Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.
Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.
Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.
Buna əsasən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.
Eyni zamanda qeyri-rezidentin göstərdiyi xidmətlərə görə aparılan avans ödəmələri avans ödəmələrinin aparıldığı vaxtda ödəmə mənbəyində vergiyə cəlb edilməli, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi büdcəyə köçürülməli və bəyannamə təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 69-cu,125-ci, 150-ci və 169-cu maddələri.
Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır.
Əsas: “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.
Bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınması beynəlxalq daşıma hesab olunur.
Sorğunuzdan yüklərin Azərbaycan Respublikasının ərazisinə daxil olmadan bir dövlətdən digər dövlətə daşındığı qənaətinə gələrək bildiririk ki, müvafiq xidmətlərin göstərilməsindən əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
Vergi Məcəlləsinin 168.1.4. maddəsinə əsasən göstərilən xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün ƏDV-yə cəlb olunan əməliyyat hesab olunmur.
Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.
Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması ilə bağlı (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) qeyri-rezidentə aparılan ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və həmin ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur.
Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə müəyyənləşdirilmişdir.
Eyni zamanda Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması üzrə göstərilən xidmətlər ƏDV tutulan əməliyyatlara aid edilmir. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 165-ci maddəsinin müddəalarına əsasən beynəlxalq daşıma xidmətləri isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.
Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125-ci, 159-cu, 165-ci, 168-ci və 169-cu maddələri.
Bildiririk ki, Abdullayev Fərhad Kazım oğlu (VÖEN 1700930342) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin 11 may 2023-cü il tarixinə olan məlumatlarına əsasən fəaliyyəti aktivdir.
Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.
Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.
Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.
Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.
Vergi Məcəlləsində 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan əməliyyatlar sırasına aid edilib.
Eyni zamanda Mülki Məcəllənin 852-ci maddəsinin müddəalarına əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur.
Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzddan ibarət ola bilər.
Qeyd olunanlara əsasən cəmiyyət tərəfindən digər şəxslər vasitəsilə həyata keçirilən beynəlxalq daşımalara görə (ekspeditor xidmətlərinə görə) əldə olunan komisyon muzd mənfəət vergisinə və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilir.
Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 159-cu,165-ci və Mülki Məcəllənin 852-ci maddələri.
Bildiririk ki, rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunduğundan gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunmalıdır.
Ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda qeyri-rezident fiziki şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.
Zərurət yarandıqda, əlavə məlumatı Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 33.4-cü, 96.1-ci, 125.1.5-ci, 149.1.3-1-ci, 149.2-ci və 149.6-cı maddələri.
Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.
Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.
Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz.
Sorğunuzda qeyd olunan vəsaitin əldə olunması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 35-ci, 101.2-ci və 127-ci maddələri.
Bildiririk ki, vergi ödəyicisi uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir. Bu barədə ətraflı məlumatla buradan tanış ola bilərsiniz: "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları"
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.
ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.
Müraciətinizdə qeyd olunanlara əsasən Siz ƏDV ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün, göstərdiyiniz xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və vergi tutulan əməliyyatların dəyəri müvafiq dövr üzrə təqdim edilən ƏDV bəyannaməsinin 301.1-ci sətrində əks olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 159-cu, 173-cü maddələri.
Bildiririk ki, qanunvericilikdə kommersiya qurumunun bir neçə direktor tərəfindən idarəçiliyi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
Bildiririk ki, Fərmanov Sədi Filman oğlu (VÖEN 4600347442) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.
Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində Binəqədi Rayon Qeydiyyat Şöbəsinin və Ordubad Rayon Qeydiyyat Şöbəsinin uçotda olmaları barədə məlumat mövcud deyil.
Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.
Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.
Bildiririk ki, hüquqi şəxsdəki payların hüquqi şəxsin təsisçisi iştirak paylarını digər təsisçilərə və ya kənar şəxslərə təqdim edə bilər.
Əlavə olaraq bildiririk ki, vergi qanunvericiliyinə əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Buna əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident müəssisənin rezident müəssisədəki səhmlərinin satışından əldə olunan gəlirləri Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinin müddəaları nəzərə alınmaqla Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.
Eyni zamanda Vergi Məcəlləsinin 149.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan, Vergi Məcəlləsinin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci və ya 125.1.7-ci maddələrinə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulan gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi bu cür gəlir haqqında bəyannamə verməklə tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilər. Bu cür bəyannamə bu Məcəllənin 149.2-ci maddəsinin birinci cümləsində müəyyən edilən müddətlərdə verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin gəliri kimi Vergi Məcəlləsinin 105.1-ci maddəsində müəyyən edilən dərəcə ilə vergi tutulur, vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci isə daimi nümayəndəliyin xərcində olduğu kimi gəlirdən çıxılmalıdır, bu şərtlə ki, vergi bu Məcəllənin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmasın.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda Azərbaycan mənbəyindən əldə olunmuş gəlirindən ödəmə mənbəyində vergi tutulmuş gəlir əldə edən qeyri-rezident Vergi Məcəlləsinin 149.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycanda vergi uçotuna alına və səhm satışından əldə olunan gəliri üzrə bəyannamə təqdim edə bilər.
Vergi Məcəlləsinin 149.1.3-1-ci maddəsinin müddəaları qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etdiyi və əldə etdiyi gəlirdən ödəmə mənbəyində verginin tutulması mümkün olmadığı hallarda tətbiq edilir.
Əlavə olaraq bildirirk ki, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 85-ci, 87-ci, 105-ci, 106-cı, 125-ci, 149-cu maddələri.
Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.
Həmçinin bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda vergi, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.
Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.
Kommersiya və ya publik hüquqi şəxsin nizamnamə kapitalının artırılması üçün ələb olunan sənədlər və digər ətraflı məlumatları "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" bölməsindən (Buradan) tanış ola, əlavə suallar yarandıqda Çağrı Mərkəzinə (195-1) və ya Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (Tel.: (012) 403-83-38, office.milli@taxes.gov.az, Bakı şəhəri, H.Əliyev prospekti, 105) müraciət edərək əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin-nin 34-cü maddəsi, Mülki Məcəllənin 43-113-cü maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun, Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin müddəlarına əsasən, beynəlxalq yarış (idman yarışları istisna olmaqla) və müsabiqənin hansı ölkədə keçirilməsindən asılı olmayaraq əldə olunan mükafatların dəyərinin 4000 manatadək hissəsi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 102.1.15-ci maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Qeyd olunanlara əsasən 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.
Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
Mənzil ipoteka krediti hesabına alındıqda mənzilin dəyərinin satıcıya tam ödənildiyi üçün həmin alıcılar da ƏDV-nin geri qaytarılması üçün müraciət edə bilərlər.
Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır.
Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub.
Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .