Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Samir Səlimov sa***@mail.ru ID: 6701
Salam. İdarənin rəhbəri işdən azad olunduqda yerli vergi idarəsinə bu barədə məlumat verilməlidirmi? Neçə gün müddətinə və hansı formada? Bu barədə məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkür.
14/07/2022 Oxunub: 74 Orta qiymət: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əmirov Sabir Qasım oğlu mo***@mail.ru ID: 6627
Sahibkarlıq fəaliyyətinin meyarlarının təyin edilməsində göstərilən məbləğlər: məsələn illik gəlir 200000 manatadək olduqda mikro sahibkar və həmin sahibkar ƏDV ödəyicisi olduqda bu 200000 manat məbləğ ƏDV-siz məbləğdir ya da ƏDV daxil məbləğdir? Xahiş edirəm bunu mənim üçün aydınlaşdırasınız. Əvvəlcədən təşəkkür edirəm.
13/07/2022 Oxunub: 276 Orta qiymət: 5

Bildiririk ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na (bundan sonra – Meyarlar) əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Meyarlara əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri müəyyənləşdirilərkən ƏDV məbləği nəzərə alınmır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

5/5 (11 Orta qiymət)
Qiymət ver:
Süleymanova Xalidə Əvsəl qızı xa***@inbox.ru ID: 6694
Salam. Gpp.az-dan anam Muradova Validə Rəhman qızının (fiziki şəxs, dərzi) 121380 - Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar üzrə ödənişini etdim (Qəbz № 930116658). Lakin qəbzi yaddaşda saxlamağı və ya email adresimə göndərməyi unutdum. Xahiş edirəm, mümkünsə, 930116658 nömrəli mədaxil qəbzini e-mail adresimə göndərəsiniz. Təşəkkür edirəm.
13/07/2022 Oxunub: 116 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan ödəniş sənədinin surətinin verilməsi üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdullah Adilli ad***@gmail.com ID: 6692
ƏDV-dən azad olunan əməliyyatlar ilə ƏDV-yə cəlb edilməyən əməliyyatlar arasındakə fərq nədir. Əgər fərq yoxdursa niyə elektron qaimə fakturada bu iki bənd ayrı göstərilir?
13/07/2022 Oxunub: 172 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə müəyən edilir. ƏDV-yə cəlb edilməyən əməliyyatlar dedikdə isə, ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aslan Sultanov Teymur su***@mail.ru ID: 6688
Mən taksi işləmək üçün VÖEN açmışam. Məcburi sosial sığortanı necə ödəmək lazımdır?
12/07/2022 Oxunub: 204 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış sadələşdirilmiş vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 36 manat sosial sığorta haqqı ödəməlidir.  

Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun minimum aylıq əməkhaqqının 4 faizi (12 manat) məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 122-ci, 150-ci, 218-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bahadır Cəfərov Rahim oğlu ba***@mail.ru ID: 6685
Salam, Dövlət Vergi Xidmətinin işə qəbul prossesi ilə necə tanış ola bilərik? Bildiyim qədərilə, qanunvericiliyə uyğun olaraq imtahanlar keçirilir. Qəbul imtahanları hansı tarixlərdə keçirilir və imtahana dair materialları necə əldə etmək mümkündür? Xahiş edirəm, məlumat almağımızda bizə yardımçı olasınız.
11/07/2022 Oxunub: 54 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərid Məmmədov F.***@mail.ru ID: 6679
Salam. Hər hansı bir dövlət təşkilatı (büdcədən maliyyələşən və ya publik hüquqi şəxs) kursları keçirilməsi məqsədilə kənardan mütəxəssis cəlb edərək həmin şəxslərlə xidməti müqavilə bağlayır. Müqavilədə göstərdiyi xidmətlərə görə ödənişi nağdsız qaydada banka köçürmə yolu ilə aparır. Təşkilat xidməti müqavilə bağladığı şəxslərdən göstərdiyi xidmətlərə elektron qaimə tələb etməlidirmi?
07/07/2022 Oxunub: 214 Orta qiymət: 0

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi olan şəxslər arasında Vergi Məcəlləsinin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə ödəniş aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını aparan digər şəxslərə təqdim edilən ödəniş tapşırığında elektron qaimə-fakturanın seriya və nömrəsi göstərilir. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə  tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi barədə məlumatlar da əks etdirilir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.11-ci, 58.8-ci və 71-1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhmədəli Məmmədov ah***@gmail.com ID: 6678
Salam. "X" MMC-nin mülkiyyətində daşınmaz əmlak var (qiyməti 1.000.000 manat). "X" MMC-nin nizamnamə kapital 3000 manatdır və paylar 1 nəfər təsisçi fiziki şəxsə məxsusdur. Həmin təsisiçi "X" MMC-dəki paylarını başqa bir fiziki şəxsə 1.000.000 manata satır. Bu halda hansı vergi ödənməlidir və kim (paylarını satan yoxsa payları alan) vergi ödəməlidir?
07/07/2022 Oxunub: 233 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər vergi ödəyicisi kimi uçota alınaraq, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 96.5-ci, 101.2-ci, 149-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Anna A. Shikinova fr***@gmail.com ID: 6675
Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Almaniyada ona məxsus daşınmaz əmlakı alqı-satqı müqaviləsinə uyğun olaraq Almaniya qanunvericiliyinə uyğun olaraq bütün müvafiq vergiləri ödəmişdir. Adı çəkilən fiziki şəxs Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alman bank hesabından Azərbaycan bank hesabına pul köçürərkən hər hansı vergi ödənişi etməlidir?
07/07/2022 Oxunub: 168 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Qeyd olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunduqda, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 101-ci, 127-ci və 149-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Məmmədov Şahin Sh***@hotmail.com ID: 6673
Salam. Bilmək istərdim ki, ƏDV ödəyicisinin əgər 200 min AZN-dən aşağı dövriyyəsi varsa, aylıq nə qədər nağdlaşdıra bilər? Təşəkkürlər.
06/07/2022 Oxunub: 216 Orta qiymət: 5

Bildiririk ki, nağd hesablaşmalara tətbiq olunan məhdudiyyətlər, yalnız nağdsız qaydada aparılmalı olan hesablaşmalar, habelə nağd qaydada həyata keçirilə bilən hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun)  ilə tənzimlənir.

Eyni zamanda, həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bunlardan əlavə adıçəkilən Qanunun tələblərini pozan, o cümlədən məxaric əməliyyatları həyata keçirilərkən yuxarıda qeyd olunan nağd xərcləmə məhdudiyyətinə əməl etməyən və Qanunla nağdsız aparılması təsbit edilmiş əməliyyatları nağd qaydada aparan vergi ödəyicilərinə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sanksiyası tətbiq edilir. 

Qeyd edilənlərlə yanaşı, pul vəsaitlərinin bank hesablarından nağd qaydada çıxarılması ilə bağlı aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Salamova Humay hu***@gmail.com ID: 6670
Hörmətli vergi əməkdaşları, fəaliyyətimiz pərakəndə ticarət və çınqıl, tikinti materialının istehsalından ibarətdir. Yazıb sizə sual olaraq bildirmək istəyirik ki, Cəmiyyətimizə “N” müəssisəsi müraciət edərək istehsal sahəmizdə tərəfimizdən xidmət göstərilməsini təklif edir. Belə ki, “N” müəssisəsi xidmət müqaviləsinə əsasən təkrar emala cəlb olunan sökülmüş beton hissəciklərini daşınmasını təmin edərək istehsal sahəmizdə əzilib, xırdalanmasının həyata keçirilməsini xahiş edir. Bu halda istehsalat sahəmizdə təkrar emala cəlb olunan beton hissəciklərinin əzilib xırdalanmasından mədən vergisi öhdəlikləri olub olmaması və qarşı tərəfin malların daşınması ilə əlaqədar sənədləşmə hansı qaydada tələb olunmalıdır? Bu barədə məlumat verilməsini sizdən xahiş edirik.
05/07/2022 Oxunub: 162 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar mədən vergisinin vergitutma obyektidir.

Sorğunuzda qeyd olunan, betonun əzilib xırdalanması ilə bağlı göstərilən xidmətlər mədən vergisinin vergitutma obyekti hesab olunmur.

Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya emal üçün qəbul edilmiş mal və materialları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. 

Bununla yanaşı, sifarişçi tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı müəssisəyə təqdim olunan mal-materiallar tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq təhvil-təslim aktları və digər təsdiqedici sənədlərlə rəsmiləşdirilir. 

Əsas: Vergi Məcəlləsinin 213-cü və 215-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Eldarov Vaqif Həmid al***@gmail.com ID: 6669
Salam. Fərdi sahibkar ilk dəfə iş görür və elektron qaimə-faktura göndərir. Bu zaman gördüyü işlərin 100 faizi (30 faizdən çoxu) qaimə ilə baş verdiyinə görə gəlir vergisi ödəyicisi hesab olunmalıdır. Qaimə göndərdikdən sonra xüsusi ərizə, arayış və ya məktubla mükəlləfiyyətin dəyişdiyini Dövlət Vergi Xidmətinə bildirməyə ehtiyac varmı?
05/07/2022 Oxunub: 184 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Vergi mükəlləfiyyətinizin dəyişdirilməsi üçün qeydiyatda olduğunuz vergi orqanına sərbəst formada ərizə ilə müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məhərrəm Rəsul İsrafilov me***@gmail.com ID: 6668
Salam, mən bilmək istəyirdim ki, mənim adima olan VÖEN bağlıdır ya açıq? Mən müvəqqəti bağlatmışam, amma bilmirəm bağlanıb ya yox?
05/07/2022 Oxunub: 108 Orta qiymət: 0

Bİldiririk ki, İsrafilov Məhərrəm Rəsul oğlu (VÖEN 3003190912) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələkbərov Vüqar Anar oğlu vu***@mail.ru ID: 6665
Salam. Mən fiziki şəxsəm və 50 sot torpaq sahəm var. Özüm də təsisçi olmaqla əlavə 4 nəfər təsisçi ilə birlikdə MTK təsis edib bina tikmək istəyirik. Mən adımda olan torpaq sahəsini MTK-ya satacam. Hər bir təsisçi bankdan kredit almaqla MTK-nın hesabına qoyacaq və podrat təşkilatla müqavilə bağlanıb işlər görüləcək. Zəhmət olmasa, bununla bağlı yaranacaq vergi öhdəlikləri barədə məlumat verərdiniz.
04/07/2022 Oxunub: 198 Orta qiymət: 0

Bildiririk ki, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Bu halda, Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq sahələrinin təqdim edilməsinə görə sadələşdirilmiş vergi torpaq sahəsinin hər kvadratmetrinə görə 0,5 manat məbləğinə Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nin təsdiq edilməsi haqqında 30 dekabr 2015-ci il tarixli 412 nömrəli Qərarı ilə müəyyən edilmiş zona əmsalı tətbiq edilməklə hesablanır. 

Eyni zamanda bildiririk ki, təsisçi tərəfindən daşınmaz əmlakın hüquqi şəxsin nizamnamə kapitalına pay şəklində qoyulması aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır və notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddəsi.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Musabəyov Anar Yusif oğlu an***@mail.ru ID: 6661
Salam. Azərbaycan rezidenti olan A şirkəti dəmir yollarında yükdaşıma fəaliyyətini həyata keçirmək üçün qeyri-rezident olan B şirkətindən vaqonlar icarəyə götürmüşdür. Bu vaqonların Qazaxstandan və Rusiyadan keçməklə Azərbaycan ərazisinə gətirilməsi üçün qeyri-rezident olan C və D şirkətlərinə sifariş verilmiş və ödənişlər edilmişdir. C şirkəti vaqonların Qazaxstan ərazisi ilə daşınmasını, D şirkəti isə vaqonların Rusiya ərazisi ilə daşınmasını təmin etmişdir. C və D şirkətlərinə ödənilən vəsaitlər 6% ÖMV-yə cəlb olunurmu?
03/07/2022 Oxunub: 205 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınması beynəlxalq daşıma hesab olunur.

Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması ilə bağlı (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) qeyri-rezidentə aparılan ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və həmin ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur.

Eyni zamanda Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması üzrə göstərilən xidmətlər ƏDV tutulan əməliyyatlara aid edilmir. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 165-ci maddəsinin müddəalarına əsasən beynəlxalq daşıma xidmətləri isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Bunlarla yanaşı, sorğunuzda qeyd olunan halada Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında həyata keçirilən daşımalara görə, habelə bir neçə dövlətin ərazisindən keçməklə təyinat (göndərilmə) məntəqəsi Azərbaycan Respublikası olan daşımalara görə qeyri-rezidentlərə ödənilən daşıma haqlarının tam həcmindən (hər bir qeyri-rezidentə ödənilən məbləğdən) ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur və dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü və 125.1.4-cü maddələri.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
Ziya İbrahimov İbrahim oğlu zi***@mail.ru ID: 6658
Salam. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-11 bəndinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada vergi orqanına məlumat vermək vergi ödəyicisinin fəzifəsi təyin edilmişdir. Sualım belədir ki, Əgər Vergi ödəyiçisi Vaqon (reyslər üzərində hərəkət edən) alırsan bu zaman nə sənədlər təqdim etməlidir? Bildiyiniz kimi Vaqonların daimi olduğu yer və ya saxlanma yeri olmur. Onlar ölkəyə daxil olur və təyinatı üzrə istifadə edilir.
01/07/2022 Oxunub: 102 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq formada mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə, mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda, tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Buna əsasən, tərəfinizdən idxal ediləcək vaqonların saxlanılacağı (mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə ediləcəyi) yer barədə məlumatlar həmin malların idxal olunacağı tarixədək qeydiyyatda olduğunuz vergi orqanına təqdim edilməlidir. 

Əsas: Vergi Məcəlləsi, 16.1.11-11-ci maddəsi.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Qədimova Ülviyyə Elman ka***@yahoo.com ID: 6654
Salam, müəssisə 100 000 azn məbləğində kredit götürmüşdür. Kreditin müddəti 3 il, illik faiz dərəcəsi 15 faizdir. Bu halda hesablanmış faiz məbləği cari ildə xərc kimi tanınır, yoxsa hər il bitdikdə həmin ilə düşən faiz məbləği xərc kimi tanınır? Yəni 15 000 birbaşa cari ildə tanınır, yoxsa hər il 5000?
30/06/2022 Oxunub: 177 Orta qiymət: 5

Bildiririk ki, alınmış borclar hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu halda həmin borclar üzrə ödənilən faizlər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu zaman borc öhdəliyi üzrə faizlərin gəlirdən çıxılması Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə tənzimlənir.

Belə ki, Vergi Məcəlləsinin 133.4-cü maddəsinə uyğun olaraq borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Vergi Məcəlləsinin 136.3-cü maddəsinə görə borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

Əsas: Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Vüqar Seyfullayev zu***@gmail.com ID: 6653
Gəlinlik platarlarının kirayəsi ilə məşqul olmaq üçün hansı formada vergi ödməliəm yaxud necə ödəməliəm və ildə neçə dəfə hesabat verməliəm? Hər ay üçün hansı ödəmələr edməliəm. Zəhmət olmasa ətraflı izah edərdiniz
30/06/2022 Oxunub: 189 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinin müddəalarına əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Həmçinin bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 99.3.3-cü, 124-cü və 218.5.4-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Sənan se***@gmail.com ID: 6340
"A" MMC "B" MMC-yə qoşulmaqla onun hüquqi bazasında hüquqi varis kimi "B" MMC yaradılmış və "A" MMC-nin fəaliyyətinə xitam verilmişdir. Eyni zamanda, "A" MMC-nin hüquq və vəzifələri, aktivlər və öhdəlikləri (Debitor və kreditor borclarda daxil olmaqla) "B" MMC-yə ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq "A" MMC-nin fəaliyyətini dayandırmamışdan əvvəlki dövr üzrə sifarişi əsasında, sonradan daxil olan malları hüquqi varis olaraq "B" MMC qəbul etmiş və ödənişlərini apararaq ƏDV məbləğini əvəzləşdirimişdir. Eyni zamanda "A" MMC-nin kreditor borclarının da ödənişini həyata keçirərkən ƏDV məbləğlərini əvəzləşdirmişdir. Yuxarıda qeyd olunan əməliyyatların (ƏDV əvəzləşmələri) düzgünlüyünə münasibət bildirməyinizi Sizdən xahiş edirik.
29/06/2022 Oxunub: 346 Orta qiymət: 4

Bildiririk ki, Mülki Məcəllənin 55-ci maddəsinin müddəalarına əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.

Mülki Məcəllənin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Təhvil aktında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.

Bundan əlavə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Qeyd olunanları nəzərə alaraq, sorğuda qeyd olunan əməliyyatlara dair ətraflı məlumatlar və müvafiq təsdiqedici sənədlər, habelə debitor və kreditor borcları barədə məlumatlarla birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 175-ci, Mülki Məcəllənin 55-ci və 57-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Vəli Əliyev Əkbər oğlu ve***@mail.ru ID: 6444
Sual 1. İki hüquqi şəxs arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin verdiyi mal-material hesabına icraçı tukinti-quraşdırma işləri görməlidir. Sifarişçi tərəfindən əldə edilmiş və tikintiyə sərf olunacaq sement, qum, armatur, taxta və s. icraçıya hansı sənəd əsasında təhvil verilməlidir? Sual 2. Vergi Məcəlləsinin 71-1.5.7-ci maddəyə qörə malların emala, yaxud saxlamaya verilməsi barədə qaimə olmalıdır. Belə anlaşılır ki, bu qaimə növü həm emal, həm də saxlamaya verildikdə tərtib olunur. Lakin NK-nin təsdiq etdiyi "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi" qaydalarında təsdiq olunmuş forma olaraq malların saxlanması barədə qaimə növü təsdiq edilməyib. Digər məqam isə odur ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinin sonunda qeyd edilib ki, "emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda". Yəni mallar məsul saxlanmaya verildikdə qaimə yox, malların təhvil qəbul aktı tərtib olunmalıdır. Eyni zamanda e-qaimə səhifəsində isə yerləşdirilən "Malların emala göndərilməsi qaiməsi" NK tərəfindən təsdiq olunmuş "Malların emala göndərilməsi qaiməsi" formasından fərqlidir. Sual: Mallar məsul saxlanmaya verdikdə qaimə yazmalıdır, yoxsa təhvil-qəbul aktı?
29/06/2022 Oxunub: 346 Orta qiymət: 5

Birinci sualla bağlı bildiririk ki, sifarişçi tərəfindən tikinti işlərinin görülməsi ilə bağlı podratçıya təqdim olunan mal-materiallar tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq təhvil-təslim aktları və digər təsdiqedici sənədlərlə rəsmiləşdirilir.

İkinci sualla bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya emal üçün qəbul edilmiş mal və materialları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

Göründüyü kimi, malların məsul saxlamaya verilməsi zamanı təhvil-qəbul aktının tərtib olunması qanunvericilikdə nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Vergi Məcəlləsinin 71-1.5.7-ci maddəsinə 1 yanvar 2022-ci il tarixdən edilən dəyişikliklərə əsasən malların emala, yaxud saxlamaya verilməsi barədə elektron qaimə-faktura formasının tərtibi nəzərdə tutulmuşdur. Qeyd olunan qaimə-fakturanın tərtibatı ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda müvafiq dəyişikliklər edildikdən və müvafiq texniki imkanlar yaradıldıqdan sonra həmin elektron-qaimə fakturanın verilməsi həyata keçiriləcəkdir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, habelə emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda maliyyə sanskiyasının tətbiqi nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 58-ci, 71-ci maddələri və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

5/5 (2 Orta qiymət)
Qiymət ver: