Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, sözügedən maddəyə əsasən Azərbaycanda fəaliyyət göstərən qeyri-rezident şəxs fiziki şəxs statusunda fəaliyyət göstərmədikdə vergi orqanı həmin şəxsə hüquqi şəxs kimi yanaşır və həmin şəxsin gəlirləri mənfəət vergisinə cəlb olunacaqdır.

Lakin həmin qeyri-rezident Azərbaycandakı fəaliyyətinin birgə sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirildiyini sübuta yetirdikdə bu zaman birgə sahibkarlıq fəaliyyətinin iştirakçılarının vergi öhdəliyinin müəyyən olunması Vergi Məcəlləsinin 137-ci maddəsinin müddəaları əsas götürülməklə aparılır.

Əsas: Vergi Məcəlləsinin 103.2-ci və 137-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, istehsal fəaliyyətini həyata keçirmək üçün vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətinin fiziki və ya hüquqi şəxs olaraq həyata keçirilməsi ilə bağlı xüsusi tələb və ya məhdudiyyət nəzərdə tutulmamışdır. Qeyd olunan fəaliyyəti hər iki formada həyata keçirmək mümkündür.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. 

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. Həmçinin, vergi ödəyicisi tərəfindən ödəniş həyata keçirilərkən ödənişin təyinatı göstərilməlidir.

Yuxarıda qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən marketinqlə əlaqədar olaraq, ödədiyi xərclər gəlirin əldə olunması ilə bağlı olduqda və rəsmiləşdirildikdə gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 109-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Eyni zamanda, Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən fiziki şəxsin icarə haqqından əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün həmin gəlirlər ƏDV-nin vergitutma obyektini təşkil etmir və 12 aylıq dövrün istənilən ayında (aylarında) həcmi 200.000 manatdan artıq olduqda ƏDV qeydiyyatına durmaq öhdəliyi yaratmır. 

Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, onun vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən Vergi Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb 14 faiz dərəcə ilə vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergi məbləğlərini dövlət büdcəsinə ödəyir.

Əsas: Vergi Məcəlləsinin  33-cü, 99.3.3-cü, 124-cü, 149-cu, 150-ci, 155-ci və 159-cu maddələri.

Ümumi qiymət: 2/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.  

Vergi ödəyicisi tərəfindən hər bir ay üzrə muzdlu işlə əlaqədar işçilərə hesablanmış gəlirlərdən azadolma və güzəştlər çıxıldıqdan sonra, sonra vergiyə cəlb edilən gəlirin məbləğinə Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi dərəcəsi tətbiq edilməklə gəlir vergisi hesablanır və ödəmə mənbəyində tutulmaqla dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, 2024-cü ilin 1 yanvar tarixinədək Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.  

Həmçinin, kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Buna əsasən sorğunuzda qeyd olunan pambığın emalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmir və ümumi qaydada vergiyə cəlb olunur.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin və xidmətin) təqdim edilməsi vergi tutulan əməliyyat hesab edildiyindən alınmış avans məbləğləri üzrə malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt vergi tutulan əməliyyat baş tutmuş olur. Buna əsasən sorğuda göstərilən halda cəmiyyətə ödənilən avans məbləğləri vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan 200.000 manat həddinə aid edilmir.

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 155-ci, 159-cu və 164-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Həmçinin bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə"  ilə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

Ümumi qiymət: 0/50
Qiymət ver:

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak vergisi barədə tədiyə bildirişi hər il avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği 15 avqust və 15 noyabr tarixlərinədək fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Yuxarıda qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan mənzilin əmlak vergisi üzrə borcunun ödənilməsi üçün aidiyyəti üzrə mənzilin yerləşdiyi ərazinin bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 8-ci, 197-ci, 198-ci və 200-cü maddələri.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Əsas: “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Ümumi qiymət: 5/51
Qiymət ver:

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi və Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən ekspeditorun göstərdiyi vasitəçilik xidmətlərinə görə rezident və ya qeyri-rezident şəxslərlə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqları (komisyon haqlar) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Beynəlxalq daşıma xidmətinin dəyəri isə ƏDV-yə yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 159-cu,165-ci və Mülki Məcəllənin 852-ci maddələri.
 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, ödənilmiş vəsaitlər vəsaitlərin büdcəyə daxil olması barədə xəzinədarlıq orqanından alınmış ödəniş sənədlərinin surətləri əsasında vergi orqanları tərəfindən xəzinədarlıq orqanından ödəniş sənədlərinin surətləri alındıqdan sonra 2 iş günü ərzində vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması" Qaydaları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması həyata keçirilir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan tibb müəssisəsi ƏDV ödəyicisi olduqda və təqdim edilən kassa çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verdiyi halda, nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi geri qaytarılır. 

Əsas: Vergi Məcəlləsi, 165.5-ci maddə.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Qeyd olunanlara əsasən, sizin əməkhaqqınızdan gəlir vergisi tutulmur. Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan adda vergi ödəyicisi müvafiq informasiya sisteminin məlumatlarına əsasən müəyyən edilməmişdir.

Məlumat üçün bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin“Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi”adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə əldə edə bilərsiniz.

Əsas:  Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, 2024-cü ilin 1 yanvar tarixinədək Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.  

Vergi ödəyicisi tərəfindən kənd təsərrüfatı məhsulları digər şəxslərdən alınaraq təqdim edildiyi halda həmin məhsullar onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların ölkə daxilində satışından və ixracından əldə olunan gəlirlərə yuxarıda sadalanan vergi güzəştləri aid edilmir. 

Verginin sıfır (0) dərəcəsi ilə tutulması Vergi Məcəlləsinin 165-ci maddəsində qeyd olunan əməliyyatlara aid edilir. Maliyyə xidmətlərinin göstərilməsi isə 0 (sıfır) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyat deyil və Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən ƏDV-dən azaddır.

Həmçinin, Vergi Məcəlləsinin 165-ci maddəsinə əsasən malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Əlavə olaraq bildiririk ki, hər hansı əməliyyat üzrə yarana biləcək vergi öhdəliklərinin müəyyən edilməsi bilavasitə həmin əməliyyatlar üzrə ilkin sənədlərə, işin xarakterinə və vergi ödəyicisinin fəaliyyətinə bağlı olduğundan, vergitutma baxımından ətraflı məlumat üçün əməliyyatların xarakteri tam açıqlanmaqla, ilkin sənədlərlə və vergi ödəyicisinin fəaliyyəti haqqında ətraflı məlumat verilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 106-cı, 164-cü, 165-ci, 199-cu, 207-ci və 219-cu maddələri.
 

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan proqram təminatı qeyri-maddi aktivlərə aid edilir.

Vergi Məcəlləsinin müddəalarına əsasən qeyri-rezident şirkət tərəfindən proqram təminatının hazırlanması və təqdim edilməsi üzrə göstərilən xidmətlərə görə ona aparılan ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin bildiririk ki, ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.

Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Əsas:  Vergi Məcəlləsinin 13.2.9-cu, 125-ci və 169-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver: