Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Samirə Ağalarova aq***@gmail.com ID: 7757
Salam. Əgər mən internet üzərindən (remote) hər hansısa bir xarici şirkətdə çalışıramsa, qazandığım məbləğdən necə vergi tutulur? Şirkət bildirib ki, pul mənim bank hesabıma köçürülməlidir.
23/02/2023 Oxunub: 223 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Qeyd olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunduqda, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Tərəfinizdən əldə olunan gəlir, muzdlu işdən deyil, sahibkarlıq fəaliyyətindən əldə olunduqda gəlir vergisi ödəyicisi kimi gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilməlidir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 101-ci, 127-ci və 149-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məhərli Anar Məhər an***@gmail.com ID: 7756
Salam. 2023-cü il üçün əməkhaqqından tutulan gəlir vergisi haqqında məlumat almaq istəyirəm. Yaşayış minimumu və minimum əməkhaqqının artırılması ilə əlaqədar gəlir vergisində dəyişiklik varmı? Yoxsa yenə 200 manat güzəşt tətbiq olunur?
23/02/2023 Oxunub: 96 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan Məmmədov or***@gmail.com ID: 7753
Salam. Şirkət yük daşıması fəaliyyəti ilə məşğul olur. Könüllü şəkildə ƏDV qeydiyyatından keçib. Suallar aşağıdakı kimidir: 1. Şirkət daşımaçılıq fəaliyyəti ilə məşğul olduğu üçün ƏDV ödəyicisi olmalıdır ya Sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməlidir? Sadələşdirilmiş vergi bəyannaməsi tərtib etməlidir ya yox ? 2. Müştərilər ƏDV ödəyicisi olduğu təqdirdə, şirkətin dövriyyəsi ƏDV-yə cəlb olunmalıdır ya yox? 3. Müştərilərə ƏDV daxil e-qaimə faktura təqdim etdiyimizdə müştəri həmin e-qaimə əsasında əvəzləşdirməni apara bilər?
23/02/2023 Oxunub: 300 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni və mənfəət vergisini tətbiq edə bilər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər ƏDV qeydiyyatına alındıqdan sonra öz fəaliyyətlərini ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi davam etdiridklərindən onların “Fərqlənmə nişanı” almaqla sabit şəkildə vergi ödəmək öhdəlikləri yaranmır.

Cavab 2. Vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatda olduğu halda, müştərilərin ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq, təqdim olunan xidmətlərin dəyərinə ƏDV hesablanmalıdır.

Cavab 3. Sorğunuzda qeyd olunan halda, müştərilərin elektron-qaimə fakturalar üzrə ödədiyi ƏDV məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə əməl olunmaqla əvəzələşdirilə bilər. 

Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 

Bununla belə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 156-cı, 175-ci, 218-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İlahə Rzayeva il***@yahoo.com ID: 7642
Salam. Bilmək istəyirdim, Dost İş Mərkəzi MMC-də işləyən sosial işçi məcburi köçkündürsə, vergidən azad olunmalıdır?
23/02/2023 Oxunub: 144 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Həmçinin bildiririk ki,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Sorğunuzda qeyd olunan halda Sizin muzdlu işdən əldə etdiyiniz aylıq gəlir 2500 manatadək olduqda 300 manat (200 + 100) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əhədov Zaur Eh***@mail.ru ID: 7661
Salam. Mən misal üçün Fərdi Sahibkar kimi Aptek açmışam, həm sahibiyəm, həm tək işçi özüməm. İllik dövriyyə 3.000.000 manatdan aşağıdı. Mən nə qəder vergi, DSMF, Tibbi siğorta, İşsizlik və s. ödəməliyəm, ödəniş necə aparılır?
23/02/2023 Oxunub: 247 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. 

Müraciətinizdə qeyd olunanlara əsasən, Sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində rübdə bir dəfə olmaqla Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada gəlir vergisi üzrə hesablanmış cari vergi məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı aparmalıdır.

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslə isə 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu halda vergi ödəyicisi tərəfindən təqdim etdiyi malların (xidmətlərin) dəyərinə 18 faiz dərəcə ilə əlavə dəyər vergisi hesablanmalı və müvafiq qaydada bəyan edilməlidir.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Muzdlu işçisi olmayan fərdi sahibkarlar tərəfindən isə işsizlikdən sığorta haqqının ödənilməsi tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 108-ci, 149-cu, 151-ci, 155-ci, 218-ci maddələri, “Tibbi sığorta haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Qədim Mehtiyev qe***@icloud.com ID: 7751
Salam. Mən MİDA yaşayış kompleksindən aldığım mənzilin ƏDV-sinin geri qaytarılması üçün müraciət etmişəm. Müraciətimə 14.02.2023-cü il tarixində təsdiq cavabı verilib. Məktubda qeyd olunubki 5 iş günü ərzində pul hesabıma köçürüləcək. Lakin 5 iş günü keçməsinə baxmayaraq pul hesabıma köçürülməyib. Bununla bağlı mənə köməklik etməyinizi sizdən xahiş edirəm. Qeydiyyat nömrəsi : 2316020031376000
22/02/2023 Oxunub: 111 Orta qiymət: 0

Bildiririk ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. Sorğunuzda qeyd olunan müraciət üzrə ƏDV-nin geri qaytarılması təmin edilmişdir. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aysel Mikayılzadə ay***@gmail.com ID: 7750
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.22-2. maddələsi ASC (Açıq tipli səhmdar cəmiyyətləri) və QSC-lərin (Qapalı tipli səhmdar cəmiyyətləri) 10% ödəmə mənbəyindən vergidən azad olduqlarını təsdiq edirmi?
22/02/2023 Oxunub: 180 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Qeyd olunan maddədə səhm və istiqrazların emissiyasını həyata keçirən emitent şəxsdən asılı olmayaraq, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istənilən səhm və istiqrazlar üzrə ödənilən gəlirlərə vergi güzəştinin tətbiqi nəzərdə tutulmuşdur.

Eyni zamanda kütləvi təklif edilmiş və tənzimlənən bazarda səhmlərin və istiqrazların ticarətə buraxılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ruslan Rüstəmov Eldar oğlu ru***@hotmail.com ID: 7749
Salam. Qeyri-rezident şirkətə Proqram təminatı üzrə dəstək haqqı və ya hansısa platformaya abunəçilik haqqı ödənildikdə hansı növ vergilər tutulur? Abunəçilik və yaxud lisenziya (misal üçün bir illik) üzrə ödənişlər royalti kimi nəzərə alınmalıdır və ya adi xidmət üzrə ödəniş kimi?
22/02/2023 Oxunub: 395 Orta qiymət: 0

Bildiririk ki, sorğuda göstərilən halda onlayn resurslardan istifadə və ya platformadan istifadə edilməsi üzrə ödənilən abunəlik haqlarına görə qeyri-rezidentə aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi və 18 faiz dərəcəsi ilə ƏDV tutulur.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi üzrə xidmətlərin göstərildiyi yer həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, yer hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aydın Əzimov İlqar ay***@gmail.com ID: 7748
Salam. Mən evin vergisini ödəmək istəyirəm (Lənkəran). Evin ümumi sahəsi 240 kvadrat metrdir. Zəhmət olmasa nə qədər vergisi var, yazardınız.
22/02/2023 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, vətəndaşın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə əmlak vergisinin hesablanması zamanı binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə Lənkəran şəhəri üzrə müəyyən olunan 0,2 manat vergi dərəcəsi tətbiq edilir ((240 – 30) x 0,2 =42 manat).

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qurbanov Vüsal Məhərrəm iğlu vs***@gmail.com ID: 7633
Salam, biz bilirik ki, 2023-cü il yanvar ayının 1-dən etibarən ölkə prezidenti cənab İlham Əliyevin qərarı ilə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Sualım belədir ki, əgər sahibkar işçini yarım ştat işə götürübsə, əmək müqaviləsində həmin işçinin əmək haqqısını 173 manat göstərə bilərmi və ya 1/4 ştatda 87 manat. Xahiş edirəm, ətraflı izah edin.
22/02/2023 Oxunub: 252 Orta qiymət: 4

Bildiririk ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

Digər tərəfdən Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Natamam iş vaxtı şəraitində işləyən işçinin əmək haqqının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Əmək Məcəlləsinin 155-ci, 157-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə". 

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Məhəmməd Əliyev Emil ma***@icloud.com ID: 7623
Salam. Mən bir mövzu haqqında məlumat almaq istəyirdim. Belə ki, instaqramda onlayn sahədə işləmək istəyirəm və mənə maraqlıdır ki, göstərəcəyim sahə üzrə nə qədər gəlir vergisi ödəməliyəm? Dizayn, menecer, takipçi satışı, instaqram səhifələrinin satışı və s. xidmətləri göstərmək istəyirəm. Bu xidmətlərdən əldə olunan gəlirin neçə faizi vergi olaraq ödənilməlidir? Məsələn, aylıq xidmətlər üçün xərclənən vəsait nəzərə alınmaqla 1000 azn gəlir olarsa, bu zaman nə qədəri vergi olaraq ödəməlidir?
21/02/2023 Oxunub: 218 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə (sorğunuza əsasən gəliriniz rüb ərzində 3000 manat olarsa: 3000 x 2% = 60 manat) sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.  

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı,101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Böyükağa Vəkil Əliyev al***@gmail.com ID: 7622
Salam, mən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidmətində könüllü fəaliyyətə cəlb olunmaq üçün necə müraciət etməliyəm? Xahiş edirəm, köməklik göstərəsiniz.
21/02/2023 Oxunub: 124 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün müraciət qəbulu bitmişdir. Könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə saytımızda məlumat veriləcək.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Mehdiyev Fuad Nağı oglu mo***@mail.ru ID: 7746
Salam. Müharibə veteranıyam, vətən müharibəsi iştirakçısıyam. Prezident tərəfindən medallarla təltif olunmuşam, portalda adim var, 80 manat prezident müavinəti alıram. Veteran vəsiqəsi hələ verilməyib. Portaldan çıxarış təqdim edərək əməkhaqqından tutulan gəlir vergisindən azad oluna bilərəm? Orta məktəbdə müəllim işləyirəm.
21/02/2023 Oxunub: 78 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Buna əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 108-ci və 143-cü maddələri, Əmək Məcəlləsinin 176-cı maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kazımlı Toğrul Teyyub ka***@gmail.com ID: 7744
2019-cu ildə Socar yay təcrübə proqramı çərçivəsində VÖEN hesabı açmışdım. Və 2 ay ərzində hesablanmış 30 AZN vergini ödəmişəm. Hazırda e-sosial platformasında 2019-cu il üzrə bu 30 AZN ödənilməmiş kimi göstərilir. Bunun səbəbi nədir?
21/02/2023 Oxunub: 77 Orta qiymət: 0

Bildiririk ki, E-sosial portalı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur. 

Vergi ödənişləriniz haqda ətraflı məlumatı isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə, eyni zamanda gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edə bilərsiniz.   

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qeysər Səfərəlieva Rafiq qızı qe***@gmail.com ID: 7741
Salam! Mən mənə məxsus yaşayış sahəni icarəyə verirəm. İcarə haqqı xaricdən daxil olur və 14% gəlir vergisi ödənilir (fəaliyyət kodu 682000, VOEN 1505731282). Bundan əlavə, bank tərəfindən daxil olan pulun nağd şəkildə istifadəsi zamanı əlavə 1% sadələşdirilmiş vergi məbləği tutulur. Sual: bank həmin 1% vergini tutmalıdır? Cavabdan asılı olmayaraq xahiş edirəm VM maddə/bəndini qeyd edərdiniz. Diqqətinizə görə təşəkkür edirəm!
21/02/2023 Oxunub: 201 Orta qiymət: 0

Bildiririk ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə aiddir. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. 

Qeyd olunanlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 99-cu və 220-ci maddələri.      

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülşən Cavadova Habil qızı ca***@mail.ru ID: 7740
1. Bank və ya digər kredit təşkilatı tərəfindən faktorinqlə bağlı xidmətlərin göstərilməsinə görə ƏDV nəzərdə tutulmuşdurmu? Bu məsələ ilə bağlı qanuni əsas nədən ibarətdir? 2. Faktorinq xidmətinin göstərilməsilə bağlı fəaliyyət həyata keçirmək istəyən müəssisə lisenziya almalıdırmı? Ümumiyyətlə, bu zaman hansı quruma və hansı qaydada müraciət edilməlidir? Prosedur necə nəzərdə tutulmuşdur?
21/02/2023 Oxunub: 196 Orta qiymət: 0

Bildiririk ki, qanunvericiliyə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur. 

Eyni zamanda qeyd olunan fəaliyyət növü üzrə xüsusi icazə və ya lisenziyaların alınması ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (195-1)  müraciət edilməsi tövsiyə olunur.

Əsas:  Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fidan Abdullayeva fa***@gmail.com ID: 7613
Müəssisə ƏDV ödəyicisidir, amma dövriyyəsi 200 000 manatı keçməyib, mikro sahibkarlıq subyektidir. Bu halda dividend çıxardarkən, ÖMV hesablanmalıdır ya yox?
21/02/2023 Oxunub: 218 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki (hüquqi) şəxslərin dividend gəlirləri gəlir (mənfəət) vergisindən azaddır.

Sorğunuzda qeyd olunan müəssisə ƏDV ödəyicisi olduğu üçün, yuxarıda qeyd olunan vergi azadolması müəssisənin ödədiyi dividendlərə tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-1-ci, 106.10-cu və 122.1-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Çoban Uğur Yusuf mg***@gmail.com ID: 7739
Salam, mən şirkətimin dövriyyəsi və fəaliyyətdə olması ilə bağlı sənəd almalıyam. Necə edə bilərəm?
21/02/2023 Oxunub: 59 Orta qiymət: 5

Vergi ödəyicisinin dövriyyəsi barədə və vergi ödəyicisinin fəaliyyətinin aktiv olub-olmaması barədə arayışların verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Həsənov Səxavət Nizami oğlu ch***@yahoo.com ID: 7738
Sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkar 01.01.2022-ci il tarixdən 31.12.2022-ci il tarixinədək "A" MMC-dən 230 min manat dəyərində mal almış və 20% ticarət əlavəsi tətbiq etməklə pərakəndə qaydada satışını həyata keçirmişdir. Fərdi sahibkar tərəfindən ardıcıl 12 ay üzrə təqdim edilmiş və vergiyə cəlb olunan malların dəyəri dekabr ayında 210 min manat təşkil etdiyi üçün 01.01.2023-ci il tarixdən ƏDV məqsədləri üçün könüllü qaaydada ƏDV qeydiyyatına durmuş və hesabat ilinin sonuna anbarında 55 min manatlıq mal qalığı qalmışdır. Fərdi sahibkarın 01.01.2023-ci il tarixdən ƏDV qeydiyyatında olduğunu, 01.01.2023-cü il tarixə anbarında 55 min manat dəyərində mal olduğunu, bu mala 20% ticarət əlavəsi tətbiq edilməklə təqdim olunacağını nəzərə alaraq ƏDV məbləğinin aşağıda qeyd edilən hansı hesablama nümunəsində doğru olduğuna aydınlıq gətirilməsini Sizdən xahiş edirəm. 1. 55000 + 20% = 66000/1.18 x 18% 2. 55000 + 20% = 66000 x 18% Əlavə olaraq bildirmək istərdim ki, 2-ci misalda malın maya dəyərinə ticarət əlavəsi tətbiq edilməklə alınan məbləğə əlavə olaraq ƏDV tətbiq olunacağı təqdirdə müəyyən edilmiş məbləğ mövcud bazar dəyərindən baha olacaqdır ki, bu qiymətə malların satışının həyata keçirilməsi mümkün deyildir.
20/02/2023 Oxunub: 155 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Həmçinin, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 

Müraciətinizdə qeyd olunan halda məbləğ müştəridən və ya hər hansı digər şəxsdən alınmalı məbləğdən (66 000 manat) 18 faiz dərəcə ilə ƏDV hesablanmalıdır.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 161-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Səxavət Nizami oğlu ch***@yahoo.com ID: 7737
Salam. Zəhmət olmasa yaranmış anlaşılmazlığa aydınlıq gətirilməsini xahiş edirəm. 01.01.2020-ci ildən ƏDV qeydiyyatında olan "A" MMC 17.02.2020-ci il tarixdə "B" MMC-dən 1180 manat (ƏDV daxil) dəyərində mal almış, 22.02.2020-ci il tarixində hesablaşma hesabından "B" MMC-nin hesabına 1000 manat əsas məbləğ və ƏDV-nin sub-uçot hesabına 180 manat ƏDV məbləğini ödəmişdir. "A" MMC tərəfindən ödənişin aparıldığı ay üzrə (2020 Fevral) ƏDV bəyannaməsi təqdim edilən zaman əldə edilmiş e-qaiməyə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilməmişdir. "A" MMC tərəfindən əldə olunmuş və dəyəri 2020-ci ilin fevral ayında ödənilmiş, lakin ödənişin aparılmasına baxmayaraq əvəzləşdirilməmiş e-qaimənin 2023-cü ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirilməsinə qanunvericilikdə yol verilirmi?
20/02/2023 Oxunub: 147 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş elektron qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəzləşdirmə hüququnun yarandığı ay üzrə təqdim edilən ƏDV bəyannaməsində əks etdirilir. Əvəzləşdirmənin sonrakı hesabat dövrləri üzrə ƏDV bəyannamələrində nəzərə alınması və həyata keçirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Eyni zamanda Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 72-ci və 175-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: