Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Kamal Mirqədirov İlham mi***@gmail.com ID: 6635
Salam. Mən İqtisadiyyat Universiteti "İstehlak mallarının ekspertizası və Marketinq" ixtisasını 2017-ci ildə bitirmişəm. Mənim Dövlət Vergi Xidmətinin dövlət imtahanında iştirak etmək hüququm var? Zəhmət olmasa, bu haqda mənə məlumat verəsiniz.
23/06/2022 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələsgərov Həbib Fikrət oğlu ha***@mail.ru ID: 6634
Salam 01.05.2022-ci il tarixdə A şirkətinə B şirkəti tərəfindən xidmət göstərilmiş və müvafiq elektron qaimə göndərilmişdir. 20.05.2022-ci il tarixdə B şirkəti Riskli vergi ödəyiciləri qrupuna daxil edilmişdir. Bu halda vergi orqanı tərəfindən 01.05.2022-ci il tarixdə göndərilmiş qaimənin etibarsız sayılması və ya A şirkətinə hər hansı bir mənfi təsiri olmasına qanuni əsas varmı?
23/06/2022 Oxunub: 239 Orta qiymət: 0

Bildiririk ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Eyni zamanda, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş şərtləri barədə məlumatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim edərək əlavə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13-cü,14-cü, 67-ci, 109-cu və 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 6632
Anbarda olan mal-materialları nəzarət-kassa aparatına inteqrasiya aparmaq istəyirik. Xahiş edirəm, məlumat verəsiniz. İnteqrasiya necə aparılır və hansı isə bir proqram varmı, onu biz ozümüz aparaq. Yaxşı olardı, bir nümunə kimi misal gətirəsiniz.
23/06/2022 Oxunub: 114 Orta qiymət: 0

Bildiririk ki, e-kassa operatoru e-kassanın təchizatını, satışını, uçotunu, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən, Dövlət Vergi Xidmətində e-kassa operatoru qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.

Sorğunuzda qeyd olunan texniki dəstəyin göstərilməsi ilə bağlı aidiyyəti üztə müştərisi olduğunuz e-kassa operatoruna müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mirzəzadə Nermin nm***@mail.com ID: 6629
Salam. Mən İnşaatçılar metrosunun yanında yerləşən salondan şikayet edirəm. Mənə kassa çəki tələb edirəm verilmir, deyirlər ki, biz heç kimə kassa çeki vermirik. Xahiş edirəm, bu salonu yoxlayardınız.
23/06/2022 Oxunub: 133 Orta qiymət: 0

Bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Əsas: Vergi Məcəlləsinin 24-cü, 50-ci və 58-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hümbətov Sərdar Hüseyn sa***@gmail.ru ID: 6628
Salam! Vergi ödəyicisi olmayan təsisçi borc müqavilləri əsasında faizsiz (0) müəssisənin bank hesabna 2018-2020-ilərdə 300 000 AZN köçürmüşdür. Müəssisə 2021- 2022-ci ildə borcu nağdsız qaydada tam ödəmişdir. Təsisçiyə ödənilən faizsiz (0) məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə necə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir?
22/06/2022 Oxunub: 191 Orta qiymət: 5

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Toğrul Lətifov el***@gmail.com ID: 6625
Salam, bildiyimiz kimi, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında A.R. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, işçi sayı 1-10, illik gəliri isə 200.000 AZN-dək olan şəxslər mikro sahibkar sayılır. Qeyd olunur ki, İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Sualım belədir: 2021-ci ilin oktyabr ayından, topdan satış fəaliyyəti ilə məşğul olan fərdi sahibkar, könüllü ƏDV ödəyicisi kimi qeydiyyata alınır, əlavə işçisi yoxdur. 2021-ci hesabat ili üzrə gəliri 70.000 AZN ( ƏDV-siz ) olmuşdur. Fərz edək ki, 2022-ci il üçün isə, 180.000 AZN (ƏDV-siz ) illik gəliri olarsa, həmin fərdi sahibkar hər iki il üçün də mikro sahibkar sayılırmı və 75%-lik güzəştdən yararlana bilərmi?
22/06/2022 Oxunub: 99 Orta qiymət: 0

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Bu zaman vergi ödəyicisinin hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs həmin hesabat ili üçün mikro sahibkar hesab olunur və qanunvericiliklə mikro sahibkarlıq subyektləri üçün müəyyən edilmiş vergi güzəştləri həmin şəxslərə münasibətdə tətbiq edilir.

Meyarlara əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri müəyyənləşdirilərkən ƏDV məbləği nəzərə alınmır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tağıyev Əli Sabir ta***@mail.ru ID: 6624
Salam. VM-nin 102.1.3 maddəsinə və digər tutulmalar haqqında sorğuya aydınlıq gətirməyinizi Sizdən xahiş edirəm. Belə ki, işçiyə (kişiyə) əsas olaraq həyat yoldaşının və ya digər ailə üzvünün (övlad, ata-ana) ölkə daxilində müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarının ödənilməsi üçün işəgötürən (dövlət orqanı) tərəfindən verilən 3000 (üç min) manat maddi yardımdan aşağıda qeyd olunan tutulmalar necə hesablanmalıdır? Gəlir vergisi: DSMF (3% və 22%) ayırmaları: İşsizlikdən sığorta haqqı: İcbari tibbi sığorta haqqı:
22/06/2022 Oxunub: 274 Orta qiymət: 4

Bildiririk ki, təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Həmçinin, işəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır. İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 102.1.3-cü maddələri, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi,  Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu və 16-4-cü maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Azər Nəbiyev az***@gmail.com ID: 6622
Salam. Təsisçi borc müqaviləsi əsasında hesablanan faizlərə 10 % ödəmə mənbəyindən vergi tutulub. Təsisçiyə ödənilən faizlər gələcəkdə vergi tərəfindən dividend kimi qəbul oluna bilərmi? Əlavə faiz hesablana və vergidən yayınma kimi qəbul oluna bilərmi?
21/06/2022 Oxunub: 198 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd edilənlərə əsasən təsisçi tərəfindən hüquqi şəxsə verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə görə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Qeyd olunanlara əsasən, təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması müvafiq qaydada sənədləşdirildikdə dividend hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 740-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahmud Məmmədzadə ma***@gmail.com ID: 6620
Salam mənə əməkdaşlarınız vasitəsilə vergi borcumun olması ilə bağlı məlumat verildi. Borcumun miqdarı 236 azn təşkil edir. Poçta ödəmək üçün yaxınlaşdıqda təsnifat kodu istənildi. Təsnifat kodunu bilmədiyimdən borcumu ödəyə bilmədim. Sizin əməkdaşlar təkrar əlaqə sonrası bankların təsnifat kodunu istəmədiyini bildirdi. Mən də 2 banka müraciət etdim. Amma təsnifat kodu olmadan vergi borcumu ödəməyin mümkün olmadığını bildirdilər. Mən təsnifat kodumu necə əldə edə bilərəm?
21/06/2022 Oxunub: 85 Orta qiymət: 0

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseyn Qarayev Həsən hu***@gmail.com ID: 6616
Salam. Mən bu gün fərdi sahibkar olaraq qeydiyyatdan keçdim. VÖEN açmaq üçün ərizə təqdim etdim. Kənd təsərrüfatı mallarının, əhaliyə onlayn satışını həyata keçirtmək məqsədi ilə. Bu bir startapdır. Vergi orqanlarından (195 çarğı mərkəzindən) aldığım məlumata əsasən, nəzarət-kassa aparatı alınmalıdır. İlkin etaplarda mikro sahibkardan bunu tələb etmək nə dərəcədə düzgündür? Bu qurğuların oratalama dəyəri 400 AZN təşkil edir. Bu qurğunun ilkin etaplarda əldə olunması vacibdirmi? Zəhmət olmasa, məlumatı dəqiqləşdirməyə köməklik göstərərdiniz.
20/06/2022 Oxunub: 215 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, alıcılar tərəfindən sifariş verilmiş mallar həmin şəxslərə təqdim edilərkən, NKA çeki də təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 6615
Hörmətli dostlar. Sadə sualım vardır: 175.10-cu maddə "ödəniş formasından asılı olmayaraq" sözlər hansı mənanı daşıyır? Ödəniş forması deyəndə nə nəzərdə tutulur? Təşəkkür.
20/06/2022 Oxunub: 151 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:

- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

- vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron qaimə-fakturaları verilməlidir.

ƏDV ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxsə malların idxalı zamanı gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri isə ödənişin formasından asılı olmayaraq ƏDV-nin əvəzləşdirilməsinə əsas verir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

3/5 (5 Orta qiymət)
Qiymət ver:
Fərəcov Amid Nazim fa***@mail.ru ID: 6614
Salam. Mən bilmək istəyirəm, istənilən bir obyekt, misal üçün restoran ya market olsun, əgər mən ödənişi nağdsız şəkildə etmək istəyirəmsə, bunu qanunvericilklə təmin etməlidir yoxsa mənə deyə bilər ki, "bizdə yalnız nağd ödəniş qəbul edilir, nağdsız yoxdur"?
20/06/2022 Oxunub: 160 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur. 

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Fərid Məmmədli fe***@gmail.com ID: 6613
Mən taksi fəaliyyəti üçün VÖEN açdırmışdım. 3-4 aydır taksi fəaliyyəti ilə məşğul olurdum. Vergi olaraq nəsə vergi ödəməliyəm ve ya hesabat verməliyəm?
20/06/2022 Oxunub: 191 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

 "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış sadələşdirilmiş vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 36 manat sosial sığorta haqqı ödəməlidir.  

Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun minimum aylıq əməkhaqqının 4 faizi (12 manat) məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 122-ci, 150-ci, 218-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qafqaz Qardaşov qq***@gmail.com ID: 6612
Salam, vergi borcumu onlayn olaraq necə öyrənə bilərəm?
20/06/2022 Oxunub: 98 Orta qiymət: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sadıqov Əli Qalib el***@mail.ru ID: 6608
Salam hüquqi şəxlərin yəni MMC-nin torpaq uçotunu hansı orqan aparır və onlar torpaq vergisini hansı büdcəyə ödəyir və bəyannaməni hara təqdim edirlər?
18/06/2022 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 

Əsas: Vergi Məcəlləsinin 203-cü və 208-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tamilla Əliyeva Mayis ta***@mail.ru ID: 6606
Salam 29/03/2022 tarixində illik Mənfəət vergisi (26.051,92 AZN) yalnış təqdim edilmiş, lakin 04/05/2022 tarixində kameral uyğunsuzluq gəlmiş və dəqiqləşmiş yollanmadığı üçün kameral hesablama (23.850,21 AZN) aparılmışdır. Uyğunsuzluğa cavab yazılmadığı üçün yaranmış borca görə faiz hesablanmışdır və borc (55.743,2 AZN) olmuşdur. Lakin 14/05/2022 tairixində dəqiqləşdirilmiş, borc ( 21.241 AZN) olmuş və təsdiq olunmamış azalmalara 29.499,75 AZN düşmüşdür. O zamandan sonra vergiyə təsdiq olunmamış azalmalarla bağlı məktub yazılmışdır, lakin heç bir cavab verilməmişdir. Rica edirəm ki, bu məsələ ilə bağlı araşdırlma aparılsın və məlumat verilsin.
17/06/2022 Oxunub: 127 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsi vasitəsilə rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Soltanov vu***@gmail.com ID: 6604
Salam. e-Qaimə bölməsində "ƏDV-dən azad olunan" və "ƏDV-yə 0 dərəcə ilə cəlb edilən" bölmələr aydındır. Bəs, 11-ci sütunda "ƏDV-yə cəlb edilməyən" bölməsindən hansı hallarda istifadə olunur?
17/06/2022 Oxunub: 141 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə müəyən edilir. ƏDV-yə cəlb edilməyən əməliyyatlar dedikdə isə, ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kənan Məmmədov Rövşən oğlu ke***@gmail.com ID: 6602
Salam hər vaxtınız xeyir olsun mənim sualım daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması ilə bağlıdır .Mən Melissa Park Yaşayış kompleksindən ev almışam onu ƏDV-sinin pulunu hazırda geri qaytarılması mümkündürmü?
16/06/2022 Oxunub: 163 Orta qiymət: 4

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Fərmanın keçid müddəalarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) geri qaytarılır.

Bunun üçün ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

4/5 (2 Orta qiymət)
Qiymət ver:
İmamalıyev Nağı İsmayıl oğlu so***@gmail.com ID: 6467
Salam. Mən Abşeron rayonunda 20.10.2014-ci il tarixli Texniki pasportu olan evimi satmaq istəyirəm. Ona görə vergi ödəməliyəmmi?
16/06/2022 Oxunub: 218 Orta qiymət: 5

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ( Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla) -1,2 əmsal) ilə müəyyən olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir.

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

5/5 (9 Orta qiymət)
Qiymət ver:
veliyev orxan veli oğlu ve***@mail.ru ID: 6600
Salam. Mən İrşad telekomdan "iphone 13 pro max" kreditə götürmüşəm. 25-ci günü telefonda qüsur aşkarlandı, kamerasında. İrşad telekomun texniki servisinə apardım telefonu, təmiri üçün 5 həftə vaxt tələb edirlər. Bu vaxt da mənim üçün çox uzun bir vaxtdır. Yenisi ilə də əvəz etmirlər. Qiyməti bahalı olduğu üçün istəməzdim təmir olunsun, yenisi ilə əvəz olunmasını istərdim. Onlar da əvəz etmirlər, sadəcə təmir deyirlər. Təmir müddəti də 5 həftə deyirlər, o qədər vaxt mənim telefonsuz qalmağım mümkün deyil. Zəhmət olmazsa mənə bir köməklik götərərdiniz.
16/06/2022 Oxunub: 127 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: