Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Cəmil Əsədov Tavuz oğlu as***@gmail.com ID: 990
Salam. Bilmək istərdim ki, müəssisə rəhbəri (yaxud fərdi sahibkar) əməkdaşları üçün 24 saatlıq iş rejimi tətbiq edə bilərmi (yəni 24 saat işləyir, 2 yaxud 3 gün istirahət edir)? Əgər tətbuq edə bilərsə bu çox növbəli iş rejimi sayılırmı?
11/03/2020 Oxunub: 31 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elsevən Səfərov Fərhad oğlu e.***@expressbank.az ID: 654
Hörmətli həmkarlar salam. Banklar Viza Card və Master Card Prosesinq mərkəzinin xidmətlərindən istifadə edirlər. 01 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə olunan dəyişikliklə bağlı Sizə 2 sualımız vardır. 1. Viza Card və Master Card Prosesinq Mərkəzlərində xidmət göstərdiyi üçün ƏDV-yə cəlb olunurmu? Əgər olunursa, Vergi Məcəlləsinin hansı bəndinə əsasən tənzimlənir. 2. Viza Card və Master Card sistemləri Azərbaycan bankına konsultasiya xidməti göstərir. Bu zaman ƏDV-yə cəlb olunurmu? və olunursa bu Vergi Məcəlləsinin hansı bəndinə uyğun aparılır.
10/03/2020 Oxunub: 153 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətləri ƏDV-dən azaddır. Maliyyə xidmətlərinin siyahısı isə Vergi Məcəlləsinin 13.2.14-cü maddəsində təsbit edilmişdir.
Qeyd olunanlara əsasən beynəlxalq kart təşkilatları (MasterCard və Visa) tərəfindən banklara göstərilən xidmətlər Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə əhatə olunan maliyyə xidmətlərinə aid edildiyi halda bu xidmətlər müqabilində ödənilən xidmət haqları ƏDV-dən azaddır. Həmin xidmətlər maliyyə xidmətlərinə aid oldmadığı halda isə bu xidmətlər ƏDV-yə cəlb olunan əməliyyat hesab olunur və bu xidmətlərin müqabilində ödənilən haqdan ƏDV tutulur.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən patentlərin, lisenziyaların mülkiyyətə verilməsi, məsləhət, habelə digər analoji xidmətlərin göstərildiyi yer həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 13.2.14-cü, 164-cü və 168-ci maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Sevda,Əfəndiyeva,Qasımbala ef***@mail.ru ID: 989
Salam. 20 kvadratmetrlik ərzaq mağazası işlətmək istəyirəm. Satıcı olsa nə qədər sosial sığorta haqqı ödəməliyəm? Deyirler 125 manat özümə. Satıcıya görə də 65 manat aylıq. Özüm də 2-ci qrup əliləm. Bilmək istərdim belədir ödəniş?
10/03/2020 Oxunub: 34 Orta qiymət: 0

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Ticarət fəaliyyətindən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi miqdarında ödənilir. Eyni zamanda, işçinin gəliri 200 manatadək olduqda işəgötürən tərəfindən ödənilən sosial sığorta haqqı 22 faiz, 200 manatdan çox olduqda isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi həcmində müəyyən edilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Valeh Ekberli Sadiq Va***@gmail.com ID: 988
Salam, mənim yoldaşım aptekdə işləyir, aptekçidir. Onun vergisini aptek sahibi ödəməidir, ya şəxsin özü? Və bu vergi rüsumu nə qədərdir? 250 manat maaş alır.
10/03/2020 Oxunub: 58 Orta qiymət: 5

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğunuzda qeyd olunan halda işçinin 250 manat əməkhaqqından gəlir vergisi tutulmur və 11 manat sosial sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sakir Sərvanov s.***@mail.ru ID: 987
Salam. Misal üçün deyirəm, il ərzində aldığım məhsulun hamısını satmışam və məhsulun satışından 10000 manat gəlir əldə etmişəm(ƏDV -siz) ki, həmən məhsulun alışına 8000 manat (ƏDV -siz) pul xərcləmişəm. Mənim gəlir vergim (10000-8000)*20%=400 manat təşkil edir. Gəlir vergisi üzrə Bəyannamə Tərtibatı Proqramının 1 nömrəli əlavəsonə əsasən İlin əvvəlinə anbar qalığım "0" manat olmuşdursa, anbara daxil olmuş malların dəyəri (ƏDV -siz) 8000 manat, anbardan təqdim olunmuş malların ümumi dəyəri (ƏDV -siz) 10000 manat olur. Gəlin bunun riyazi hesablanma qaydasına baxaq. "0+8000-10000= -2000" riyazi hesablamadan aydın olurki, mənim, 8000 aldığım malı 10000 manata satıb 2000 manat qazanc əldə etməyimə baxmayaraq mən anbar hesabına əsasən "-2000" manat ziyana işləmişəm. Xahiş edirəm bu misal barəsində ətraflı araşdırma aparılaraq izahat verilsin. Təşəkkür edirəm.
10/03/2020 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, Gəlir vergisi bəyannaməsinin 1 saylı Əlavəsində “Dövr ərzində daxil olmuşdur”, “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütunlarının xanalarında vergi ödəyicisi tərəfindən hesabat dövrü ərzində müvafiq aktivlərin hərəkəti (dəyəri ilə) yazılır və “Hesabat dövrünün sonuna” sütununun xanalarında hesabat dövrünün sonuna aktivlərin dəyəri aşağıdakı qaydada göstərilir:
Aktivlərin ilin əvvəlinə dəyəri, üstəgəl “Dövr ərzində daxil olmuşdur” sütunun xanalarında göstərilən daxil olmuş aktivlərin məbləğləri, çıxılsın “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununun “təqdim edilmişdir”,“silinmişdir” və “ləğv edilmişdir” sətirlərində göstərilən aktivlərin dəyəri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Quliyev Faiq fa***@mail.ru ID: 981
Salam. Hüquqi şəxsin təsisçisi həm də fiziki şəxs kimi fəaliyyət göstərmək üçün VÖEN almışdır. Həmin hüquqi şəxs təsisçi kimi cəmiyyətə borc verir. Sonra cəmiyyət borcu qaytararkən təsisçinin şəxsi hesabına ödəniş edə bilərmi? VÖEN-ə bağlı hesaba ödənildikdə 1 faiz nəğdləşdirməyə görə ödəniş olunur.
07/03/2020 Oxunub: 74 Orta qiymət: 0

Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.  Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4.6-cı maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Ramazanlı Cəmil oğlu el***@yahoo.com ID: 811
Salam. Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliyə əsasən 01.01.2020-ci il tarixdən etibarən ƏDV hesabatları hesablama metodu ilə deyil, kassa metodu ilə hazırlanıb təqdim edilməlidir. 2020-ci ilin yanvar ayında təqdim edilmiş mallar üzrə müştəri tərəfindən ƏDV məbləği yanvar ayının sonunda depozit hesabına ödənilmişdir. Həmin mallar üzrə əsas məbləğ isə fevral ayında ödənilmişdir. Bu halda həmin təqdim edilmiş mallar üzrə dövriyyə məbləği hansı ayın hesabatında təqdim edilməlidir?
06/03/2020 Oxunub: 202 Orta qiymət: 5

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında (sorğunuzda fevral ayı) həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri.

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Sevil Hüseynova Qabil qızı be***@gmail.com ID: 803
Salam. Mənim sualım: Hüquqi şəxs vergi ödəyicisi olmayan şəxsdən müəssisəyə lazım olan bəzi malları alırsa 01 yanvar 2020-ci iln qanununa əsasən Elektron Alış aktında neçə faiz Ödəmə mənbəyindən vergi tutulmalıdır? Əvəlcədən təşəkkürümüzü bildiririk.
06/03/2020 Oxunub: 177 Orta qiymət: 4

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur.

Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və  bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Əsas: Vergi Məcəlləsinin 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Emil Əliyev em***@mail.ru ID: 808
Salam. MDSS üzrə 121300 koduna edilən köçürmələr 2020 -ci ilin yanvar ayından hansı koda köçürülür ? Xahiş edirəm cavablandırasınız.
06/03/2020 Oxunub: 156 Orta qiymət: 5

Bildiririk ki, Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli 370 nömrəli qərarına əsasən, “Büdcə gəlirlərinin Təsnifatı"nda bir sıra dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən, Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar 121300 altbölməsində fəaliyyət sahələri üzrə aşağıdakı qaydada təsnifləşdirilmişdir:
121310      Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar
121320      Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar
121330      Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121340      Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121350      Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121360      Ailə kəndli təsərrüfatları üzrə ödənilən sosial ayırmalar
121370      Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121380      Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
Bu keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Rəhim Aslanov Nəriman Ni***@manil.ru ID: 802
Salam. Mən iki yerdə müəllim işləyirəm və özüm də veteranam. Atam 1941-1945 müharibəsində iştirakçı olub, " İgidliyə görə” medalı və “Qırmızı Bayraq ordeni" ilə təltif edilib. Bilmək istəyirəm ki, mənə nə qədər vergi güzəşti tətbiq edilməlidir və həmin güzəşt hər iki iş yerinə şamil edilir ya yox? Öncədən təşəkkür edirəm.
06/03/2020 Oxunub: 146 Orta qiymət: 5

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.2.6-cı maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni Siz sonuncu iki güzəştdən yalnız birindən, müvafiq təsdiqedici sənədi təqdim etməklə istifadə edə bilərsiniz.

Qeyd olunanlara əsasən, Sizin əsas iş yerinizdə muzdlu işdən əldə etdiyiniz gəlirlərdən 600 (400+200) manat çıxıldıqdan sonra qalan məbləğdən Vergi Məcəlləsinin 101.1-ci və ya 101.1-1-ci maddəsinə əsasən gəlir vergisi hesablanır.

Əsas olmayan iş yerində isə verilən əmək haqqının tam məbləğindən ümumi qaydada gəlir vergisi tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 102.2.7-ci, 102.7-ci və 102.8-ci maddələri,  Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Rauf Əsədov Vidadi oğlu sa***@mail.ru ID: 807
Salam. Onlayn qaydada MMC yaradarkən MMC-nin adında hərf səhvi olmuşdur. O səhvi aradan qaldırmaq üçün MMC-nin adında dəyişiklik etmək istəyirəm. Bununla bağlı hansı sənədlər təqdim etmək lazımdır? Xahiş edirik köməklik göstərəsiniz.
06/03/2020 Oxunub: 108 Orta qiymət: 5

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-nin, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən,  kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Gulər İpek ke***@list.ru ID: 837
Salam. Sizə sualım: yeni açılacaq otel üçün hüquqi şəxs adına VÖEN açılması, hansı sənədlərin gərəkli olması və müraciətin hansı şəkildə, hara olması. Təşəkkürlər.
06/03/2020 Oxunub: 71 Orta qiymət: 5

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlər təqdim edilməli olan vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda, bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı - elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - Asan İmza vasitəsilə;   
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Vergilər Nazirliyinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Müşfiq Orucəli oğlu Əliyev Mu***@mail.ru ID: 842
Salam. Sizə sualım bundan ibarətdir ki, mən rayon qəsəbəsində market və ya dükanlarda əmək müqaviləsiylə işləmək istəyirəm. Yəni sosial sığorta ödənişi, staj deyirlər. Bilmək istəyirəm dükan sahibi bir işçi üçün dövlətə hansı ödənişləri edir və ayrı-ayrılıqda nə qədər ödəyir? Sizdən xahiş edirəm sualıma cavab verəndə sadə tərzdə və geniş yazın tam başa düşüm. Diqqətinizə görə təşəkkür edirəm.
06/03/2020 Oxunub: 94 Orta qiymət: 5

Bildiririk ki, işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır.

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqı məbləğini daxil etməklə gəlir vergisi və digər tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 101.1-2-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Nailə Səmədova Vaqif na***@mail.ru ID: 828
Salam. Mən dövlət vergi orqanlarında işə qəbulla bağlı maraqlanıram. Mənim ixtisasım texniki istiqamətlidir. Bilmək istəyirdim ki, ixtisasımdan asılı olmayaraq imtahanda iştirak edə bilərəm? Yoxsa ixtisasım texniki istiqamətli olduğu üçün iştirak edə bilmərəm?
06/03/2020 Oxunub: 57 Orta qiymət: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul vakant yerlər yarandıqda Vergilər Nazirliyi tərəfindən elan olunmuş müsabiqə əsasında həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar və digər məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nicat İbrahimov Habil ib***@gmail.com ID: 845
Salam. Mənə Vergilər 195-dən belə bir mesaj gəlib: Sizin (VOEN: 2201489732) İnternet Vergi İdarəsindən olan elektron qutunuzda 1 ədəd oxunulmamış sənədiniz var. Bunu necə oxuyum?
06/03/2020 Oxunub: 66 Orta qiymət: 5

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetlərinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əşrəf Mahmudov Kamal si***@gmail.com ID: 832
Mən göstərdiyim ünvanda yaşayıram və mənə Badamdar bələdiyyəsindən tədiyyə bildirişi gəlib. Orada göstərilir ki, 198.1.1-ci maddəsinə əsasən mən 24.29 AZN pul ödəməliyəm. Bu nə dərəcədə düzgündür? Xahiş edirəm mənə bu barədə məlumat verəsiniz.
06/03/2020 Oxunub: 112 Orta qiymət: 5

Bildiririk ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişi hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini 15 avqust və 15 noyabr tarixlərinədək bərabər hissələrlə, banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə etməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 200-cü maddələri, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fərid Nadirov Surətdin fa***@gmail.com ID: 817
Salam. Mağaza sahibi öz Asan imza hüququndan istifadə edərək işçi ilə əmək müqaviləsi bağlayıb və işçiyə əmək haqqı olaraq 320 (üç yüz iyirmi) manat göstərib. Sualım odur ki, həmin işçidən vergi tutulmaları hansı formada olmalıdır və vergi işçi tərəfindən, yoxsa sahibkar tərəfindən ödənilməlidir? Ödənişlərin məbləği nə qədər olmalıdır?
06/03/2020 Oxunub: 77 Orta qiymət: 5

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğunuzda qeyd olunan halda işçininn 320 manat əməkhaqqından gəlir vergisi tutulmur və 18 manat sosial sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Abid Mamedov ab***@mail.ru ID: 810
Əfqanıstan veteranıyam, İcra hakimiyyətində baş məsləhətçi işləyirəm. Əməkhaqqım hesablanarkən güzəşt olunan hissə 100 man. nəzərə alınıb. (2019-cu ilin fevral ayından sonra 400 manat olmalı idi. maddə-102.4.3) Artıq vergi tutulmuş məbləğin geri qaytarılmasına köməklik edilməsini istəyirəm.
06/03/2020 Oxunub: 87 Orta qiymət: 1

Bildiririk ki, Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır və həmin maddədə hər hansı dəyişiklik edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 102.4.3-cü maddəsi.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
İsmayilov Nazim Şamil oğlu is***@mail.ru ID: 863
Salam. Onlayn ödəniş etmək istəyirəm. Lakin E-kargüzarlıqdan "Apusla bağlı problem baş verdi " xəbərdarlığı verilir. Bu nə deməkdir, nə edim?
06/03/2020 Oxunub: 72 Orta qiymət: 5

Bildiririk ki, vergi və rüsumların elektron ödənişi Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən Mərkəzi Bankın KÖMİS vasitəsilə həyata keçirilir.

Sorğunuzda qeyd olunanlarla bağlı aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Murad mu***@gmail.com ID: 857
Salam. Sizi elektron qaimə ilə bağlı narahat edirəm. Hansısa texniki nasazlıqdan ASAN İMZA nömrəmdə PUK kodum Klidlənib. Klidi açmaqda mənə kömək etməyinizi xahiş edirəm.
06/03/2020 Oxunub: 87 Orta qiymət: 5

Bildiririk ki, “PİN kod yanlışdır” xətası “Asan İmza PİN 1” kodunu səhv daxil edib sistemə daxil olarkən baş verir. Bunun üçün əməliyyatı təkrarlayıb kartın üzərində sol tərəfdə aşağı hissədə qeyd edilmiş SİM kartın “PİN 1” kodunu deyil, sağ tərəfdə yuxarı hissədə qeyd edilmiş “Asan İmza PİN 1” kodunu düzgün daxil etmək lazımdır.

Eyni zamanda, xatırladırıq ki, Asan İmza PİN kodları 3 dəfədən artıq yığıldıqda Asan İmza xidməti deaktiv olur və onu aktiv etmək üçün Asan İmza PUK kodundan istifadə edilir. Əgər Asan İmza PUK kodu da 3 dəfə səhv daxil edilərsə, Asan İmza xidməti bağlanır. Bundan sonra Sİm kartın dublikatını çıxarmaq tələb olunur.

Elektron xidmətlər və onların tətbiqi zamanı yaranan xətalar ilə bağlı ətraflı məlumatı  saytımızın “Xidmətlər” bölməsinin “Xətaların izahı” altbölməsindən əldə edə bilərsiniz.

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə zamanı çətinlik yarandıqda operativ köməklik göstərilməsi üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (2 Orta qiymət)
Qiymət ver: