Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Əzəmcan Xəlilov İbrahim ez***@gmail.com ID: 7669
Şənbə günü işləyir Şəki vergilər idarəsi?
03/02/2023 Oxunub: 70 Orta qiymət: 5

Bildiririk ki, Şəki şəhəri M.Ş. Həmidov küçəsi ünvanında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzi yalnız iş günləri (həftənin 1-5-ci günləri) saat 09:00-dan 14:00-dək (fasiləsiz) fəaliyyət göstərir. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rahil Quluzadə Ramiz ra***@yahoo.com ID: 7664
Salam. Tutaq ki, yanvar ayı üçün əməkdaşlara mükafat verilməsi əmri verilib, amma müəyyən səbəblərə görə mükafat yanvar ayı deyil mart ayı verilib. Mən o zaman verilən mükafatı yanvarın gəliri kimi götürməliyəm, ya mart ayının gəliri kimi?
03/02/2023 Oxunub: 82 Orta qiymət: 0

Bildiririk ki, əməkhaqqı ilə bağlı hesablamaların aparılmasını şərtləndirən sənədlərin vaxtı (mükafatlarda – mükafatlandırma əmrinin verilməsi) gəlirin əldə edildiyi vaxt kimi qəbul edilir.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səbahəddin Yusifov Yusif Se***@mail.ru ID: 7655
Salam. Əmək haqqı kartlarında qalan vəsaitlərdən və debit pul kartlarında qalan və göndərilən pul vəsaitlərdən vergi tutulacaqmı? Xahiş edirəm, ətraflı məlumat verəsiniz.
02/02/2023 Oxunub: 169 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.

Qeyd olunan güzəştin müddətinin 2023-cü il fevralın 1-dən başa çatdığını nəzərə alaraq, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bununla yanaşı bildiririk ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız 01.02.2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.

Göründüyü kimi, ödəmə mənbəyində vergi fiziki şəxslərin bank hesablarında olan vəsaitlərdən deyil, həmin vəsaitlərdən əldə olunan faiz gəlirlərindən tutulur. 

Eyni zamanda məlumat üçün bildiririk ki, qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması, investorların kapital bazarında fəal iştirakının və investor bazasının genişləndirilməsi məqsədilə, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 123-cü maddələri. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vüqar İsayev Zülfəli oğlu vu***@hotmail.com ID: 7652
Yelo Bank tərəfindən telefonuma belə bir mesaj gəlib: Dövlət Vergi Xidmətinin qərarı ilə 1 fevraldan mövcud və yeni əmanətlər, kart və cari hesab qalığı üzrə hesablanacaq faizlərdən 10% vergi tutulacaq. Nə qərardır, nə dərəcədə qanuna uğun mesajdır?
02/02/2023 Oxunub: 167 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.

Qeyd olunan güzəştin müddətinin 2023-cü il fevralın 1-dən başa çatdığını nəzərə alaraq, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bununla yanaşı bildiririk ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız 01.02.2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.

Göründüyü kimi, ödəmə mənbəyində vergi fiziki şəxslərin bank hesablarında olan vəsaitlərdən deyil, həmin vəsaitlərdən əldə olunan faiz gəlirlərindən tutulur. 

Eyni zamanda məlumat üçün bildiririk ki, qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması, investorların kapital bazarında fəal iştirakının və investor bazasının genişləndirilməsi məqsədilə, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 123-cü maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Yusifli el***@gmail.com ID: 7649
Salam. Mən bilmək istərdim ki, mən İpoteka ve zəmanət fondu tərəfindən satışa çıxarılan kiraye ev götürmüşəm əvvəlcədən isə 12 aylıq kirayə pulun ödəmişəm. Aylıq ödənişləri onlayn şəkildə ödəyirəm, son qərara kimi alınan evlər ƏDV daxil qiymətə satılıb. Ödənişlərdən ƏDV geri qaytarmaq mümkündür? Mümkün deyilsə, xahiş edirəm səbəbini qeyd edəsiniz. Mümkündürsə, hansı formada baş verməlidir proses?
02/02/2023 Oxunub: 72 Orta qiymət: 5

Bildiririk ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergini ödəməkdən azad edilmişdir.

Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 164-cü maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ülvi Baxışlı ul***@gmail.com ID: 7641
Mən 2-ci Qarabağ müharibəsi veteranıyam. Veteranlığı sübut edən sənəd hələ ki, veteranlara verilməyib. İşlədiyim Avtomobil Yolları Dövlət Agentliyində müharibə iştirakçısı olduğuma dair güzəştlərdən buna görə də faydalana bilmirəm. Mənə köməklik etməyinizi sizdən xahiş edirəm.
31/01/2023 Oxunub: 111 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Buna əsasən muzdlu işçilərin müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq edilir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əliyev Əli Tofiq el***@outlook.com ID: 7640
Salam. Sualım V.M 226.2 bəndi ilə bağlıdır. Azadolmalardan yararlanmaq üçün işğaldan azad edilmiş ərazinin rezidenti olmaq üçün yaşayış yerim üzrə qeydiyyatdan çıxıb deyək ki, Kəlbəcər rayonunda qeydiyyata düşməliyəm? Bu çətinlik yaradacaq. Bəlkə də heç mümkün olmayacaq, orada qeydiyyata düşmək. Başqa alternativ varmı?
31/01/2023 Oxunub: 98 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulan vergi güzəştləri işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Buna əsasən işğaldan azad edilmiş ərazidə uçota alınmayan vergi ödəyicilərinin sonradan vergi uçotunun dəyişməsi onun işğaldan azad edilmiş ərazinin rezidenti statusunun olmasına əsas vermir və həmin vergi ödəyicilərinə münasibətdə müvafiq vergi güzəştləri tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 226-cı maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qurbanov Rafət Rasul oğlu ra***@gmail.com ID: 7639
Salam! MMC-nin mülkiyyətində olan torpaq sahəsi həmin MMC-nin nizamnamə kapitalını təşkil edir. Hazırda təsisçilər həmin torpaq sahəsini nizamnamə kapitalından çıxarmaq və nizamnamə kapitalını azaltmaq niyyətindədirlər. Bu proses hansı qaydada həyata keçirilməlidir? Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.
31/01/2023 Oxunub: 217 Orta qiymət: 0

Bildiririk ki, Mülki Məcəllənin 90.8-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitammı, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Təsisçi fiziki şəxs tərəfindən cəmiyyətin nizamnamə kapitalında olan mayasına uyğun əmlakın alınması cəmiyyət üçün vergi öhdəliyi yaratmır. Fiziki şəxsə münasibətdə isə alınmış əmlakın bazar dəyəri ilə nominal dəyəri arasındakı müsbət fərq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 101-ci və Mülki Məcəllənin 90-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmməd Hüseynov cs***@cafinance.az ID: 7635
Beynəlxalq yükdaşımaya görə keçmiş illərə aid qeyri-rezidentlərə olan ödənişlər şirkətin hesabında kifayət qədər pul olmadığı üçün borc olaraq galıb. Şirkət konfrans təşkil edərək bir araya gələn qeyri-rezidentlərin numayəndələrinə bu borcu bəzilərinə kassadan və bəzilərinə təsisçi tərəfindən ödəyib və buna görə büdcəyə də 6 % ÖMV vergisini ödəmişdir. Bankla ödəmək qeyri mümkün olduğu ücün vəsait təsisci tərəfindən borc müqaviləsinə əsasən bağlanıb və vəsait olan kimi geri ödənilməsi nəzərdə tutulmuşdur. Sual ondan ibarətdir ki, nağd aparılan əməliyyat qanun pozuntusu sayılırmı və sayılırsa hansı cəriməyə məruz qala bilər? Bir daha bildiririk ki, nağd ödəniş olunmayan təqdirdə bu borclar elə illərlə asılı qalacaq və buna görə ÖMV-də ödənilməmiş qalacaqdır.
31/01/2023 Oxunub: 165 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda qeyri-rezident hüquqi şəxsin nümayəndəsi kimi çıxış edən digər şəxs vasitəsilə xidmətin dəyərinin nağd qaydada ödənilməsi ilə bağlı işin faktiki hallarını özündə əks etdirən məlumatlar, tərəflər arasında bağlanılmış müqavilələr və digər təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin Mərkəzi Banka müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nurlan Mürvətli Neymət oğlu mu***@gmail.com ID: 7634
Salam. Vergi məcəlləsi 102.1.6 maddəsində qeyd olunur ki, aylıq gəlir 2500-dək olduğu halda 200 manat güzəşt tətbiq olunur. Belə olan halda 2800 manat gross əmək haqqı olan müharibə veteranı (2800-400)*14%=336 manat gelir vergisi tutulmalıdır. DVX nin rəsmi səhifəsində əmək haqqı hesablanması kalkulyatorunda (https://www.taxes.gov.az/az/page/muzdlu-isciler-ucun) Vergi Məcəlləsinə uyğun hesablama aparsa da, aşağısındakı qeyd çaşqınlıq yaradır: Vergiyə cəlb olunan məbləğ: Hesablanan aylıq əməkhaqqı - Güzəşt Gəlir vergisi: Vergiyə cəlb olunan məbləğ 2500 manatadək olduqda: (Vergiyə cəlb olunan məbləğ - 200) * 14%); Gördüyünüz kimi vergiyə cəlb olunan məbləğ-200 manat qeyd olunur. Ancaq məcəllədə aylıq gəlir anlayışından istifadə olunub. İzahda göstərilən qaydada hesablama aparsaq (2800-400-200)*14%=308 manat vergi hesablamış olarıq. Zəhmət olmasa bu məsələyə aydınlıq gətirəsiniz. Təşəkkürlər.
31/01/2023 Oxunub: 133 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2800 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur və   400 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Məlum olduğu kimi, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Saytımızda mövcud olan “Əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru”nda qeyd etdiyiniz izah hər bir vergi güzəşti üçün ayrıca nəzərdə tutulmadığı və istifadəçilər üçün asan anlaşılan olması üçün mövcud formada qeyd olunmuşdur. 

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Aysel Hüseynova hu***@gmail.com ID: 7629
Salam. Sualım konsolidasiya olunmuş şirkətlərin vergi hesabatlarının verilməsi ilə bağlıdır. Tutaq ki, X şirkəti qeyri-maliyyə holdinq şirkətidir. Qanuna görə, qeyri-maliyyə holdinq şirkəti – bank daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur. Bu halda X şirkətinin gəlir və xərclərinin tanınması sırf özünün təqdim etdiyi qaimələrin və ya invoysların əsasındamı, yoxsa İFRS-dəki kimi konsolidə edilmiş şəkildəmi (qrupa daxil olan şirkətlərin gəlir və xərclərinin məcmusu) tanınır?
30/01/2023 Oxunub: 148 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Sorğunuzda qeyd olunan halda, müəssisə və onun törəmə müəssisələrinin vergi öhdəlikləri, o cümlədən gəlir və xərcləri ayrılıqda müəyyən edilir.

Həmçinin bildiririk ki, müəssisə və onun törəmə müəssisəsi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 16-cı, 103-cü, 104-cü və 130-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tarverdiyev Kamran Şirvan oğlu ka***@gmail.com ID: 7624
Salam. Fərdi sahibkar fəaliyyət sahasi ilə əlaqədar olaraq il ərzində bir neçə dəfə müxtəlif şəhərlərdə olur. İşçisi yoxdur. Bu zaman fərdi sahibkar özü özünə ezamiyyət yazıb Gəlir vergisi bəyannaməsində xərc kimi hansısa məbləği əks etdirə bilərmi?
29/01/2023 Oxunub: 213 Orta qiymət: 5

Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsin fəaliyyəti ilə əlaqədar olaraq digər əraziyə getməsi isə ezamiyyə hesab olunmur.

Bununla yanaşı bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bu səbəbdən vergi ödəyicisi gəlirin əldə olunması ilə bağlı olan xərclərini müvafiq qaydada rəsmiləşdirməklə gəlirdən çıxa bilər. 

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Orxan Zəkiyev Sübhan oğlu ze***@gmail.com ID: 7619
Salam. Mən 2022 ci il aprel ayında Asan imza nömrəsi alaraq fiziki şəxs kimi online vergi portalından asan imza vasitəsilə login olaraq, elektron ərizə göndərmişəm. Yəni bu prosesi müvafiq vergi orqanına yaxınlaşmadan, kod parol şifrə əldə etmədən icra etmişəm. Hal hazırki durumda işsiz olduğumdan bu VÖEN hesabını bağlamaq fikrindəyəm, Bu period ərzində gəlir əldə etmədiyim üçün heç bir bəyannamə göndərməmişəm. Və elektron portalda yoxladığım nəticəyə əsasən heç bir vergi borcum olmadığı göstərilir. Mən bu VÖEN hesabını müvəqqəti və ya daimi necə dondura, dayandıra bilərəm? Geri dönüşü mobil nömrəmlə əlaqə saxlayaraq etsəniz sevinərəm, diqqətinizə görə təşəkkür
27/01/2023 Oxunub: 216 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kamran Məmmədli Qüdrət Ka***@gmail.com ID: 7612
Salam. Vətən müharibə iştirakçısıyam (veteran) və özümə şəxsi (VÖEN) obyekt açmaq istəyirəm. Sizə sualım ondan ibarətdir ki, mən hansı vergilərdən azadam? Məsələn: Qida vergisi, Tibbi siğorta və s. Öncədən təşəkkürlər.
27/01/2023 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Müharibə veteranı olan şəxslər üçün Vergi Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulsa da, onlar tərəfindən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ümumi qaydada vergiyə cəlb olunur. 

Əsas: Vergi Məcəlləsinin 16-cı,101-ci, 102-ci, 199-cu, 207-ci, 218-ci, 218-1-ci və 220-ci maddələri. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mirzəyeva Sərfinaz Sədi qızı mu***@mail.ru ID: 7606
Təsisçi şirkətə faizsiz borc müqaviləsinə əsasən müəyyən vəsait vermişdir. Şirkət tərəfindən həmin vəsait geri qaytarılan zaman şirkət üçün hər hansı vergi öhdəliyi və hesabat təqdim etmək öhdəliyi yaranırmı? Zəhmət olmasa, cavablandırardız.
26/01/2023 Oxunub: 262 Orta qiymət: 5

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Feyzullayeva Gülnarə fg***@gmail.com ID: 7209
Salam. Müəssisəmiz çörəkbişirmə fəaliyyəti ilə məşğuldur. Bu yaxında Almaniyada olan Beynalxalq Çörəkbişirənlərin Assosiasiyanın üzvü olub, illik üzvlük haqqı ödəmişik. Assosiasıyanın funksiyası müqavilədə belə qeyd edilib – Üzvlüyünüz, maliyyə dəstəyiniz və bizimlə əməkdaşlığınız sizə xüsusi məlumat və yüksək keyfiyyətli analitik xidmətlər təqdim etməyə, təlim və tədqiqat əməkdaşlığı üzrə tərəfdaşlar tapmağa imkan verir. Maraqlı şirkətlər tərəfindən maliyyələşdirilən texniki assosiasiya olaraq biz inkişafları araşdırırıq, konfranslar və şəbəkə iş tədbirləri təşkil edirik və layihələr üçün əməkdaşlıq tərəfdaşlarını səfərbər edirik. Sual 1 – Ödənilmiş üzvlük haqqı ÖMV və, və ya ƏDV-yə cəlb olunmalıdırmı? Sual 2 - Ödənilmiş üzvlük haqqını gəlirdən çıxılan xərclərə salmaq olarmı?
26/01/2023 Oxunub: 377 Orta qiymət: 5

Bildiririk ki, müəssisə tərəfindən qeyri-rezidentə (Assosiasiyaya) ödənilən üzvlük haqları icbari ödəniş hesab olunmadığından həmin ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edilmir.

Eyni zamanda, Assosiasiyaya müəssisə tərəfindən ödənilən üzvlük haqları Assosiasiya tərəfindən göstərilən iş və xidmətlərlə bağlı olduğu halda ƏDV-yə və ödəmə mənbəyində vergiyə cəlb edilir.

Müəssisə tərəfindən Assosiasiyaya üzvlük haqqının ödənilməsi Assosiasiya tərəfindən göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlər vergiyə cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 125-ci və 169-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Hüseynova Əsmər Fəxrəddin qızı e_***@mail.ru ID: 7160
Bildiyiniz kimi hazırda pərakəndə satış qaydasında fəaliyyət göstərən bir çox satış şəbəkələrində nisyə borc müqaviləsi ilə satışlar olur. Bəzi hallarda müştərilər nisyə borc müqaviləsi ilə aldığı məhsulların dəyərini ödəmirlər və bu kimi hallarda məhsulu nisyə boc müqaviləsi ilə satan hüquqi şəxs qarşı tərəfi məhkəməyə verir. Nəticədə hüquqi şəxsin xeyrinə qərar çıxır və həmin məbləğdə pulun tutulmasına dair qətnamə çıxarılır. Məhkəmə qərarına görə təyin olunan həmin qətnamə ilə aylıq daxil olan ödənişlərə satışı həyata keçirən hüquqi şəxs tərəfindən nəzarət kassa aparatı çeki təqdim edilməlidirmi?
26/01/2023 Oxunub: 273 Orta qiymət: 4

Bildiririk ki, pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki verilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 50.8.14-cü maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş) barədə məlumatlar olmalıdır.

Əsas: Vergi Məcəlləsinin 50-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Eldar Abuşov Elşad el***@gmail.com ID: 7604
Salam. Nəzarət-kassa aparatı üçün hara müraciət etmək lazımdır? Mebel satışı mağazasıdır, fəaliyyətimiz yenidir. Asan imza və VÖEN var.
26/01/2023 Oxunub: 170 Orta qiymət: 5

Bildiririk ki, nəzarət-kassa aparatının qeydiyyata alınması üçün “NKA-nın qeydiyyata alınması haqqında ərizə”, e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı, e-kassanın təsərrüfat subyektində (obyektində) quraşdırılması üçün onun NMQ-sinə göndərilmiş sertifikat faylının yazılması barədə Akt (e-kassa operatorunun İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə sertifikat faylı göndərildikdən sonra) vergi orqanına elektron qaydada təqdim edilir. 

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz. Müraciətiniz barədə əlavə məlumat və metodiki köməklik üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdurahmanov Samir Şəmsəddin Sa***@gmail.com ID: 7600
Salam mənim dostum fiziki şəxsdir və ƏDV ödəyicisidir. İş məqsədləri üçün yük maşını almaq istəyir. Adi vətəndaşdan maşını alıb balansına sala bilərmi, yoxsa hər hansı şirkətdən almalıdırmı? Balansa salmaqla bağlı hər hansı məhdudiyyət varmı?
26/01/2023 Oxunub: 215 Orta qiymət: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən nəqliyyat vasitəsinin vergi ödəyicisi olmayan fiziki şəxslərdən (vətəndaşlardan) alınması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.  

Həmçinin bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinin müddəalarına əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 

Bunlarla yanaşı əsas vəsaitin balansa daxil edilməsi və balansda əks etdirilməsi ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-2-ci, 130-cu maddələri.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Məhəmməd Knyazov Kamran me***@mail.ru ID: 7391
Sual 1. Xahiş edirik, Vergi Məcəlləsinin 96.4-cü maddəsində qeyd olunan məşğulluq və əmlak anlayışlarına nəzəri və praktik olaraq ətraflı şəkildə izah verəsiniz. Əgər məşğulluq belə başa düşürəmki iş xidmətdirsə, bu onsuzda 125-ci maddədə demək olar ki, ətraflı sadalanıb və yaxud nədir axı bu anlayış? Əmlak dedikdə, bu hansı növ əmlak nəzərdə tutulur? Ümumiyyətlə bu maddə haqqında heç bir vəsaitdə məlumat yoxdur. Sual 2. Vergi Məcəlləsinin 96.1 -ci maddəsində "Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir". Misal olaraq 500 manat muzdlu işdən gəlirim var əsas iş yerimdən də 200 manat azadolmam. Bu halda ödəmə mənbəyində vergi tutulduğu halda vergitutma obyekti 500 manatdır, yoxsa 300 manat? Mənim fikrimcə ödəmə mənbəyində vergi tutulduğu halda vergitutma obyekti vergiləndirilməsi nəzərdə tutulan 500 manatdır. Xahiş edirəm münasibətinizi bildirəsiniz.
26/01/2023 Oxunub: 298 Orta qiymət: 5

Birinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 96.4-cü maddəsinə əsasən məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin bu Məcəllədə müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.10-cu maddəsinə əsasən məşğulluq - Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.

Həmin qanunun 4.1-ci maddəsinin müddəalarına əsasən muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əsasən məşğul şəxslərə aiddir.

Həmçinin Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və sudur.

Vergi Məcəlləsinin 13.2.16.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır.

Sorğunuzda qeyd olunan halda, Vergi Məcəlləsinin 96.4-cü maddəsi qeyri-rezident şəxslərin Azərbaycan Respublikasında məşğulluqdan, o cümlədən sahibkarlıq fəaliyyətindən, həmçinin mal təqdim edilməsindən əldə etdiyi gəlirləri üzrə vergitutma obyektini müəyyən edir.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Eyni zamanda Vergi Məcəlləsinin 12.4-ci maddəsinə əsasən vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda muzdlu işdən əldə edilən gəlirin tam məbləği (500 manat) gəlir vergisinin vergitutma obyekti, müvafiq azadolma məbləği çıxıldıqdan sonra qalan məbləğ (300 manat) isə vergitutma bazasıdır.

Beləliklə, qaldırdığınız məsələ üzrə Vergi Məcəlləsinin 96.1-ci maddəsi üzrə gəldiyiniz qənaət doğrudur.

Əsas: Vergi Məcəlləsinin 12-ci, 13-cü və 96-cı maddələri, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (6 Orta qiymət)
Qiymət ver: