Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Vüsalə Əzizli İldırım vu***@gmail.com ID: 5088
Vergi xidmətinə işə qəbul üçün növbəti müsabiqənin keçirilməsi nə zaman gözlənilir?
01/09/2021 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Turkan İbrahimova na***@mail.ru ID: 5033
Salam, AR-da daimi yaşayış icazəsi alan əcnəbi vətəndaş rezident sayılırmı?
01/09/2021 Oxunub: 224 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, habelə bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer, Azərbaycan Respublikasının vətəndaşlığı üzrə ardıcıllıqla göstərilən meyarlarla istənilən fiziki şəxs Azərbaycan Respublikasının rezidenti sayılır. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 5087
Hörmətli Dövlət Vergi Xidmətinin əməkdaşları. 166.4-cü maddə ilə bağlı sual vermək istərdim. "A" müəssisəsi "B" müəssisəyə məsləhət xidməti göstərir. Sentyabr ayında "B"-yə 1000 manatlıq (ƏDV-siz) xidmət göstərildi və oktyabr ayında "B" müəssisəsi 300 manat (ƏDV-siz) ödəniş etdi və həmin ayda 2000 manat "A" müəssisəyə borc verdi. Noyabr ayında 500 manat (ƏDV-siz) ödəniş etdi (aldığı məsləhət xidmətə görə). Xahiş edirəm bu halda izah edəsiniz, "A" müəssisə hansı dövrdə ƏDV bəyan etməlidir və hansı məbləğdə. Təşəkkür!
01/09/2021 Oxunub: 122 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:

- mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt;

- mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.

Sorğunuzda qeyd olunan halda “A” MMC üçün sentyabr ayında göstərilmiş xidmətlərə görə ƏDV tutulan əməliyyatın vaxtı “B” MMC-dən borcun alındığı vaxt, yəni oktyabr ayı hesab edilir. 

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Paşayeva Zemanet Fazil ra***@gmail.com ID: 5086
Səməd bəy Mehmandarov küçəsi ev 98-ə bir neçə dəfədir, məktub gəlir. Məktubda Qeybullayev İlqar Suyəddin oğlunun Dövlet Sosial Müdafie Fonduna 1921.45 manat borcu olduğu yazılır. Adı çəkilən şəxs bu evde yaşamır, məktub niyə bu adresə gəlir?
01/09/2021 Oxunub: 65 Orta qiymət: 0

Vergi ödəyicisi kimi uçotda olmadığınız halda, ünvanınıza vergi orqanından səhvən məktub gəldikdə xətanın aradan qaldırılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1), qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tural Yo***@dur.az ID: 5041
Salam. Mən hər ay fərqlənmə nişanı alaraq yükdaşıma fəaliyyəti ilə məşğul oluram. Fərqlənmə nişanı aldığım üçün də yükdaşıma xidmətindən əldə etdiyim gəlirə görə nə əlavə vergi ödəmirəm, nə də İcbari Tibbi Siğortadan başqa bəyannamə də təqdim etmirəm. Sabah sifariş verən olsa, Gürcüstana yük daşısam, mənim vergi qarşısındakı öhdəliklərim və mükəlləfiyyətim nə olacaq? Yəni ödənişlərim nə olacaq və təqdim etməli bəyənnamələrim nə olacaq?
01/09/2021 Oxunub: 368 Orta qiymət: 5

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Gəlir vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü, 33-cü, 34-cü, 165.1.4-cü, 218.4.1-ci, 220.5-ci və 221.4-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əlləzov Əmrah Ramis oglu al***@gmail.com ID: 5027
Adımda olan VÖEN-in aktiv olub-olmaması haqda bilmək istəyirdim.
01/09/2021 Oxunub: 128 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi Əlləzov Əmrah Ramis oglu (VÖEN 5100503842) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Elnur Atakişiyev At***@gmail.com ID: 5025
Salam. Zəhmət olmasa aşağıdakı suallara geniş şəkildə cavab verərdiniz: 1. 8 faiz sadələşmiş vergi ödəyicisi olan ictimai iaşə müəssəsinin rüb ərzində təqdim etdiyi qaimələr ümumi dövriyyənin 30 faizindən çox olarsa, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv oluna bilərmi? 2. Zəhmət olmasa eyni halı 2 faiz sv olan ictimai iaşə müsəssisi üçün də nəzərə alıb suallara cavab verərdiniz ayrı-ayrılıqda. Öncədən təşəkkürlər.
01/09/2021 Oxunub: 252 Orta qiymət: 5

Bildiririk ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin tətbiqi hüququ məhdudlaşdırılmamışdır. 

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. 

Həmçinin, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Zamin Məlikov m.***@gmail.com ID: 5032
Vergi Məcəlləsinin 102.1.3.2. maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır.Eyni zamanda Mülki Məcəllənin 666.2. maddəsinəəsasən Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Qeyd edilən maddələri nəzərə alaraq əgər bir şəxs MMC-də ona məxsus olan iştirak payını öz qardaşına bağışlayırsa bu halda VM-nin 102.1.3.2. maddəsinə əsasən bu əməliyyat gəlir vergisindən azad edilirmi?
01/09/2021 Oxunub: 264 Orta qiymət: 4

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən hüquqi şəxsin nizamnamə kapitalında paya malik olan fiziki şəxsin iştirak payını öz ailə üzvünə bağışlaması zamanı iştirak payının tam dəyəri hədiyyə alan şəxs üçün gəlir vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 96-cı, 101-ci və 102-ci maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Şəmsəddin Ağayev Vərqa sh***@azersu.az ID: 5029
Aliment ödəyən şəxsin əmək haqqının (gəlirinin) ümümi məbləğindən qanunvericiliklə müəyyən edilmiş qaydada gəlir vergisi tutulduqdan sonra konkret olaraq hansı ardıcıllıqla digər məcburi ödənişlər (DSMF, İşsizlikdən sığorta, icbari tibbi sığorta) tutulduqdan sonra aliment tutulmalıdır, yaxud gəlir vergisi tutulduqdan sonra dərhal aliment tutulub digər məcburi ödənişlərin (DSMF,İşsizlikdən sığorta,icbari tibbi sığorta) tutulması həyata keçirilməlidir? Xahiş edirik, suala ümümi yox, konkret ardıcıllığı saymaqla cavab verəsiniz.
01/09/2021 Oxunub: 276 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. 

Buna əsasən alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

5/5 (10 Orta qiymət)
Qiymət ver:
Sadıqlı Turan sa***@gmail.com ID: 5082
Salam. Mənfəət vergisi bəyannaməsinin 200.1-ci "Malların təqdim edilməsindən gəlir" sətrində göstərilən məbləğ və Əlavə 1-də 1.3.1.-ci "Hazır məhsul" sətrinin "Təqdim edilmişdir" sütununda göstərilən məbləğ arasındakı müsbət fərq mənfəət kimi tanına bilərmi və ya mənfi fərq zərər kimi tanına bilərmi?
31/08/2021 Oxunub: 121 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı mənfəət vergisi bəyannaməsinin “Malların təqdim edilməsindən gəlir” sətrindəki məbləğ ilə Əlavənin “qeydi maddi aktivlərin dəyəri”, “hazır məhsul”, “mallar” və “sair ehtiyatlar” sətirlərinin “Təqdim edilmişdir” və ”Silinmişdir” sütunlarındakı göstəricilərin toplanmasının nəticəsi üzləşdirilir. Uyğunsuzluq aşkar edildikdə, yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə vergi ödəyicinə dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi haqda bildiriş göndərilir. 

Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 37-ci və 62-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Kazımov Məhəbbət el***@mail.ru ID: 5079
Salam. Mən aşbaz işləyirəm. Ofisant kimi əmək müqaviləsi ilə 1 ildən çox işləmişəm. Hal hazırda öz adıma VÖEN açdıra bilərəm sahibkar kimi?
30/08/2021 Oxunub: 138 Orta qiymət: 0

Bildiririk ki, iaşə obyektlərində xidmət göstərən aşbaz şəxslər sabit qəbz əsasında fəaliyyət göstərən şəxslər kateqoriyasına aid edilmir. Yalnız ev təsərrüfatlarında çalışan aşbazlar vergi uçotuna alınaraq, sabit qəbz almaqla vergi öhdəliyini yerinə yetirə bilər və bu zaman həmin şəxslərin vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranmır. 

İaşə obyektlərində işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün cəlb edilmiş vergi orqanlarında uçotda olmayan aşbaz şəxslərlə işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və onlara ödənilən əmək haqlarından Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi, habelə “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları tutularaq dövlət büdcəsinə ödənilməlidir. 

Qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanması nəzərdə tutulmayan müvəqqəti xarakterli işlərin görülməsinə cəlb edilmiş vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərə ödənilən xidmət haqqından ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi, habelə ödənişlərin tam məbləğindən 25 faiz dərəcə ilə məcburi sosial sığorta haqları tutulur.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 218-ci, 220-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dürdanə Hacıyeva Fərhad du***@gmail.com ID: 5077
Salam, mənim nömrəm bakceldə mənim adımadır. Zəng etdim ve mesaj şəklində telefonuma da göndərdilər ki, həqiqətən də sizin adınızadır. Amma onlayn növbə götürürəm, mənə deyir nömrə bu FİN-ə aid deyil. Mən necə edim?
30/08/2021 Oxunub: 64 Orta qiymət: 0

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Əlavə məlumat üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyeva Şahnaz Murtuz sh***@gmail.com ID: 5075
Salam. Biz 05.10.2020 ci ildə avtomobil almışıq. Satış mərkəzi bizə məlumat verməyib ki, avtomobillərin də alışından ƏDV qayıdır. Biz bugün üçün çek tələb edib ƏDV-ni geri ala bilərik?
30/08/2021 Oxunub: 137 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin müddəalarına əsasən pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə aparmaları vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman çek, qəbz, bank çıxarışları  və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir.

Qaydaların 5-ci bəndinin müddəalarına əsasən satıcı mal alışına dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı isə nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, pərakəndə qaydada mal təqdim edən şəxs ƏDV-nin geri qaytarılıb-qaytarılmayacağından asılı olmayaraq, nağd pul hesablaşmaları aparılan zaman çek, qəbz, bank çıxarışları  və digər ciddi hesabat blanklarını təqdim etməlidir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərhad Nəsirov f.***@hotmail.com ID: 5074
Mən 27.07.2021-ci il tarixdə Vergi xidmətinin Nərimanov 2 filialına adimda olan lakin 2010-cu il tarixdən istifadə etmədiyim 1001611272 saylı VÖEN ləğv etmək üçün müraciət etdim. Bütün prosedurlardan keçərək mənə xidmət göstərən işçi Yusubova Pərvin Mehman qızı bildirdi ki, bütün lazımi sənədlər təsdiqləndi və ləqv prosessi başlanıldı. Lakin mən 13.08.2021 195 qaynar xətti ilə əlaqə yaradanda mənə sənədlərimdə çatışmamazlıq olduğunu bildirdilər. 18.08.2021-ci ildə yenidən Nərimanov 1 filialına yollandım və orda mənə bank hesabım haqqında arayışına görə xidmət tərəfdən banka sorğu verildiyini lakin sorğunun cavabının gəlmədiyini bildirdilər. Sorğunun hansı tarixdə göndərildiyini soruşanda cavab ala bilmədim. Beynəlxalq bankın baş ofisində mənim barəmdə heç bir sorğu ilə müraciət edilmədiyini öyrəndim. Belə çıxır heç sorğu göndərilməyib. Artiq bir ay keçib amma mənim VÖEN ləğv edilməyib. Xahiş edirəm köməklik göstərəsiniz.
29/08/2021 Oxunub: 105 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotunun ləğv edilməsi haqda müraciət etdikdə, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. 

Sənədin icrası haqda əlavə məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına elektron kabinetiniz vasitəəsilə sorğu edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəhimov Xəqani İbrahim xa***@rambler.ru ID: 5073
VÖEN itiriləndə nə etmək lazımdır? Necə və hara müraciət etmək lazımdır? Varsa da rüsumu nə qədərdir?
29/08/2021 Oxunub: 77 Orta qiymət: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Valeh Tanrıverdiyev Saleh ta***@mail.ru ID: 5071
Salam. Mənə VERGİLER 195 xidmətindən ( VOEN: 2904319952) elektron qutumda oxunmamış məktublar barədə SMS lər gəlir. Mən VÖEN -imi 2018 -ci ildən 5 (beş) illik dondurmuşam. Buna baxmayaraq mənə SMS -lər gəlir. Bu SMS-lərdə gələn oxunmamış məktubları mən necə elektron formada oxuya bilərəm və mümkündürsə, həmin məktubları mənim elektron poçtuma göndərin.
27/08/2021 Oxunub: 61 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədov Ruslan İsmayıl ru***@bercgroup.az ID: 5070
Salam! Mənim vergidən fəaliyyət olararaq beynəlxalq yükdaşıma kimi ƏDV və mənfəət vergi ödəyicisi olaraq qeydiyyatdan keçmiş A MMC var. Ölkədaxili idxalçı olan B MMC A MMC – yə müraciət edərək Türkiyədən malların gətirilməsi üçün beynəxalq yükdaşıma ilə bağlı müqavilə bağlamışdır. A MMC – nin nəqliyyat vasitəsi olmadığından malların gətirilməsi üçün Türkiyənin rezidenti olan C logistica şirkəti ilə müqavilə bağlayır. Yəni müqavilələr ikitərəfli olur. C logistica malları Türkiyədən gətirərək idxalçıya yəni B MMC – yə təhvil verir. Yəni burda mən A MMC olaraq həm idxalçı olan B MMC ilə həm də ki, malları Türkiyədən gətirən qeyri – rezident C logistica ilə ayrı – ayrılıqda müqavilə bağlayıram. Bu daşımanın nəticəsi A MMC –dən idxalçı B MMC – yə beynəlxalq daşıma haqqı olaraq 10 000 AZN dəyərində ƏDV 0 – dərəcə ilə e- qaimə göndərir və həmin məbləğ ödənilir. A MMC isə həmin məbləğin 9500 AZN – i Türkiyənin rezidenti olan C logistika müəssisəsinə beynəlxalq daşımaya görə ödəniş edir. Yəni A MMC müəsssisəsinə 10 000 AZN pul gəlir və onunda 9500 AZN məbləğini qarşı tərəfə ödəyir. Sual 1. Baxmayaraq ki, A MMC – nin nəqliyyat vasitəsi yoxdur, bu əməliyyatda idxalçı ilə beynəlxalq yükdaşıma kimi digərində isə vasitəçi kimi tərəflə müqavilə bağlamışdır. Bu zaman A MMC – nin 10 000 AZN dəyərində qaimənin tam məbləğinin ƏDV 0 – dərəcə ilə yazması düzgündürmü? Vergi yoxlaması zamanı A MMC – ni beynəlxalq yükdaşıma kimi qəbul etməyib gələn məbləği ƏDV – yə cəlb edə bilərmi? Sual 2. Əgər müəssisənin adında və ya icarəyə götürülmüş nəqliyyat vasitəsi yoxdursa bu beynəlxalq yükdaşıma kimi qiymətləndirilmiyə bilərmi? Sual 3. Bu vəziyyətdə A MMC C logististica üçün DTA 3 - ə görə vergiyə müraciət edə və 9500 AZN ödədiyi zaman 6 % vergidən azad ola bilərmi? Sual 4. Vergi yoxlaması zamanı A MMC komisyonçu kimi qiymətləndirilərsə hansı məbləğ ƏDV – yə cəlb olunacaq? Sual 5. Əgər komisiyonçu kimi nəzərə alınırsa, komisiyonçu qaiməsini necə tərtib edilməlidir? Komisiyonçu təchizatçıdan gələn qaimə əsasında komisiyon qaiməsi göndərə bilir. Burda isə Türkiyədən invoys gələcək.
27/08/2021 Oxunub: 368 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə görə beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. 

Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində təsbit edilmişdir ki, beynəlxalq yük daşınması ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir.

Eyni zamanda Mülki Məcəllənin 852-ci maddəsinin müddəalarına əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. 

Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzddan ibarət ola bilər. 

Qeyd olunanlara əsasən cəmiyyət tərəfindən digər şəxslər vasitəsilə həyata keçirilən beynəlxalq daşımalara görə (ekspeditor xidmətlərinə görə) əldə olunan komisyon muzd mənfəət vergisinə və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Həmçinin, beynəlxalq daşımalara görə ödəmə mənbəyində tutulan 6 faiz dərəcə ilə vergi Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında həyata keçirilən daşımalara görə hesablanır və dövlət büdcəsinə ödənilir. Bununla belə, qeyri-rezidentin rezidenti olduğu dövlətlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair Saziş mövcud olduğu halda beynəlxalq daşımalara görə qeyri-rezidentə ödənilən məbləğlərin vergiyə cəlb edilməsi həmin sazişlərlə tənzimlənir.

Belə ki, beynəlxalq müqavilələrin tətbiqi məqsədilə qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 forması) təqdim etməklə həmin azadolmanın və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 159-cu, 165-ci və Mülki Məcəllənin 852-ci maddələri ilə tənzimlənir. 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Kamran Mikayılov ka***@carlsberg.az ID: 5069
Salam, Sizi "Carlsberg Azerbaijan" MMC şirkətindən narahat edirəm (VÖEN 9900028541). Bildirmək istəyirəm ki, müəssisəmizdə çalışan əməkdaşların xəstəlik vərəqəsləri DSMF-in müvafiq şöbəsi tərəfindən, müəssisəmizin cari ilin 1-ci və 2-ci rübün hesabatlarının sistemə inteqrasiya edilməməsi səbəbindən geri qaytarılır. Bu məsələ əməkdaşlarımız arasında ciddi narazıçılığa səbəb olur. Xahiş edirəm ki, müvafiq hesabatların DSMF-in sisteminə inteqrasiya olunmasına köməklik edəsiniz.
26/08/2021 Oxunub: 99 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən təqdim edilən bəyannamə məlumatları vergi orqanları tərəfindən növbəti gün ərzində elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Bu səbəbdən sorğunuzda qeyd olunan problemlərin həlli ilə bağlı aidiyyəti üzrə qeyd olunan quruma müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əsgərova Firuzə Elşad qızı as***@mail.ru ID: 5067
Vergidən yayınan şəxs barəsində hara müraciət edə bilərəm?
26/08/2021 Oxunub: 75 Orta qiymət: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyeva Aygün Şəmsəddin qızı vu***@yahoo.com ID: 5066
Salam. Mənim nömrəmə sms gəlib ki, sizin 385 azn vergi borcunuz var. Mənim adıma VÖEN açılıb, mənim iştirakım olmadan, xəbərim belə olmayıb. Zəhmət olmasa araşdırardınız. Mən hara şikayət edim, VÖEN açılanda mən imza atmamışam. Təşəkkürlər.
26/08/2021 Oxunub: 112 Orta qiymət: 0

Bildiririk ki, Əliyeva Aygün Şəmsəddin qızı adına VÖEN müəyyən edilməmişdir. Telefon nömrəsinə mesaj səhvən gəldikdə sorğunuzda qeyd edilənlərlə bağlı araşdırmanın aparılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: