Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Alıyev Kamal Nazim al***@gmail.com ID: 7731
Salam. Sualım belədir ki, hüquqi şəxs 3 illik lisenziya alırsa, bu zaman çəkilən xərclər tam olaraq xərc kimin tanına bilərmi? VM- nin 13.2.9 maddəsində qeyd olunur ki, qeyri-maddi aktiv şirkətin mülkiyyət hüququ kimi tanınan aktivlərdir. Lisenziya (məsələn antivirus proqramı üzrə lisenziya) şirkətə istifadə hüququ verir və mülkiyyətinə keçmir, belə olan halda lisenziya qeyri- maddi aktiv kimi tanınmalıdırmi?
18/02/2023 Oxunub: 226 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan proqram təminatı qeyri-maddi aktivlərə aid edilir.

Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 118.2-ci maddəsinə əsasən qeyri-maddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. 

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya ayırmalarının gəlirdən çıxılmasına Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 114-cü və 118-ci maddələri.
 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Minurə Əsədova Araz es***@gmail.com ID: 7728
VÖEN kodumu haradan öyrənə bilərəm? Hal-hazırda işləmirəm, ancaq əvvəlki illərdə işləmişəm.
18/02/2023 Oxunub: 51 Orta qiymət: 0

Bildiririk ki, Əsədova Minurə Araz qızı adına VÖEN müəyyən edilməmişdir. 

Məlumat üçün bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ini əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülcahan Əliyeva Bayram al***@mail.ru ID: 7725
Salam, mən əvvəllər ABB-nin kartı ilə "apple music" üçün ödəniş edəndə vergi tutulmurdu, indi isə kartımı dəyişdim və 2 gün əvvəl kartdan pul çıxanda əlavə vergi haqqı da tutuldu. Bankla danışdım, vergi idarəsi ilə danışmalı olduğum deyildi. Vergi çıxılmasının səbəbini öyrənə bilərəm? Yəni yeni bir qanundur?
18/02/2023 Oxunub: 137 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Buna əsasən sorğuda göstərilən halda xidmətlərə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir. 

Əsas: Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əşrəfov Əsgər Hacıəli as***@mail.ru ID: 7724
Salam: VOEN ilə bağlı mənə sms gəlib, mən vergi ödəyicisi deyiləm. Xahiş edirəm, hansı VOEN-dən söhbət getdiyi barədə mənə məlumat verəsiniz.
18/02/2023 Oxunub: 76 Orta qiymət: 0

Bildiririk ki, mobil telefon nömrənizə SMS səhvən gəldiyi halda, bu haqda Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz xahiş olunur. 

Məlumat üçün bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəhimov Şəmistan Vilayət Oğlu se***@gmail.com ID: 7723
Salam. Mən Rəhimov Şəmistan Vilayət oğlu Vətən Müharibəsi iştirakçısı və məcburi köçkünəm. Mən yaşadığım binada, yəni (balkonda) mini market açmaq istəyirəm, bu qanunidirmi?
17/02/2023 Oxunub: 79 Orta qiymət: 0

Sorğunuzdan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərəcəyiniz qənaətinə gələrək bildiririk ki, sahibkarlıq fəaliyyətinə başladığınız günədək vergi uçotuna alınmalı (VÖEN əldə etməli), təsərrüfat subyektini (obyektini) uçota qoymalı və nəzarət-kassa aparatı quraşdırmalısınız.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Həmçinin seçdiyiniz vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannamələri vergi orqanına təqdim etməlisiniz.

Əlavə olaraq bildiririk ki, yaşayış sahəsini kommersiya məqsədləri üçün istifadə edilməsinə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Mənzil Məcəlləsinin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Bununla bağlı ətraflı məlumat üçün yaşadığınız ərazi üzrə şəhər (rayon) icra hakimiyyətinə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 97-ci, 218-ci maddələri və Mənzil Məcəlləsinin 21-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elsevən Səfərov Fərhad el***@mail.ru ID: 7720
Salam. Məhdud Məsul Cəmiyyətin təsisçi və təmsilçisi eyni şəxs olmalıdır, yoxsa təmsilçi digər şəxs də ola bilərmi?
17/02/2023 Oxunub: 66 Orta qiymət: 0

Bildiririk ki, cəmiyyətin rəhbər və təsisçisinə ayrı-ayrı şəxslər kimi baxıldığından hüquqi şəxsin təsisçisinin eyni zamanda həmin hüquqi şəxsin rəhbəri olması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yaxud tələb nəzərdə tutulmamışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Quliyeva Pərvanə ba***@gmail.com ID: 7717
Salam. Mən sosial müavinət alırdım. Yoldaşım rəsmi işləyirdi, indi işləyə bilmir, problemi var. VÖEN açıb yeniden sosiala müraciət etmək istəyirəm. Vergisini də ödəyim. Necə VÖEN açdıra bilərəm ki, sosial yardıma müraciət edə bilim?
16/02/2023 Oxunub: 93 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxs fəaliyyətə başladığı günədək, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq yaşadığı yer üzrə vergi orqanında uçota alınmaq üçün ərizə verməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bayramov Rasim Vidadi oğlu ba***@gmail.com ID: 7715
İnzibati Xətalar Məcəlləsinin 192.1.-ci maddəsində A.R.Ə.M.-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi qeyd olunur. Bilmək istərdim, bu maddədə vəzifəli şəxslər deyildikdə hansı şəxslər nəzərdə tutulur?
16/02/2023 Oxunub: 85 Orta qiymət: 0

Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kamal Alıyev Nazim al***@gmail.com ID: 7712
Salam. Hüquqi şəxs sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əsas vəsait əldə etmişdir və qanunvericiliyə uyğun olaraq amortizasiya hesablamışdır. Növbəti vergi ilindən etibarən hüquqi şəxs mənfəət vergisinə keçmişdir. Sualım ondan ibarətdir ki, mənfəət vergisi bəyannaməsində amortizasiya xərcləri hesablanarkən şirkətin sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə aldığı və istismara verdiyi əsas vəsaitlərin qalıq dəyərinə amortizasiya hesablanaraq xərcə aid edilə bilərmi? Yəni, vergi ödəyicisi sadələşdirilmiş dövrdə aldığı əsas vəsaitlərə mənfəət vergi ödəyicisi olduqdan sonra amortizasiya hesablayıb gəlirdən çıxa bilərmi?
15/02/2023 Oxunub: 156 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan əsas vəsaitlərin amortizasiya olunmasına vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zeynalov Rauf Ruslan ra***@mail.ru ID: 7711
Salam. Bilmək istərdim mənim adıma olan VÖEN (1003435382) bağlanıb? Ərizə yazmışam, müraciət etmişəm, idarəyə də gəlmişəm. Bilmək istəyirəm, bağlanıb ya yox?
15/02/2023 Oxunub: 98 Orta qiymət: 0

Zeynalov Rauf Ruslan oğlu (VÖEN 1003435382) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qəribov Orxan Səməd et***@gmail.com ID: 7710
Dövlət tərəfindən maliyələşən müəssisələrdə hazır məhsulun dəyərinin mənfəəti (gəliri) hansı qayda ilə təyin olunur? Bu hər hansı qanunla müəyyən edilirmi?
14/02/2023 Oxunub: 94 Orta qiymət: 1

Bildiririk ki, vergi ödəyicisi tərəfindən satmaq, yaxud istehsalda, işlərin görülməsi və ya xidmətlərin göstərilməsində istifadə etmək məqsədilə alınan (idxal edilən) mallarının uçotunun aparılması qaydası Vergi Məcəlləsinin 139-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Məhsulun maya dəyərinin mühasibat uçotu məqsədləri üçün hesablanması ilə bağlı müvafiq sahədə funksional idarəetməni həyata keçirən qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu maddəsi.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Fəxrəddin Abdullayev Hüseyn oğlu fe***@mail.ru ID: 7709
Salam. Mənim atam 1954-cü ildə Macarıstan müharibə iştirakçısı olub. Həmin müharibədə yaralanıb. Sualım ondan ibarətdir ki, mən bir övlad kimi gəlir vergisinin hansı növündən azad olunmalıyam və hansı miqdarda? Mənim bilgimə görə Vergilər məcəlləsinin -"102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;" "102.4.3. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;" maddələrinə görə gəlir vergisinin müəyyən hissəsindən azad olunmalıyam. Mənim bilgilərimdə səhflik var ya düz bilirəm. Xahiş edirəm cavablandırasınız
14/02/2023 Oxunub: 127 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.           

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.4.3-cü maddəsinə əsasən Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu maddədə qeyd olunan vergi güzəşti hərbi vəzifəlilərin ailə üzvlərinə şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səmədova Səfiyyə Rəsul qızı s_***@mail.ru ID: 7707
Bir sual vermək istəyirəm. Cavablandırdıgınız halda əvvəlcədən təşəkkür edirəm. Keçirəm suala. Deməli: fiziki şəxs gəlir vergisi ödəyicisidir. Fəaliyyəti kitab nəşridir. Bir bank tərəfindən bu fiziki şəxsin nəşr və çap etdirdiyi kitablarına görə Müşahidə şurasının protokoluna əsasən maliyyə dəstəyi göstərib. Vəsait fiziki şəxsin bank hesabına ödənilib. Amma fiziki şəxs tərəfindən e-qaimə göndərilməyib (bank da tələb etməyib). Bilmək istəyirəm ki, fiziki şəxs gəlir vergisi ödəməlidir? Maliyyə yardımı kimi gəlir vergisi bəyannaməsində göstəriləcək?
14/02/2023 Oxunub: 99 Orta qiymət: 5

Bildiririk ki, kitab nəşri ilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyəti göstərdiyindən bank tərəfindən kitab nəşri ilə məşğul olan şəxsə ödənilən pul vəsaiti həmin şəxsin vergi tutulan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 96-cı və 101-ci maddələri.
 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Emin Xəlilov İslam oğlu xe***@gmail.com ID: 7702
Salam. Mən dövlət qulluğunda işləyirəm, iki azyaşlı övladım var. Həyat yoldaşım da işləyir. Bilmək istəyirəm ki, həyat yoldaşım himayədə olanlara aid edilir? Mən 50 manat güzəştdən istifadə edə bilərəm?
13/02/2023 Oxunub: 67 Orta qiymət: 0

Bildiririk ki, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunanlara əsasən, Sizin himayənizdə yalnız iki nəfər olduğundan müvafiq vergi güzəştindən istifadə etmək hüququnuz yoxdur. Belə ki, həyat yoldaşınız işlədiyi üçün himayədə olan şəxs hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eldar Kərimov ke***@gmail.com ID: 7700
Salam. Mən bilmək istəyirəm ki, mən ölkədən başqa ölkəyə müvəqqəti getmək üçün çıxışıma icazə var ya yoxdur?
13/02/2023 Oxunub: 77 Orta qiymət: 0

Bildiririk ki, ölkədən çıxışa qadağanın olub-olmaması haqda məlumatı əldə etmək üçün İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Aşağıda qeyd olunan link vasitəsilə qeyd olunan elektron xidmətdən istifadə edə bilərsiniz.

https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Baxışov Səbuhi Se***@mail.ru ID: 7697
Salam, mən 28.04.2022-ci ildə Kristal Abşeron ASC-dən mənzil almışam. Amma bina 2023-cü ilin 4-cü rübündə təhvil veriləcək. ƏDV alınmasi üçün qeydiyyat və müraciət etmişəm. Bina təhvil veriləndən sonra ƏDV qaytarılacaq?
12/02/2023 Oxunub: 108 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Eyni zamanda bildiririk ki, müvafiq qaydalara əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfər Qocayev Yəhya la***@gmail.com ID: 7695
Mən artıq 10 ildir ki, təqaüdçüyəm. Daşınmaz əmlakın dövlət reyesterindən Seriya MH № 0143433 çıxarışına sahibəm. Xətai bələdiyyəsi 2 ildir, mənə əmlak vergisinə görə tədiyə bildirişi göndərir. Qanuna görə təqaüdçülər bu vergidən azaddır. Xahiş edirəm, mənə izah edəsiniz ki, hansı sənədlər lazımdır və kimə müraciət edim?
12/02/2023 Oxunub: 128 Orta qiymət: 0

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Qeyd olunan azadolmadan yararlanmaq üçün pensiyaçı olmağınızı təsdiq edən sənədlə aidiyyəti üzrə bələdiyyəyə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 199.3-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aqşin Pirquliyev Ağa aq***@gmail.com ID: 7692
Salam. İpoteka ilə ev almışıq. Amma 20.05.2022 tarixdən sonra aldığımız üçün deyilir ki, əsas məbləğ ayrı, ədv ayrı ödənilməlidir. Lakin müvəkkil bank elə ödəməyib. Bu zaman nə etməliyik?
11/02/2023 Oxunub: 121 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Eyni zamanda bildiririk ki, müvafiq qaydalara əsasən yaşayış və qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Həsənov ha***@gmail.com ID: 7690
Salam. Mən onlayn satış saytında satıcı profili açmaq istəyirəm. Məndən vergi nömrəsi istənilir. Mən eyni zamanda əməkhaqqı aldığm zaman vergi tutulması olduğu üçün bilmək istəyirdim, hər bir vergi ödəyicisi olan vətəndaşın vergi nömrəsi olur? Yoxsa vergi nömrəsi əldə etmək üçün vergi idarəsinə müraciət etməliyəm? Əgər yeni müraciət etməliyəmsə, bu prosedur barədə məlumat verərdiniz, zəhmət olmasa. Onlayn müraciət mümkündür?
11/02/2023 Oxunub: 143 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələkbərov Adil Məmməd ad***@gmail.com ID: 7688
Azərbaycan Respublikasının vətəndaşı "free zona"da hüquqi şəxs təsis etmək üçün pay qoyuluşu edərsə, bu halda Vergi Məcəlləsinin 13.2.16.14-1, 125 və 128-ci maddələr üzrə və ya digər hər hansı səbəbdən hər hansı vergi öhdəlikləri varmı?
10/02/2023 Oxunub: 158 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin siyahısı Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində göstərilmişdir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. 

Eyni zamanda Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 128-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: