Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.
Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.
Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 59-cu, 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Buna əsasən, kapital xarakterli xərclər çəkilməklə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri vergi ödəyicisinin Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilir.
Eyni zamanda, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Əvəzləşdirilmiş ƏDV məbləği isə, aktivin dəyərinə əlavə edilmir.
Əsas: Vergi Məcəlləsinin 143-cü və 175-ci maddələri.
Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin (aktın, şəhadətnamənin, qeydiyyat vəsiqəsinin) və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti ərizəyə əlavə edilməlidir.
1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.
Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.
Bildiririk ki, kommersiya qurumunun rəhbərinin dəyişdirilməsi zamanı vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlər əsasında qeydiyyat orqanı hüquqi şəxsin məlumatlarında dəyişiklik edir və 5 iş günü ərzində dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.) vergi ödəyicisinə təqdim edilir və ya elektron kabinetə göndərilir.
Məlumat üçün bildiririk ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.
Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.
Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.
Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".
Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Buna əsasən, sorğuda qeyd olunan halda müvafiq qaydada ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsinə məhdudiyyət nəzərdə tutulmamışdır.
Cavab2. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan halda mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.
Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır.
Həmçinin məlumat üçün bildiririk ki, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Azərbaycan Respublikasının rezidenti olduğunuz halda, Almaniya Federasiyasında gəlir əldə etmək hüququnuz yarandığı gündən gec olmayaraq Azərbaycan Respublikasında vergi orqanına müraciət edərək uçota alınmalı, əldə etdiyiniz gəlirlərdən müvafiq təsdiqedici sənədlər əsasında gəlirin əldə edilməsi ilə bağlı xərcləri çıxdıqdan sonra 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəməlisiniz.
Bu zaman Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə həmin ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən vergilərin ödənildiyini təsdiq edən sənədin əsasında Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101-ci, 102-ci və 127-ci maddələri.
Bildiririk ki, namizədlər internet vasitəsi ilə müsabiqədə iştirak ilə bağlı elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən 10 iş günü keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına heç bir məlumat göndərilmədikdə 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə, o cümlədən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim eilməsi (satılması) anlamını verir.
Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.
Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.
Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0
Eyni zamanda bildiririk ki, Siz etibarnamə əsasında səlahiyyətli nümayəndəniz vasitəsilə vergi orqanına müraciət edərək vergi uçotunuz və mövcud öhdəlikləriniz haqda məlumatları əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.
Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.
Yuxarıda qeyd olunan müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilmişdir.
Bildiririk ki, çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) dövlət vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər.
Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.
Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin (aktın, şəhadətnamənin, qeydiyyat vəsiqəsinin) və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti ərizəyə əlavə edilməlidir.
1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.
Eyni zamanda bildiririk ki, uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.
Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.
Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.
Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 19.09.2022-ci il saat 10:00-dan 16.10.2022-ci il saat 23:59-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az və www.e-taxes.gov.az) yerləşdirilmiş elanda qeyd olunan elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) və məhkumluğun olmaması barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır.
Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən 10 iş günü keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına heç bir məlumat göndərilmədikdə 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə, o cümlədən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Bildiririk ki, 26 iyul 2022-ci il tarixədək qüvvədə olmuş “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi göstərilmişdir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Qərarı ləğv edilmişdir.
Təsdiq edilən yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir.3
Buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat tariflərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı.
Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:
- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
- uşağın doğulması haqqında şəhadətnamənin surəti:
- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
- övladlığa götürmə barədə məhkəmə qərarının surəti
Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”