Ticarət şəbəkəsinin təmsilçiləri ilə müzakirələr aparılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkil etdiyi növbəti belə görüş “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və iri ticarət şəbəkələrinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə ticarət şəbəkələrinin təmsilçiləri tərəfindən yerli istehsalın dəstəklənməsi üçün güzəştlər, o cümlədən diferensial ƏDV dərəcəsinin tətbiqi, yerli kənd təsərrüfatı məhsullarının alışının sənədləşdirilməsindəki çətinliklər, gəlirdən çıxılmayan xərclərin tənzimlənməsi kimi məsələlərlə bağlı təkliflər səsləndirilib, sahənin inkişafı istiqamətində müzakirələr aparılıb.
Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.