Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Məmmədov Samir Hünbətəli oğlu sa***@gmail.com ID: 902
Salam, hörmətli Vergilər Nazirliyinin kollektivi! Mənim sualım belədir ki, əgər bir vətəndaşımız və onun arvadı işləyirsə və himayələrində 3 və ya daha çox gəliri olmayan ailə üzvü varsa, ikisindən biri (ər və ya arvad) gəlir vergisindən güzəşt hüququnu əldə edə bilirmi? Verəcəyiniz cavab üçün əvvəlcədən təşəkkür edirəm.
13/03/2020 Oxunub: 98 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsində qeyd olunan güzəşt hüququ qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər, tələbələr, eləcə də işləməyən həyat yoldaşı olan şəxslərə şamil edilir.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəlir himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Bax: Vergi Məcəlləsinin 102.5-ci və 102.8-ci maddələri, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Pərvin Qurbanov pe***@gmail.com ID: 907
Salam. Mənfəət vergisi bəyannaməsində Əlavə 1 Aktivlər, öhdəliklər və kapital olan bölmənin doldurulması vacibdirmi?
13/03/2020 Oxunub: 88 Orta qiymət: 5

“Mənfəət vergisinin bəyannaməsi"nin 1 №-li Əlavəsi "Mənfəət vergisinin bəyannaməsi”ni təqdim edən vergi ödəyiciləri tərəfindən yalnız vergitutma məqsədləri üzrə zəruri göstəricilər əks etdirilməklə vergi orqanına təqdim edilməlidir.

“Mənfəət vergisinin bəyannaməsi"nin və əlavələrin forması və doldurulması qaydası ilə saytımızın "Bəyannamələr" bölməsində tanış ola bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Orkhan Gurbanov or***@outlook.com ID: 900
Salam. Mən fiziki şəxs olaraq dizayn fəaliyyəti ilə məşğulam. Bundan əlavə, fəaliyyət sahələrini genişləndirmək istəyirəm. Bu barədə suallarımı aşağıda sizə yönəldirəm. Dizaynını verdiyim bəzi məhsullar var ki, mən onları başqa bir istehsalçıda reallaşdıraraq müştəriyə məhsul olaraq təklif edə bilərəm. Məhsullar: reklam məhsulları, hədiyyəlik əşyalar, bijuteriya - zinət məhsulları (mis, latun, gümüş, qızıl, sadə və dəyərli daşlar ), mebel. 1.Bu halda mənim göstərəcəyim xidmət hansı fəaliyyət növünə daxil olacaq? 2. VÖEN-də fəaliyyət kodunu hardan artıra bilərəm? (link) Hansı kodlar olacaq?
13/03/2020 Oxunub: 102 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxsin qanunla qadağan edilməyən birdən çox fəaliyyət növü ilə məşğul olmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisi ayrı-ayrı bir neçə fəaliyyət növü ilə məşğul olduqda bu haqda vergi orqanına məlumat verməlidir.

Vergi ödəyicisi vergi uçotuna alınarkən vergi orqanına təqdim etdiyi ərizədə məşğul olmaq istədiyi əlavə fəaliyyət növünü qeyd etmədikdə yeni fəaliyyət növünü müvafiq xanada göstərməklə yaşadığı ərazi üzrə vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni təqdim etməlidir.

Gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilər. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Iqtisadi fəaliyyət növlərinin təsnifatı haqda faylı səhifəmizin «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”, Vergilər Nazirliyinin Kollegiyasının 07 oktyabr 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fidan Məmmədzadə Ənvər ib***@gmail.com ID: 880
Salam. Mən öyrənə bilərəm ki, ödənişlər olunduğu halda onlayn kargüzarlığa borc bildirişi niyə gəlir? ŞHV-nə baxıram orda borc göstərmir. Zəhmət olmasa bu barədə məlumat verərdiz.
13/03/2020 Oxunub: 65 Orta qiymət: 5

Qeyd etdiyiniz halın dəqiq araşdırılması üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məmmədova Arzu Nazim qızı ar***@gmail.com ID: 853
Alış aktına əsasən tikinti materialları alanda 2% vergi tətbiq olunurmu? Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.5 Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən alınan mallar sıyahısında tikinti materialları yoxdur.
13/03/2020 Oxunub: 117 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur.

Siyahıda qeyd olunmayan tikinti materiallarının alınması zamanı ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmur. Malları təqdim edən şəxs özü vergi ödəyicisi kimi uçota alınmalı, hesabat təqdim edərək vergini ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Knyazov Məhəmməd Kamran me***@mail.ru ID: 872
1) Səyyar və operativ yoxlamanın gedişi zamanı ekspert və mütəxəssislərin təyin olunması barədə qərarlar yoxlanılan vergi ödəyicisinin onlayın kargüzarlığına göndərilməlidirmi və hansı müddətdə (qərarların verilməsi zamanı yoxsa yoxlamanın bitməsindəndan sonra)? 2) Təyin olunmuş ekspert və mütəssislərin rəyləri yoxlanılan vergi ödəyicinə verilmədirmi. Deyəkki nazirlik qərar verib ekspert təyin edir amma özü təyin etdiyi ekspertin rəyiylə razılaşmır və yeni ekspert təyin edir. Özü təyin etdiyi heç bir ekspertin rəyiylə razılaşmır. Təyin olunan hər bir ekspertin rəyiylə razılaşıb razılaşmamasından asılı olmayaraq hər bir ekspertin rəyi yoxlanılan vergi ödəyicisinə verilmədirmi və hansı müddətdə?
13/03/2020 Oxunub: 80 Orta qiymət: 5

Səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı qəbul edilən qərarlar, tərtib edilən aktlar və protokollar tərtib edildiyi tarixdən sonra 5 (beş) gündən gec olmayaraq vergi ödəyicisinə təqdim edilməlidir.

Eyni zamanda, sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya imza edilməklə şəxsən verildikdə, elektron formada tərtib edilmiş sənədlər elektron qutuya daxil olduqda lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.

“Ekspertizanın təyin edilməsi haqqında Qərar” çıxarmış vergi orqanı səyyar vergi yoxlaması keçirilən vergi ödəyicisini qərarla tanış etməyə və həmin şəxsin Vergi Məcəlləsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur.

Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə məlumat yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. Əlavə ekspertiza ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda təyin edilir və bu ekspertiza həmin və ya başqa ekspertə həvalə edilir. Təkrar ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda təyin edilir və başqa ekspertə həvalə edilir.

Əsas: Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”

5/5 (2 Orta qiymət)
Qiymət ver:
ZAUR RZAYEV ELDAR za***@emsa.az ID: 875
Mən işdən çıxa bilmirəm və taksi fəaliyyəti ilə bağlı mənim yaxın qohumuma 9 ay (ödəmədiyi üçün) cərimə tətbiq olunub. Deyilir ki, yaxınlaşın və ərizə ilə müraciət edin işinizə baxılsın. Zəhmət olmasa həmin ərizə formasını mənə göndərin. Çünki qohumum 60 yaşında olduğu üçün ərizəni doldura bilmir. Hazır ərizə olsa ona köməklik edərdim və özü imza cəkib yaxınlaşıb sizə təqdim etsin. Öncədən təşəkkürlər.
13/03/2020 Oxunub: 63 Orta qiymət: 5

Bildiririk ki, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

Vergi orqanları tərəfindən hesablanmış borc məbləğinin mübahisəli olduğunu hesab edirsinizsə, vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına və ya Vergilər Nazirliyinə sərbəst formada kağız daşıyıcıda və ya elektron formada müraciət edə bilərsiniz.

Elektron formada müraciətin göndərilməsi Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Vergi orqanlarına müraciət” altbölməsi vasitəsi ilə mümkündür.

Əsas: Vergi Məcəlləsinin 62-ci maddəsi.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ağayeva Qumral Əlzaman qızı gu***@gmail.com ID: 885
Salam. Mən Youtube vasitəsi ilə reklam xarakterli videoçarxlar buraxmaq istəyirəm və hər 3-4 aydan bir hesabıma buna görə pul oturacaq. Passiv gəlir. Mən bu fəaliyyəti rəsmi etmək istəyirəm, lakin bilmirəm fəaliyyət kodunu nə seçim. Online reklam yerləşdirərək qazanc əldə etmək üçün hansı fəaliyyət kodu olmalıdır?
13/03/2020 Oxunub: 104 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən, gəlirlərinizin “YouTube” videohostinqi tərəfindən ödənildiyi və  fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, mikrosahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd etdiyiniz fəaliyyəti (63120 WEB SƏHİFƏLƏRİNDƏN (İNTERNET PORTALLARINDAN) İSTİFADƏ) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər  barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Sahibkarın vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Yusif Osmanov Yasar Os***@gmail.com ID: 883
Salam, mən özüm ali təhsilliyəm, bilmək istəyirəm vergi orqanlarında işə girmək üçün nə etmək lazımdır? İmtahanı vergi orqanı götürür, yoxsa dövlət qulluğu?
13/03/2020 Oxunub: 42 Orta qiymət: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul vakant yerlər yarandıqda Vergilər Nazirliyi tərəfindən elan olunmuş müsabiqə əsasında həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün şərtlər barədə geniş məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarına işə qəbulla bağlı daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla), eləcə də Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Orxan şirinov Əfqan os***@gmail.com ID: 881
Salam. Vergi tutulması minimum əmək haqqının neçə faizidir? Adi vətəndaşlar üçün Vergi güzəştləri kimlərə şamil olunur. Ailədə (onkoloji) xəstə olan insan olması vergi güzəştinə daxildir?
13/03/2020 Oxunub: 68 Orta qiymət: 5

Bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində 8000 manata qədər 0 faiz, 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində, digər şəxslərdə isə 2500 manatadək 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi tutulur.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyumun hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsin 101-ci, 102.2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sakit Davidov sa***@mail.ru ID: 887
Salam. Şəxsi hesab vərəqəsində “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” 01.01.2019 tarixə saldo Penya qalıq - 44 AZN qeyd edilib. Qeyd edilən məbləği haradan (Bank, online və s.) ödənilməsi və hansı hesaba ödənilməsi haqqında məlumat verərdiniz.
13/03/2020 Oxunub: 67 Orta qiymət: 5

Bildiririk ki, qeyd etdiyiniz halda, onlayn və ya nağdsız qaydada 123420 - Sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar kodu ilə ödənişi həyata keçirə bilərsiniz.

Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Anar Mahmudov an***@gmail.com ID: 854
Salam. Sual-cavab bölməsində 2018-ci ildə verilən hər hansı bir sualı necə tapa bilərəm. Sayt yenilənib və baza tam olaraq yeni sayta daxil edilməyib deyəsən.
13/03/2020 Oxunub: 55 Orta qiymət: 5

Bildiririk ki, Vergilər Nazirliyinin əvvəlki saytında qeyd olunan suallar və cavablar ilə saytımızın əvvəlki versiyasında tanış ola bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Şikar Zeynalov sh***@gmail.com ID: 708
Salam, müəssisə idxal mallarının topdan satışı ilə məşguldur.Mallar qarşı tərəfə təgdim edilərkən satıcı tərəfindən malların qəbul təhvil aktı sənədi mütləq şəkildə qarşı tərəfə təgdim edilməlidirmi?digər sual isə müəssisə məsələn dəftərxana və digər malların alısı zamanı malların qəbul təhvil aktı malları təqdim edən tərəfindən tərtib edilməlidir yoxsa alıcı özü tərtib etməlidir,?
13/03/2020 Oxunub: 80 Orta qiymət: 5

Topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən həyata keçirilir.

Həmin qaydalara əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir.

Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Şirinova Elnarə Ələddin ja***@gmail.com ID: 874
Salam, mənə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub gelib . Mənim tərəfimdən təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəblərdən kameral vergi yoxlanılmasının aparılması mümkün olmamışdır. 1.Uçot -məlumat bazasınım göstəricilərinə əsasən vergi orqalarında mənə məxsus qeydiyattda olan NKA müəyyən edildiyi halda təqdim etdiyim bəyannamənin 804.2-ci və 812.1-ci " Pərakəndə satişdan əldə edilmiş ümumi hasılatın həcmi əks etdirilməmişdir. 2. Təqdim etdiyim "Sadələşdirilmiş verginin bəyannaməsi"nin "Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat" bölməsinin 821.1.2-ci sətrinin(Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin 1607.1.2.-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlirin məbləği ) sütunlarında göstərilmiş 0 manat məblğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabah dövrü müəyyən edilən icarə haqqı məbləğindən 315 manat azdır . Suallarım bunlardır: 1) 812.1-ci sətr bəyannamədə yoxdur. Ona görədə qeyd edə bilmedim. 2) Bəyannamədə Daşınmaz əmlak üçün ödənilər icarə haqqı üzrə bu günə kimi rüblük hesabatlarda doldurulmayıb. Niyə indi mənə belə səbəblər gəlir. həm dolduranda onun faizini mən odəməliyəm ya icarə verən şəxs?
13/03/2020 Oxunub: 95 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Məlumat üçün bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən tutularaq büdcəyə köçürülməlidir. Hüquqi şəxslərə ödənilən icarə haqqından isə ödəmə mənbəyində vergi tutulmur.

Qeyd olunan məlumatlar, sadələşdirilmiş vergi bəyannaməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” adlanan 3-cü bölməsi hesabat dövründə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində vergitutma öhdəliyi yaranan sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən tərtib edilir.

Hesabat dövrü üzrə vergi ödəyicisinin ödəmə mənbəyində tutulan vergilər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqından başqa öhdəliyi yaranarsa, bu halda bəyannamənin bu bölməsi doldurulmur və vergi ödəyicisi tərəfindən hesabat dövrü üçün daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı əks olunmaqla tərtib edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” tərtib edilərək təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 37-ci, 99.3.3-cü və 124-cü maddələri, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məmmədov Fuad Nazim oğlu fu***@gmail.com ID: 891
Salam. Tikinti materiallarının topdan satışı ilə məğul olan (18 % ƏDV) ƏDV ödəyicisi olan rezident müəssisə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edil “Malların alış aktı”nın forması (MAA-1) əsasında vergi ödəyicisi olmayan fiziki şəxsdən, Azərbaycan Respublikasının vətəndaşından mal-material alır və ödənişini (Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunun 3.3 maddəsinə nəzərə alaraq) nəğd olaraq həyata keçirir. Bilmək istərdik ki, göstərilən nəğd ödəniş “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5 maddəsinə hər hansı ziddiyyət təşkil edir?
13/03/2020 Oxunub: 78 Orta qiymət: 5

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Göründüyü kimi, vergi ödəyicisi tərəfindən Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq, təqvim ayı ərzində qanunla müəyyən olunmuş hallarda yalnız nağdsız qaydada hesablaşmalar üzrə ödəmələr istisna olmaqla digər məxaric əməliyyatları üzrə ödənişlər həmin maddədə göstərilən hədlər daxilində (15 000 manat və 30 000 manat olmaqla) nağd qaydada ödənilə bilər.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cavid Cəərçiyev İbrahim ca***@gmail.com ID: 838
Salam. Yeni hüquqi şəxsin (təmsil etdiyim fiziki şəxslər üçün) yaradılması zamanı online kargüzarlıq sistemində tələb olunan bütün məlumatları doldurub 1-ci təsisçinin adından təsdiqlədim, lakin 2-ci təsisçinin hesabına daxil olduqda təsdiqlənəcək heç bir sənəd görünmür. Buna görə də prosesi tamamlayıb müraciət ərizəsini göndərmək mümkün olmur. Xahiş edirik yardımçı olasız. Təşəkkürlər.
13/03/2020 Oxunub: 46 Orta qiymət: 3

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Bəndalı Bəşirov Bəşir oğlu be***@yahoo.com ID: 993
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Mənim hazırda əmək haqqım 494 AZN-dir. Bu zaman mənim əmək haqqımdan nə qədər gəlir vergisi tutulmalıdır? 200 AZN azadolma da qüvvədə olurmu? Zəhmət olmasa, e-mail ünvanına da bu müraciətə cavabı ünvanlayarsız.
11/03/2020 Oxunub: 39 Orta qiymət: 0

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Aşağıda qeyd olunan güzəşt hüququnu təsdiq edən sənədlərdən birini təqdim etdiyiniz halda, sizin əməkhaqqınızdan gəlir vergisi tutulmur. 

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
huseynova aygun sədi hs***@mail.ru ID: 801
Salam. Bu ilin yanvar ayında EVHF ləğv olunduqsan sonra əvəzləşməyə qaimələri birbaşa daxil edib əvəzləşmə göndərməliyik? Qeyd edim ki, dəyişiklikdən sonra göndərilən EVHF necə olacaq? Firma tərəfindən göndərilib.
11/03/2020 Oxunub: 41 Orta qiymət: 0

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilmişdir və həmin tarixdən etibarən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir.  

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərid Süleymanov Fuad fa***@gmail.com ID: 992
İşçi Bakı şəhərinə 1 günlük ezam olunub, və mehmanxana xərci kimi qəbz və ya kassa çeki gətirib 70 manatlıq. Şirkətimiz həmin qəbzə və ya çekə əsasən mənfəət vergisində xərc kimi nəzərə ala bilər?
11/03/2020 Oxunub: 106 Orta qiymət: 5

Bildiririk ki, faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Xidməti təqdim edən şəxs tərəfindən xidmətin alıcısına təqdim edilmiş ciddi hesabat blankları xərci təsdiq edən sənəd hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 109.7-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Səlimov Vüsal Vaqif oğlu vu***@yahoo.com ID: 991
Salam. Şirkət icarəyəverəndən yer icarəyə götürüb. Yerin-obyektin Reyestrindən çıxarışında məsələn 1000 kv yazılıb, amma texniki pasportunda 1500 kv. İcarə haqqı çıxarışdakı kv üzrə hesablanıb. Faktiki olaraq Şirkət əlavə kimi görünən 500 kv yerdən anbar kimi istifadə edir. Xahiş edirəm aydınlaşdırardınız: İcarə müqaviləsində əks olunmayan, amma faktiki istifadə edilən, eyni zamanda çıxarışda əks olunmayan 500 kv üçün hansı öhdəliklər nəzərdə tutulur?
11/03/2020 Oxunub: 53 Orta qiymət: 0

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannnamə təqdim edir.

Müraciətinizdə qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan icarə haqqı fiziki şəxsə ödənildikdə yuxarıda qeyd olunan qaydada ödəmə mənbəyində vergi tutularaq vergi orqanıan hesabat təqdim edilməlidir. Göründüyü kimi vergitutma obyekti təsərrüfat subyektinin ölçüsü əsasında deyil, icarə haqqı kimi əldə olunan gəlir əsasında müəyyən edilir. 

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: