Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
İlqar Əliyev Eldar oğlu il***@mail.ru ID: 6470
Salam, mənim edvgerial şəxsi kabinetimdə, geri qaytarılması düzgün hesblanmır, nağd və nağdsız qaydad məbləğlər, az hesablanır. Misal üçün nağd 644 azn mal almışam, edvgerial kabinetə 9.82 AZN məbləğ oturub, əslində 11.60 AZN məbləğ oturmalı idi və digərləri kimi, hamısında xətalar var, zəhmət olmasa köməklik göstərərdiniz. Öncədən təşəkkürlər.
16/06/2022 Oxunub: 207 Orta qiymət: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan halda hər hansı xəta mövcud deyil. Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Hafiz Babalı Ərköyün oğlu ha***@gmail.com ID: 6567
Dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış və dövlət əmlakının özəllə.dirilməsinin II Dövlət Proqramı çərçivəsində tam özəlləşdirilmiş “Səbail Mətbəə-1” ASC-nin səhmdarıyam. ASC-nin 240 səhmi mənə məxsusdur (qiymətli kağızların qeydiyyat nömrəsi- AZ1001003263). Səhmdar cəmiyyəti Ali İdarəetmə orqanının – Səhmdarların Ümumi yığıncağını iclaslarını təşkil etmir. Bu səbəbdən onun maliyyə-təsərrüfat fəaliyyəti barədə məlumat əldə edə bilmirəm. Bu müraciətim “Səbail Mətbəə-1” ASC-nin dövlət qeydiyat məlumatlarına dairdir. Kommersiya hüquqi şəxslərin dövlət reyestrində publik olaraq bu ASC-nin məlumatları əks olunmur. Baxmayaraq ki, DVX-nin “Oxşar adın yoxlanması” məlumat bazasında bu adda hüquqi şəxsin mövcudluğu təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq, mənə “Səbail Mətbəə-1” ASC-nin kommersiya sirri daşımayan reyestr məlumatlarını (firma adı, VÖEN, ünvan, nizamnamə kapitalı, qanun təmsilçi, dövlət qeydiyatına alındığı tarix, dövlət reyestrindən ən son verilmiş çıxarışın tarixi) təqdim edilsin.
16/06/2022 Oxunub: 176 Orta qiymət: 5

Bildiririk ki, dövlət reyestrində “Səbail Mətbəə-1” Açıq Səhmdar Cəmiyyətinin 26.12.2001-ci il tarixdə D-3375 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının Bakı şəhəri, Səbail rayonu, Ə.Bayramov küçəsi, ev 3 olması barədə məlumat mövcuddur.

Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Orxan Məmmədov or***@hotmail.com ID: 6599
Salam. Onlayn kargüzarlığa gələn mesajlar barəsində ora girməmiş heç cür məlumat ala bilmirəm. O mesajları necə öz e-mail ünvanıma yönləndirə bilərəm?
15/06/2022 Oxunub: 63 Orta qiymət: 0

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraqergi orqanı tərəfindən verilən kod-parol və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz. 

Qeyd: *Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Teymur Comərdov te***@mail.ru ID: 6597
Maliyyə sanksiyasına necə ikili yazılış verilməlidir? Maliyyə sanksiyası xərclərə aid edilirmi?
15/06/2022 Oxunub: 121 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla) gəlirdən çıxılmasına yol verilmir.

Sorğuda göstərilən və digər əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 119-cu maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Seymur Xankişiyev Xəlil oğlu sa***@mail.ru ID: 6594
Hər vaxtınız xeyir. Mən fərdi sahibkar kimi fəaliyyətimi genişləndirmək istəyirəm amma VÖEN hesabımda maliyyə vəsaitim imkan vermir. Lakin, mənə təmənnasız maliyyə dəstəyi göstərmək istəyən yaxın şəxsin VÖEN hesabından öz VÖEN hesabıma notariat tərəfindən təsdiqlənmiş müqavilə əsasında borc müqabilində 2 illiyinə böyük məbləğdə vəsait almaq istəyirəm və 2 il ərzində gəlirimdən hissə-hissə həmin vəsaiti qaytaracam. Bilmək istərdim ki noratiatda borc müqaviləsinin bağlanması üçün ödəniləcək vergi rüsumundan başqa bu əməliyyat üçün həm borc alan, həm də borc verən vergiyə cəlb olunacaqmı yoxsa yox? Borc məbləği üçün müəyyən limit, şkala varmı, zəhmət olmasa ətraflı məlumat verərdiniz.
14/06/2022 Oxunub: 111 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi halda verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Borc məbləğilə bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. 

Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.6-cı maddəsinə əsasən faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması yalnız nağdsız qaydada həyata keçirilir.

Əsas:  Vergi Məcəlləsinin 110-cu, 123.1-ci və 150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gözəlova Şərqiyyə Qələndər qızı sh***@giltex.az ID: 6593
Hörmətli vergi əməkdaşları, sualım gəliri azaldan xərlcərlə bağlıdır. Bilmək istərdim ki, ixtisarla bağlı işçiyə ödənilən ixtisar müavinətinin məbləği mənfəət vergisi hesablanarkən gəliri azaldan xərclərə aid edilirmi?
14/06/2022 Oxunub: 115 Orta qiymət: 0

Əmək müqaviləsi Əmək Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.

Həmçinin bildiririk ki, Vergi Məcəllləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Qeyd olunanlara əsasən, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilən işdənçıxarma müavinəti vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və Əmək Məcəlləsinin 77-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İntiqam Abid Əliheydər oğlu in***@yahoo.com ID: 6592
Sual 1. Vergi Məcəlləsinin 218.1.1 maddəsində qeyd olunan "bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi" dedikdə nə nəzərdə tutulur? Sual 2. Vergi ödəyicisinin 200 000 manatdan çox ƏDV-dən azad sahibkarlıq fəaliyyəti üzrə əməliyyat aparması onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun itirilməsinə səbəb ola bilərmi?
14/06/2022 Oxunub: 108 Orta qiymət: 5

Cavab 1. Vergi Məcəlləsinin 218.1-ci maddəsi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir. Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər və gəlir (mənfəət) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Cavab 2. Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan şəxslərin ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmır.

Bununla yanaşı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların  həcmi 200.000 manatdan artıq olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və həmin şəxslər gəlir (mənfəət) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 164-cü və 218-ci maddələri ilə tənzimlənir.      

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəfərzadə Ağakazım ag***@gmail.com ID: 6412
Hörmətli vergi əməkdaşları, yazıb sizə sual olaraq bildirmək istəyirik ki, fəaliyyətimiz avtomobil satışından ibarətdir, satışımızın artması üçün və digər şirkətlərlə rəqabətli olması üçün avtomobillərimizi lizinq vasitəsi ilə satmaq istəyirik. Bunun üçün də müvafiq fəaliyyət kodunu əldə etmişik. Sualımız budur ki, lizinq fəaliyəti ilə avtomobilləri satsaq həmin əməliyyat ƏDV-yə cəlb olunacaq? Vergi Məcəlləsində məlumdur ki, lizinq əməliyyatı ƏDV-dən azaddır. Bu azadolma bizə də şamil olunacaq? Əgər ikili uçot olarsa düşünürük ki, ƏDV-dən azadolma bizə şamil olunacaq. Və ikili uçotun təsviri nədən ibarətdir? Zəhmət olmasa, cavablandırardınız. Təşəkkürlər.
13/06/2022 Oxunub: 384 Orta qiymət: 5

Bildiririk ki, vergitutuma məqsədləri üçün maliyyə lizinqi əməliyyatları və əmlak icarəsinin maliyyə lizinqi hesab edildiyi hallar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. 

Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinin müddəalarına əsasən maliyyə lizinqi əməliyyatları maliyyə xidmətlərinə aid edilmişdir və Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə uyğun olaraq maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Həmçinin bildiririk ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 140-cı, 164-cü və 175-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Emil Məmişov em***@mail.ru ID: 6591
Salam. Dövlət Vergi Xidmətinə işə qəbul olmaq istəyən hal hazırda inzibati vəzifə tutan dövlət qulluqçusu həm test həmdə müsabiqə mərhələsindən keçməlidir? yoxsa yalnız müsahibədə iştirak etməlidir?
13/06/2022 Oxunub: 132 Orta qiymət: 0

Bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şamilli Nicat Kamran oğlu ni***@gmail.com ID: 6589
Salam. Vergi qanunvericliyi nöqteyi-nəzərindən 1 təqvim ili dedikdə hansı müddət nəzərdə tutulur? 1 yanvar - 31 dekabr yoxsa 365 gün? Vergi Məcəlləsinin 129-cu maddəsinə görə vergi ili təqvim ili sayılır. Lakin vergi qanunvericliyində təqvim ili anlayışına açıqlama verilmir. Zəhmət olmasa cavablandırardınız.
13/06/2022 Oxunub: 79 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. Təqvim ilinin Vergi Məcəlləsində fərqli anlayışı nəzərdə tutulmadığından, təqvim ili dedikdə 1 yanvar - 31 dekabr nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.1-ci və 129-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Aliyə Qurbanova Habil qızı q_***@yahoo.com ID: 6409
Salam. 06.05.2022-ci il tarixində "google play"-dən "prosta"(meditasiya proqramı) aylıq ödəniş etdiyimdə (5$görə) 1.55 vergi tutuldu. Proqramı neçə aylardır istifadə edirəm, heç bir zaman vergi tutulmayıb. Bu proqram ilə nə qazanc, nə də hər hansı xidmət göstərilməsi mümkünsüzdür. Vergilər Məcəlləsinin 169.1-ci maddəsi ilə heç bir uyğunluğu yoxdur. Zəhmət olmasa, vergi tutulma səsbəbini bildirərdiniz.
13/06/2022 Oxunub: 244 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəs və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şahnaz Səlim qızı Amanova sh***@bk.ru ID: 6425
Salam. VÖEN-lə bağlı 2 sualım var. 1. Mingəçevir şəhərində qeydiyyatda olan, Bakı şəhərində yaşayan şəxs Bakı ASAN xidmət, yaxud Vergi İdarəsindən VÖEN ala bilərmi? 2. VÖEN alıb, istifadə etməmək olar? Bu zaman borc yaranır?
13/06/2022 Oxunub: 172 Orta qiymət: 0

Cavab 1. Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Cavab 2. Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Əsas: Vergi Məcəllləsinin 16-cı, 33-cü, 34-cü və 57-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gəncəli Əliyev Cəfər al***@mail.ru ID: 6430
Salam, istifadəçi parolunu unutmuşam.
13/06/2022 Oxunub: 129 Orta qiymət: 5

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Samir Tağı-zadə Elxan oğlu ta***@gmail.com ID: 6429
Salam. Mən VÖEN-lə işləyib hər ay xaricdən əmək haqqı alıram. Hal-hazırdakı bankımdan razı deyiləm. Əgər mən digər bankda hesab açıb VÖEN-ə bağlamaq istəsəm, onunla bağlı əlavə ərizə göndərməliyəm? Yəni bir bankda bağlamaqnan və digər bankdə yenisini açmaqnan bağlı ərizə.
13/06/2022 Oxunub: 194 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şahin Qəmbərli sc***@gmail.com ID: 6587
Salam. Mən istəyirəm telefon ticarəti ilə məşğul olum. Sualım odur ki, məni hansı növ vergilər gözləyir? Telefon tutalım ki, 200$ qiyməti varsa, bir şirkət olaraq, şirkətlərə tək özüm işləyəcəm, nə qədər faiz, gömrük və vergilər tutulur? Sağolun.
11/06/2022 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Poladova Oksana Maisovna ok***@netfinance.az ID: 6583
Salam. Öyrənmək istərdik ki, H/ş ləğvi zamanı qeydiyyat orqanına təqdim olunacaq sənədlərin siyahısında qeyd olunan Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat formasını hansı mənbədən əldə edə bilərik? Öncədən təşəkkür edirik.
09/06/2022 Oxunub: 124 Orta qiymət: 0

Bildiririk ki, Mülki Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir.

Qeyd olunan bəyanatın və digər təqdim olunacaq sənədlərin nümunələrini Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət edərək əldə edə bilərsiniz.
(Tel.: (012) 403-83-38,  office.milli@taxes.gov.az, Bakı şəhəri, H.Əliyev prospekti, 105) 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sevinc Pirəliyeva Şahmirzə se***@mail.ru ID: 6580
Salam. 2019-2020-ci illərdə vergi ödəyicisi olmadığım haqqında hər hansı bir sənəd, arayış lazımdır.
08/06/2022 Oxunub: 62 Orta qiymət: 0

Bildiririk ki, "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatı barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə  təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sərvan Baxışov Dünyamalı oğlu ba***@mail.ru ID: 6578
05.04.2022 ci il tarixdə Sumqayıt şəhərində yerləşən MTK-nın yeni tikili binasından mənzil almışam. Mənzili müqavilə (KPM) əsasında aldığım üçün hələlik çıxarış verilməyib. Evi alan zaman pulu MTK-nın Beynəlxalq bankın Sumqayıt filialındakı hesabına ödəmişəm. Cənab Prezidentin təsdiq etdiyi fərmana görə mənzil alışı zamanı ƏDV -nin müəyyən olunmuş hissəsinin qaytarılması qərarı mənə də şamil olunacaqmı? Əgər şamil olunursa, ödəniş mexanizmi barədə Xahiş edirəm mənə məlumat verəsiniz.
08/06/2022 Oxunub: 165 Orta qiymət: 0

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Fərmanın keçid müddəalarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) geri qaytarılır.

Bunun üçün ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fazil Cabbarov fa***@gmail.com ID: 6577
Salam. Mənim sualım idxal olunan malların maya dəyəri ilə bağlıdır. Mal idxal olunarkən DGK malın invoys dəyərinə nəqliyyat xərcinin gəlib statistik qiymət kimi gömrük rüsumu və ƏDV hesablayır. Biz də eyni qayda ilə malın dəyərini invoys qiyməti+nəqliyyat xərci(xaricdən daşınma)+gömrük rüsumu + digər xərclərdən formalaşdırıb əlavə öz marjamızıda qoyub satırıq. Nəqliyyar xidməti QR şəxslər tərəfindən həyata keçirildikdə 6% ÖMV tutub büdcəyə ödəyirik. Lakin beynəlxalq yükdaşıma yerli şirkətlər tərəfində həyata keçirildikdə e-qaimə ilə maya dəyərinə daxil edirik. Mal satılarkən maya dəyəri ilə silinir (invoys+nəqliyyat+gömrük rüsumu). Beynəlxalq daşımalar, istər QR, istər rezident şirkətlər tərəfindən həyata keçirilirsə nəqliyyat xidməti maya dəyərinə daxil edilməlidir, yoxsa satışın xərcinə daxil edilməlidir? Xahiş edirəm, cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm.
08/06/2022 Oxunub: 274 Orta qiymət: 1

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergiyə cəlb edilir. 

Qeyd olunanlara əsasən rezident şəxs tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir. Bu zaman rezident vergi ödəyicisi tərəfindən müqavilə dəyəri gəlirdən çıxılan xərclərə aid edilir. 

Digər tərəfdən qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində tutulan verginin məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 125-ci, 139-cu, 150-ci, 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Fərid Süleymanov Fuad fa***@gmail.com ID: 6576
Bankın xeyrinə yüklü edilmiş daşınmaz əmlak “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 maddəsinə uyğun olaraq bank tərəfindən əldə edilmişdir. Sözü gedən daşınmaz əmlak Vergi Məcəlləsinin 13.2.17. maddəsində qeyd edilən əsas vəsait anlayışına uyğun gəlir. Həmin əmlaka görə bank tərəfindən əmlak vergisi ödənilməlidirmi?
07/06/2022 Oxunub: 82 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutuma obyektidir. 

Qeyd olunanlara əsasən, ödənilməmiş borclar və ya digər səbəblərdən bankın balansına götürülmüş əsas vəsaitlərin orta illik dəyərinə Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada əmlak vergisi hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 197-ci və 202-ci maddələri ilə tənzimlənir.

5/5 (1 Orta qiymət)
Qiymət ver: