Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
18.03.2022-ci il tarixli 2217040100301500 nömrəli əmri ilə təsdiq edilmişdir
(06.07.2023-cü il tarixli 2317040100865000 nömrəli əmrlə edilmiş əlavə və dəyişikliklərlə)
Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi
QAYDALARI
I. Ümumi müddəalar
1.1. “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə» nin, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin və digər aidiyyəti hüquqi aktların müddəalarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin kadr ehtiyatına daxil edilməsi və ehtiyat kadrların idarə edilməsi məsələlərini tənzimləyir.
1.3. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Xidmət) insan resursları sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən müvafiq struktur bölməsi (bundan sonra - müvafiq struktur bölmə) tərəfindən həyata keçirilir.
1.4. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi qaydaları, habelə namizədlərin dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmaması və müsabiqənin test imtahanı mərhələsindən azad edilməsi halları “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tənzimlənir.
II. Sənədlərin qəbulu və yoxlanılması
2.1. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər elektron formada ərizə ilə ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) və məhkumluğun olmaması barədə arayışın surətini təqdim etməklə Xidmətə müraciət edir.
2.2. Ərizə Xidmətə daxil olduğu gündən 10 (on) iş günü müddətində müvafiq struktur bölmə tərəfindən namizədin təqdim etdiyi məlumatların bu Qaydaların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ilkin yoxlama aparılır və yoxlamanın nəticəsi barədə namizədin elektron poçt ünvanına müvafiq məlumat göndərilir.
2.3. Müsabiqənin müsahibə mərhələsini uğurla keçən namizədlərin işlə təmin olunmaları üçün müvafiq struktur bölmə tərəfindən 5 (beş) iş günü ərzində sənəd qəbulu aparılır və namizədlərdən aşağıdakı sənədlər tələb olunur:
2.3.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
2.3.2. tərcümeyi-hal (blank Xidmət tərəfindən verilir);
2.3.3. kadrların şəxsi uçot vərəqəsi (blank Xidmət tərəfindən verilir);
2.3.4. 4x6 sm ölçüdə dörd ədəd, 9x12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;
2.3.5. ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;
2.3.6. əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
2.3.7. sağlamlıq haqqında arayış;
2.3.8. narkoloji dispanserdən müayinə aktı və arayış;
2.3.9. məhkumluğun olmaması barədə arayış;
2.3.10. hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).
2.3-1. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya namizəd tərəfindən təmin edilir.
2.4. Müsabiqəni uğurla keçdikdən sonra bu Qaydaların 2.3-cü bəndində göstərilən sənədlərdən hər-hansı birini təqdim etməyən (bu Qaydaların 2.3-1-ci bəndi nəzərə alınmaqla) və ya təqdim etdiyi sənədlərdə elektron ərizədəki məlumatlardan fərqli məlumatlar təqdim edən namizədə zəruri sənədlərin 10 (on) iş günü ərzində təqdim edilməsi, əks halda kadr ehtiyatına daxil edilməyəcəyi barədə yazılı bildirişin göndərilməsi Xidmətin müvafiq struktur bölməsi tərəfindən təmin edilməlidir.
2.5. Bu Qaydaların 2.3-cü bəndində göstərilənlərdən əlavə digər sənədlərin tələb edilməsinə yol verilmir. Namizəd Xidmətin müvafiq struktur bölməsinə özünü xarakterizə edən əlavə sənədləri təqdim edə bilər.
III. Namizədin kadr ehtiyatına daxil edilməsi
3.1. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd kadr ehtiyatına daxil edilir və müvafiq ştat üzrə vakant yer yarandıqda namizəd həmin vəzifəyə təyin edilir. Namizəd ehtiyat kadr siyahısında 2 (iki) il müddətində saxlanılır.
3.2. Siyahıda ehtiyat kadrın müsabiqənin hər 2 (iki) mərhələsi üzrə nəticələri, ali təhsili, qeydiyyat və yaşayış ünvanları haqqında zəruri hesab edilən məlumatları göstərilir. Siyahı Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə daxil edilir və həmin sistemdə idarə olunur.
3.3. Namizədin kadr ehtiyatına daxil edilməsi onun digər müsabiqələrdə iştirakına və əmək hüquqlarının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmur.
IV. Ehtiyat kadrlarla işin aparılması
4.1. Xidmətin müvafiq struktur bölməsi ehtiyat kadrların şəxsi işlərini mühafizə edir, onları icazəsiz tanış olmaqdan və surətlərinin çıxarılmasından qorumaq üçün müvafiq inzibati və texniki tədbirlər görür, ehtiyat kadrın müraciəti ilə onu şəxsi işindəki sənədlərlə tanış edir və müvafiq dəyişikliklərin aparılması üçün lazımi şərait yaradır.
4.2. Ehtiyat kadrlar vakant vəzifələrə təyin olunmaq üçün aşağıdakı qaydalara uyğun olaraq seçilirlər:
4.2.1. ehtiyat kadrlar siyahısından vakant vəzifələrə müvafiq olaraq müsabiqədə topladıqları ballar üzrə siyahı ardıcıllığına əsasən bir və ya bir neçə namizədin seçilməsi yolu ilə;
4.2.2. spesifik bilik və bacarıq tələb olunan sahələrə uyğun namizədlərin seçilməsi yolu ilə.
4.3. Bu Qaydaların 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada seçilmiş namizəd vakant vəzifəyə təyin edilməsi məqsədi ilə vakant vəzifənin mövcud olduğu struktur bölmənin və ya qurumun rəhbəri ilə razılaşdırılır. Dövlət vergi orqanlarında mövcud olan vakant vəzifə üzrə həmin struktur bölmənin və ya qurumun rəhbərinə bir neçə namizəd təqdim olunur və uyğun olan namizəd həmin namizədlər arasından seçilir.
4.4. Vakant vəzifəyə təyin edilmək üçün ehtiyat kadrların zəruri məlumatlarını əks etdirən şəxsi işlər vakant vəzifənin mövcud olduğu struktur bölmənin və ya qurumun rəhbərinə təqdim edildikdə, həmin bölmənin və ya qurumun rəhbəri 10 (on) iş günü müddətində onlardan birinin vəzifəyə təyin edilməsi və ya təyin edilməsindən imtina olunması barədə təklifi müvafiq struktur bölməyə təqdim edir.
V. Namizədin kadr ehtiyatından çıxarılması
5.1. Namizədin kadr ehtiyatından çıxarılması aşağıdakı hallarda həyata keçirilir:
5.1.1. kadr ehtiyatında saxlanılma müddəti bitdikdə;
5.1.2. bu Qaydalara uyğun olaraq vəzifəyə təyin edildikdə;
5.1.3. Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda;
5.1.4. öz arzusu ilə yazılı müraciəti olduqda;
5.1.5. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
5.1.6. vəfat etdikdə;
5.1.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
5.2. Bu Qaydaların 5.1.6-cı yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla siyahıdan çıxarılmış namizədə Xidmət tərəfindən yazılı məlumat verilir.
VI. Yekun müddəalar
6.1. Müvafiq struktur bölmə müsabiqənin elan olunması, keçirilməsi, namizədlərin kadr ehtiyatına daxil edilməsi və siyahıdan çıxarılması istiqamətində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır.
6.2. Müsabiqəni müvəffəqiyyətlə keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan namizədlər bu fəaliyyətləri ləğv olunmadan işlə təmin olunmurlar.