Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Əhmədalıyeva Leyli Əhmədalı le***@gmail.com ID: 7229
Salam sual belədir. Biz İrandan balıq idxal etmək istəyirik. Adımda Azərbaycanda şirkət var, amma fəaliyyəti yoxdur. Tikinti sahəsi üzrə təsis olunan şirkətdir, o da eyni adla. Bu şirkətə kod, nişan almaqla balıqları idxal etmək olar İrandan? Olarsa hansı sənədlər alınmalıdır? AQTA, baytarlıq, fitosanitar və s. hansılar alınmalıdır ki, idxal zamanı gömrükdə və s. problem yaşanmasın, mal gəlib gömrükdə qalıb xarab olmasın, ziyana gedilməsin. Bir sözlə bu balığı idxal etməklə bağlı hansı tələblərə cavab verməliyik biz? Hansı sənədlər olmalıdır, hansı sertifikarlar olmalıdır, anbarımız olmalıdır yoxsa yox? Zəhmət olmasa, ətraflı məlumat verə bilərsiniz?
17/11/2022 Oxunub: 133 Orta qiymət: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Türkan Yusifova Namiq yu***@mail.ru ID: 7224
Asan imzanın sertifikatının onlayn qaydada uzadılması haqda məlumat.
16/11/2022 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, mövcud "Asan İmza" sertifikatının müddətinin uzadılması üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur.

“Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” ilə buradan tanış ola bilərsiz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kazımov Zakir Rəhim oğlu za***@mail.ru ID: 7222
1. Vergi Məcəlləsinin (VM) 123.1-ci maddəsinə (VM-nə 2022-ci ilin may ayında edilmiş dəyişiklik üzrə) əsasən "Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər"lə banklar arasında bağlanmış müqavilə əsasında depozit (əmanət) hesablarına, o cümlədən biznes kart hesablarına müştərilərin öz cari hesablarından köçürdüyü məbləğlər üzrə bu şəxslərə ödənilən faizlərindən ödəmə mənbəyində vergi tutmalıdırmı?; 2. Və ya "Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər" bu vergini hüquqi şəxslər kimi İllik mənfəət (gəlir) vergisi bəyannaməsi əsasında (Gəlir vergisi ödəyiciləri üçün) və ya “Sadələşdirilmiş vergi bəyannamə”si əsasında rüblük əsasda (Sadələşdirilmiş vergi ödəyiciləri üçün) özləri ödəməlidirlər? Sadələşdirilmiş vergi ödəyicilərinin bəyannamələrində bu gəliri əks etdirmək üçün imkanlar varmı?; 3. Bu hallarda vergi dərəcəsi VM-nin 101.2-ci və 101.3-cü maddələrinə uyğun olaraq 14% və 20 % dərəcə ilə ödənilirmi? Və ya faiz gəliri VM-nin 99.3.1-ci maddəsinə əsasən “Qeyri - sahibkarlıq fəaliyyəti üzrə gəlirlər”ə aid olunduğu üçün onlardan faizlərlə əlaqədar yalnız 14% dərəcəsi ilə vergi tutulur? 4. Bu vergilər VM-nin 123.1-ci maddəsinə əsasən banklar tərəfindən ödəmə mənbəyində 10% dərəcəsi ilə tutulmalıdırsa "Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər"in faiz gəliri VM-nin 123.2-ci maddəsinə əsasən bir daha vergiyə cəlb oluna bilərmi?
15/11/2022 Oxunub: 196 Orta qiymət: 0

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur. Digər hallarda, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci və 123-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Günel Ağayeva Sahib 86***@gmail.com ID: 7220
Salam. Bilmək istərdim ki, mənə VÖEN açdırsam və xaricdən mənim cari hesabıma göndərilən (hər hansı bir xidmətə görə) məbləğdən (avro və ya dollar) neçə faiz vergi ödəməliyəm? Və bir də bilmək istərdim ki, həmin məbləğdə limit nəzərdə tutulurmu? Yəni illik nə qədər olarsa vergi tutulur, nə qədər olarsa tutulmur? Əvvəlcədən minnətdaram.
15/11/2022 Oxunub: 232 Orta qiymət: 0

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın dəyərinin 18 faizidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmira Quliyeva el***@mail.ru ID: 7219
Salam. Gəlir vergisi ödəyicisi olan fiziki şəxs vergi ili başa çatmamış fəaliyyətini uzun müddətə dayandırarsa o hansı bəyannamələri, hesabatları hansı müddətdə təqdim etməlidir?
15/11/2022 Oxunub: 127 Orta qiymət: 0

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,149-cu və 221-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ülkər Qurbanzadə gu***@gmail.com ID: 7218
Salam Sizə, "Buta Farm" MMC tərəfindən müraciət edirəm. Azərbaycanda ən böyük apteklər şəbəkəsinə malik şirkətlərdən biri olan Buta Farm diplomatik korpusların nümayəndəlikləri (Səfirliklər və s.) ilə əməkdaşlıq edir. Belə ki, Buta Farm apteklər şəbəkəsinə daxil olan aptek təşkilatdan alış-veriş edən diplomatik korpusun nümayəndələri tərəfindən vəzifələrini və şəxsiyyətlərini əsaslandıran sənədlərlə birgə Çek şirkətimizə möhürlənməsi üçün göndərilir. Səhv etmirəmsə, bu bizim möhürlədiyimiz çeklər yenidən Səfirliklər tərəfindən Vergilər Xidmətinə ƏDV-nin geri alınması üçün verilir. Sual: Olarmı ki, biz o Kassa Çeklərinə rekvizitsiz - Sənədlər üçün nəzərdə tutulan möhürü (ştamp) vuraq ki, hər dəfə təsdiq üçün Baş Direktora verilməsin çeklər. Çünki, Çeklər çox olur və bunu tənzimləmək çətindir.
15/11/2022 Oxunub: 132 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilir.

Eyni zamanda “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş edilmişdir.

Həmin Qaydaların 3.3-cü bəndinin müddəalarına əsasən malların və ya xidmətlərin adının və ayrıca sətirdə əlavə dəyər vergisinin göstərildiyi nəzarət-kassa aparatının çeki olduqda, elektron qaimə-faktura tələb edilmir. Kassa çekinin arxasında malların (xidmətlərin) alıcısının adı, soyadı, akkreditə vəsiqəsinin nömrəsi və malları (xidmətləri) təqdim edən vergi ödəyicisinin möhürü olmalıdır.

Qaydaların 4.1-ci bəndinə əsasən nümayəndəliyin rəsmi istifadəsi, habelə işçilərin və ailə üzvlərinin şəxsi istifadələri üçün alınan mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün nümayəndəlik tərəfindən müvafiq vergi orqanına bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən ərizə ilə müraciət edilməlidir. Ərizə nümayəndəliyin müvəkkil edilmiş şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir. Ərizəyə əlavə edilən sənədlərin siyahısı həmin bənd ilə müəyyən edilmişdir.

Göründüyü kimi Azərbaycan Respublikasında akkreditə edilmiş xarici ölkələrin diplomatik nümayəndəliklərinin Azərbaycan Respublikasının vətəndaşı olmayan işçiləri tərəfindən şəxsi istifadəsi üçün alınmış mallara görə ödənilmiş ƏDV məbləğinin geri qaytarılası məqsədilə yuxarıda adı çəkilmiş Qaydalarda müəyyən edilmiş sənədlərlə birgə təqdim edilən ayrıca sətirdə əlavə dəyər vergisi göstərilən nəzarət-kassa aparatının çeklərinin arxasında malların (xidmətlərin) alıcısının adı, soyadı, akkreditə vəsiqəsinin nömrəsi və malları (xidmətləri) təqdim edən vergi ödəyicisinin möhürü olmalıdır.

Əsas: Vergi Məcəlləsinin 165-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Anar Cavadov İlyas o. ve***@mail.ru ID: 7216
Sual: Bildiyimiz kimi, adından da, göründüyü kimi Məhdud Məsuliyyətli Cəmiyyətlərdə, yəni təşkilati imkanları məhdud MMC-lərdə - idarəçilik forması kimi İdarə Heyyəti olmur. Belə idarəçilik forması adətən, yəni İdarə Heyəti daha böyük Cəmiyyətlərdə, məsələn Açıq və ya Qapalı Səhmdar Cəmiyyətlərdə (ASC, QSC) və s.-də olur. Yazılanlar düzdürmü?
15/11/2022 Oxunub: 94 Orta qiymət: 5

Bildiririk ki, “məhdud məsuliyyətli cəmiyyət” ifadəsinin hərfi mənasından da göründüyü kimi “məhdud”luq yalnız müəssisənin “məsuliyyət” hissəsinə aiddir. 

Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 

Eyni zamanda, Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Maddənin tələbinə əsasən məhdud məsuliyyətli cəmiyyətin icra orqanı kollegial da ola bilər. “İdarə heyəti” qanunvericilikdə kollegial icra orqanlarından biri kimi təsbit olunmuş və qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyətlərin kollegial icra orqanının “İdarə heyəti” adlandırılması ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməmişdir. 

Əsas: Mülki Məcəlləsinin 87-ci və 91-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məmməd Süleymanov Mahmud ma***@icloud.com ID: 7215
Salam, mənim atam 1991-1992-ci illərdə Qarabağ döyüşlərində iştirak edib. Hal-hazırda veterandır, əməkhaqqımdan tutulmanı azaltmaq olurmu?
15/11/2022 Oxunub: 79 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mədinə Rəsulzadə İlham me***@gmail.com ID: 7108
Salam. Mən VÖEN-imi yeni aktivləşdirmişəm. Aktivləşdirdikdən sonra borc məlumatllarıma baxdıqda orada 5 sayda təqdim edilməmiş bəyannaməmim olduğunu gördüm. Bu gün işləmədiyim dövrlərə uyğun bəyannamə hazırlayıb göndərdim amma hələ də hesabımda eyni təqdim edilməmiş bəyannamə olduğu göstərilir. Bu nə ilə əlaqədərdir? Mən bəyannamlərimi göndərmək üçün necəsə köməklik əldə edə bilərəmmi? Video təlimat və yaxud yerindəcə təlimləndirmək.
11/11/2022 Oxunub: 171 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanına təqdim edilməli olan hesabatlar (bəyannamələr), onların formaları və doldurulma qaydaları ilə saytımızın "Bəyannamə" bölməsində tanış ola bilərsiniz. Bəyannamələrin təqdim edilməsi ilə bağlı əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək xidmətlərdən istifadə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Xəyal Məhərrəmov Məzahir me***@gmail.com ID: 7155
Salam. Mən saat almışam, saatın kassa çeki yoxdur və bu saatı dəyişmək istəyirəm. Həmin dəyərində başqa bir saat götürmək istəyirəm. Lakin, satıcı bunun saat qutusundan çıxıb deyə mümkün olmadığını bildirir. Köməklik göstərərdiniz, zəhmət olmazsa.
11/11/2022 Oxunub: 243 Orta qiymət: 4

Bildiririk ki, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.

Həmçinin, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə rəsmi qaydada Dövlət Vergi Xidmətinə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

 

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Fikrət Əmirov Dadaş fi***@gmail.com ID: 7156
Salam. Sualım Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayışın hansı qurum tərəfindən veriməsinə aiddir. Sözü gedən arayışı əldə etmək üçün ASAN xidmətə, yaşadığım rayonun (Nəsimi r-nu) 41 saylı MKİS və Nəsimi rayon bələdiyyəsinə müraciət etmişəm. Lakin, hər üç qurum bu arayışın onlara aid olmadığını deyir. 41 saylı MKİS və Nəsimi rayon bələdiyyəsinin nümayəndələri ümümiyyətlə belə sənədin mövcudluğu haqqında məlumatlarının olmadığını bildirdilər. Hal bu ki, bu sənəd Azərbaycan Respublikası Vergilər Nazirliyinin 01 fevral 2001 ci il tarixli A-20 saylı əmri ilə təsdiq etdilmiş sənəddir. Və bu öz əksini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarında tapmışdır. Qərarın 1. 15 bəndinə əsasən: Himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir: Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı; Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları. Xahiş edirəm arayışı haradan və necə əldə etməyimə köməklik göstərəsiniz. Öncədən təşəkkür edirəm.
11/11/2022 Oxunub: 162 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Göründüyü kimi, arayışı yaşadığınız ərazi üzrə yerli icra hakimiyyəti və ya bələdiyyələrdən əldə etməyiniz Nazirlər Kabinetinin Qərarında müəyyən edilmişdir. "Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış" formasını saytımızdan əldə edə bilərsiniz.

 https://www.taxes.gov.az/vn/beyanname/2001/guzestin_elde_edmesi_barede.pdf .

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əhmədov Kənan Şəmşir ke***@gmail.com ID: 7253
Salam. Dövlət Vergi Xidmətində işə qəbulla bağlı müraciət etmək istəyirəm. Bu barədə mənə ətraflı məlumat verməyinizi xaiş edirəm. Təşəkkürlər.
11/11/2022 Oxunub: 43 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Emil Əliyev Xudaşükür em***@mail.ru ID: 7120
Salam. Sadələşdirilmiş vergi ödəyicisi rübün ilk ayında e-qaimə ilə xidmət göstərib. Digər iki ayında NKA xidmət göstərilib. Vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi kimi hesabat verəcək ya gəlir vergisi ödəyicisi kimi? Öncədən Təşəkkür edirəm.
10/11/2022 Oxunub: 223 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuzda qeyd olunan vergi ödəyicisinin rüb ərzində həyata keçirdiyi əməliyyatların həcmi haqda məlumat qeyd olunmadığı üçün, müraciətinizin cavablandırılması imkan xaricindədir. Bu səbəbdən müraciətinizi dəqiqləşdirərək yenidən Sual-Cavab bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Günel Əliyeva Xanbala qızı al***@mail.ru ID: 7204
3 tərəf arasında investisiya əməliyyatı aparılır. Bu tərəflərdən A - MMC, fərdi sahibkar və ya fiziki şəxs, B- MMC , C - MMC olarsa və A B MMC-yə ödəniş edir və B MMC həmin məbləği C MMC-yə investisiya şəklində qoyur. "B" MMC agent rolunu oynayır. Sualları aşağıda qeyd edirəm. 1. Gəlirdən vergi hansı formada və necə tutulmalıdır? 2. "A" MMC "B" MMC-yə xarici valyutada (USD) pul qoyuluşu edə bilərmi? 3. Müqavilədə vergi mükəlləfiyyətinə uyğun hər hansı bir məlumat qeyd edilməlidirmi?
10/11/2022 Oxunub: 231 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur. Digər hallarda, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

İkinci sualda qeyd olunan məsələnin vergi qanunvericiliyi ilə tənzimlənmədiyini nəzərə alaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan olan Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Tərəflər arasında bağlanmış müqavilədə vergi mükəlləfiyyətinin qeyd olunması ilə bağlı bildiririk ki, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Bu baxımdan sorğunuzda qeyd edilən halda gəlirlər Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ümumi qaydada vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci, 104-cü, 108-ci və 123-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zeynalov Natiq Vahid ni***@gmail.com ID: 7198
Salam. Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə sual vermək istəyirəm. Rəsmi saytınızda bu məlumat yerləşdırilib: "Belə ki, plastik kartlar vasitəsilə nağdsız qayada aparılan ödənişlərdən üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur. Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur: xaricdən malların alınmasına görə ödəniş; xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş; fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş." Belə ki bu qaydalar vətandaş xarici səfərdə ezamiyyət olduğu zaman fiziki olaraq xaricdə istehlak etdiyi Uber-dən taxi xidmətinə görə kartla ödəniş etdikdə ƏDV-yə bank tərəfindən cəlb edilməlidir ya yox? Bir də vurğulamaq istəyirəm ki, xidmət Azərbaycan ərazisində alınmayıb. Xaricdə alınıb və istehlak olunub, oteldən aeroporta gedəndə, lakin bank bundan ƏVD tutub və elektron ticarət barəsində qanunvericiliyə istinad edir. Xahiş edirəm açıqlama verəsiniz.
08/11/2022 Oxunub: 305 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda taksi xidmətinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əli İlyas Abdurəhmanov ab***@outlook.com ID: 7196
Salam, hər vaxtınız xeyir. Mən onlayn satış üçün internet saytı yaratmaq istəyirəm. Bunun üçün VÖEN açılmalıdırmı və bunun şərtləri nədir? Sayt məişət texnikası, mebel kimi ev əşyalarının satışı üstündə qurulacaq. Zəhmət olmasa, bu mövzuda məlumat verərdiniz.
07/11/2022 Oxunub: 158 Orta qiymət: 0

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elxan Vəliyev Əvəz el***@gmail.com ID: 7194
Salam. Bir məlumat öyrənmək istəyirəm. Qeyri-kommersiya qrumu dövlət qeydiyyatına alınanda hansı sənədlər təqdim olunur və o burada onun doldurulma formasının nümunəsi varmı? Hansı formada mənə yardımçı ola bilərsiniz?
07/11/2022 Oxunub: 102 Orta qiymət: 0

Bildiririk ki, qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən sonra 30 gün müddətində vergi orqanlarında uçota alınmaq üçün müvafiq ərizə vergi orqanına təqdim edilməlidir. Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması üçün təqdim olunacaq sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Ərizə və arayış formaları” altbölməsindən, Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması üçün təqdim olunacaq lazımi sənədlərin siyahısını isə saytımızın “Xidmətlər” bölməsinin "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ravid Sdgzadeh sd***@gmail.com ID: 7192
Deməli, VÖEN-ə sahib olmayan adi bir Azərbaycan vətəndaşı Vergi Məcəlləsində öz cavabını tapmayan sualla qarşılaşdıqda ( Məs., Vergi Məcəlləsində yaranan boşluqlardan cavabını tapmayan suallar yarandıqda) nazirliyə bu barədə rəsmi məktub ünvanlayaraq rəsmi cavab məktubu almaq istəyərsə, bu prosedur hansı mərhələlərdən ibarətdir?
06/11/2022 Oxunub: 80 Orta qiymət: 0

Bildiririk ki, istənilən şəxs elektron müraciətini (təklif, ərizə, şikayət) internet səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə rəsmi qaydada təqdim edə bilər.

Bundan əlavə, müraciətlər poçt (o cümlədən elektron poçt), Çağrı Mərkəzi (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsilə də rəsmi qaydada təqdim edilə bilər. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Babək Məmmədov Abuzər ba***@mail.ru ID: 7223
Dovlet Vergi Xidmətinə işə qəbul olmaq üçün nə etməliyəm? Necə CV verməliyəm?
05/11/2022 Oxunub: 57 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nuranə Allahverdi Fazil qızı nu***@gmail.com ID: 7191
Dividendlərdən tutulan 10 faiz vergi hansı növ vergi hesab edilir?
05/11/2022 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunan ödəmə mənbəyində tutulan vergi fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid ediir.

Əsas: Vergi Məcəlləsinin 122-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver: