Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv oluna bilər:
- Təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə
- Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda
- Müflis elan olunduqda
Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində aşağıdakı sənədləri qeydiyyat orqanına təqdim etməlidir:
- Ərizə ("Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında")
- Ləğvetmə barədə qərar
- Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat
- Ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası barədə ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd (müddət 60 gündən az ola bilməz)
- Möhür
Hüquqi şəxs müflis elan olunduqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya kreditorların ilkin yığıncağının qərarı da təqdim olunmalıdır.
Aşağıdakı halların mövcud olub-olmaması yoxlanılmalı və nəticə barədə məlumat verilməlidir:
- Ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin mövcudluğu
- ƏDV məqsədləri üçün qeydiyyatda olub-olmaması
- Filial, nümayəndəlik və ya digər təsərrüfat subyektinin vergi uçotunda olub-olmaması
- NKA-nın qeydiyyatda olub-olmaması
- POS-terminalının qeydiyyatda olub-olmaması
- Aktiv bank hesablarının olub-olmaması
- Dövlət büdcəsinə vergi borcunun olub-olmaması
- Təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması
Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən sonra 10 gün ərzində aşağıdakı sənədləri təqdim etməlidir:
- Ləğvetmə balansı
- Qalıq əmlakın bölünməsi planını əks etdirən hesabat və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd
- Hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür
- Səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Maliyyə Bazarlarına Nəzarət Palatasının arayışı
- Arxiv sənədlərinin müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair arayış