Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Məhərrəmova Zabitə Nofəl qızı za***@gmail.com ID: 5141
Salam. Ayrı-ayrı aylara düşən məzuniyyət günləri üçün əməkhaqqından tutulmaların aparılması qaydası necədir? Əməkhaqqınının ödənildiyi ayın gəliri kimi nəzərə alınaraq bütün günlərin vergi və digər ödəmələri həmin aydamı tutulmalıdır, yoxsa ayrı-ayrı aylara düşən məzuniyyət günləri üçün əməkhaqqından tutulmalar məzuniyyət günləri düşən aylara görə ayrılıqda hesablanaraq aparılmalıdır?
29/09/2021 Oxunub: 195 Orta qiymət: 5

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Çingiz Abdullayev İlham oğlu a.***@mail.ru ID: 5230
Salam. Bank olmayan kredit təşkilatı tərəfindən müştəriyə verilən və ödənilməyən kedit mənfəət bəyannaməsində ümidsiz borc kimi hansı hallarda və nə zaman xərc kimi göstərilə bilər?
29/09/2021 Oxunub: 158 Orta qiymət: 5

Bildiririk ki, kredit təşkilatına fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədi ilə xüsusi ehtiyat fondu yaradılır. Ehtiyat fondu qanunvericiliklə nəzərdə tutulmuş qaydada formalaşır. Ehtiyat fondlarının yaradılması haqda ətraflı məlumat üçün aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Eyni zamanda, Vergi Məcəlləsinin 109.6-cı maddəsinə əsasən ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 111.3-cü maddəsinə əsasən banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. 

Belə ki, banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması məsələlərini Nazirlər Kabinetinin 22 sentyabr 2021-ci il tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası” tənzimləyir.

Əsas: Vergi Məcəlləsinin 109.6-cı, 111.3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 sentyabr tarixli 276 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması" Qaydası

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fərgadzadə Nicat Vaqif oglu ni***@gmail.com ID: 5142
Salam. Zəhmət olmasa, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 3.6 sot torpagin içində 64 kv-lıq fərdi həyət evinin mulkiyyət və torpaq vergisinin illik neçə manat etdiyini deyərdiz? Qeyd edim ki, sonuncu ödəniş 2014-cü ildə olub. Təşəkkür edirəm.
29/09/2021 Oxunub: 223 Orta qiymət: 5

Bildiririk ki, xüsusi mülkiyyətdə olan evin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir. Xəzər rayonu Binə qəsəbəsi 10-cu zonaya aid edildiyinə görə bu zona üçün müəyyən olunan əmsal 0,8-ə bərabərdir. (64-30) x 0.4 x 0.8 =9.6 manat.

Evinizin yerləşdiyi torpaq sahəsinə görə torpaq vergisinin hesablanması üçün torpaq sahəsinin hər 100 m2 görə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 0,6 manat tətbiq olunmalıdır.  3.6 x 0.6=2.16 manat.

Hesablanmış vergilərin ödənilməsi barədə tədiyə bildirişləri vergi ödəyicilərinə avqust ayının 1-dən gec olmayaraq çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri (o cümlədən ödəniş alətləri və ödəniş vasitələri, ödəniş terminalları ilə) ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması isə qadağandır.

Qeyd edən vergilərin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Eyni zamanda, vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Əsas: Vergi Məcəlləsinin 59-cu, 85-ci, 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Nərgiz Hüseynli Abbas Na***@gmail.com ID: 5226
Mən avqust ayında elektron qaiməni yüklədim, lakin, həmin ay VÖEN hesabıma maaş köçmədi. Buna görə DSMF və icbari siğorta uçün ödənişdən azad olmağım mümkündür?
28/09/2021 Oxunub: 63 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.  

Əsas: Vergi Məcəlləsinin 16.2-ci maddəsi və “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Turqut Abizadə həsən Tu***@bk.ru ID: 5224
Əmlak vergisi barədə SMS gəlib və kod gəlib ki, ödə. Mənim adıma heç bir əmlak yoxdur, mən necə araşdıra bilərəm ki, nə məsələdir?
28/09/2021 Oxunub: 127 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir. Əmlakınızın olduğu təqdirdə, əmlakın yerləşdiyi ərazi üzrə aidiyyəti bələdiyyəyə müraciət edə bilərsiniz.

Sorğunuzda qeyd olunan mesaj Dövlət Vergi Xidmətindən daxil olduğu və səhvən gəldiyi halda, araşdırması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rüfət Müslümzadə Faiq oğlu ru***@gmail.com ID: 5123
Salam. Şirkətin "XX" Bankdakı hesabında sahibkarlıq fəaliyyətindən əldə olunan 10 000 manat pulu var. "XX" Bankın müflis olduğu elan edilir və dövlət tərəfindən fəaliyyətinə xitam verilir. Bizim şirkətin həmin bankda olan 10 000 manat vəsaiti geri qaytarılmır. Sual ondan ibarətdir ki, bizim şirkət həmin bankda itirdiyi vəsaiti xərc kimi (misal.Bank xərci) və ya keçmiş ilin zərəri kimi mənfəət vergisi bəyannaməsində qeyd edə bilərmi?
28/09/2021 Oxunub: 177 Orta qiymət: 3

Bildiririk ki, cəmiyyətin müflis elan edilmiş bankda olan hesabındakı pul vəsaitlərinin gəlirdən çıxılan xərclərə aid edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

3/5 (13 Orta qiymət)
Qiymət ver:
Quliyev Rasim ra***@gmail.com ID: 5132
Salam. Publik hüquqi şəxslərdə müəssisə tərəfindən vəfat edən işçiyə ödənilən dəfn pulundan gəlir vergisi tutulurmu?
28/09/2021 Oxunub: 182 Orta qiymət: 4

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

4/5 (9 Orta qiymət)
Qiymət ver:
Xəyal Ağalarzadə Gülağa ag***@mail.ru ID: 5116
Salam. Mən VÖEN nömrəmi itirmişəm. VÖEN-i əldə edəndə kiçik zərf verilir, onu da itirmişəm. Mənə köməklik edin, zəhmət olmasa.
28/09/2021 Oxunub: 158 Orta qiymət: 5

Bildiririk ki, Ağalarzadə Xəyal Gülağa oğlu vergi ödəyicisi kimi 1603060992 nömrəli VÖEN-lə uçotdadır. Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Fərid Rüstəmov Rüstəm fe***@gmail.com ID: 5221
Salam, mən salon götürəcəm, kişi salonu. Onun üçün nə qədər vergi ödəməliyəm?
27/09/2021 Oxunub: 171 Orta qiymət: 5

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Eyni zamanda, Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Bununla yanaşı, qeyd olunan obyekt fiziki şəxsdən icarəyə götürüldüyü halda, Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına əsasən icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və vergi orqanına bəyan edilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 124-cü, 150-ci, 218.4.4-cü, 220.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Akif Şirinov Vəzir oğlu ak***@mail.ru ID: 5220
Hüquqi şəxslərə və fiziki şəxslərə un istehsalına və satışına görə ödənilən subsidya müəssisənin gəlirinə aid edilərək, mənfəət vergisi bəyannaməsində qeyd edilməlidirmi? Əvvəlcədən təşəkkür edirəm.
27/09/2021 Oxunub: 164 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxslərin gəlir vergisindən azadolması Vergi Məcəlləsinin 102-ci maddəsi, hüquqi şəxslərin mənfəət vergisindən azadolması bu Məcəllənin 106-cı maddəsi ilə tənzimlənir. Qeyd olunan maddələrdə subsidiyaların gəlir (mənfəət) vergisindən azadolması nəzərdə tutulmamışdır.

Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan subsidiyalar ümumi qaydada gəlir (mənfəət) vergisinə cəlb edilir.  

Əsas: Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Niyaz Aslanzadə ni***@mail.ru ID: 5218
Salam. Sualım budur ki, hər hansı şirkətin filialının və ya alt təşkilatlarının ayrıca VÖEN-i olur və ayrıca mənfəət vergisini ödəyir? Yəni məsələn: SOCAR - Heydər Əliyev adına Neft Emalı Zavodu (hansı ki, SOCAR-a tabedir). Həmin zavodun ayrıca VÖEN-i mövcuddur və mənfəət vergisini ayrıca olaraq ödəyir yoxsa SOCAR-ın təkcə bir VÖEN-i var və bütün alt qurumlarının əvəzinə özü ödəyir mənfəət vergisini?
27/09/2021 Oxunub: 134 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.39.3-cü maddəsinə əsasən bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə hesab olunur.

Eyni zamanda, kommersiya hüquqi şəxslərinin əsas məqsədi mənfəət götürməkdən ibarət olduğundan həmin şəxs tərəfindən həyata keçirilən fəaliyyət üzrə mənfəət, ƏDV və əmlak vergiləri bəyannamələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına təqdim edilməklə müvafiq vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Məlumat üçün bildiririk ki, sorğunuzda qeyd olunan “Heydər Əliyev adına Neft Emalı Zavodu” 9900017381 saylı VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. 

Əlavə olaraq bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə də əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13-cü,30-cu maddələri, Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli, 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 14-cü maddəsi və Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Murad Mirzəyev Azər mm***@yahoo.com ID: 5216
A və B müəssisələri hər ikisi 18% ƏDV ödəyiciləridir. A və B müəssisələri arasında imzalanmış dəyəri ƏDV daxil 118 000 AZN olan müqavilə imzalanmışdır. Müqaviləyə əsasən A müəssisəsi B müəssisəsinə müqavilə dəyərinin 50% (59 000 AZN) hissəsini avans olaraq ödəməlidir. A müəssisəsi hesablaşma hesabından 50 000 AZN məbləği B müəssisəsinin hesablaşma hesabına, 9000 AZN ƏDV məbləğini depozit hesabından B müəssisəsinin depozit hesabına köçürmüşdür. B müəssisəsi müqavilə şərtlərini yerinə yetrimədiyindən müqaviləyə xitam verilmiş və A müəssisəsi ödədiyi avansı geri istəyib. B müəssisəsinin depozit hesabında vəsait olmadığından ödənilmiş avansı (ƏDV daxil 59 000 AZN məbləği) tam olaraq A müəssisəsinin hesablaşma hesabına geri qaytarmışdır. Bu halda B müəssisəsi VM -nin hansı maddələrini pozmuş sayılır və nə kimi cərimə və ya sanksiya tətbiq oluna bilər?
26/09/2021 Oxunub: 132 Orta qiymət: 0

Bildiririk ki, alınmış avans məbləğləri ƏDV-yə cəlb edildikdən sonra əməliyyat baş tutmadığı halda, yəni mal (iş, xidmət) təqdim edilmədikdə Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi həyata keçirilməklə hesablanmış ƏDV məbləği azaldılır. 

Həmçinin bildiririk ki, avans məbləğləri ƏDV-yə cəlb edildikdən sonra əməliyyat baş tutmadığı halda, ƏDV məbləğinin hesablaşma hesabından geri qaytarılması ilə bağlı hər hansı məhdudiyyət və ya sanksiya nəzərdə tutulmamışdır.  

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Murad Mirzeyev Azer mm***@yahoo.com ID: 5215
A və B müəssisələri hər ikisi 18% ƏDV ödəyiciləridir. A müəssisəsi B müəssisəsindən dəyəri 11 800 AZN (10 000 əsas + 1800 ƏDV) olan mal-material almışdır. A müəssisəsi yaranmış borcun 9 000 azn hissəsini hesablaşma hesabından B müəssisəsinin hesablaşma hesabına, qalan 2 800 azn hissəsini depozit hesabından B müəssisəsinin depozit hesabına ödəmişdir. Bu halda A müəssisəsi VM-nin hansı maddələrini pozmuş sayılır və A müəssisəsinə hansı cərimə və ya sanksiya tətbiq olunacaq?
26/09/2021 Oxunub: 89 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 

Eyni zamanda, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir.  

Bildiririk ki, ƏDV məbləğinin artıq Sorğunuzda qeyd olunan halda, "A" müəssisəsi ödədiyi 9 000 manata mütənasib ƏDV məbləğini əvəzləşdirilə bilər. Eyni zamanda, qeyd olunan hal ilə əlaqədar vergi qanunvericiliyində sanksiya nəzərdə tutulmamışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Arifə Məmmədzadə ar***@silkrow.az ID: 5214
Salam, yaşadığımız binada 4-cü mikrorayon 20 yanvar küçəsi 19b, 1-ci blok 5-ci mərtəbə 1 adama məxsus 2 mənzil kirayə verilir və hec bir vergi ödənilmir. Evlər tam yararsız vəziyyətdədir və bütün blok sakinləri ev yiyəsindən şikayətçidir. Bütün qonşulara su axıdılır. Bununla bağlı şikayət ərizəsi ilə baş polis idarəsinə müraciət olunub. Sizdən xahişim bu məsələ ilə məşğul olasınız və belə məsuliyyətsiz insanlara qanunsuz işlərlə məşğul olmağa imkan verməyəsiniz.
26/09/2021 Oxunub: 98 Orta qiymət: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məzahim ba***@gmail.com ID: 5213
Salam. Mənim bakalavr ixtisasım nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, magistr ixtisasım isə nəqliyyatda daşımalar və menecmentdir. Mən imtahan verib, vergi orqanlarında işə qəbul ola bilərəmmi?
26/09/2021 Oxunub: 86 Orta qiymət: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. 

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada  müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Xəyyam Əsgərov xe***@gmail.com ID: 5212
Salam. Mən Gəncə şəhər vergilər idarəsinin rəisi cənab Şahin Eyyubovun qəbuluna girmək istəyirəm. Mühüm bir məsələ ilə əlaqədar xahiş edirəm məni qəbul etsin.
25/09/2021 Oxunub: 80 Orta qiymət: 4

12 saylı Ərazi Vergilər Baş İdarəsinin vəzifəli şəxslərinin qəbul qrafiki ilə saytımızın "Əlaqə" bölməsinin "Qəbul qrafiki" altbölməsində tanış ola bilərsiniz. (https://www.taxes.gov.az/az/page/12-sayli-erazi-vergiler-bas-idaresi)

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 5211
Salam. Mən əmlak sənədlərində və sənədləşmə məsələsində olan problemlə əlaqədar bəzi şeyləri bilmək istəyirəm. Belə ki həyətyanı sahə və ev qeydiyyatı mərhum ata adında qalıb. İndi ev və həyətyanı sahə oğullardan birinin adına keçməlidir. Bu işdə evdə qeydiyyatda olan vətəndaşların hamısının razılığı var. Amma problem ondan ibarətdir ki, evdə qeydiyyatda olanlardan birinin adı və digərinin ata adı şəhadətnamədə səhv yazılıb. Yəni şəxsiyyət vəsiqəsində olanlar əsas götürülməyib. Məlum məsələdir ki, sənədi tərtib edənlərin laqeydliyi və ya savadsızlığı ucbatından bu problem yaranıb. İndi sənədin tez bir zamanda hazırlanması üçün hansı idarələrə müraciət olunmalıdır və proses hansı ardıcıllıqla getməlidir. Qeyd edim ki, soruşulan məsələ şəhid ailəsi ilə əlaqəlidir və cavablandırılmasını səbirsizliklə gözləyirik.
25/09/2021 Oxunub: 100 Orta qiymət: 5

Sorğunuzda qeyd olunan məsələ Dövlət Vergi Xidmətinin səalhiyyətlərinə aid edilmədiyi üçün, sorğunuzla bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (Çağrı Mərkəzi 193, emlak.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əfəndiyev Rizvan Mustafa oğlu ri***@gimail.com ID: 5210
Salam. 3-4 il bundan öncə şəxsi bizneslə məşğul olmağı qərar vermişdim. Bir nəfərin göstərişi ilə VÖEN açdırmalı oldum, lakin mənfi auram o qədər aktiv oldu ki, işlər tərsə düşdü və nəticədə VÖEN-i bağlatdırmalı oldum. VÖEN açdırdığım idarəyə (İnqilab küçəsindəki) gəlib müraciət elədim və bağladılar. Bu VÖEN məsələsinin gələcəkdə mənim başımı ağrıtmayacağı barədə məni arxayın etdilər. İndi telefonuma SMS gəlir ki, adıma gələn məktublar var, lakin internetə girib bu məktubları da tapa bilmirəm. (VÖEN: 1102069872) Hal-hazırda yataq xəstəsiyəm, kimsəm də yoxdur ki, bu işlə bağlı idarəyə göndərə bilim. Nə etməliyəm? Lütfən, mənə nə cür yardım edə bilərsiniz? Təşəkkür edirəm.
25/09/2021 Oxunub: 80 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Eyni zamanda, səhhətinizlə bağllı olaraq müraciətiniz əsasında vergi orqanları tərəfindən Sizə “Ünvanlı xidmət“ göstərilməsi mümkündür. Bunun üçün qeyiyyatda olduğunuz vergi orqanına elektron qaydada və ya Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) zəng etməklə müraciət edə bilərsiniz.

Əsas: Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mehdi Mirzayev mi***@mail.ru ID: 5207
İcbari tibbi siğorta üzrə və muzdla işləyənləri işə götürən sığortaedən (işsizlik) üzrə yaranan borcu ödəmək istəyirəm. Amma nə kodu, nə də hesab nömrəsini bilmirəm. Xahiş edirəm, kodu və hesab nömrəsini məninm poçtuma göndərəsiniz.
24/09/2021 Oxunub: 96 Orta qiymət: 0

Dövlət xəzinədarlıq orqanlarında olan vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri, o cümlədən büdcə təsnifatı kodları  haqqında məlumat səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fidan Verdiyeva Kərim ve***@gmail.com ID: 5206
Salam. Mən instagramda onlayn əl işi aksessuar butiki açmaq istəyirəm. Bunun üçün vergi ödəməliyəm? Ödəməliyəmsə necə etməliyəm?
24/09/2021 Oxunub: 128 Orta qiymət: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: