Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Yusif Aydəmirov Rəşad ay***@gmail.com ID: 4914
Salam, mən tur təşkilatçılığı ilə məşğul olmaq istəyirəm. Rayonlara tur. Məsələn, Bakı - Quba, Bakı - Göygöl və s. Turun bələdçisi də, təşkilatçısı da mən olacam. Adamlar biletin qiymətini verəcək. Gənclikdə tofiq bayramovda avtobusa minərək yola düşəcəyik. Yəni bu təşkilat üçün hər hansı lizenziya lazımdır? Lazımdırsa nə lazımdır? Yoxsa, sadəcə özüm hazırlaya bilərəm?
14/07/2021 Oxunub: 87 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 220-ci maddələri

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlkin qasimli bi***@gmail.com ID: 4913
Salam. İcarəyə verən hüquqi şəxsdir və ƏDV ödəyicisidir. İcarəyə götürən ƏDV ödəyicisi olan fiziki şəxsdir. Sənədləşmə necə olacaq və mən e-qaime göndərəcəm, ƏDV hesablamalıyam yoxsa yox? Hansı halda ƏDV hesablamaliyam hansı halda yox? İcarəyə götürən fiziki şəxs ÖMV təqdim etməlidirmi? Təşəkkür edirəm.
14/07/2021 Oxunub: 135 Orta qiymət: 0

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Bu halda ödəmə mənbəyində vergi tutulmur.

Müraciətinizdə qeyd olunan hüquqi şəxs ƏDV ödəyicisi olduğu halda, icarə haqqının dəyərinə 18 faiz dərəcə ilə ƏDV də hesablanmalı və ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü ,159-cu və 173-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Məmmədov Yusif za***@gmail.com ID: 4835
Salam hörmətli DVX əməkdaşları. Xahiş edirəm AR VM “159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.” Maddəsi ilə bağlı qanunvericiliyin tətbiqinin düzgün aparılması üçün aşağıdakı sualları cavablandırardınız. Sual 1. “AA” MMC 01.01.2021 ci ildən 30.04.2021 ci ilə dək Sadələşmiş Vergi ödəyicisi olub və müvafiq dövrdə 50 000 azn + 9 000 azn (ƏDV) mallar idxal edib və eyni zamanda həmin dövrdə 30 000 azn + 5 400 azn (ƏDV) rezident ƏDV ödəyicisindən mallar alıb. Qeyd olunan 01.01.2021 ci ildən 30.04.2021 dək sadələşmiş vergi ödəyicisi olduğu üçün əldə etdiyi mallara görə ƏDV-ni AR VM müvafiq əvəzləşdirə bilmədiyi üçün ödədiyi ƏDV mallaın maya dəyərinə əlavə olunmuşdur. Və anbarda 59 000 azn + 35 400 azn = 94 400 azn malları vardır. 01.05.2021 ci il tarixindən “AA” MMC ƏDV ödəyicisi olmşdur (könüllü və ya məcburi fərqi yoxdur) və bu tarixdən sonra da yuxarıda qeyd olunana malları idxal etmiş və rezident ƏDV ödəyicisindən əldə etmişdir, lakin Sadələşmış Vergi ödəyici olduğu vaxtdan (dövrdən) fərqli olaraq idxal etdiyi və ya aldığı mallara görə ƏDV-nin AR VM tələbləri çərçivəsində əvəzləşdirmişdir. “AA” MMC 01.05.2021 ci il tarixdən sonra , ƏDV ödəyicisi olduqdan sonra anbarında olan malların satışın həyata keçirərkən yuxarıda verdiyimiz izahda Sadələşmiş vergi ödəyicisi olduğu dövrdə idxal etdiyi və ƏDV-ni əvəzləşdirməyib malın maya dəyərinə aid etdiyi 59 000 aznlik (50 000 azn + 9 000 azn (ƏDV)) və rezident ƏDV ödəyicisindən aldığı və ƏDV-ni əvəzləşdirmədiyi və malın maya dəyərinə aid etdiyi 35 400 aznlik (30 000 azn + 5 400 azn (ƏDV)) malları satarkən onlara ƏDV tətbiq edərək satmalıdır yoxsa ƏDV tətbiq etmədən satmalıdır? Sual 2. Əgər birinci suala ƏDV tətbiq edərək satmalıdır bildirəcəksinizsə, o zaman xahiş edirəm bildirəsiniz “ 159.7 maddədə həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır.” İfadəsində hansı əməliyyat qəsd edilir, yəni bu “malların göndərilməsi” satış deyilsə onda başqa hansı hala şamil olunur? Öncədən sizə verəcəyiniz ətraflı izaha görə təşəkkür edirəm!
14/07/2021 Oxunub: 300 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Bu maddənin müddəaları ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir. 

Sadələşdirilmiş verginin ödəyicisi olan dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malların ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 159-cu və 175-ci maddələri. 

4/5 (8 Orta qiymət)
Qiymət ver:
Ильин Николай Станиславович n.***@mail.ru ID: 4912
Как иностранцу, проживающему в Баку по виду на жительство узнать свой номер FİN?
14/07/2021 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin FİN-i vəsiqənin sağ aşağı küncündə < işarəsindən əvvəl 5 və ya 6 simvoldan (rəqəm və hərflərdən) ibarət koddur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kazımov Əfqan Xanlar oğlu af***@gmail.com ID: 4356
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cəmiyyət təsis edilərkən nəzərdə tutulmuş nizamnamə kapitalı nizamnamədə nəzərdə tutulmuş qaydada təsisçilərin bəziləri tərəfindən ödənilmədikdə, ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalını ödəməyən təsisçinin cəmiyyətdə iştirakına xitam verilə və cəmiyyətin nizamnamə kapitalı həmin təsisçinin ödənilməmiş payı miqdarında azaldıla bilərmi?
13/07/2021 Oxunub: 245 Orta qiymət: 5

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.

Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir.

Həmin Məcəllənin 90.4-cü maddəsinə əsasən əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Eyni zamanda bildiririk ki, ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalını ödəməyən təsisçinin cəmiyyətdə iştirakına xitam verilməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır.

Yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Hacıyev Tariyel Əhməd oğlu il***@mail.ru ID: 4909
Xahiş edirəm VÖEN 1900043701 haqda vergi borcunun və DSMF üzrə borcun olub olmaması barədə arayış verəsiniz.
13/07/2021 Oxunub: 80 Orta qiymət: 3

Bildiririk ki, vergi və sosial sığorta haqqı borcunun olub-olmaması barədə arayışları qeydiyyatda olduğunuz vergi orqanına elektron kabinetiniz vasitəsilə və ya onlayn növbə tutmaqla, vergi ödəyiciləriniə xidmət mərkəzinə gəlməklə müraciət edərək əldə edə bilərsiniz.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Elçin Şəkiyev İbrahim el***@gmail.com ID: 4908
Salam. Mən vergi orqanlarına işə qəbulla bağlı sənəd vermək istəyirəm. Bilmək istəyirəm mənim ixtisasım buna uyğundur? MBA Biznesin təşkili və idarə olunması (Beynəlxalq biznes).
13/07/2021 Oxunub: 54 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Namiq Əlili Vəli oğlu na***@gmail.com ID: 4907
Hər vaxtınız xeyir. Tərtər rayon avtovağzalının inzibati binası 1998-ci ildə 2515 manata özəlləşdirilib və nizamnamə kapitalı 2515 manat olmaqla, Fəxrəddin firması yaradılıb. Təsisçilər nizamnamə kapitalındakı hissələrini satdıqdan sonra, inzibati bina üzərində mülkiyyət hüququnu itirirlər, yoxsa, saxlayırlar? Binanın yenidən satılması lazımdırmı? Bu proses bir əmlakın iki dəfə satılması demək deyilmi? Nəzərinizə çatdırım ki, nizamnamə kapitalı üçün əlavə nağd pul bank hesabına qoyulmayıb, ancaq bina nizamnamə kapitalını təşkil edir. Xahiş edirəm ki, məni bilgiləndirin. Əvvəlcədən təşəkkür edirəm.
12/07/2021 Oxunub: 118 Orta qiymət: 3

Bildiririk ki, təsisçi hüquqi şəxsin nizamnamə kapitalına əmlak şəklində vəsait qoyduqda bu əmlaka sahiblik həmin hüquqi şəxsə keçir. 

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə gəlir vergisi hesablanaraq, bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 99.3.8-ci, 101.2-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 4801
Müəssisə mənfəət və ƏDV ödəyicisi olan ticarət fəaliyyəti göstərən vergi ödəyicisidir. Təsərrüfat əməliyyat fəaliyyəti zamanı hər hansı bir məhsulu nisyə alqı satqı müqaviləsi bağlayaraq satışını həyata keçirir. Sonradan nisyə alqı satqı müqaviləsini Mülkü Məcəllənin 193-cü maddəsinə əsasən tələbi 3-cü tərəfə ötürür. 3-cü tərəf tələbi qəbul etdikdən sonra özünün müəyyən komisyon haqqını çıxdıqdan sonra müəssisəyə ödəniş edir. Sual : müəssisənin vergi öhdəliyi hansı məbləğdən hesablanmalıdır : nisyə alqı satqı müqaviləsində göstərilən məbləğdən yoxsa tələbin ötürülməsindən sonra 3-cü tərəfin komisyon haqqını çıxaraq müəssisəyə ödədiyi məbləğdən?
12/07/2021 Oxunub: 169 Orta qiymət: 4

Bldiririk ki, bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilən malların dəyərinin alınması hüququnun tapşırıq müqaviləsinə əsasən üçüncü bir vergi ödəyicisinə verilməsinə vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Qeyd olunanlara əsasən, tərəflər arasında bağlanan müqavilə üzrə borcların yığılması üzrə göstərilən xidmətlərə görə ödənilən xidmət haqları gəlirin əldə olunması ilə bağlı olduğu halda gəlirlərdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

4/5 (9 Orta qiymət)
Qiymət ver:
Abdullayev Aqşin Duman mu***@mail.ru ID: 4816
Salam. Sualım belədir ki, A MMC müasir kassa aparatı (Hipermarketdən) ilə alış edir. Hipermarketdən alınmış mallara görə verilən çekin üzərində alınmış malların miqdarı, vahidinin məbləği və yekun ödəniləcək məbləğ göstərilir. Ödənişi A MMC nağdsız qaydada biznes kartı vasitəsilə edir. Qeyd edilən əməliyyat gəlirdən çıxılan xərc hesab edilir? Əvvələdən təşşəkürlər.
12/07/2021 Oxunub: 245 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Buna əsasən sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənədlər Vergi Məcəlləsində nəzərdə tutulan qaydada həmin malları təqdim edən şəxslər tərəfindən malların alıcılarına verilən elektron qaimə-faktura hesab edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

5/5 (10 Orta qiymət)
Qiymət ver:
İlhamə il***@gmail.com ID: 4906
Xidmət göstərdiyim müəssisə mənim bank hesabıma pul köçürüb. Lakin, Kapital Bankda olan hesabıma pul köçməyib və mən VÖEN ödəyə bilmirəm. Zəhmət olmasa, mənə yol göstərin. Mən VÖEN-i yeni açdırmışam.
12/07/2021 Oxunub: 76 Orta qiymət: 0

Bildiririk ki, banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə milli və ya xarici valyutada cari və ya digər hesablar açmağa, bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa borcludurlar. 

Sorğunuzda qeyd olunan halda, vəsaitin bank hesabına köçüb-köçməməsinin aydınlaşdırılması vergi orqanlarının səlahiyyətlərinə aid edilmədiyi üçün, aidiyyəti üzrə banka və ya vəsaiti ödəyən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bununla yanaşı, qeyd olunan əməliyyat haqda məlumatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməklə, vergi qanunvericiliyi və inzibatçılığı baxımından yaranacaq öhdəlikləriniz haqda məlumat əldə edə bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tural Şərifli Rasim tu***@gmail.com ID: 4741
Fərdi sahibkar xaricdən nəqliyyat vasitəsi idxal edərək daxildə vətəndaşlara satışını həyata keçirmək istəyir. Sual 1. Nəqliyyat vasitəsini vətəndaşa satarkən kassa mədaxil orderindən istifadə edə bilərmi? Sual 2. Vergi ödəyicisi olmayan vətəndaşlara satdığından NKA yəni kassa aparatı ilə fəaliyyət göstərməlidir yoxsa kassa aparatı olmadan kassa mədaxil orderi ilə fəaliyyət göstərə bilər? Sual 3. Əgər kassa mədaxil orderi ilə satışa icazə verilirsə hansı fəaliyyət kodunu seçməlidir ki, vergilər kassa aparatı quraşdırılmasını tələb etməsinlər? Sual 4. Nəqliyyat vasitəsinin və yük maşınlarının idxalı və vətəndaşlara satışı ilə məşğul olarkən könüllü olaraq ƏDV ödəyicisi olmadan mikro sahibkar olan gəlir vergisi ödəyicisi ola bilərəmmi?
12/07/2021 Oxunub: 276 Orta qiymət: 5

Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən, avtomobillərin pərakəndə qaydada satışı zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 155-ci və 220-ci maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Əhmədov Hümbət Məhəmməd Oğlu hu***@gmail.com ID: 4905
Sizdən xahiş edirəm, Vergi Məcəlləsinin hansı maddəsinə əsasən (və ya başqa qaunular uzrə) aşağıdakı Vergi orqanında qeydiyatda olmayan şəxlərdən əlvan metal qırıntılarının alınması qadağandır. Və ya alınması mümkün olduğu halda məhdudiyət varmı və nə qədərdir? 1 - hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçisinindən; 2 - fiziki şəxs vergi ödəyicisidən; 3 - vergi ödəyicisinin muzdlu işçisinin və sairə.
12/07/2021 Oxunub: 180 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Qeyd olunanlara əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən mallardan başqa sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan digər malların vergi orqanında uçotda olmayan şəxslərdən alınması zamanı alınmış mallara görə alış aktlarının tərtib edilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. 

Bundan əlavə vergi orqanlarında uçotda olmayan şəxslərdən alınmış və alış aktı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilən məlumatlar üzrə elektron alış aktı tərtib edilməlidir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Sorğunuzda qeyd olunan şəxslər Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən, qarşılıqlı surətdə asılı olan şəxslər olduqda vergi orqanının bazar qiyməti nəzərə alınmaqla vergi hesablamaq hüququ var.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 16-cı, 18-ci 33-cü, 71-2-ci, 101-ci, 102-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə tənzimlənir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əsgərova Gülçin Vahid el***@mail.ru ID: 4784
Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” təsdiq olunmuşdur ki, illik gəliri 200 min manatadək və ya işçilərin orta siyahı sayı 10 nəfərdən çox olan sakibkar mikro sahibkar hesab olunur. SUAL: Qeyd olunanları nəzərə alaraq ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatatadək olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikasının ərzsizində xarici hüquqi şəxsə xidmət göstərdiyi halda sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? Nəzərə alsaq ki, xarici hüquqi şəxs Məcəllənin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi hesab edilmir.
12/07/2021 Oxunub: 130 Orta qiymət: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident hüquqi şəxslərə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız qeyri-əhali tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq qeyri-rezident hüquqi şəxslərə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Elvin Əzizov Nazim ez***@hotmail.com ID: 4904
Salam. Hazırda mənim aktiv olan Asan İmza Sertifikatım var (biznes üçün nəzərdə tutulmayıb, şəxsi istifadə üçündür) və mobil nömrədən aylıq xidmət haqqı ödəyirəm. Qeyd etdiyim sertifikatın etibarlılıq müddəti bitmək üzrədir. Mən hazırki sertifikatın istifadə müddətini necə uzada bilərəm? Zəhmət olmasa, lazımi prosesləri yazsanız minnətdar olaram. Öncədən təşəkkürlər.
12/07/2021 Oxunub: 82 Orta qiymət: 0

Bildiririk ki, istifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur.

“Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Turan Bünyad eb***@gmail.com ID: 4807
Müəssisənin əsas fəaliyyəti avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq və tranzit yüklərin daşınmasıdır. Sürücülərə "Ezamiyyə xərclərinin normaları haqqında" AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI ilə daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir. Sual 1: Vəsaitin ödənilməsinin rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir, bununla əlaqədar hansısa nümunəvi forma müəyyən olunubmu? Sual 2: Bu ödəniş gəlirdən çıxılan xərclərə aiddirmi?
12/07/2021 Oxunub: 268 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Bunlarla yanaşı, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərə müəssisə tərəfindən ezamiyyə xərcləri əvəzinə hər gün üçün ödənilən əlavə vəsait həmin vəsaitin ödənilməsini təsdiq edən sənəd əsasında müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Qeyd olunan vəsaitlərin ödənişinin rəsmiləşdirilməsi haqda aidiyyəti üzrə Maliyyə Nazirliyinə sorğu etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli Qərarı.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Həmidli Elməddin İltifat el***@gmail.com ID: 4902
Parol, şifrə və VÖEN-i itirmişəm, necə əldə edim?
11/07/2021 Oxunub: 66 Orta qiymət: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elnur Atakişiyev At***@gmail.com ID: 4900
Salam. Vergi mecellesin malların əskik gəlməsi ilə bağlı konkret yanaşma var. Bəs malların artıq gəlməsi zamanı hansı vergi öhdəlikləri, hansı risklər yaranır? Hər hansı vergi yoxlaması zamanı artıq gələn mallara görə sanksiya tətbiq oluna bilərmi? Və ya satışdan kənar gəlir kimi qiymətləndirilə bilərmi? Öncədən təşəkkürlər.
11/07/2021 Oxunub: 146 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 3.7-ci bəndinə əsasən uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onların mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Buna əsasən inventarizasiya zamanı aşkar edilən elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən mallar həmin malların bazar qiyməti ilə uçota alınır və həmin malların dəyəri vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Mallar vergi ödəyicisi tərəfindən təqdim edilən zaman malların vergi ödəyicisinin balansına mədaxil dəyəri vergi ödəyicisinin xərclərinə aid edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qafur Qədirov Ağaqədir qe***@gmail.com ID: 4899
Salam, mən VÖEN-i dondurmuşam 5 illik. Hər 3 aydan bir bəyamnamə verməliyəm?
10/07/2021 Oxunub: 109 Orta qiymət: 0

Bildiririk ki, tərəfinizdən təqdim edilmiş sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən fəaliyyətinizin 05.04.2019-cu il tarixdən 05.04.2024-cü il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.

Vergi Məcəlləsinin 221.3-cü maddəsinin müddəalarına görə sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Vergi ödəyicisinin fəaliyyətinin bağlı olduğu sonrakı hesabat dövrləri üçün hesabatın təqdim olunması tələb olunmur. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 149-cu və 221-ci maddələri ilə tənzimlənir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kənan Cəfərov Şəhrud ke***@gmail.com ID: 4896
Salam. İşə qəbul üçün imtahanana qeydiyyat nə zaman başlayacaq və imtahan hansi ayda keçirilməsi nəzərdə tutulur?
10/07/2021 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı yeni məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: