Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Təhminə Əlizadə Şahin te***@mail.ru ID: 6650
Bilmək istərdim ki, bir şəxs iki fərqli müəssisədə (hüquqi şəxsdə) direktor ola bilərmi?
29/06/2022 Oxunub: 85 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxsin iki və daha çox müəssisədə direktor olması ilə bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Eldar Mirzeyev Azadxan mi***@gmail.com ID: 6544
Добрый день, не давно я узнал что есть такой налоговой закон статье 102, что если родители участвовал в ВОВ в 1941-1945 гг то дети освобождаются от налога. В течение 3 лет с меня удерживали налог, могу ли я на данный момент возвратить те денежных средств которые с меня удерживали. В этот месяц я предоставил всякие документы и с этого месяца налого не будут удерживать, моя зарплата 500 манат, каким путем можно получить ту сумму которую с меня вычитвали? Спасибо.
29/06/2022 Oxunub: 201 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərar ilə təsdiq edilmişdir. 

Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Göründüyü kimi həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi üzrə vergi güzəştləri 1 yanvar 2019-cu il tarixdən tətbiq edildiyindən və həmin güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yarandığından sorğuda göstərilən dövrlər üzrə güzəşt məbləğinin tətbiqi və vergitutulan məbləğin bərpası qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Novruzov Fərid Əzbər fe***@gmail.com ID: 6216
Salam. Nəzərinizə çatdırım ki, "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 4-cü bəndinə əsasən “Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır”. Yuxarəda göstərilən qanunu nəzərə alaraq aşağıdakı iki sualın cavablandırılmasını xahiş edirəm. 1. Müəssisənin 2020-ci il ərzində gəliri 180.000,0 manat olmuş və mikrosahibkar kimi qeydiyyata alınaraq Vergi Məcəlləsinin tələblərinə uyğun 75% güzəşt tətbiq etməklə mənfəət vergisi bəyannaməsini təqdim etmişdir. 2021-ci il ərzində müəssisənin gəliri 215.000,0 manat olmuşdur. Belə olan halda müəssisə 2021-ci il üzrə 75% güzəşti tətbiq edə bilərmi? 2. Müəssisənin 2020-ci il ərzində gəliri 300.000,0 manat olmuş və kiçik shibkar kimi qeydiyyata alınaraq müvafiq olaraq mənfəət vergisi bəyannaməsini (heç bir güzəşt tətbiq etmədən) təqdim etmişdir. 2021-ci il ərzində müəssisənin gəliri 190.000,0 manat olmuşdur. Belə olan halda müəssisə 2021-ci il üzrə 75% güzəşti tətbiq edə bilərmi?
29/06/2022 Oxunub: 198 Orta qiymət: 5

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Bu zaman vergi ödəyicisinin hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs həmin hesabat ili üçün mikro sahibkar hesab olunur və qanunvericiliklə mikro sahibkarlıq subyektləri üçün müəyyən edilmiş vergi güzəştləri həmin şəxslərə münasibətdə tətbiq edilir.

Qeyd olunanları nəzərə alaraq sorğuda göstərilən 1-ci nümunə üzrə bildiririk ki, vergi ödəyicisinin 2021-ci il üzrə illik gəlirləri 200.000 manatdan yuxarı olduğundan mikro sahibkarlıq subyekti hesab olunmur və həmin vergi ödəyicisinə münasibətdə Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş 75 faiz mənfəət vergisindən azadolma tətbiq edilmir. Sorğuda göstərilən 2-ci nümunə üzrə bildiririk ki, vergi ödəyicisinin 2021-ci ildə əldə etdiyi gəlirləri 200.000 manatdan aşağı olduğundan mikro sahibkarlıq subyekti hesab olunur və ona münasibətdə 75 faiz mənfəət vergisindən azadolma tətbiq olunur.

Əlavə olaraq bildiririk ki, yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Şahin Quliyev İsa oğlu sh***@gmail.com ID: 6265
Salam. Tenderdə iştirak etmək üçün tenderdə iştirak haqqına ƏDV hesablanmalıdırmı?
29/06/2022 Oxunub: 258 Orta qiymət: 5

Bildiririk ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin müddəalarına əsasən iştirak haqqı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsaitdir.

Adıçəkilən Qanunun 29-cu maddəsinin müddəalarına əsasən bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləğini tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına ödənilir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir.

Qeyd olunanlara əsasən tenderdə iştirak üçün ödənilən iştirak haqları xidmətlərin göstərilməsi ilə bağlı olduğundan ƏDV-yə cəlb olunur.

Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci və 29-cu maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Qasımov Mikayıl Əliş oğlu mi***@mail.ru ID: 6043
Xahiş edirəm aşağıda qeyd olunan sualı cavablandırasınız. Müəssisə əsasən digər malsatanlardan əkin materiallarını (ağac, kol və güllər) alıb digər təşkilatlara satır. Lakin, bəzi hallarda bir neçə gül toxumları alaraq müəyyən müddət ərzində güllər yetişdirməklə də satış həyata keçirir. Müəssisənin özü tərəfindən yetişdirilmiş güllər üçün qeydiyyatda olduğu vergi orqanına Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barəsində məlumat forması təqdim etməlidirmi? Xammal və material sərfi normaları müəssisə tərəfindən faktiki sərf edilmiş məbləğ əsasında və ya hər hansı bir normativ sənədə istinad edilməklə hesablanmış məbləğ üçün veriməlidirmi?
29/06/2022 Oxunub: 169 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən 16.1.4-2-ci maddəsinə əsasən mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Buna əsasən müəssisənin mikro və ya kiçik sahibkarlıq subyekti hesab olunduğu hallar istisna olmaqla, güllərin yetişdirilməsi fəaliyyəti üzrə istehsal edilən məhsulun vahidinə tələb olunan faktiki istifadə olunmuş xammal və material sərfi normaları barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasının 29 mart 2022-ci il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş Məlumat Forması vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Zahid Mehdili me***@mail.ru ID: 6646
Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan müəssisə 01.06.2022-ci il tarixindən etibarən könüllü olaraq ƏDV qeydiyyatına durmuşdur. 01.06.2022-ci il tarixindən bu günədək heç bir ƏDV-ə cəlb olunan əməliyyatı olmamışdır. Müəssisənin 01.06.2022-ci il tarixindən etibarən ödəmiş olduğu ƏDV məbləğlərini əvəzləşdirmək hüququ varmı? Xahiş edirəm, cavabınızı qanun maddəsi ilə əsaslandırasınız.
28/06/2022 Oxunub: 252 Orta qiymət: 0

Vergi Məcəlləsinin 177.5-ci maddəsinin müddəalarına əsasən qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada bu Məcəllənin 175-ci maddəsinin tələblərinə tələblərə uyğun olaraq vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilir və bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

Eyni zamanda, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Qeyd olunanlara əsasən, müəssisənin fəaliyyəti yalnız ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlardan ibatət olduğu halda ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. 

Əsas: Vergi Məcəlləsinin 175-ci və 177-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağayeva Gültəkin Qədir qızı ag***@gmail.com ID: 6641
Salam. Mən "Davamlı inkişafın idarə edilməsi" ixtisasını bitirmişəm. Bilmək istəyirəm, vergi orqanlarına qəbul imtahanında iştirak edə bilərəmmi?
24/06/2022 Oxunub: 74 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mənsurə İsmayılova Rasim m.***@icloud.com ID: 6640
Salam, mən vergi ödəyicisiyəm. Amma VÖEN axtarışında məlumatlarım çıxmır. Mənə VÖEN-im haqqında arayış lazımdır. Onu haradan və necə əldə edə bilərəm? Səfirliyə təqdim etmək üçün lazımdır. Sağ olun.
24/06/2022 Oxunub: 67 Orta qiymət: 0

Bildiririk ki, "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatı barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə  təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mübariz Ənvər oğlu Rəhimov ra***@mail.ru ID: 6638
Salam. Fərz edək ki, hüquqi şəxs olan A və B müəssisələri arasında alğı-satqı müqaviləsi əsasında qanuni formada satış əməliyyatları həyata keçirilir. A malsatan müəssisəsi üçün bu satış şişərək kifayət qədər böyük məbləğdə debitora çevrilir. Halbuki bundan əvvəldə A malsatan üçün eyni qaydada C müəssisəsi külli debitor yaratmış və sonda bağlanmışdır. Amma A müəssisəsi C də olan debitoru da ala bilməmiş və üstəgəl B-nin də yeni müəssisə olaraq A-ya küllü miqdar borcu yaranıb. Zəhmət olmazsa cavablandıraradınız. 1. Bu halda C firma və ya müəssisəsi (gələcəkdə B-də) çıxış yolu kimi özünü müflis elan edə bilərmi? 2. Vergi qanunvericiliyində bu məsələlər necə həllini tapmalıdır? 3. Bu hallarda A müəssisəsi qanunla hansı səlahiyyətlərə malikdir və yaxud hansı qanun pozuntuları və cinayət əməli daşıyır? 4. Bütün bu hallarda vergilər və əvəzləşmələr, borclar necə tənzimlənir?
24/06/2022 Oxunub: 173 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. 

Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. 

Həmçinin bildiririk ki, tərəflər arasında bağlanmış müqavilə üzrə müqavilə öhdəliklərinin yerinə yetirilə bilinməməsi tərəflər arasında yaranan mülki münasibətlərdir və bu öhdəliklərin yerinə yetirilməməsi zamanı hansı tədbirlərin görülməsi müqavilədə nəzərdə tutulur. Mülki Məcəllədə hüququ pozulmuş şəxsin hüququn müdafiəsi üçün iddia müddətləri müəyyən edilmişdir və həmin şəxs tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülə bilər, o cümlədən məhkəməyə müraciət edilə bilər.

Buna əsasən debitor borclar üzrə ümidsiz borc məbləğinin silinməsi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra və ya məhkəmənin müvafiq qərarı ilə həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 111-ci maddəsi.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məmmədov Məhəbbət Kamil oğlu mu***@mail.ru ID: 6636
Xahiş edirəm bu sualıma aydınlıq gətirəsiniz. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. ƏDV ödəməkdən azad edilmə haqqında Vergi Məcəlləsinin 164-ci maddəsində azadolmalar ayrı-ayrı maddələrlə tənzimlənir : 164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə; 164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 7 il müddətinə 164.1.37. heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə Məni maraqlandıran sual budur ki, 159.1-ci maddədə nəzərdə tutulan kənd təsərrüfatı məhsulları sıyahısına un və çörəyin satışı, heyvan və quş ətinin satışı da aiddirmi? Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.
24/06/2022 Oxunub: 306 Orta qiymət: 5

Bildiririk ki, 1 yanvar 2014-cü il tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, həmin şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmiş, eyni zamanda fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri müddət məhdudiyyəti qoyulmadan gəlir vergisindən azad edilmişdir.

Kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Buna əsasən sorğunuzda qeyd olunan un və çörəyin, heyvan və quş ətinin (kəsilmiş şəkildə) satılması kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmir. Qeyd olunan məhsullar kənd təsərrüfatı məhsulları hesab olunmasa belə, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı isə 2020-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 159-cu və 164-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kamal Mirqədirov İlham mi***@gmail.com ID: 6635
Salam. Mən İqtisadiyyat Universiteti "İstehlak mallarının ekspertizası və Marketinq" ixtisasını 2017-ci ildə bitirmişəm. Mənim Dövlət Vergi Xidmətinin dövlət imtahanında iştirak etmək hüququm var? Zəhmət olmasa, bu haqda mənə məlumat verəsiniz.
23/06/2022 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələsgərov Həbib Fikrət oğlu ha***@mail.ru ID: 6634
Salam 01.05.2022-ci il tarixdə A şirkətinə B şirkəti tərəfindən xidmət göstərilmiş və müvafiq elektron qaimə göndərilmişdir. 20.05.2022-ci il tarixdə B şirkəti Riskli vergi ödəyiciləri qrupuna daxil edilmişdir. Bu halda vergi orqanı tərəfindən 01.05.2022-ci il tarixdə göndərilmiş qaimənin etibarsız sayılması və ya A şirkətinə hər hansı bir mənfi təsiri olmasına qanuni əsas varmı?
23/06/2022 Oxunub: 249 Orta qiymət: 0

Bildiririk ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Eyni zamanda, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş şərtləri barədə məlumatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim edərək əlavə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13-cü,14-cü, 67-ci, 109-cu və 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 6632
Anbarda olan mal-materialları nəzarət-kassa aparatına inteqrasiya aparmaq istəyirik. Xahiş edirəm, məlumat verəsiniz. İnteqrasiya necə aparılır və hansı isə bir proqram varmı, onu biz ozümüz aparaq. Yaxşı olardı, bir nümunə kimi misal gətirəsiniz.
23/06/2022 Oxunub: 118 Orta qiymət: 0

Bildiririk ki, e-kassa operatoru e-kassanın təchizatını, satışını, uçotunu, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən, Dövlət Vergi Xidmətində e-kassa operatoru qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.

Sorğunuzda qeyd olunan texniki dəstəyin göstərilməsi ilə bağlı aidiyyəti üztə müştərisi olduğunuz e-kassa operatoruna müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mirzəzadə Nermin nm***@mail.com ID: 6629
Salam. Mən İnşaatçılar metrosunun yanında yerləşən salondan şikayet edirəm. Mənə kassa çəki tələb edirəm verilmir, deyirlər ki, biz heç kimə kassa çeki vermirik. Xahiş edirəm, bu salonu yoxlayardınız.
23/06/2022 Oxunub: 142 Orta qiymət: 0

Bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Əsas: Vergi Məcəlləsinin 24-cü, 50-ci və 58-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hümbətov Sərdar Hüseyn sa***@gmail.ru ID: 6628
Salam! Vergi ödəyicisi olmayan təsisçi borc müqavilləri əsasında faizsiz (0) müəssisənin bank hesabna 2018-2020-ilərdə 300 000 AZN köçürmüşdür. Müəssisə 2021- 2022-ci ildə borcu nağdsız qaydada tam ödəmişdir. Təsisçiyə ödənilən faizsiz (0) məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə necə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir?
22/06/2022 Oxunub: 198 Orta qiymət: 5

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Toğrul Lətifov el***@gmail.com ID: 6625
Salam, bildiyimiz kimi, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında A.R. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, işçi sayı 1-10, illik gəliri isə 200.000 AZN-dək olan şəxslər mikro sahibkar sayılır. Qeyd olunur ki, İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Sualım belədir: 2021-ci ilin oktyabr ayından, topdan satış fəaliyyəti ilə məşğul olan fərdi sahibkar, könüllü ƏDV ödəyicisi kimi qeydiyyata alınır, əlavə işçisi yoxdur. 2021-ci hesabat ili üzrə gəliri 70.000 AZN ( ƏDV-siz ) olmuşdur. Fərz edək ki, 2022-ci il üçün isə, 180.000 AZN (ƏDV-siz ) illik gəliri olarsa, həmin fərdi sahibkar hər iki il üçün də mikro sahibkar sayılırmı və 75%-lik güzəştdən yararlana bilərmi?
22/06/2022 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Bu zaman vergi ödəyicisinin hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs həmin hesabat ili üçün mikro sahibkar hesab olunur və qanunvericiliklə mikro sahibkarlıq subyektləri üçün müəyyən edilmiş vergi güzəştləri həmin şəxslərə münasibətdə tətbiq edilir.

Meyarlara əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri müəyyənləşdirilərkən ƏDV məbləği nəzərə alınmır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tağıyev Əli Sabir ta***@mail.ru ID: 6624
Salam. VM-nin 102.1.3 maddəsinə və digər tutulmalar haqqında sorğuya aydınlıq gətirməyinizi Sizdən xahiş edirəm. Belə ki, işçiyə (kişiyə) əsas olaraq həyat yoldaşının və ya digər ailə üzvünün (övlad, ata-ana) ölkə daxilində müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarının ödənilməsi üçün işəgötürən (dövlət orqanı) tərəfindən verilən 3000 (üç min) manat maddi yardımdan aşağıda qeyd olunan tutulmalar necə hesablanmalıdır? Gəlir vergisi: DSMF (3% və 22%) ayırmaları: İşsizlikdən sığorta haqqı: İcbari tibbi sığorta haqqı:
22/06/2022 Oxunub: 292 Orta qiymət: 4

Bildiririk ki, təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Həmçinin, işəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır. İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 102.1.3-cü maddələri, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi,  Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu və 16-4-cü maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Azər Nəbiyev az***@gmail.com ID: 6622
Salam. Təsisçi borc müqaviləsi əsasında hesablanan faizlərə 10 % ödəmə mənbəyindən vergi tutulub. Təsisçiyə ödənilən faizlər gələcəkdə vergi tərəfindən dividend kimi qəbul oluna bilərmi? Əlavə faiz hesablana və vergidən yayınma kimi qəbul oluna bilərmi?
21/06/2022 Oxunub: 207 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd edilənlərə əsasən təsisçi tərəfindən hüquqi şəxsə verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə görə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Qeyd olunanlara əsasən, təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması müvafiq qaydada sənədləşdirildikdə dividend hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 740-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahmud Məmmədzadə ma***@gmail.com ID: 6620
Salam mənə əməkdaşlarınız vasitəsilə vergi borcumun olması ilə bağlı məlumat verildi. Borcumun miqdarı 236 azn təşkil edir. Poçta ödəmək üçün yaxınlaşdıqda təsnifat kodu istənildi. Təsnifat kodunu bilmədiyimdən borcumu ödəyə bilmədim. Sizin əməkdaşlar təkrar əlaqə sonrası bankların təsnifat kodunu istəmədiyini bildirdi. Mən də 2 banka müraciət etdim. Amma təsnifat kodu olmadan vergi borcumu ödəməyin mümkün olmadığını bildirdilər. Mən təsnifat kodumu necə əldə edə bilərəm?
21/06/2022 Oxunub: 88 Orta qiymət: 0

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseyn Qarayev Həsən hu***@gmail.com ID: 6616
Salam. Mən bu gün fərdi sahibkar olaraq qeydiyyatdan keçdim. VÖEN açmaq üçün ərizə təqdim etdim. Kənd təsərrüfatı mallarının, əhaliyə onlayn satışını həyata keçirtmək məqsədi ilə. Bu bir startapdır. Vergi orqanlarından (195 çarğı mərkəzindən) aldığım məlumata əsasən, nəzarət-kassa aparatı alınmalıdır. İlkin etaplarda mikro sahibkardan bunu tələb etmək nə dərəcədə düzgündür? Bu qurğuların oratalama dəyəri 400 AZN təşkil edir. Bu qurğunun ilkin etaplarda əldə olunması vacibdirmi? Zəhmət olmasa, məlumatı dəqiqləşdirməyə köməklik göstərərdiniz.
20/06/2022 Oxunub: 219 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, alıcılar tərəfindən sifariş verilmiş mallar həmin şəxslərə təqdim edilərkən, NKA çeki də təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

0/5 (0 Orta qiymət)
Qiymət ver: