Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Bildiririk ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda ölkədə nağdsız dövriyyənin artırılması üçün yeni müddəalar nəzərdə tutulmuşdur.
Eyni zamanda, vergi orqanları tərəfindən vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı müxtəlif risk meyarları əsasında təhlillər aparılır və vergidən yayınan vergi ödəyicilərində qanunvericilikdə nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri həyata keçirilir.
Bununla belə, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə sözügedən güzəştlərdən yalnız biri, məbləğcə ən böyük olanı verilir.
Sorğunuzda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.3-cü və 102.5-cü maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.
Əsas: Vergi Məcəlləsinin 102.7-ci maddəsi.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır. Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Məktubların məzmunu ilə əlaqədar uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.
Bildiririk ki, məzuniyyət haqqının hər bir aya düşən hissəsi həmin ayın əməkhaqqısi ilə cəmlənərək gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir
Bildiririk ki, əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilməzdən əvvəl “Əsas səhifə”də “Əmək müqaviləsini bağlamaq səlahiyyəti olan şəxslər” düyməsini sıxmaqla əmək müqaviləsi bağlamaq səlahiyyəti olan şəxslər barəsində məlumat sistemə daxil edilməlidir.
Eyni zamanda, müraciətinizdə qeyd olunan məsələnin texniki məsələlərə aid olub-olmamasını müəyyən etmək üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.
Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Aviabiletlərin satışının həyata keçirilməsi məqsədilə biletlərin agentlərə və agentlər tərəfindən də həmin biletlərin digər agentlərə, yəni subagentlərə təhvil verilməsi üzrə uçuşları həyata keçirən müəssisə tərəfindən agentə və agent tərəfindən digər agentlərə elektron qaimə-faktura təqdim edilmir. Belə əməliyyat “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir və malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.
Bununla belə, agent tərəfindən subagentlərə elektron qaimə-fakturanın təqdim edilməsinə görə Vergi Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Agentlər tərəfindən subagentlərə və ya bu xidmətlərin alıcısı olan şəxslərə (hüquqi şəxslərə, fərdi sahibkarlara, büdcə təşkilatlarına) elektron qaimə-faktura verildiyi halda, belə əməliyyatın agent qaydasında həyata keçirilməsi barədə müvafiq qeyd elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində öz əksini tapmalıdır. Bu əməliyyat üzrə elektron qaimə-fakturada göstərilən məbləğlər agentin (subagentin) gəlirləri hesab edilmir və agent (subagent) yalnız ona çatası haqq üzrə gəlirlərindən vergilərini ödəyir.
Məlumat üçün bildiririk ki, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, elektron qaimə fakturaların fəaliyyət növlərinə görə, o cümlədən komissiya qaydasında satış üçün növlərinin tətbiq olunması nəzərdə tutulmuşdur.
Bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar əmək münasibətlərini nəzarət edən səlahiyyətli qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.
Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər.
Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədi ilə saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “Fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə yanaşı, tərəfinizdən şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Qeyd etdiyiniz fəaliyyəti “63910 MƏLUMAT AGENTLİKLƏRİNİN FƏALİYYƏTİ” fəaliyyət növünü seçərək həyata keçirə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, VIII, IX, XI, XVII fəsilləri. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu (3-cü fəsil)
Bildiririk ki, qeyd etdiyiniz fəaliyyəti “86900 SƏHİYYƏ SAHƏSİNDƏ SAİR FƏALİYYƏT” fəaliyyət növünü seçərək həyata keçirə bilərsiniz.
Əsas: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri təsnifatı”
Pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq, sorğunuzda qeyd edilən fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.
Eyni zamanda, icarəyə götürülən obyekt üzrə icarədar hüquqi şəxs olduqda ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. İcarədar fiziki şəxs olduqda isə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulmalı, tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir.
Bundan başqa, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Əlavə olaraq bildiririk ki, vergi öhdəlikləriniz vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq edilməli hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün saytımızın “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.11-1-ci, 33-cü və 34-cü maddələri, VIII, X, XI və XVII fəsilləri.
Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu və 15-ci bəndləri.
Bildiririk ki, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.
Əsas: Vergi Məcəlləsinin 175.1-ci və 176-cı maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.
Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur.
Sorğunuzda qeyd olunan halda, vergi tutulan əməliyyatın vaxtı malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.
Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklər sırasında ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtın müəyyən edilməsi qaydasının dəyişdirilməsi nəzərdə tutulmuşdur.
Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.
Bildiririk ki, rezident müəssisə tərəfindən güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezidentdən alınmış mallara görə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.
Bununla yanaşı, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezident tərəfindən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.
Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. Namizədin tələb olunan baldan az topladığı halda müsahibə mərhələsinə keçməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 19.09.2019-cu il tarixində elan edilmiş müsabiqə əsasında imtahan başa çatmış və imtahan nəticələri ictimaiyyətə elan edilmişdir.
Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.