Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Mahmudov Anar Eldar oğlu an***@inbox.ru ID: 824
Salam! Mən, Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Anar Eldar oğlu, 2015-ci ildən etibarən xarici dövlətdə daimi yaşayıram və yaşadığım dövlətdə sahibkarlıq (biznes) fəaliyyəti ilə məşğulam. Buna görə də mən yaşadığım xarici dövlətin vergi sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışam və mənim adıma müvafiq vergi eynilləşdirmə kodu verilmişdir. Mən bizneslə məşğul olduğum xarici dövlətin vergi orqanlarına vergi hesabatlarını təqdim edirəm və hesablanmış vergiləri ödəyirəm. Bildirirəm ki, Azərbaycan Respublikasının vətəndaşlığından başqa, mən heç bir zaman hər hansı bir xarici dövlətin, hal-hazırda yaşadığım dövlət də daxil olmaqla, vətəndaşı olmamışam, hal-hazırda da deyiləm. 2015-ci ilin əvvəlindən sonra bu günədək mənim Azərbaycana səfərim olmamışdır. Sual: 2015-ci ildən başlayaraq xarici dövlətin ərazisində daimi yaşamağımı, Azərbaycan Respublikasının vətəndaşı olmağımı və heç bir başqa dövlətin heç bir zaman vətəndaşı olmadığımı nəzərə alınmaqla, mən Azərbaycan Respublikasının vergi rezidenti, yaxud vergi qeyri rezidentiyəm? Əvvəlcədən Sizlərə öz dərin təşəkkürümü bildirirəm. 10/01/2020 Oxunub: 54 Orta qiymət: 5 ID: 658 Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən, təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarlara Azərbaycan Respublikasının rezidenti sayılır. Vergi Məcəlləsinin 13.2.5.2-ci maddəsinə əsasən, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun. Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır. Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi" Salam! Yuxarıda mənim Sizlərə "10" yanvar 2020-ci il tarixdə göndərdiyim sualım və Sizin cavabınız əks olunmuşdur. Sizdən xahiş edirəm ki, cavabınızı birbaşa mənə ünvalayasınız, yəni, sualımda öz əksini tapmış məlumatlara və Vergi Qanunvericiliyinə görə, konkret olaraq bildirəsiniz , şəxsən mən, Anar Mahmudov hal-hazırda vergi rezidentiyəm yaxud vergi qeyri-rezidentiyəm ? Hörmətlə, Anar Mahmudov.
28/02/2020 Oxunub: 218 Orta qiymət: 4

Bildiririk ki, qeyd etdiyiniz müraciətə (ID 658) səhifəmizdə ətraflı cavab verilmişdir.
Həmin cavaba əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan şəxs - Siz,  Azərbaycan Respublikasının qeyri-rezidenti hesab olunursuz. Həmçinin, məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici, tövsiyə xarakterli cavablar verilir.

Əsas: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Sahib Qafarov Həsənağa sa***@yahoo.com ID: 721
Salam, bildiyimiz kimi Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır. Xahiş edirəm aydınlıq gətirəsiniz ki, həyatın yığım sığortasına yönəldilən və sığortaçıya ödənilən məbləğdən 0.5% işəgötürənin və 0.5 % işçinin adından işsizlikdən sığorta haqqı tutulub büdcəyə ödənilməlidirmi?
28/02/2020 Oxunub: 187 Orta qiymət: 4

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olmadığı üçün həmin məbləğ işəgötürən tərəfindən sığortaçıya ödənilərkən işsizlikdən sığorta haqlarına cəlb olunur.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Kamal Alıyev Nazim cs***@cafinance.az ID: 688
Salam, xahiş edirik bildirəsiniz malların satışı ( işlərin görülməsi, xidmətlərin göstərilməsi) zamanı Elektron qaimə faktura ilə yanaşı hansı sənənədlərin tərtib edilməsi qanunla nəzərdə tutulub(təhvil-təslim aktı və s.) Və əlavə sənədlərin olmadığı halda qanunla cərimə nəzərdə tutulubmu? Öncədən təşəkkürlər.
28/02/2020 Oxunub: 252 Orta qiymət: 5

Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən, tərəflər arasında bağlanmış müqavilədə satılan malların alıcıya təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ciddi hesabat blankı ilə rəsmiləşdirilir. Həmin aktın forma və rekvizitlərində göstərildiyi kimi, malların satışı əvvəlcədən sifariş əsasında verildiyi halda həmin aktda elektron qaimə-fakturanın seriya və nömrəsi əks etdirilir. Malların satışı əvvəlcədən sifariş verilmədən (səyyar qaydada, avtomobildən və ya qoşqu vasitələrindən) həyata keçirildiyi hallarda elektron qaimə-faktura malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Eyni zamanda  elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə — malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.13-cü ,71-1-ci və 130.1-1-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Şahbaz Cəfərov sh***@gmail.com ID: 797
Elektron qaimə göndəriləndə malların idxal kodları eyni olmalıdırmı?Əgər fərqli kodla və eyni adla elektron vurulubsa bu gələcəkdə problem olarmı?Ümumiyyətlə bu hal qanunla necə tənzimlənir?
28/02/2020 Oxunub: 114 Orta qiymət: 5

Bildiririk ki, elektron qaimə-fakturalar tərtib edilərkən istifadə olunan mal (iş və xidmət) kodları Azerbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş  “Malların, iş və xidmətlərin kodları”na uyğun təsnifləşdirilir.

Elektron qaimə-fakturaları tərtib etmək üçün nəzərdə tutulan mal (iş və xidmət) kodları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “İstifadəçi təlimatları” hissəsində yerləşdirilmişdir.

Məlumat üçün bildiririk ki, mal kodunin səhv göstərilməsi maliyyə sanksiyasının təbiqinə səbəb olmasa da, yanlış məlumatların təqdim edilməsi kimi dəyərlədirilərək nöqsana yol vermiş şəxsə qarşı nəzarətin gücləndirilməsinə əsas verə bilər.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Şahbaz Cəfərov sh***@gmail.com ID: 796
Salam. Hazırda aktiv fəaliyyət göstərən fiziki şəxs hansı şəkildə hüquqi şəxsə keçid edə bilər?
28/02/2020 Oxunub: 74 Orta qiymət: 5

Bidiririk ki, fiziki şəxs və hüquqi şəxs mülki hüquq münasibətlərinin tam fərqli subyektləridir və fiziki şəxsin hüquqi şəxsə çevrilməyi qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və onların vergi öhdəlikləri ayrılıqda müəyyən olunur.

Bununla belə, fərdi sahibkar olaraq fəaliyyətinizi dayandıraraq və ya xitam verərək, hüquqi şəxs təsis edib sahibkarlıq fəaliyyətini həyata keçirə bilərsiniz.

Hüquqi şəxsin qeydiyyatı haqda saytımızın “Bir pəncərə” bölməsində məlumat əldə edə bilərsiniz.

Əsas: Mülki Məcəllənin 3-cü və 4-cü fəsilləri, Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü və 34-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Kamal ka***@mail.ru ID: 939
Salam. AAAF Parkda girişdə restoranlar işlədirəm və hələlik 6 mətbəx işçimiz, 6 ofisiantımız, musiqiçilərimiz var. Banketlərimiz olur, cəmi 8 aydır açmışıq. Bilmək istəyirik ki, kuratorla danışıb vergini əvvəlki kimi kassa qoymadan ümumi ortalama hesablama ilə parkda hamı kimi ödəyə bilərik? Və işçilərin hamısı oformit olunmalıdır? Musiqiçiləri necə etməliyik? Ofisiantlar tez-tez dəyişir deyə oformit etməmişik, dediler əvvəlcə xəbərdarlıq edilir, sonra cərimə edilir, eləmi və bir də biz kassa haradan ala bilərik, bir də biz banket olanda misal üçün adam başına onu necə oformit edək, bəzən bizdən qəbz istəyirlər, biz hazır qəbzlər var mağazalarda türkcə onları yazıb veririk, düz edirik?
27/02/2020 Oxunub: 147 Orta qiymət: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunan ictimai iaşə fəaliyyətini həyata keçirən şəxslər ilk növbədə vergi orqanında uçota alınmalı, təsərrüfat subyektini (obyektini) vergi uçotuna salmalı və nəzarət-kassa aparatından istifadə edərək müştərilərə NKA çeki təqdim etməlidir. Nəzarət-kassa aparatlarının alınması və qiymətləri barədə məlumat almaq üçün aidiyyəti üzrə e-kassa operatorlarına müraciət etməyiniz tövsiyə olunur.

Faəliyyət zamanı muzdlu işçilər cəlb edildikdə həmin şəxslərlə əmək müqaviləsi bağlanaraq elektron informasiya sisteminə məlumat daxil edilməli, işçilərə ödənilən vəsaitdən qanunvericiliyə uyğun olaraq gəlir vergisi, sosial sığorta və işsizlikdən sığorta haqları hesablayaraq təyinatı üzrə köçürməli və bu barədə vergi orqanına hesabatları təqdim etməlidir.

Müraciətinizdə qeyd olunan musiqiçilər və ofisiantlar vergi orqanında uçota alınaraq «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» əldə etməldir. Onları işə cəlb edən şəxslər isə həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini təmin etməlidirlər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı rəsmi internet səhifəmizin “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri”, “Vergi bələdçisi” bölmələrindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərhad Səttarov Qəhrəman ba***@gmail.com ID: 725
Уважаемые Коллеги, В холдинговой компании учредителями являются 2 родных брата, номинальный уставной капитал компании составляет 200 ман. В настоящее время один брат собирается подарить 50% своего пая в холдинговой компании другому брату. Одновременно хочу сообщить, что холдинговая компания является учредителем некоторых действующих компаний на территории Азербайджана, данные компании владеют некоторыми активами, в том числе недвижимым имуществом. В связи с вышеуказанным просим прояснить вопрос о возникновении каких либо налоговых обязательств в результате дарения 50% паев.
27/02/2020 Oxunub: 165 Orta qiymət: 4

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən, hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən, hüquqi şəxsin nizamnamə kapitalında müəyyən paya malik olan təsisçi fiziki şəxsin iştirak payını öz ailə üzvünə bağışlaması zamanı iştirak payının tam dəyəri hədiyyəni alan şəxsə münasibətdə gəlir vergisindən azaddır.

Eyni zamanda, təsisçi fiziki şəxs tərəfindən hüquqi şəxsdəki iştirak payı ailə üzvünə bağışlanarkən bağışlama müqaviləsinin bağlandığı tarixə aktivlərin bazar qiyməti ilə iştirak payının nizamnamə kapitalındakı nominal dəyəri arasındakı fərq təsisçi fiziki şəxsin vergi tutulan gəlirlərinə aid edilərək Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.7-ci, 96.5-ci, 101.2-ci, 102.1.3.2-ci, 142.1-ci və 143-cü maddələri.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Şəfa Rüstəmova xl***@mail.ru ID: 769
Salam. Mən öyrənmək istəyirdim ki, işçiyə ailə vəziyyəti və ya hər hansı sosial problemləri ilə əlaqədar olaraq işəgötürən tərəfindən (dövlət büdcəsindən yox) verilən maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir yoxsa yox? Yəni həmin maddi yardımdan da 3% tutulmalıdırmı?
27/02/2020 Oxunub: 153 Orta qiymət: 5

Bildiririk ki, işəgötürən tərəfindən işçiyə verilən maddi yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Çıraqzadə Müsəddiq İmamverdi mu***@mail.ru ID: 768
Müəssisə, VÖEN-i olmayan fiziki şəxsdən, müqavilə əsasında obyekti icarəyə götürür. Müqavilədə obyektin icarə haqqından tutulacaq 14% ödəmə mənbəyində tutulan verginin hesablanıb ödənilməsini müəssisə öz üzərinə götürür. Bu halda mənfəət vergisinin mükəlləfiyyətcisi olan müəssisə icarə haqqından tutulacaq 14% vergini öz xərclərinə daxil edə bilərmi?
27/02/2020 Oxunub: 187 Orta qiymət: 4

Bildiririk ki, əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

Eyni zamanda, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.

Bu baxımdan sorğunuzda qeyd edilən halda fiziki şəxsin əvəzinə verginin müəssisə tərəfindən ödənilməsi mövcud qanunvericiliyə uyğun deyildir və müəssisə tərəfindən vergi öhdəliyi yaranmadığı üçün ödənilən məbləğin gəlirdən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 78-ci, 99.3.3-cü, 108-ci, 109-cu və 124-cü maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
mahir letifov qudret ma***@mail.ru ID: 936
Salam. Hal-hazırda ödədiyim VÖEN-in dövlət rüsumu nə qədərdir?
27/02/2020 Oxunub: 35 Orta qiymət: 0

Fiziki şəxs vergi uçotuna alınarkən, fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi həcmində ödənilir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xalid Məmmədov xa***@mail.ru ID: 705
Salam, mən vöenimlə əlaqədar müraciət edirəm. Mənim vergi borcum var, necə ödəyəcəyimi bilmirəm exspreespay-dən ödəmək istəyirəm vöen kodum 1804148482 .
27/02/2020 Oxunub: 90 Orta qiymət: 4

Vergiləri onlayn üsulla və ya nağd qaydada ExpressPay terminalları vasitəsilə ödənilməsi haqda ətraflı məlumatla saytımızın Faydalı bölməsinin "Vergiləri necə ödəyək?" altbölməsində tanış ola bilərsiniz.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Həmidov Ənvər Abdullayeviç aa***@linka.az ID: 785
MMC xidmət sahəsində, mikrosahibkarlıq mənfəət vergisi ödəyicisi kimi mükəlləfiyyəti olaraq fəaliyyət göstəririk. Dövriyyəmiz 200 min manatadəkdir, işçi sayı 3 nəfərdir. 2019-cu ildə təsisçimizə hesablanan dividenddən 10% ödəmə mənbəyindən vergi tutub, bəyan edib, dividend vergisini ödəmişik. Qüvvədə olan Vergi Məcəlləsini diqqətlə öyrəndikdən sonra məlum oldu ki, VM-nin 102.1.22-1 maddəsinə əsasən MMC-nin təsisçisi (fiziki şəxs) olanlar dividend vergisindən azaddırlar. Yəni, biz səHv olaraq, dividend vergisini təsisçidən tutub, bəyan edib, ödəmişik. Dəqiqləşdirilmiş “Ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi” vermək istəyirəm. Münasibət bildirmənizi Sizdən xahiş edirəm.
27/02/2020 Oxunub: 204 Orta qiymət: 4

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Eyni zamanda, bildiririk ki, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı halda, vergi ödəyicisi səyyar vergi yoxlamasının başlandığı günədək həmin hesabat dövrləri üçün dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsinin 72.5-ci, 85.5-ci və 102.1.22-1-ci maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Elvin BUNYAD el***@gmail.com ID: 788
Salam! Ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi korporativ müştərilərinə mal satır və müştərilər ödənişi nağdsız qaydada sonradan onlara e-qaimə təqdim etdikdən sonra həyata keçirirlər. Bu kimi alışlarda kassa çekinin verilməsi doğrudurmu? Və yaxud kassa çekinin təqdim olunması bir əməliyyatın iki dəfə vergiyə cəlb olunması kimi bir vəziyyət yaratmırmı?
27/02/2020 Oxunub: 127 Orta qiymət: 5

Bildiririk ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir.

Elektron qaimə-faktura təqdim edildiyi halda NKA çekinin təqdim olunması tələb olunmur. Elektron qaimə-faktura təqdim edilmiş mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Eyni zamanda, “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 71-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əlizadə Yunis İbrahim oğlu ya***@watermanllc.com ID: 704
Sizdən xahiş edirik ki 2020 cı il 01 Yanvar tarixindən etibarən İşsizlikdən sığorta haqqı və məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin təsnifat kodunu bizə yazasınız.
27/02/2020 Oxunub: 91 Orta qiymət: 4

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi"

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Bodurov Elxan Səədullah El***@gmail.com ID: 787
Vergi Məcəlləsinin 102.2.5. maddəsinin şərtlərinə görə, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Bu vergi güzəşti 1941-45-ci illərdə Böyük vətən müharibəsində iştirak edən vətəndaşların övladlarına aiddirmi, döyüşçü dedikdə zabit heyəti, yoxsa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hər biri nəzərə alınırmı?
27/02/2020 Oxunub: 87 Orta qiymət: 3

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.
Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
 

3/5 (5 Orta qiymət)
Qiymət ver:
Füzuli Yusifov fi***@gmail.com ID: 693
Salam. Bildirmək istəyirəm ki, şirkətin 2 təsisçisi var və təsisçilərindən biri öz payını digər şəxsə satmaq istəyir. Bu zaman hansı vergi öhdəliyi yaranacaq və hesablama necə aparılacaq?
27/02/2020 Oxunub: 203 Orta qiymət: 5

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payı və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1- ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci, 104.6-cı, 105.1-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Sakit Adilov Adil oğu sa***@mail.ru ID: 743
Salam. ƏDV ödəyicisi olan şirkət kənd təsərrüfatı məhsulu olan pomidor istehsal edir. İstehsal edilərək satılan pomidorun ƏDV-dən azad olduğu məlumdur. Həmin pomidorun bir hissəsi konservləşdirilərək satılır və ƏDV-yə cəlb olunur. Bilavasitə pomidor istehsalı ilə bağlı ƏDV-li materillar və xidmətlər alışı zamanı həmin ƏDV-ni onların dəyərinə əlavə etmək məvburiyyətindəyikmi? Yoxsa pomidordan hazırlanan konserv ƏDV-yə cəlb olunduğu üçün həmin ƏDV əvəlzəşdirilə bilən kimi nəzərə alına bilər?
27/02/2020 Oxunub: 154 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü, 164 və 175.4-cü maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Mikayıl Mirzəzadə İlqar mz***@gmail.com ID: 786
Rəhbəri olduğum "EGE GROUP" MMC-nin (1306318641) və Fiziki şəxs olaraq (1304405242) vergi borcu öhdəliyi və DSMF ödənişi üzrə borc öhdəliyimiz mövcuddur. Yeni təsdiqlənən büdcə təsnifat kodlarını bilmədiyimiz üçün hansı koda ödəməli olduğumuzu bilmirik, zəhmət olmasa bizi məlumatlandırardınız. Hüquqi və fiziki şəxsdə ödəmə mənbəyindən tutulan verginin büdcə təsnifat kodu, Fiziki şəxsdə sadələşdirilmiş vergi ödəyicisi kodu, Hüquqi şəxsdə DSMF borcu təsnifat kodu, Fiziki şəxsdə DSMF borcu üzrə təsnifat kodu.
27/02/2020 Oxunub: 98 Orta qiymət: 5

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi"

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Məlikov Zamin m.***@gmail.com ID: 716
Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. MMC-də Fiziki şəxsə məxsus olan iştirak payını satan zaman qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edir. Bu zaman vergi ödəyicisi kimi uçota durmaq öhdəliyi yaranır. Əldə edilən gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunduğunu nəzərə alaraq uçota durduğu zaman kod nə seçilməlidir?
27/02/2020 Oxunub: 71 Orta qiymət: 5

Müraciətinizdə qeyd olunan şəxs “64992 DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN SAİR MALİYYƏ VASİTƏÇİLİYİ” fəaliyyət növünü seçərək vergi uçotuna alına bilər.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sənan al***@mail.ru ID: 777
Salam. Sizə bir sualım var. Ailəmiz 4 nəfərdən ibarətdir. Ailəmizin aylıq gəliri 600 manat təşkil edir. Atam 200 manat pensiya alır. Mən də 400 manat əmək haqqı alıram. Başqa heç bir yerdən gəlirimiz yoxdur. Atamın şəxsi obyekti var, ancaq işləmir. Bilmək istərdim ki, biz ünvanlı sosial yardımdan yararlana bilərikmi?
25/02/2020 Oxunub: 130 Orta qiymət: 5

Sorğunuzda qeyd olunanlar Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilməmişdir. Qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək, ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmənin aparılmasını təmin etmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edildiyi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”.

5/5 (2 Orta qiymət)
Qiymət ver: