Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, qeyd etdiyiniz cavab sualda qeyd olunan məsələyə münasibətdə nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Sorğunuzda göstərilən məqalədə isə dividendin vergidən azad edildiyi hallar qeyd olunub. Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir. Qeyd olunan vergi ödəyicilərinə ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218-1.1.4-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.

Məlumat üçün qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir.

- Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

-  Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;

- Tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

- natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; - təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.

Əsas: Vergi Məcəlləsinin 166.1.3-cü maddəsi, Mülki Məcəllənin 372-ci və 373-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Mustafayev Elnur Atif oğlunun (VÖEN 1504078142) hazırki tarixə (21.02.2020) fəaliyyəti dayandırılmışdır.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Müraciətinizdə qeyd olunan halda, icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı üçün icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 99.3.3-cü, 124-cü maddələri.

Ümumi qiymət: 4/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda, güzəşt hüququnu müəyyən edən sənəd iş yerinə təqdim edildiyi andan hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Bu baxımdan fərdi sahibkarlıqla məşğul olan şəxsin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi məcburi sosial sığorta ayırmaları gəlirdən çıxıla bilər və qeyd olunan xərclər Gəlir vergisi bəyannaməsinin 1226.2-ci sətrində qeyd olunamalıdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, müraciətinizdə qeyd olunan hal sahibkarlıq fəaliyyəti hesab olunur və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.

Bu halda həmin şəxs vergi ödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir.

Vergi ödəyicisi kimi uçotda olmadığı halda isə gəliri ödəyən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutub aidiyyəti üzrə köçürməli, hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci,108-ci, 109-cu, 150.1.7-ci, 218.5.10-cu və 218.6-cı maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki,  Əmək Məcəlləsinin müddəalarına əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu əmək haqqı hesab olunur.

Vergi Məcəlləsinin müddəalarına əsasən isə gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müvafiq olaraq əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə görə işəgötürən tərəfindən kollektiv müqavilələrdə, əmək müqavilələrində qeyd olunan əməyin ödənilməsi sisteminə uyğun olaraq pul mükafatının məbləği və ya qiymətli əşya şəklində verilən hədiyyənin dəyəri əmək haqqının tərkib hissəsi olaraq gəlirin əldə olunması ilə əlaqədar çəkilən xərc kimi gəlirdən çıxılır.

Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin (misal olaraq işçinin istirahət, idman, musiqi, reabilitasiya, incəsənət tədbirləri kimi xərclərinin ödənilməsi) gəlirdən çıxılmasına yol verilmir.

Maddədə işçilərin sosial ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan bütün digər xərclər (misal olaraq musiqi, mədəniyyət, incəsənət, şəxsi inkişaf və s.) gəlirdən çıxılmayan xərclərə aid edilir.

Əsas:  Vergi Məcəlləsinin 98.1-ci, 101.1-ci, 108-ci, 109-cu və Əmək Məcəlləsinin  3-cü, 154-cü, 157-ci, 185.1-ci maddələri.

Ümumi qiymət: 5/56
Qiymət ver:

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə “əmtəəsiz əməliyyat” və “riskli vergi ödəyicisi” anlayışları gətirilmişdir. Belə ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.

Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Vergi Məcəlləsinin 14-cü maddəsi ilə həmin qiymətlərin bazar qiymətinə əsasən hesablanması, 67-ci maddəsi ilə isə, vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablaması nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.2.81-ci, 13.2.82-ci maddələri.

Ümumi qiymət: 4/56
Qiymət ver:

1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən etibarən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunur.

2020-ci ilin 1 yanvar tarixinədək təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir. Belə ki, qanunvericiliyə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020- ci ilədək mövcud olan qaydada həyata keçirilir. Qeyd olunanlara əsasən, 2019-cu ilin dekabr ayında elektron qaimə-faktura əsasında təqdim edilmiş mallara görə malların alıcısına elektron vergi hesab-fakturası təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsi, 71-1-ci, 175.1-ci maddələr və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu, 2.1-ci maddə.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102.2.7-ci maddəsi, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Cavab 1. Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən ƏDV-nin əvəzləşdirilməsi üçün iki hal nəzərdə tutulmuşdur:

-həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

-mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda isə ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

Əsas: Vergi Məcəlləsinin 164-cü, 175.1-ci və 175.4-cüi maddələri.

Cavab 2. Bildiririk ki,  daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində vergitutma öhdəliyi yaranan sadələşdirilmiş verginin ödəyiciləri istisna olmaqla, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” icarə haqqı ödəyən digər şəxslər tərəfindən vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim edilir.

Bəyannamənin əməliyyatların göstərici toplusu olduğunu nəzərə alaraq bildiririk ki, rezident hüquqi şəxslərə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmasa da, həmin icarə haqqı üzrə ödənilən məbləğlər barədə vergi orqanına bəyannamə təqdim olunur və müvafiq sətirlərdə əks olunur.

Əsas: Vergi Məcəlləsinin 150.1.6-cı maddəsi

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Qeyd olunanlardan göründüyü kimi, yuxarıdakı sənədlərdən birini təqdim edən şəxs azadolmadan istifadə edə bilər və güzəşt hüququnu təsdiq edən sənədin müəyyən olunması yuxarıda qeyd olunan qurumların səlahiyyətlərinə adi olduğu üçün aidiyyəti üzrə müraciət olunması daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 5/51
Qiymət ver:

Müraciətinizdə qeyd olunan dividend gəlirlərinin vergiyə cəlb olunması haqda məqalə Vergi Məcəlləsinin müddəalarına uyğundur.

Belə ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Sorğunuzda göstərilən məqalədə isə dividendin vergidən azad edildiyi hallar qeyd olunub. Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir. Qeyd olunan vergi ödəyicilərinə ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218-1.1.4-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərə görə ona ödənilən məbləğdən 10 faiz dərəcə ilə vergi tutulmalı, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi tutulan rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməli və həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.

Eyni zamanda, sorğuda qeyd etdiyiniz halda xüsusi elektron şəbəkə vasitəsilə göstərilən xidmətin alıcısının Azərbaycan Respublikasında yerləşməsinə əsasən ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Qeyd edilənlərə əsasən, qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125.1.5-ci, 150-ci, 159.2-ci və 168.1.5-ci maddələri.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin 1 yanvar 2020-ci ildən qüvvəyə minən müddəalarına əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Bu maddədə mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar dedikdə mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər nəzərdə tutulur və vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər əldə edildikdə, bu gəlirlərin əldə olunması ilə bağlı çəkilmiş, lakin bölüşdürülməsi mümkün olmayan xərclər vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında gəlirdən çıxılır. Belə əməliyyatlara nümunə olaraq ölkə daxilində daşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicisini göstərmək olar.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Buna əsasən bank kartı vasitəsilə xarici ölkəyə məxsus mobil operatoruna aparılan ödənişlər elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilmədiyindən həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Əlavə olaraq hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 5/53
Qiymət ver: