Bildiririk ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən əldə etdiyi gəlir sahibkarlıq fəaliyyətindən gəlirə aid edilir.
Sorğunuzda qeyd olunan nəqliyyat vasitələrinin təqdim olunmasından əldə olunan gəlir Vergi Məcəlləsinin 218-ci maddəsi nəzərə alınmaqla sadələşdirilmiş və ya Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən mənfəət vergisinə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 99-cu, 104-cü, 142-ci, 143-cü və 218-ci maddələri.
Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.
Əsas: Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.
Bildiririk ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na (bundan sonra – Meyarlar) əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.
Meyarlara əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri müəyyənləşdirilərkən ƏDV məbləği nəzərə alınmır.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan ödəniş sənədinin surətinin verilməsi üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə müəyən edilir. ƏDV-yə cəlb edilməyən əməliyyatlar dedikdə isə, ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.
Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.
Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar.
"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış sadələşdirilmiş vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.
Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 36 manat sosial sığorta haqqı ödəməlidir.
Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun minimum aylıq əməkhaqqının 4 faizi (12 manat) məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 122-ci, 150-ci, 218-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.
Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.
Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi olan şəxslər arasında Vergi Məcəlləsinin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə ödəniş aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını aparan digər şəxslərə təqdim edilən ödəniş tapşırığında elektron qaimə-fakturanın seriya və nömrəsi göstərilir. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi barədə məlumatlar da əks etdirilir.
Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 16.11-ci, 58.8-ci və 71-1-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.
Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.
Eyni zamanda Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər vergi ödəyicisi kimi uçota alınaraq, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 96.5-ci, 101.2-ci, 149-cu maddələri.
Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.
Qeyd olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunduqda, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 101-ci, 127-ci və 149-cu maddələri.
Bildiririk ki, nağd hesablaşmalara tətbiq olunan məhdudiyyətlər, yalnız nağdsız qaydada aparılmalı olan hesablaşmalar, habelə nağd qaydada həyata keçirilə bilən hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimlənir.
Eyni zamanda, həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Bunlardan əlavə adıçəkilən Qanunun tələblərini pozan, o cümlədən məxaric əməliyyatları həyata keçirilərkən yuxarıda qeyd olunan nağd xərcləmə məhdudiyyətinə əməl etməyən və Qanunla nağdsız aparılması təsbit edilmiş əməliyyatları nağd qaydada aparan vergi ödəyicilərinə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sanksiyası tətbiq edilir.
Qeyd edilənlərlə yanaşı, pul vəsaitlərinin bank hesablarından nağd qaydada çıxarılması ilə bağlı aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar mədən vergisinin vergitutma obyektidir.
Sorğunuzda qeyd olunan, betonun əzilib xırdalanması ilə bağlı göstərilən xidmətlər mədən vergisinin vergitutma obyekti hesab olunmur.
Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya emal üçün qəbul edilmiş mal və materialları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar.
Bununla yanaşı, sifarişçi tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı müəssisəyə təqdim olunan mal-materiallar tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq təhvil-təslim aktları və digər təsdiqedici sənədlərlə rəsmiləşdirilir.
Əsas: Vergi Məcəlləsinin 213-cü və 215-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Vergi mükəlləfiyyətinizin dəyişdirilməsi üçün qeydiyatda olduğunuz vergi orqanına sərbəst formada ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci maddələri.
Bİldiririk ki, İsrafilov Məhərrəm Rəsul oğlu (VÖEN 3003190912) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.
Bildiririk ki, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.
Bu halda, Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq sahələrinin təqdim edilməsinə görə sadələşdirilmiş vergi torpaq sahəsinin hər kvadratmetrinə görə 0,5 manat məbləğinə Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nin təsdiq edilməsi haqqında 30 dekabr 2015-ci il tarixli 412 nömrəli Qərarı ilə müəyyən edilmiş zona əmsalı tətbiq edilməklə hesablanır.
Eyni zamanda bildiririk ki, təsisçi tərəfindən daşınmaz əmlakın hüquqi şəxsin nizamnamə kapitalına pay şəklində qoyulması aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır və notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur.
Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınması beynəlxalq daşıma hesab olunur.
Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.
Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması ilə bağlı (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) qeyri-rezidentə aparılan ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və həmin ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur.
Eyni zamanda Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması üzrə göstərilən xidmətlər ƏDV tutulan əməliyyatlara aid edilmir. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 165-ci maddəsinin müddəalarına əsasən beynəlxalq daşıma xidmətləri isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.
Bunlarla yanaşı, sorğunuzda qeyd olunan halada Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında həyata keçirilən daşımalara görə, habelə bir neçə dövlətin ərazisindən keçməklə təyinat (göndərilmə) məntəqəsi Azərbaycan Respublikası olan daşımalara görə qeyri-rezidentlərə ödənilən daşıma haqlarının tam həcmindən (hər bir qeyri-rezidentə ödənilən məbləğdən) ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur və dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü və 125.1.4-cü maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq formada mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə, mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda, tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Buna əsasən, tərəfinizdən idxal ediləcək vaqonların saxlanılacağı (mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə ediləcəyi) yer barədə məlumatlar həmin malların idxal olunacağı tarixədək qeydiyyatda olduğunuz vergi orqanına təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsi, 16.1.11-11-ci maddəsi.
Bildiririk ki, alınmış borclar hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu halda həmin borclar üzrə ödənilən faizlər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu zaman borc öhdəliyi üzrə faizlərin gəlirdən çıxılması Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə tənzimlənir.
Belə ki, Vergi Məcəlləsinin 133.4-cü maddəsinə uyğun olaraq borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.
Vergi Məcəlləsinin 136.3-cü maddəsinə görə borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.
Əsas: Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinin müddəalarına əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.
Həmçinin bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 99.3.3-cü, 124-cü və 218.5.4-cü maddələri.
Bildiririk ki, Mülki Məcəllənin 55-ci maddəsinin müddəalarına əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.
Mülki Məcəllənin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
Təhvil aktında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.
Bundan əlavə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
Qeyd olunanları nəzərə alaraq, sorğuda qeyd olunan əməliyyatlara dair ətraflı məlumatlar və müvafiq təsdiqedici sənədlər, habelə debitor və kreditor borcları barədə məlumatlarla birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 175-ci, Mülki Məcəllənin 55-ci və 57-ci maddələri.