Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Bu və ya digər vergi növü üzrə vergi öhdəliyi olan vergi ödəyiciləri qanunvericilikdə göstərilən müddətdən gec olmayaraq uçotda olduqları vergi orqanına bəyannamə təqdim etməlidirlər. Bəyannamənin təqdimetmə (habelə verginin ödənilmə) müddətinin sonuncu günü qeyri-iş gününə düşdüyü halda bəyannamə ən geci növbəti iş günü təqdim edilməlidir.

Mövcud qanunvericiliyə əsasən müxtəlif vergi növləri üzrə vergi bəyannamələrini təqdim etməli olan şəxslər aşağıdakı kimi müəyyənləşdirilmişdir.

01
Gəlir vergisi üzrə

Azərbaycan mənbəyindən gəlir əldə edən və ödəmə mənbəyində vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər.

Gəlir vergisinin ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya fəaliyyətinə xitam verdikdə, vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən gəlir vergisi bəyannaməsini 30 gün müddətində vergi orqanına verməlidir.

1.1. Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinin ödəyicisi sayılmaqla gəlir vergisinə cəlb olunurlar. Hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq "Xüsusi notariusların gəlir vergisi bəyannaməsi" vergi orqanına təqdim edilir.

1.2. İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. Ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq bəyannaməni vergi orqanına verməyə borcludurlar.

02
Mənfəət vergisi üzrə

Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi və vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər.

Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir və müvafiq bəyannaməni həmin orqana təqdim edirlər.

Vergi ödəyicisi olan hüquqi şəxs fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən sonra 30 gün müddətində vergi orqanına mənfəət vergisinin bəyannaməsini verməlidir.

03
Əlavə dəyər vergisi üzrə

ƏDV üzrə hesabat dövrü təqvim ayıdır. ƏDV-nin ödəyicisi olan şəxslər, habelə vergi agentləri ƏDV-nin bəyannaməsini hər hesabat ayı üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməlidirlər.

ƏDV ödəyicisi olmayan şəxslər hesablanan ƏDV-ni qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində, ƏDV ödəyiciləri isə hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

ƏDV ödəyicisi ləğv edildikdə hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən ƏDV bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.

04
Aksizlər üzrə

Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edən müəssisələr və fiziki şəxslər hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir.

Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

Vergi ödəyicisi ləğv edildikdə aksiz bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.

05
Əmlak vergisi üzrə

Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Müəssisələr əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verirlər.

Fiziki şəxslər əmlak vergisi üzrə bəyannamə təqdim etmirlər. Bələdiyyələr əmlak verginin ödənilməsi barədə tədiyyə bildirişini fiziki şəxsə cari ilin avqustun 1-dən gec olmayaraq verməli, fiziki şəxslər cari il üçün illik əmlak vergisinin məbləğini bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək yerli büdcəyə ödəməlidirlər.

06
Torpaq vergisi üzrə

Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan müəssisələr torpaq vergisini illik olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

Fiziki şəxslər torpaq vergisi üzrə bəyannamə təqdim etmirlər — fiziki şəxslərə torpaq vergisi bələdiyyələr tərəfindən hər il iyulun 1-dək hesablanır, tədiyyə bildirişləri isə avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Cari il üçün hesablanmış illik torpaq vergisinin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dən və noyabrın 15-dən gec olmayaraq ödənilməlidir.

07
Yol vergisi üzrə

Yol vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

08
Mədən vergisi üzrə

Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq mədən vergisini ödəyir və həmin müddətdə də bəyannamə verirlər.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir.

09
Sadələşdirilmiş vergi üzrə

Sadələşdirilmiş vergi üzrə hesabat dövrü rübdür. Sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan hüquqi şəxslər və fiziki şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verir və vergini dövlət büdcəsinə ödəyirlər.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən sadələşdirilmiş vergi ödəyiciləri bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər — onlar hər bir nəqliyyat vasitəsi üçün növbəti ay (aylar) üçün "Fərqlənmə nişanı" almalıdırlar.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq bəyannaməni vergi orqanına verməyə borcludurlar.

10
Ödəmə mənbəyində tutulan vergilər üzrə

ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü vergi ili, bütün digər hallarda isə ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü rübdür.

Muzdla işləyən fiziki şəxslərə ödəmələr edən vergi ödəyiciləri həmin şəxslərin aylıq gəlirinə hesablanmış gəlir vergisini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

11
İxracat vergisi üzrə

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə yığım barədə hesabat üzrə hesabat dövrü təqvim ayıdır.

Bu qiymət fərqi üzrə yığımlar hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına müvafiq hesabat təqdim edilməlidir.

12
Dövlət rüsumu üzrə

Dövlət rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edildikdə iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatı vergi orqanına təqdim etməlidirlər.