Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Eldar Huseynov eduard el***@gmail.com ID: 11134
Salam, mən fərdi sahibkaram və yerli şirkətlərə telekommunikasiya avadanlıqlarının servis xidməti sahəsində xidmətlər göstərirəm. Hazırda aylıq gəlirimdən 20% vergi ödəyirəm. Ümumi illik gəlirim 30 000 AZN-dən çox deyil. Mən 2% dərəcə ilə sadələşdirilmiş vergitutma sisteminə keçə bilərəmmi?
01/09/2026 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən  vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil. 
Vergi Məcəlləsinin 218.6.2-cı maddəsinə əsasən  bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi hüququna malikdir. 

Sorğunuza cavab olaraq bildiririk ki, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Gunay Shukurova su***@gmail.com ID: 11121
Proqram təminatı sahəsində fəaliyyət göstərirəm. Sponsorluq müqaviləsinə əsasən (loqo və s.) layihə üzrə xidmət təqdim edirik. Bu zaman sponsorluq müqaviləsinə əsasən əldə etdiyim gəlirdə hər hansı azadolma mövcuddurmu və digər vergi öhdəlikləri ilə bağlı məlumatlandırardınız, zəhmət olmasa?
26/08/2026 Прочитано: 25 Средняя стоимость: 0

Sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda  əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq,  vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, həmin maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45 000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.  İllik gəliriniz 45 000 manatı keçmədiyi halda və fəaliyyətiniz Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş proqram təminatının işlənməsi sahəsində xidmətlərə aid edildiyi halda 75 faiz güzəşt hüququndan yararlana bilərsiniz. 

Əlavə olaraq bildiririk ki, hər hansı əməliyyat üzrə yarana biləcək vergi öhdəliklərinin müəyyən edilməsi bilavasitə həmin əməliyyatlar üzrə ilkin sənədlərə, işin xarakterinə və vergi ödəyicisinin fəaliyyətinə bağlı olduğundan, vergitutma baxımından ətraflı məlumat üçün əməliyyatların xarakteri tam açıqlanmaqla, ilkin sənədlərlə və vergi ödəyicisinin fəaliyyəti haqqında ətraflı məlumat verilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü 102.1.30-1-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəkirov İsmayıl ilyas is***@gmail.com ID: 11120
Salam. Atam 1-ci qrup I Qarabağ müharibəsi əlili olub və müvafiq vəsiqəsi mövcuddur (2008-ci ildə vəfat edib). Hal-hazırda MMC-də işləyirəm, mənə hər hansı güzəştlər nəzərdə tutulubmu?
26/08/2026 Прочитано: 73 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fəqan Məmmədov Mərahim F.***@mail.ru ID: 11119
Mənim adıma olan 6803444352 nömrəli VÖEN aktiv vəziyyətdədir, yoxsa passiv?
25/08/2026 Прочитано: 79 Средняя стоимость: 0

Salam. 25 avqust 2026-cı il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Məmmədov Fəqan Mərahim oğlunun (VÖEN: 6803444352 ) fəaliyyəti aktivdir.Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatla burada tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/vergi-ucotuna-alinmis-vergi-odeyicileri-barede-melumatlarin-verilmesi

0/5 (0 Средняя стоимость)
Оцените:
Emin Rəsul em***@gmail.com ID: 11117
Salam, idxal olunan hotdog çörəyinin satışı ƏDV-dən azaddırmı? Ümumiyyətlə, çörəyin hansı növlərinin satışı ƏDV-yə cəlb olunur?
25/08/2026 Прочитано: 109 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən  buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il 1 yanvar tarixindən 10 il müddətinə ƏDV-dən azad edilmişdir. Göründüyü kimi, ƏDV-dən azadolma çörəyin idxalına deyil, istehsalı və satışına tətbiq olunur. Qeyd olunan maddədə azadolma çörəyin bütün növlərinə aid edilmişdir. 
Eyni zamanda bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas : Vergi Məcəlləsinin 20-ci və 164.1.27-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vüqar Abdullayev Asiman sc***@gmail.com ID: 11110
Fiziki şəxs (vergi ödəyicisi) sahibkarlıq fəaliyyəti ilə məşğuldur və gəlir əldə etmək məqsədilə başqa şəhərə və ya ölkəyə səfər edir. Səfərlə bağlı xərclər birbaşa sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Vergi Məcəlləsinə görə, fərdi sahibkarın (fiziki şəxs vergi ödəyicisi) gəlir əldə etmək məqsədilə etdiyi səfər, həmin səfərlə bağlı xərclər birbaşa gəlirin əldə edilməsi üçün çəkilsə belə, "ezamiyyə xərci" hesab edilmir. Səbəb kimi isə ezamiyyət anlayışının işçilərə aid olması qeyd olunub. Digər tərəfdən, Vergi Məcəlləsinin 108-ci maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılmasını nəzərdə tutur. Deməli, xərc real olaraq gəlirin əldə edilməsi üçün çəkilib, bu zaman xərci gəlir bəyannaməsində hansı hissədə tanıyacağıq, yaxud ezamiyyənin xərc kimi tanınmasına icazə verilirmi? Bununla bağlı zəhmət olmasa, ətraflı məlumat verməyinizi xahiş edirəm.
23/08/2026 Прочитано: 14 Средняя стоимость: 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il 14 nömrəli qərarının və 18 yanvar 2012-ci il tarixli “İşçilərin Ezamiyyə Qaydaları”nın tələbinə görə, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilib ki, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.
İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, xüsusi icra məmuru, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir.
Göründüyü kimi, fiziki şəxs sahibkar özü işəgötürəndir: o özü ilə əmək müqaviləsi bağlaya, işçi sayıla bilməz. O, fəaliyyəti ilə bağlı əsas iş yerindən digər yerlərə getdikdə işçi kimi yox, fəaliyyətini formalaşdıran, quran və bununla bağlı olaraq gəlir əldə edən sahibkar kimi çıxış edir. Belə səfərlərə görə ona ezamiyyə normaları ilə deyil, təqdim etdiyi təsdiqedici sənədlər əsasında vəsaitlər ödənilə bilər və həmin xərclər də gəlirdən çıxılır. Sahibkar işçi sayılmadığına görə ona ezamiyyə qaydaları tətbiq oluna bilməz. Ezamiyyə qaydaları və normaları isə ancaq işçilərin ezamiyyəsi ilə bağlıdır.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. (https://www.taxes.gov.az/az/page/beyanname)
Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün  Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Röyal Həsənov Nuri he***@gmail.com ID: 11107
Salam. Mənə məxsus VÖEN-i dayandırmaq istəyirəm. Zəhmət olmasa bu barədə ətraflı məlumat verəsiniz.
21/08/2026 Прочитано: 109 Средняя стоимость: 5

Uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun dayandırılması üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan prosedurlarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil olun: https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

Həmçinin sizə fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması videotəlimatı təqdim olunur: https://youtu.be/fo9rBr6-4V8

5/5 (1 Средняя стоимость)
Оцените:
Şahin davudov sa***@gmail.com ID: 11106
Dövlət tərəfindən verilmiş 19 sot torpaq sahəsinin SUN nömrəsini əldə etmək istəyirəm.
21/08/2026 Прочитано: 100 Средняя стоимость: 0

Əgər VÖEN-iniz varsa,  SUN təqdim edilməsi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Sığortaedənin uçot nömrəsinin öyrənilməsi: https://www.e-gov.az/ru/services/read/2785/0/2

0/5 (0 Средняя стоимость)
Оцените:
Tural Cəbrayılov Məhəmməd ca***@gmail.com ID: 11105
Salam, tutaq ki, şirkət təmir-tikinti və servis xidməti ilə məşğuldur, məsələn, "Azpetrol"un yanacaq doldurma məntəqələrinə xidmət göstərir. İşçilər də mütəmadi olaraq Bakı şəhərinə və digər rayonlara nəzarət üçün gedib-gəlirlər. Eyni zamanda, digər işçilər 15-20 gün başqa rayonlarda və ya Bakıda çöl şəraitində qalırlarsa əgər, bu işçilərə daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan işçi kimi ezamiyyə xərclərinin əvəzinə nəzərdə tutulan ödənişi etmək olarmı və bu, Vergi Məcəlləsinin (VM) 102.1.14.1-ci maddəsinə şamil edilirmi?
21/08/2026 Прочитано: 6 Средняя стоимость: 0

Bildiririk ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin  25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarına  əsasən  daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Ezamiyyə işçinin daimi iş yerindən müəyyən müddətə başqa yerə göndərilməsidir və işçinin konkret əmək funksiyalarına və birbaşa iş rejiminə aid deyildir.

Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20,0 manat əlavə vəsait verilir.
Nazirlər Kabinetinin qərarında göstərilən 20 manat isə işçi üçün ödənilən gündəlik yemək xərcləridir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.14.1-ci maddəsinə əsasən iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin  qanunvericiliklə nəzərdə tutulan məbləği gəlir vergisindən, məcburi sosial sığorta, işşizlikdən sığorta və icbari tibbi sığorta haqqlarından azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sevinc Abbasova se***@gmail.com ID: 11100
VM-nin 175.3-cü maddəsinə əsasən mənzil və yemək xərci üzrə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilər. NK-nin 492 nömrəli qaydalarına əsasən mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Əgər vergi ödəyicisi mənzil xərcini (kirayə haqqını) e-qaimə əsasında ƏDV ödəyicisi olan kirayəverənə ödəyirsə, bu halda kirayə haqqının 50%-i üzrə ƏDV məbləğini əvəzləşdirə bilər. Lakin bu zaman bir sual yaranır: ƏDV-nin əvəzləşdirilməsini zamanı təqvim ili bitmədiyi halda "illik gəlirin 1 faizindən çox olmamaqla" tələbinə necə riayət edilə bilər?
19/08/2026 Прочитано: 142 Средняя стоимость: 4

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.11.2024-cü il tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın müddəalarına əsasən işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən həmin Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla, həmin Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş işçilərlə bağlı mənzil xərcləri üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirildikdə və ilin yekunlarına əsasən çəkilmiş həmin xərclər müəyyən olunmuş normadan artıq olduqda, o zaman norma həddinin keçdiyi vaxtda normadan artıq olan hissəyə görə əvəzləşdirilmiş ƏDV məbləğləri müvafiq dövrə (və ya dövrlərə) dəqiqləşdirilmiş hesabat verilməklə dürüstləşdirilməli və vergilər hesablanmış faizlərlə birlikdə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı.

4/5 (3 Средняя стоимость)
Оцените:
Bəxtiyar Hüseynov un***@mail.ru ID: 11094
Salam. Fərdi sahibkar Azərbaycanın rayon və kəndlərindən hər hansı bir məhsul əldə etmək istəyən müştəridən ödənişi hansı yolla əldə edə bilər? Məsələn: Ağcabədidən bir müştəri hər hansı bir sosial şəbəkədə məhsulumuzu görüb müraciət edir ki, məhsulu Ağcabədi avtobusunun sürücüsünə təhvil verim, ödənişi də sahibkarın kartına göndərim. Mən də ödəniş karta oturduqdan sonra NKA-ya müvafiq məbləği daxil edib çeki məhsulla birlikdə müştəriyə göndərsəm, Vergi Məcəlləsinin hər hansı bir maddəsini pozmuş olarammı?
17/08/2026 Прочитано: 120 Средняя стоимость: 4

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci bəndinin müddəalarına əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, habelə ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalara aid edilmişdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Qeyd olunanlara əsasən məhsulun onlayn sifariş əsasında məsafədən müştəriyə pərakəndə qaydada satılması zamanı aparılan satış əməliyyatı nəzarət-kassa aparatında rəsmiləşdirilməklə məhsulun dəyərinin müştəri tərəfindən ödəniş kartı vasitəsilə fərdi sahibkarın bank əməliyyatları aparan şəxslərdə vergi ödəyicisi kimi açdığı hesaba bağlı kartına köçürülməsi qanunvericiliklə məhdudlaşdırılmır.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununu.

4/5 (2 Средняя стоимость)
Оцените:
Ziya Memmedzade zi***@gmail.com ID: 11093
Şirkətimiz alternativ enerjinin satışı ilə məşğuldur (günəş panellərindən əldə olunan aktiv enerji). Biz bu işləri subpodrata gördürürük. Yəni işləri, mal-material və işçilik daxil olmaqla, subpodratçı həyata keçirir. Biz yalnız günəş panellərindən əldə olunan enerjinin satışını həyata keçiririk. Subpodratçı bizə qaimə-fakturanı göndərdiyi zaman həm günəş panelləri, həm də işçilik xidməti qeyd olunur. Bunlar investisiya yönümlü xərclərdir. Bu zaman şirkətimizin xərcləri necə formalaşacaq? Qeyd: Enerji satışı xidmətini göstərdiyimiz kontragentlərlə razılaşmaya əsasən, biz onlara 15 il müddətinə günəş enerjisi satacağıq və 15 ilin sonunda günəş panelləri kontragentə qalacaq. 15 il dönəmində xərclərimizi necə uçota almalıyıq? Cari ildə bu işlə bağlı qaimə-faktura ilə təsdiqlənmiş xərcimiz 600.000 AZN oldu, gəlirlərimiz isə cəmi 10.000 AZN təşkil etdi. Gəlirlər gələcəkdə formalaşacaq. Bunu ehtiyat kimi balansda göstərə bilmirik, çünki avadanlıqlar anbarda deyil, birbaşa ərazidə quraşdırılıb. Əsas vəsait kimi də uçota ala bilmirik, çünki günəş panelinin dəyəri 500 AZN-dən azdır. Bu zaman aldığımız günəş panellərini uçotda və balansda necə göstərməliyik? Mənfəət vergisi bəyannaməsində gəlir və xərclərimizi necə bəyan edək? 15 ilin sonunda müqavilə şərtlərinə əsasən günəş panellərini kontragentə təmənnasız bağışlayacağıq.
17/08/2026 Прочитано: 91 Средняя стоимость: 0

Sorğuda göstərilən halda enerji satışının həyata keçirilməsi və müəyyən olunmuş müddətin sonunda əvəzsiz olaraq alıcı vergi ödəyicisinə təqdim edilməsi məqsədilə quraşdırılan günəş panelləri ilə bağlı çəkilən xərclər vergitutuma məqsədləri üçün kapitallaşdırılaraq həmin aktivlər əsas vəsait kimi uçota alınır və istismar olunan bu əsas vəsaitlər üzrə Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya hesablanılır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi baxımından aparılan əməliyyatın xarakteri və işin faktiki halları, o cümlədən tərəflər arasında bağlanılmış müqavilələrin şərtləri, aktivlərin quraşdırılması, enerjinin satışı və müddətin sonunda əvəzsiz təqdim edilməsi ilə bağlı detallı məlumatlar açıqlanmaqla təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 114-cü və 142-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Tural Babayev tu***@lb.con.com ID: 11080
Əsas iş yerində çalışan işçi 2026-cı ilin iyul ayında istifadə edilməmiş məzuniyyətə görə kompensasiya alarsa, belə halda gəlir vergisi hesablanacaq?
11/08/2026 Прочитано: 211 Средняя стоимость: 5

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illəri üzrə kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən, cari iş ili üzrə istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiya məbləği ödəniş aparılan ayın əməkhaqqısına əlavə edilmədən ayrıca fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.
Məlumat üçün bildiririk ki, gəlir vergisinin hesablanması məqsədilə hər bir iş ili üzrə ayrıca hesablanmış kompensasiya məbləğindən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat güzəşt çıxılır.

5/5 (2 Средняя стоимость)
Оцените:
Q** K** es***@gmail.com ID: 11079
Salam. Vergi uçotuna alınmadan restoran fəaliyyəti ilə məşğul olan fiziki şəxsə qanunvericiliyə əsasən hər hansı cərimə və ya maliyyə sanksiyası tətbiq edilirmi?
11/08/2026 Прочитано: 158 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 

Əsas: Vergi Məcəlləsinin 33.4-cü və 58.2-ci maddələri

5/5 (2 Средняя стоимость)
Оцените:
Bahar Karayiğit ba***@mail.ru ID: 11066
Salam, mən 5 ildi Türkiyə vətəndaşıyam, burada yaşayıram. Bir neçə ay əvvəl Bakı şəhərində olarkən tibb müəssisəsinə müraciət etmişdim. Tibbi xidmət almışdım. Ödənişi nağd qaydada etdim. Mənə ƏDV qaytarılmalı idi?
06/08/2026 Прочитано: 198 Средняя стоимость: 5

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.

Məlumat üçün qeyd edirik ki, Türkiyə vətəndaşı olan əcnəbi şəxsin Azərbaycan Respublikasının ərazisində tibb müəssisələrindən alınmış tibbi xidmətlərə görə nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği həmin şəxs ölkə ərazisini tərk edərkən adıçəkilən Qaydanın tələblərinə müvafiq qaydada “taxfree” rejimində geri qaytarılır. 

Əsas: Vergi Məcəlləsinin 165.3-cü maddəsi

5/5 (1 Средняя стоимость)
Оцените:
Aslanov Səxavət as***@gmail.com ID: 11065
Salam. Arı balı kənd təsərrüfatı məhsulu hesab olunurmu? Arı balının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanmalıdırmı? Sualım istehsala aid deyil yəni istehsalçıdan alıb mağazada pərakəndə satdıqda ƏDV ticarət əlavəsindən hesablanır ? Zəhmət olmasa cavablandlrardız
06/08/2026 Прочитано: 173 Средняя стоимость: 0

Salam. Sorğuda qeyd olunan arı balının istehsalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Misal olaraq, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan ticarət obyekti 20.000 manat dəyərində aldığı malları 25.000 manata satır. Bu zaman 5.000 manat ticarət əlavəsinə 18% ƏDV dərəcəsini tətbiq edərək vergi məbləğini müəyyən edir.

Məlumat üçün bildiririk ki, arıların becərilməsi, arı balının və arı mumunun istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 13 il müddətinə gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”

0/5 (0 Средняя стоимость)
Оцените:
Aysun Aliyeva ay***@outlook.com ID: 11062
Salam. Dostum xarici şirkətdə səhmi olan Azərbaycan Respublikasının rezidentidir. Qeyd edilən şirkət 2026-cı ilin I yarımilliyi üzrə formalaşmış bölüşdürülməmiş mənfəətini səhmdarlar arasında bölüşdürülməsi barədə qərar qəbul edir. Rezident şəxsə təqribən 2700 ABŞ dolları məbləğində ödəniş həyata keçirir. Bu gəlir vergiyə necə cəlb olunur? Öncədən təşəkkür edirəm!
04/08/2026 Прочитано: 155 Средняя стоимость: 5

Dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulur. 

Qeyri-rezident şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 5 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir. 

Əsas: Vergi Məcəlləsi 13-cü, 101-ci, 149-cu maddələri

5/5 (4 Средняя стоимость)
Оцените:
Mehemmed İmanlı 19***@gmail.com ID: 11060
Salam. Mən əmlakımı qohumuma icarəyə verirəm. Qohumum da fərdi sahibkardır. Müvəqqəti yaşayacaq. Mən müəyyən səbəblərə görə uçota durmaq istəmirəm. İcarə müqaviləsi bağlamasam nə olar, vergini də qohumum özü ödəyəcək? Həmçinin müqavilə nəyə lazımdır?
03/08/2026 Прочитано: 187 Средняя стоимость: 5

"İcarə haqqında" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.

Daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir, bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd edilən ödəmələr verən sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində gəlirdən vergi tutmadan həmin məbləği ödəyən fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəlləyə uyğun olaraq məsuliyyət daşıyırlar. 

Sorğunuzda qeyd edilənlərə əsasən, icarə üzrə gəlirlərdən ödəmə mənbəyində verginin tutulmaması üzrə məsuliyyət həmin gəliri ödəyən şəxsin - yəni, icarəçinin üzərinə düşür. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, bu pozuntuya yol verən vergi ödəyicisi (icarəçi) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Əlavə olaraq, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Nəzərinizə çatdırırıq ki, icarə müqaviləsi notarial qaydada təsdiq olunan sənəddir. Əmlakı icarəyə verən tərəf onun hüquqlarını icarə əməliyyatında qoruyan sənədi imzalamaqdan imtina edərək, həmin hüquqların icra edilməsini risk altına qoyur. Misal olaraq, icarəçi obyekti yararsız hala gətirdikdə, icarə haqqını ödəmədikdə və ya icarəyə verənin tələbinə baxmayaraq obyekti boşaltmadıqda, icarəyə verənin icarə müqaviləsini təqdim edə bilməsi onun hüquqlarının müdafiəsi üçün zəruridir.

Əsas: "İcarə haqqında" Azərbaycan Respublikası qanununun 7-ci, Vergi Məcəlləsinin 58-ci, 92-ci, 124-cü, 150-ci maddələri

5/5 (5 Средняя стоимость)
Оцените:
Natiq Bayramov Musa oğlu na***@sdnx.gov.az ID: 11051
Şəxs özünə məxsus obyekti icarə müqaviləsi ilə başqa şəxsə icarəyə vermişdir. Müqavilədə həm icarəyəverənin, həm də icarəyəgötürənin VÖEN-i qeyd olunub. İcarəyəverənin VÖEN-inin əsas fəaliyyət növü icarə olmasa da (o, əvvəllər həmin VÖEN-lə başqa obyektdə ticarətlə məşğul olub), bu hal sahibkarlıq fəaliyyəti hesab olunurmu?
30/07/2026 Прочитано: 170 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.  
Vergi Məcəlləsinin 150.1.6-cı maddəsində bildirilib ki, 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutulmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.
Sorğunuzda qeyd olunan halda, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.
Bu halda, sizin hər hansı bir vergi ödənişi etmək və ya hesabat təqdim etmək öhdəliyiniz yaranmır.
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən  verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsi 124-cü,150.1.6-cı maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Pakizə pa***@icloud.com ID: 11049
VÖEN-imin aktiv statusda olub-olmamasını yoxlamaq istəyirəm.
30/07/2026 Прочитано: 133 Средняя стоимость: 0

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən  istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.  https://new.e-taxes.gov.az/etaxes/services/taxpayer-info
Nəzərinizə çatdırırıq ki, "Ada" görə axtarış zamanı adınızda hərf səhvi olmamalıdır. Adınızın hər bir hərfi böyük hərflərlə yazılmalıdır. Hər ad özünə uyğun bölmədə yazılmalıdır.
Məsələn; " ƏLİ - ƏLİYEV - ƏKBƏR "

0/5 (0 Средняя стоимость)
Оцените: