Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qəbul edilmiş inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun VII fəslində müəyyən edilmiş qaydada şikayətin verilməsi imkanı barədə məlumat

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir.

Həmin Qanunun 71-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də şikayət verilə bilər.

Həmin Qanunun 74-cü maddəsinə əsasən inzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:

  • Şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
  • Şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
  • Barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
  • Şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
  • Şikayətin tərtib edildiyi tarix;
  • Şikayəti verən şəxsin imzası.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 15.1.9-cu və 62-ci maddələrinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər.

Yuxarıda qeyd olunanlara əsasən vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından) və ya onların qəbul edilməsindən imtinadan, habelə vergi orqanlarının hərəkət (hərəkətsizliyindən) Dövlət Vergi Xidmətinə şikayət etmək hüququ vardır. Qeyd olunan müraciətlərə (korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə daxil olmuş müraciətlər istisna olmaqla) Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) tərəfindən baxılır. Şikayətçinin həmin Baş İdarənin qərarlarından Dövlət Vergi Xidmətinin Apelyasiya Şurasına (sonuncunun qərarlarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına) və ya göstərilən qərarların hər birindən birbaşa məhkəməyə şikayət etmək hüququ vardır.