk ki, elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası” ilə tənzimlənir.

Həmin Qaydalara əsasən vergi ödəyicisi tərəfindən mallar emal edilməsi məqsədilə digər vergi ödəyicisinə verildikdə “malların emala verilməsi barədə” elektron qaimə-faktura tərtib edilir və malların dəyəri elektron qaimə-fakturada göstərilir.

Emal məqsədləri üçün alınmış mallar emal edildikdən sonra təhvil verilərkən malları emal edən vergi ödəyicisi tərəfindən “emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-faktura tərtib edilir. Bu zaman tərtib edilən elektron qaimə-fakturada emal edilmiş malların dəyəri istisna olmaqla, məhsula dair bütün məlumatlar əks etdirilir. Göstərilmiş emal xidmətinin dəyəri ilə bağlı “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura tərtib edilir və həmin elektron qaimə-fakturada “emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi qeyd edilməklə, mallar təhvil verilən vergi ödəyicisinə təqdim edilir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 5430
Şəxsi hesab vərəqənin axırıncı cədvəlində "Sosial üzrə bölüşdürülməmiş ödəmələr" qrafasında , məbləğ göstərilir. Xahiş edirəm bu rəqəmin hansı hallarda yaranması barədə məlumat verəsiniz.
02/11/2021 Oxunub: 80 Orta qiymət: 0

Bildiririk ki, şəxsi hesab vərəqəsində "Sosial üzrə bölüşdürülməmiş ödəmələr" qrafasında əks olunan məbləğ vergi ödəyicisinin sosial sığorta haqqı üzrə ödənilmiş, lakin bəyan edilməmiş məbləğlərin cəmini əks etdirir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tünzalə Sağlam Zahid tu***@gmail.com ID: 5427
Salam, mənim çeklə bağlı bir sualım var sizə. Dünən "Dəniz Mall"dakı sinemada olduq, oradan aldığımız çekin üzərində ƏDV göstərilir. Amma heç bir halda ƏDV geri verilmir. Bu çek əsas deyilsə, niyə üzərində ƏDV əks olunub?
02/11/2021 Oxunub: 172 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır.

Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən kinoteatr xidmətlərinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüqar Yaqubov Qabil vu***@gmail.com ID: 5425
Bildiyimiz kimi Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyərinə görə illik 1% əmlak vergisi hesablayıb ödəyirlər. Bəzi hallarda müəssisələrin balansında olan əmlakların dəyərinə eyni zamanda həmin əmlakın yerləşdiyi torpaq sahəsinin də qiyməti daxil edilmiş olur. Bu zaman əmlak vergisi hesablananda əmlakın ümumi dəyərindən torpağı dəyəri azaldılaraq hesablanamalıdırmı? Nəzərə alsaq ki, azadolma və güzəştlərdə müəssisənin balansında olan mexaniki nəqliyyat vasitələrinə əmlak vergisinin hesablanmaması nəzərdə tutulub.
01/11/2021 Oxunub: 134 Orta qiymət: 3

Bildiririk ki, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir. Bununla yanaşı əmlak vergisindən güzəşt və azadolmaları nəzərdə tutan Vergi Məcəlləsinin 199-cu maddəsində torpaq sahələri təsbit edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 199-cu, 201-ci və 202-ci maddələri.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Elnur Əliyev Çingiz ae***@mail.ru ID: 5423
Salam, zəhmət olmasa aşağıdakı sualları cavablandırmağınızı rica edirəm: 1) Fiziki şəxs adı altında şirkət qurmaq olarmı və fiziki şəxs ilə şirkət adı yaratmaq olarmı ? 2) MMC olaraq şirkət qurduqda, təsisçidən başqa hər hansı bir işçi mütləqdirmi yoxsa təsisçi özü işi apara bilərmi ? 3) Əgər 2 -ci sualda "işçi mütləqdir" cavabı olarsa, şirkətin qazancı olmazsa işçiyə əmək haqqı ödəməsi və vergilərin ödənməsi mütləqdirmi yoxsa qazanc olmazsa ödənməyə bilər və ya hansı vergilər mütləqdir?
01/11/2021 Oxunub: 96 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar hesab olunur. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. 

Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

Cavab 2-3. Bildiririk ki, cəmiyyətin rəhbər və təsisçisinə ayrı-ayrı şəxslər kimi baxıldığından hüquqi şəxsin təsisçisinin eyni zamanda həmin hüquqi şəxsin rəhbəri olmasından asılı olmayaraq rəhbər və digər işçilərlə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində həmin hüquqi şəxs çıxış edir. Hüquqi şəxsin təsisçilərinin təsis müqaviləsində və ya iştirakçılarının ümumi yığıncağının qərarında hüquqi şəxsin adından onun rəhbəri ilə əmək müqaviləsi bağlamaq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti təsisçilərdən birinə həvalə oluna bilər. Bu baxımdan hüquqi şəxslə onun rəhbəri arasında əmək münasibətləri əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Hüquqi şəxslə onun digər işçiləri arasında bağlanmış əmək müqavilələri üzrə bildirişlər hüquqi şəxsin rəhbəri tərəfindən elektron informasiya sisteminə daxil edilir.

Hüquqi şəxsin hesabat dövrü ərzində fəaliyyəti olmadığı və işçiyə əməkhaqqı ödənilmədi halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fidan Rəfiyeva Nemət re***@gmail.com ID: 5418
Salam, iş yeri vergidən yayınır və əmək müqaviləsi olmadan işçiləri işlədir. Hara müraciət edə bilərəm?
31/10/2021 Oxunub: 99 Orta qiymət: 1

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Əliyev Famil Balamirzə oğlu fa***@mail.ru ID: 5411
İşləməyən pensiyaçılar bələdiyyəyə əmlak vergisi ödəməlidirmi?
30/10/2021 Oxunub: 94 Orta qiymət: 5

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 199.3-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İbrahimova Salatin Allahverən qızı ib***@gmail.com ID: 4867
A müəssisəsinin Tacikstan respublikasında filialı fəaliyyət göstərir və ana şirkətin tapşiriqlarını yerinə yetirir. Hər ay filiala nümayəndəlik xərclərini ödəmək üçün vəsait göndərilir. İl ərzində göndərilən vəsaitlər A müəssisəsinin xərcinə aid olunmalıdırmı? Filialın gəlir və xərcləri A müəssisəsinin mənfəət vergi bəyannaməsində necə tanınmalıdır?
29/10/2021 Oxunub: 333 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 127.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla rezident şəxsin əldə etdiyi gəlirlərdən (o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirlər daxil olmaqla) həmin gəlirlərin əldə edilməsi ilə bağlı olan xərclər çıxıldıqdan sonra qalan mənfəətindən 20 faiz dərəcə mənfəət vergisi hesablanaraq dövlət büdcəsinə ödənildiyindən filialın fəaliyyəti üçün köçürülən vəsait gəlirdən çıxılmır.

Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (9 Orta qiymət)
Qiymət ver:
İbrahimova Salatin Allahverən qızı ib***@gmail.com ID: 4866
Əgər A müəssisəsi B müəssisəsinə hər hansı bir yük avtomobili satırsa və satdığı avtomobilə 1 il müddətinə qarantiya verirsə, qarantiya müddətində avtomobilə göstərilmiş xidmət yəni hər hansı bir detalin dəyişdirilməsinə çəkilən xərc mənfəət vergisi bəyannaməsində hansı xərc maddəsində göstəriləcək?Xahiş edirəm ətraflı cavab yazın.
29/10/2021 Oxunub: 251 Orta qiymət: 5

Bildiririk ki, satıcı tərəfindən zəmanətlə satılmış yük avtomobili üzrə göstərilən xidmətlər bazar qiyməti ilə müəssisənin gəlirinə aid edilir və gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər, o cümlədən ehtiyat hissəsinin dəyəri çıxıldıqdan sonra qalan fərq mənfəət vergisinə cəlb edilir və “Mənfəət vergisinin bəyannaməsi”nin 221.15-ci  “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətrində göstərilir.

Eyni zamanda ƏDV məqsədləri üçün qediyyatda olan şəxslər tərəfindən müştərilərə satılmış mallara verilmiş zəmanət üzrə xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini yaradır və göstərilən zəmanətli təmir xidmətlərinin tam dəyərindən (ehtiyat hissələri də daxil olmaqla) ƏDV hesablanır və həmin xidmətlərlə bağlı Vergi Məcəlləsinin 175-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilir.

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Əhmədov Hümbət Məhəmməd Oğlu hu***@gmail.com ID: 5186
Salam. Mən əlvan metal qırıntılarını (100 min manat dəyərində) toplayıb zavod və fabriklərə təhvil vermişəm. Qəbul zamanı vergi orqanında qeydiyyatda olmadığım üçün VM-nin 71.2 maddəsinə uyğun olaraq, elektron alış aktı tərtib edib və VM -nin 101.6 maddəsinə uyğun olaraq heç bir xərc çıxılmadan 2% tutulub, qalan hissəsini mənə ödəyiblər. Sonra, həmin məbləği ÖMV bəyannaməsində gostərərək, bəyan etmişlər. 2020-cil məlumatlaıin götürüb vergi orqanı tərəfindən mart 2021-ci ildə sahibkarlıq fəaliyyəti üçün vergidə qeydiyyata qoyub mənə 2020-ci il üçün VM -nin 3.5 maddəsini nəzərə almadan gəlir vergisi hesablayır. (100 min manat 5 %=5000-manat). Qanunun geriyə şamil edilməsi konstitusiyanın maddələri: 73 II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. 149 VII. maddəsi Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Xahiş edirəm, qanunla 2020-ci ilə vergi hesablanması düzgündürmü və ətraflı cavab verəsiniz.
29/10/2021 Oxunub: 258 Orta qiymət: 3

Bildiririk ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkarlar bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Vergi ödəyicisi uçota alınmağa dair ərizə təqdim etməzsə, vergi ödəyicisinin uçou vergi orqanı tərəfindən aparılır və bu barədə vergi ödəyicisinə məlumat verilir.

Qeyd olunanlara əsasən mütəmadi qaydada iri həcmli partiyalarla metal qırıntıların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Həmin fiziki şəxslər vergi orqanları tərəfindən vergi uçotuna alındığı və əldə etdikləri gəlir üzrə mənbəyi bəlli məlumat əsasında (alış aktları əsasında) kameral qaydada gəlir vergisi hesablandığı halda həmin gəlirləri üzrə ödəmə mənbəyində hesablanmış vergilər dürüstləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 101-ci maddələri.

3/5 (6 Orta qiymət)
Qiymət ver:
Xudu Xudiyev Nurəddin oğlu xu***@gmail.com ID: 5054
Şirkət ƏDV ödəyicisidir və bina tikintisi ilə məşğul olur. Tikinti işləri üçün ödənilən ƏDV-ləri əvəzləşdirir və tikinti 5 ildən çoxdur ki, davam edir. Tikinti bitdikdən sonra Şirkət satışından ƏDV ödəyəcək ki, bunun bir hissəsini əvəzləşmə nəticəsində yaranmış artıq ƏDV-dən azaldılacaq geri qalan hissəsi ödəniləcək (Vergi məcəlləsinin 153-cü maddəsi). Əgər vergi orqanı tərəfində Vergi Məcəlləsinin 85.5-ci maddəsi əsas götürülüb 5 ildən əvvəl əvəzləşdirilən ƏDV silinirsə Şirkət satış zamanı eyni vergini yenidən ödəməyə məcbur edilir ki, buda Vergi Məcəlləsinin 3.5-ci maddəsinin (3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.) tələblərini pozmuş olur. Xahiş edirəm bunun izahını vererdiniz ki, bu təkrar vergitutma sayılırmı?
29/10/2021 Oxunub: 344 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına əsasən ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Eyni zamanda Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Bunlarla yanaşı Vergi Məcəlləsinin 179.2-ci maddəsinin müddəalarına əsasən əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.

Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 85-ci, 87-ci, 153-cü və 179-cu maddələri.

3/5 (8 Orta qiymət)
Qiymət ver:
Fərəcov Fərrux Şakir oğlu fa***@nab.az ID: 5096
Gömrük bəyannaməsində 75 kodu ilə göstərilmiş E-xidmətdən istifadə haqqı və 85 kodu ilə onun ƏDV-si əvəzləşdirilmədiyi təqdirdə həmin bəyannamə üzrə xaricdən gətirilən malın maya dəyərinə daxil edilə bilərmi? Bilməzsə, əsaslandırın xahiş edirəm.
29/10/2021 Oxunub: 219 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Buna əsasən malların idxalı ilə bağlı gömrük ərazisində həyata keçirilən digər əməliyyatlar (o cümlədən 75-ci və 85-ci sətirlər) üzrə yaranan xərclər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir və gömrük xidmətlərinə görə ödənilmiş əvəzləşdirilməyən ƏDV məbləği həmin xidmətlərin dəyərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 162-ci və 175-ci maddələri.

3/5 (3 Orta qiymət)
Qiymət ver:
Rüxsarə Məmmədova Müzahid Ma***@gmail.com ID: 5036
Salam, sualım illik muzdlu gəlirlə bağlıdır. Özəl müəssisə VÖEN-i olmayan fiziki şəxsə illik 38000 manat muzdlu işlə əlaqədar gəlir vermişdir. Burada 2 sual yaranır: 1. Əgər müəssisə həmin şəxsin əsas iş yeridirsə vergilər hansı dərəcələrlə hesablanacaq? 2. Əgər müəssisə həmin şəxsin əsas iş yeri deyilsə vergilər hansı dərəcələrlə hesablanacaq? Qeyd: Bu halların hər birində güzəşt və azadolma tətbiq edilə bilərmi?
29/10/2021 Oxunub: 162 Orta qiymət: 4

Bildiririk ki, fiziki şəxsin əsas (əmək kitabçasının olduğu yerdə) və ya əlavə iş yerində muzdlu işlə əlaqədar əldə edilən gəlirləri Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə,  8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Bununla yanaşı, fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərindən verginin tutulması zamanı tətbiq olunan güzəşt və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Fiziki şəxsin Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilən vergi güzəştləri yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Göstərilənlərə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsin həm əsas iş yeri üzrə, həm də əlavə iş yeri üzrə ayrılıqda muzdlu işdən aylıq gəliri 8000 manatdan çox olduqda fiziki şəxsin bu gəliri Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb edilir və fiziki şəxsin Vergi Məcəlləsinin 102-ci maddəsi üzrə güzəşt hüququ onun əsas iş yeri üzrə gəlirlərinə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 5006
Salam, şərti olaraq A Hüquqi şəxs B Hüquqi şəxsə 590 manatlıq Aİ-92 markalı benzin satır. Elektron qaiməni yanacağın dəyəri 500 manat ƏDV-si 90 manat yoxsa, yanacağın dəyəri 490 manat ƏDV-si 88.20 manat yol vergisi 11.80 manat olmaqla tərtib etməlidir.
29/10/2021 Oxunub: 182 Orta qiymət: 5

Bildiririk ki, hüquqi şəxs tərəfindən təqdim edilən yanacağa görə verilən elektron qaimə-faktura təqdim edilən yanacağın dəyəri, ƏDV və yol vergisi ayrı-ayrılıqda müvafiq sütunlarda göstərilməklə tərtib edilir.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
İsmayılov Rövşən Asif ro***@outlook.com ID: 5104
2020-2021 ci illər də xaricdən satış məqsədi üçün mallar idxal edilmişdir. 2020-2021-ci illər ərzində idxal edilmiş mallar alıcılara e-qaimə və nağd satış yolu ilə (NKA qəbz təqdim etməklə) satılmışdır. E-qaimə təqdim edərkən və nağd satış qaydasında malların adı invoysda göstərilən adla eyniliklə təqdim edilmişdir. Lakin, malın kodu hissəsində isə bilmədən (yalnışlıqla) Yük Gömrük Bəyannaməsində qeyd edilmiş Malın kodundan fərqli kod qeyd edilmişdir. Bu zaman vergi ödəyicisi üçün hər hansı maliyyə sanksiyası varmı? Və ya hansı digər tədbirlər görülə bilər? Baş vermiş bu yalnış əməliyyatı yenidən hansı formatda düzgün həyata keçirmək olar? Ümumiyyətlə yol verilmiş bu səhvə necə düzəliş etmək olar?
29/10/2021 Oxunub: 271 Orta qiymət: 5

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Elektron qaimə-faktura malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydaların 2.3.9-cu bəndinə əsasən elektron qaimə-fakturada malın (işin, xidmətin) kodu barədə məlumatlar əks etdirilir.                  

Qeyd olunanlara əsasən sorğuda qeyd olunan halda təqdim edilmiş elektron qaimə-fakturada “malın (işin, xidmətin) kodu” səhv göstərildikdə həmin səhvin düzəldilməsi zamanı elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi “Əlavə qeydlər” sətrində göstərilir.

Bunlarla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə aparılan bu cür əməliyyatlar riskli əməliyyatlar  hesab edilir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Cəfərov Orxan or***@gmail.com ID: 5405
Yazıb sizə bildirmək isdərdim ki, Sumqayıt şəhəri heydər əliyev pr. 45 ci məh. də yerləşən soliton mağazası ƏDV qəbzini mənə təqdim etməkdən dəfələrlə boyun qaçırır. Xahiş edirəm, şikayətim qeydə alınsın və mənə məlumat verilsin.
28/10/2021 Oxunub: 59 Orta qiymət: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səlbinaz Bağırova sa***@gmail.com ID: 5404
Salam. Açıq Səhmdar Cəmiyyətinin Direktorunun dəyişməsi üçün hansı sənədlərlə müraciət olunmalıdır?
28/10/2021 Oxunub: 63 Orta qiymət: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Əsas: Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Sadixov il***@gmail.com ID: 5402
Mənim şikayətim vergi idarəsindəndir, VÖEN-im bağlanmır. Səbəb nədir? Mən Standart Bankdan olan problemi həll etmişəm. Bildiriş budur: 2103010108379600 Gedirəm KOB-a get-gələ salir səbəb nədir? Niyə bağlanmır mənim VÖEN-im?
28/10/2021 Oxunub: 108 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir. Müraciətinizin icrası haqda əlavə məlumatı uçotda olduğunuz vergi orqanından əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: