Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Rüstəmov Akşin ru***@gmail.com ID: 5103
Əvvəlcə hamınızı salamlayıram sualımı cavablandırdığınız üçün təşəkkür edirəm. "Freelance" (yəni internetdən qazanılan pul) dan əldə etdi gəliri vergi kimi ödəməliyik?
06/09/2021 Oxunub: 142 Orta qiymət: 0

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Həmçinin, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sadələşdirilmiş vergi üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rüfət Hüseynli Hu***@gmail.com ID: 5101
"Edvgerial" xidmətindən istifadə edirəm və Optimal Gəncə şəhər köhnə Yevlax Avtovağzalında olan filialında ödəniş etdikdən sonra ƏDV tələb etdim. Çekdə yazılar oxuna bilmir və QR kod oxuyucuda oxuya bilmir. Bu hal 2-ci səfərdir başıma gəlir. Xahiş edirəm, bir tədbir görəsiniz.
05/09/2021 Oxunub: 124 Orta qiymət: 1

Bildiririk ki, ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etməlidir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. 

QR kod və Fiskal ID oxunmadığı hallarda çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Mehdiyev Orxan or***@icloud.com ID: 4960
İlk öncə sizləri salamlayıram. Mənim qısa sualım olacaq: Əgər vətəndaş azərbaycanlıdırsa, hər bir haldamı Azərbaycanda Ümumi Hesabatlılıq Standartını, yəni CRS anketini doldurmalıdır? Səhv etmirəmsə bu xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Çünki məlumat məhz xarici ölkələrin rezidentləri üzrə qeydiyyatda olduğu müvafiq ölkələrə göndərilir. Düşünmürəm ki xarici ölkələrə hər bir azərbaycanlının bu anketi göndərilməlidir və ya ehtiyac var buna. Belə ki, Azərbaycan vətəndaşı banklarda hesab açan zaman, həyatın yaşam sığortasına qoşulmaq üçün bu ərizəni mütləq doldurmalıdır deyə tələb olunur. Xahiş edirəm bu mövzuda yardımçı olasınız. Əvvəlcədən təşəkkürlər!
03/09/2021 Oxunub: 187 Orta qiymət: 5

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın 2.2.24-cü bəndinə əsasən hərtərəfli yoxlama prosedurları bu Qaydaların tələblərinə (o cümlədən, AML/KYC prosedurlarının nəticəsi olaraq əldə edilən məlumatlara) uyğun olaraq, hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədi ilə hesabat verən maliyyə institutları tərəfindən aparılan daxili prosedurlardır. Eyni zamanda, həmin qaydaların 3.7.2 və 4.9.2-ci bəndlərinə əsasən  yeni hesab açılarkən hesabat verən maliyyə institutu müvafiq olaraq bütün fiziki və hüquqi şəxslərdən özünüqiymətləndirmə sənədini almalıdır.

Məlumat üçün bildiririk ki, sözü gedən Qaydaların 1.10-cu bəndinə əsasən özünüqiymətləndirmə sənədinin formaları Azərbaycan Respublikasının Vergilər orqanı tərəfindən müəyyən edilir.

Onu da qeyd edək ki, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın  2.2.36-cı bəndinə əsasən, özünüqiymətləndirmə sənədi – fiziki və ya hüquqi şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi məqsədi ilə HVMİ tərəfindən əldə edilən sənəddir. Yuxarıda qeyd olunduğu kimi özünüqiymətləndirmə sənədinin  vətəndaşlıq  deyil rezidentliyin müəyyən olunması məqsədilə alındığını nəzərə alınaraq hesab açılarkən hesabat verən maliyyə institutu tərəfindən  müvafiq olaraq bütün fiziki və hüquqi şəxslərdən özünüqiymətləndirmə sənədinin alınması zəruridir.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Sultanova Zamira Səyfədinovna za***@inbox.ru ID: 4868
Российская компания открыла Представительство в Азербайджане. На приобретение имущества в состав которого входит мебель и автомобиль ,Головной офис компании выделил финансовые ресурсы -путем банковского перечисления . В соответствии с Российским законодательством ,имущество приобретенное для представительства в Азербайджане является имуществом головного офиса, которое включается ,в состав Основных средств Головного офиса, Но само имущество было приобретено в Азербайджане представительством ,путем купли продажи на территории Азербайджана. И также в Соответствии с Налоговым Кодексом Азербайджана было отражено в составе Имущества представительства, и указано в Налоговой Декларации по Налогу на прибыль в приложении 1. Компания Представительство В Азербайджане закрывается. Имущество должно быть продано, в связи с чем возникло противоречие. Головной офис Компании утверждает что имущество принадлежит ему, и продажа должна быть произведена Головным Офисом.(Хотя имущество не пересекало территорию Азербайджана),Так как в России существует закон о избежание двойного налогообложения. В тоже время имущество в Азербайджане находится в составе Основных Средств Представительства. Укажите пожалуйста правильный путь для проведения операции купли продажи мебели и автомобиля, чтобы не было проблем в органах Гаи(при оформлении Сделки купли продажи и перевода его на имя другой компании),Компания которая должна будет купить имущество является компанией ММС, с теми же учредителями из России. И какие виды налогов должны быть начислены в Связи с этой процедурой. С Уважением, Султанова Замира.
03/09/2021 Oxunub: 145 Orta qiymət: 5

Ваше обращение по поводу налогообложения операции купли-продажи движимого и недвижимого имущества, находящегося на балансе постоянного представительства российской компании было рассмотрено в Государственной налоговой службе при Министерстве экономики Азербайджанской Республики. В ответ на Ваш запрос сообщаем следующее.

Согласно Статье 13.2.8 Налогового Кодекса Азербайджанской Республики товар — это любое материальное или нематериальное имущество (актив), в том числе электрическая, тепловая энергия, газ и вода, а представление товаров – это передача права собственности на товары другим лицам (Статья 13.2.10). В соответствии со Статьей 13.2.17 основные средства — материальные активы, срок использования которых превышает один год, стоимость которых превышает 500 манатов и которые подлежат амортизации в соответствии со Статьей 114 Кодекса.

Статья 104.2 гласит следующее: “предприятие-нерезидент, осуществляющее деятельность в Азербайджанской Республике через свое постоянное представительство, уплачивает налог с прибыли, полученной в связи с такой деятельностью, т.е. с суммы, оставшейся после вычета из валового дохода, полученного из азербайджанского источника в связи с деятельностью через постоянное представительство, расходов, понесенных на получение этого дохода в соответствии с настоящим Кодексом”. В соответствии со Статьей 142 доход от предоставления активов означает положительную разницу между поступлениями от предоставления активов и их стоимостью, определяемой в соответствии со Статьей 143 Кодекса. Также согласно Статье 154.1 лица, которые состоят на учете в качестве плательщиков НДС, обязаны уплачивать суммы НДС в отношении совершенных налогооблагаемых операций. В соответствии со Статьей 159 объектом налогообложения являются предоставление товаров, выполнение работ, оказание услуг, торговая надбавка, применяемая во время розничной продажи сельскохозяйственной продукции, произведенной на территории Азербайджанской Республики, и налогооблагаемый импорт.     

Как известно, между Азербайджанской Республикой и Российской Федерацией заключено Соглашение «об избежании двойного налогообложения в отношении налогов на доходы и имущество», которое регулирует вопросы налогообложения в отношении доходов и имущества, взимаемых в государствах. Статья 23 данного Соглашения предусматривает устранение двойного налогообложения, “если резидент Российской Федерации получает доход или владеет имуществом, которые, в соответствии с положениями настоящего Соглашения, могут облагаться налогами в Азербайджанской Республике, то сумма налога на такие доход или имущество, уплаченная в Азербайджанской Республике, подлежит зачету против суммы налога, взимаемого в Российской Федерации. Сумма зачета, однако, не должна превышать сумму налога Российской Федерации на такие доход или имущество, рассчитанного в соответствии с ее налоговым законодательством”. 

Согласно предоставленной вами информации, постоянное представительство намеревается осуществить сделку купли-продажи мебели и автомобиля. Статья 6 вышеупомянутого Соглашения гласит следующее: «Доходы, получаемые резидентом одного Договаривающегося Государства от недвижимого имущества (включая доход от сельского и лесного хозяйства), находящегося в другом Договаривающемся Государстве, могут облагаться налогом в этом другом Государстве». Также, согласно Статье 13 вышеупомянутого Соглашения «Доходы, получаемые от отчуждения движимого имущества, составляющего часть имущества постоянного представительства, которое предприятие одного Договаривающегося Государства имеет в другом Договаривающемся Государстве, или от движимого имущества, относящегося к постоянной базе, которая находится в другом Договаривающемся Государстве в распоряжении резидента первого Договаривающегося Государства для оказания независимых личных услуг, включая также доходы от отчуждения такого постоянного представительства (отдельно или вместе со всем предприятием) или такой постоянной базы, могут облагаться налогом в этом другом Государстве».  Соответственно, по вышеуказанному соглашению оформление сделки купли-продажи и последующее налогообложение будет осуществлено в соответствии с законодательством Азербайджанской Республики.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Bəndəliyev Elvin Sabir el***@gmail.com ID: 5095
Ustalar qazancının neçə faizini vergi ödəməlidir?
02/09/2021 Oxunub: 116 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sadiq Qasımov po***@internet.ru ID: 5094
Nəzərinizə çatdırıram ki, əhalidən plastik məmulat qırıntıları qəbul edərək təkrar xammal istehsal edirəm. Aydınlaşdırmaq istəyirdim ki, vergi ödəyicisi tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən utilizasiya və digər məqsədlər üçün plastik məmulatların qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmuşdurmu?
02/09/2021 Oxunub: 150 Orta qiymət: 0

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Həmçinin, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.6-cı və 150.1.14-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəşad İslam dadaşov re***@mail.ru ID: 5092
Salam. Müəssisənin faktiki istifadəsində olan əsas vəsaitlər audit təşkilatı rəyinə uyğun nizamnaməyə qoyuluş şəklində balansa salınıb. Bu vəsaitlərə çəkilən təmir xərclərini gəlirdən çıxılan xərclərə aid etmək olar? Bununla bağlı əmlak vergisi hesablanmalıdır?
02/09/2021 Oxunub: 180 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən balansa götürülmüş əsas vasitələrə görə çəkilmiş təmir xərcləri Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş hədlər daxilində gəlirdən çıxılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır. Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan əsas vəsaitlərin dəyətri əmlak vergisi hesablanarkən nəzərə alınır və həmin əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər norma daxilində gəlirdən çıxılır. 

Əsas: Vergi Məcəlləsini 108-ci, 115-ci, 197-ci, 198-ci və 202-ci maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fidan Əliyeva Vüqar fi***@gmail.com ID: 5091
Salam. Mən öyrənmək istəyirəm,İqtisad universitetinin istehlak mallarının ekspertizası və marketingi ixtisasını bitirən insan, Dövlət Vergi Xidmətinə qəbul oluna bilər? Sənədləri qəbul olunur ?
02/09/2021 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Emin Qocayev Elxan oğlu em***@gmail.com ID: 5039
Salam mən Azərbaycan beynəlxalq bankına sorğu gondərməliyəm, vergilərdən mənə bank hesabı açılması ilə bağlı. Bunu onlayn necə edə bilərəm?
02/09/2021 Oxunub: 154 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
İbrahimov Nuru Şabanəli el***@list.ru ID: 5090
Salam. VÖEN-nimi onlayn qaydada bağlamaq istəyirəm. Xahiş edirəm, mənə köməklik göstərəsiniz.
02/09/2021 Oxunub: 68 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsalə Əzizli İldırım vu***@gmail.com ID: 5088
Vergi xidmətinə işə qəbul üçün növbəti müsabiqənin keçirilməsi nə zaman gözlənilir?
01/09/2021 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Turkan İbrahimova na***@mail.ru ID: 5033
Salam, AR-da daimi yaşayış icazəsi alan əcnəbi vətəndaş rezident sayılırmı?
01/09/2021 Oxunub: 234 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, habelə bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer, Azərbaycan Respublikasının vətəndaşlığı üzrə ardıcıllıqla göstərilən meyarlarla istənilən fiziki şəxs Azərbaycan Respublikasının rezidenti sayılır. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 5087
Hörmətli Dövlət Vergi Xidmətinin əməkdaşları. 166.4-cü maddə ilə bağlı sual vermək istərdim. "A" müəssisəsi "B" müəssisəyə məsləhət xidməti göstərir. Sentyabr ayında "B"-yə 1000 manatlıq (ƏDV-siz) xidmət göstərildi və oktyabr ayında "B" müəssisəsi 300 manat (ƏDV-siz) ödəniş etdi və həmin ayda 2000 manat "A" müəssisəyə borc verdi. Noyabr ayında 500 manat (ƏDV-siz) ödəniş etdi (aldığı məsləhət xidmətə görə). Xahiş edirəm bu halda izah edəsiniz, "A" müəssisə hansı dövrdə ƏDV bəyan etməlidir və hansı məbləğdə. Təşəkkür!
01/09/2021 Oxunub: 127 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:

- mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt;

- mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.

Sorğunuzda qeyd olunan halda “A” MMC üçün sentyabr ayında göstərilmiş xidmətlərə görə ƏDV tutulan əməliyyatın vaxtı “B” MMC-dən borcun alındığı vaxt, yəni oktyabr ayı hesab edilir. 

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Paşayeva Zemanet Fazil ra***@gmail.com ID: 5086
Səməd bəy Mehmandarov küçəsi ev 98-ə bir neçə dəfədir, məktub gəlir. Məktubda Qeybullayev İlqar Suyəddin oğlunun Dövlet Sosial Müdafie Fonduna 1921.45 manat borcu olduğu yazılır. Adı çəkilən şəxs bu evde yaşamır, məktub niyə bu adresə gəlir?
01/09/2021 Oxunub: 66 Orta qiymət: 0

Vergi ödəyicisi kimi uçotda olmadığınız halda, ünvanınıza vergi orqanından səhvən məktub gəldikdə xətanın aradan qaldırılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1), qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tural Yo***@dur.az ID: 5041
Salam. Mən hər ay fərqlənmə nişanı alaraq yükdaşıma fəaliyyəti ilə məşğul oluram. Fərqlənmə nişanı aldığım üçün də yükdaşıma xidmətindən əldə etdiyim gəlirə görə nə əlavə vergi ödəmirəm, nə də İcbari Tibbi Siğortadan başqa bəyannamə də təqdim etmirəm. Sabah sifariş verən olsa, Gürcüstana yük daşısam, mənim vergi qarşısındakı öhdəliklərim və mükəlləfiyyətim nə olacaq? Yəni ödənişlərim nə olacaq və təqdim etməli bəyənnamələrim nə olacaq?
01/09/2021 Oxunub: 372 Orta qiymət: 5

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Gəlir vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü, 33-cü, 34-cü, 165.1.4-cü, 218.4.1-ci, 220.5-ci və 221.4-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əlləzov Əmrah Ramis oglu al***@gmail.com ID: 5027
Adımda olan VÖEN-in aktiv olub-olmaması haqda bilmək istəyirdim.
01/09/2021 Oxunub: 128 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi Əlləzov Əmrah Ramis oglu (VÖEN 5100503842) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Elnur Atakişiyev At***@gmail.com ID: 5025
Salam. Zəhmət olmasa aşağıdakı suallara geniş şəkildə cavab verərdiniz: 1. 8 faiz sadələşmiş vergi ödəyicisi olan ictimai iaşə müəssəsinin rüb ərzində təqdim etdiyi qaimələr ümumi dövriyyənin 30 faizindən çox olarsa, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv oluna bilərmi? 2. Zəhmət olmasa eyni halı 2 faiz sv olan ictimai iaşə müsəssisi üçün də nəzərə alıb suallara cavab verərdiniz ayrı-ayrılıqda. Öncədən təşəkkürlər.
01/09/2021 Oxunub: 280 Orta qiymət: 5

Bildiririk ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin tətbiqi hüququ məhdudlaşdırılmamışdır. 

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. 

Həmçinin, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Zamin Məlikov m.***@gmail.com ID: 5032
Vergi Məcəlləsinin 102.1.3.2. maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır.Eyni zamanda Mülki Məcəllənin 666.2. maddəsinəəsasən Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Qeyd edilən maddələri nəzərə alaraq əgər bir şəxs MMC-də ona məxsus olan iştirak payını öz qardaşına bağışlayırsa bu halda VM-nin 102.1.3.2. maddəsinə əsasən bu əməliyyat gəlir vergisindən azad edilirmi?
01/09/2021 Oxunub: 288 Orta qiymət: 4

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən hüquqi şəxsin nizamnamə kapitalında paya malik olan fiziki şəxsin iştirak payını öz ailə üzvünə bağışlaması zamanı iştirak payının tam dəyəri hədiyyə alan şəxs üçün gəlir vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 96-cı, 101-ci və 102-ci maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Şəmsəddin Ağayev Vərqa sh***@azersu.az ID: 5029
Aliment ödəyən şəxsin əmək haqqının (gəlirinin) ümümi məbləğindən qanunvericiliklə müəyyən edilmiş qaydada gəlir vergisi tutulduqdan sonra konkret olaraq hansı ardıcıllıqla digər məcburi ödənişlər (DSMF, İşsizlikdən sığorta, icbari tibbi sığorta) tutulduqdan sonra aliment tutulmalıdır, yaxud gəlir vergisi tutulduqdan sonra dərhal aliment tutulub digər məcburi ödənişlərin (DSMF,İşsizlikdən sığorta,icbari tibbi sığorta) tutulması həyata keçirilməlidir? Xahiş edirik, suala ümümi yox, konkret ardıcıllığı saymaqla cavab verəsiniz.
01/09/2021 Oxunub: 281 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. 

Buna əsasən alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

5/5 (10 Orta qiymət)
Qiymət ver:
Sadıqlı Turan sa***@gmail.com ID: 5082
Salam. Mənfəət vergisi bəyannaməsinin 200.1-ci "Malların təqdim edilməsindən gəlir" sətrində göstərilən məbləğ və Əlavə 1-də 1.3.1.-ci "Hazır məhsul" sətrinin "Təqdim edilmişdir" sütununda göstərilən məbləğ arasındakı müsbət fərq mənfəət kimi tanına bilərmi və ya mənfi fərq zərər kimi tanına bilərmi?
31/08/2021 Oxunub: 126 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı mənfəət vergisi bəyannaməsinin “Malların təqdim edilməsindən gəlir” sətrindəki məbləğ ilə Əlavənin “qeydi maddi aktivlərin dəyəri”, “hazır məhsul”, “mallar” və “sair ehtiyatlar” sətirlərinin “Təqdim edilmişdir” və ”Silinmişdir” sütunlarındakı göstəricilərin toplanmasının nəticəsi üzləşdirilir. Uyğunsuzluq aşkar edildikdə, yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə vergi ödəyicinə dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi haqda bildiriş göndərilir. 

Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 37-ci və 62-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver: