Bildiririk ki, kommersiya və ya publik hüquqi şəxsin təsisçisinin dəyişdirilməsi zamanı tələb olunan sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
Adıçəkiləm maddədə, Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunan əməliyyatların uçotunun (həmin məhsulların alışı və satışı üzrə məlumatların) mühasibat uçotunun və Vergi Məcəlləsinin tələblərinə əsasən sənədləşdirilməsi nəzərdə tutulur.
Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.
Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.
Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna ol-maqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.
Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.
Eyni zamanda 106.1.6-ci maddəsinə əsasən alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa) mənfəət vergisindən azaddır.
Sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa sığortalının sığortaçıdan aldığı sığorta ödənişləri mənfəət vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 104-cü və 106.1.6-cı maddələri.
Məlum olduğu kimi, ötən il Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar malların idxal olunacağı tarixədək vergi orqanına təqdim edilməlidir. Dəyişikliyin məqsədi idxal əməliyyatları həyata keçirən, habelə üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi məqsədilə idxal olunan malların sifarişçiləri, habelə həmin malların saxlanc yerləri barədə əvvəlcədən vergi orqanlarına məlumatın verilməsidir.
Bununla belə, vergi ödəyicilərinin inzibati yükünün azaldılması məqsədilə qeyd olunan məlumat formasını təqdim edən subyektlərin dairəsində 01.01.2023-cü il tarixdən etibarən dəyişiklik edilib. Belə ki, "Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmiş vergi ödəyicilərinin vergidən yayınma riskinin az olması nəzərə alınmaqla, əlavə sənədləşmə üzrə inzibatçılıq yükünün artmasının qarşısının alınması üçün həmin şəxslər tərəfindən idxal ediləcək mallar barədə məlumatların vergi orqanına təqdim olunması tələbi istisna edilib. Həmçinin, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda, idxal edilən malların qeydiyyatda olan həmin obyektə aparılması kimi qiymətləndirilməsi və məlumat formasının təqdim olunmaması müəyyən edilib. Digər vergi ödəyiciləri tərəfindən isə həmin məlumatların təqdimolunma müddəti artırılıb, malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların isə gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) təqdim olunması ilə bağlı dəyişiklik edilib.
Dəyişiklik haqda ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsində Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması nəzərdə tutulmuşdur.
Eyni zamanda “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır.
Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası
Bildiririk ki, gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir.
Eyni zamanda əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, o cümlədən Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı.
Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz daha məqsədəuyğundur.
Bildiririk ki, Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
Eyni zamanda, Vergi Məcəlləsinin 227.1-ci maddəsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
Bununla yanaşı, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
Qeyd olunanlara əsasən sözügedən azadolmalar işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən fiziki şəxslərin həmin ərazilərdə həyata keçirdiyi sahibkarlıq fəaliyyətlərinə münasibətdə tətbiq olunur.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 226-cı və 227-ci maddələri.
Birinci və İkinci sual ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.
Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.1-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt məbləği şəhid adını almış şəxslərin övladlarına hər hansı yaş həddi olmadan şamil edilir.
Üçüncü sualla bağlı bildiririk ki, fiziki şəxsin Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən güzəşt hüququ olduğu halda, həmin şəxsə 800 manat güzəşt tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, müraciətdə qeyd olunan məhsulun maye qazlara aid edilib-edilməməsi və maye qaza hansı elementlərin aid olunması Vergi Məcəlləsi ilə tənzimlənmir. Qeyd edilən məsələlər ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.14.2-ci maddəsinə əsasən müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilmişdir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.4-cü maddəsinin müddəalarına əsasən sənədli qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir.
Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.15-ci maddəsinə əsasən idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir - bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilmişdirsə, Azərbaycan mənbəyindən gəlirlərə aid edilir.
Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması Vergi Məcəlləsinin 125.1-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.
Həmçinin, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.
Vergi Məcəlləsinin 168.1.6-cı maddəsinə əsasən işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.
Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatla bağlı işin faktiki halları, o cümlədən göstərilən xidmətlərin mahiyyəti və komissiya məbləğinin necə müəyyən olunması barədə məlumatlar və təsdiqedici sənədlərlə (müqavilə, ödəniş sənədləri və s.) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 168-ci maddələri.
Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada - bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mala görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.
Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mala görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
Birinci sual ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
Bununla yanaşı, Vergi Məcəlləsinin məqsədləri üçün istifadə olunan anlayışlar həmin Məcəllənin 13-cü maddəsində təsbit olunmuşdur.
Belə ki, Vergi Məcəlləsinin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.
Vergi Məcəlləsinin 13.2.3-cü maddəsinə əsasən fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsdir.
Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin XIX fəslinin müddəaları işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan xarici hüquqi və fiziki şəxslərə də şamil olunur.
Eyni zamanda, xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında nümayəndəlik və ya filial yaradılması, kommersiya hüquqi şəxsinin (yerli və xarici investisiyalı) dövlət qeydiyyatına alınması, habelə əcnəbi və vətəndaşlığı olmayan fiziki şəxslərin vergi uçotuna alınması Vergi Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir.
İkinci sualla bağlı bildiririk ki, Mülki Məcəllənin 53.3-cü maddəsinin müddəalarına əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
Buna əsasən Azərbaycan Respublikasında yaradılan xarici hüquqi şəxsin nümayəndəliyi hüquqi şəxs sayılmadığından onun təsisçi şəxsləri olmur və həmin nümayəndəlik xarici hüquqi şəxsin təsdiq etdiyi əsasnamə və təyin etdiyi rəhbər əsasında fəaliyyət göstərir.
Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda aparılan əməliyyatların xarakteri tam açıqlanmaqla müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü və 226-cı maddələri, Mülki Məcəllənin 53-cü maddəsi.
Birinci sual ilə bağlı bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsinə əsasən texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.
Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.
Göründüyü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödənilməsi hüququndan istifadə edilməsi hər il yanvar ayının 15-dək növbəti təqvim ili üçün seçimi barədə yazılı məlumatı təqdim etməklə, yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etməklə seçim hüququ tətbiq edilə bilir.
Buna əsasən sorğuda qeyd olunan halda, texnologiyalar parkının rezidentlik statusu yanvar ayının 15-dən sonra əldə edildiyi təqdirdə həmin il üçün məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödənilməsi hüququndan istifadə edilməsi yeni işəgötürülən şəxslərə münasibətdə tətbiq edilə bilər.
İkinci sualla bağlı bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsində nəzərdə tutulan güzəşt hüququ əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidentlik statusu almış şəxsin bütün işçilərinə münasibətdə tətbiq olunur.
Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.
Fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.
Həmçinin yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azad olduğu üçün sorğunuzda qeyd olunan mənzilin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb edilmir.
Əsas: Vergi Məcəlləsinin 218-ci və 218-1-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 19.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
Eyni zamanda, daimi nümayəndəliyin əsasən əhatə etdiyi yer və daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmayan fəaliyyət növləri Vergi Məcəlləsinin 19-cu maddəsində təsbit olunmuşdur.
Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatların xarakteri tam açıqlanmaqla bu əməliyyatlar üzrə müvafiq təsdiqedici sənədlər, tərəflər arasında bağlanmış müqavilələr və digər zəruri sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 19-cu maddəsi.
Bildiririk ki, gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunmuşdur.
Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.
Məlumat üçün bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.
Fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda, fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.
Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız.
Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın dəyərinin 18 faizidir.
Vergi Məcəlləsinin 165-ci maddəsinə əsasən malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilir.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 165-ci, 168-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.
Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0
Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.
Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.