Bildiririk ki, vergi ödəyicisi Ağayev Məksud Yəhya oğlunun (VÖEN:6404084912) ödənilməmiş vergi borcu müəyyən edilməmişdir.
Bildiririk ki, ezamiyyə xərcləri əmək müqaviləsi ilə çalışan işçilər üçün nəzərdə tutulduğu üçün mülki-hüquqi müqavilələr ilə çalışan şəxslər üçün hansısa xərclərin ödənilməsi ezamiyyə xərcləri hesab olunmur və həmin şəxslərin gəliri hesab olunur.
Eyni zamanda hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla) onlara aparılan ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 150.1.7-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.
Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.
Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.
Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.
Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.
Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.
Bildiririk ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin vakant vəzifələrə işə qəbulla bağlı elanı ilə buradan tanış ola, əlavə suallar yarandıqda 036-544-08-96 nömrəli telefonla Naxçıvan MR Dövlət Vergi Xidmətinə müraciət edə bilərsiniz.
Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.
Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz. https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet
Əsas: Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Qeyd olunanlara əsasən 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.
Eyni zamanda Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.
Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.
Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 23-cü və 76-cı maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.
"Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış" formasını saytımızdan əldə edə bilərsiniz.
https://www.taxes.gov.az/vn/beyanname/2001/guzestin_elde_edmesi_barede.pdf .
Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət (6920102-mühasibat uçotu üzrə məsləhətlər) sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız.
Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.
Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.
Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir.
Qaydaların 2.5.1-ci bəndinin müddəalarına əsasən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi halda, elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi “Əlavə qeydlər” sətrində göstərilir.
Qaydaların 2.8-ci bəndinə əsasən elektron qaimə-fakturanın seriyası, nömrəsi və verilmə tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanın gücləndirilmiş elektron imza vasitəsilə imzalanaraq göndərildiyi tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.
Qaydaların 3.6-cı bəndinin əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
Eyni zamanda, düzəliş edilərək geri qaytarılan elektron qaimə-fakturada düzəliş edilən məlumatlar cari elektron qaimə-fakturanın təsdiq edildiyi hesabat dövrü üzrə təqdim edilən vergi bəyannamələrində əks olunaraq nəzərə alınmalıdır.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı.
Bildiririk ki, ƏDV qeydiyyatında olan vergi ödəyicisi tərəfindən idxal edilmiş mallara görə idxalda ödənilmiş ƏDV-nin məbləğləri idxal sənədləri əsasında Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.
Eyni zamanda vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi Vergi Məcəlləsinin 87-ci maddəsində təsbit edilmişdir.
Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin onun sonrakı öhdəliklər üzrə ödəmələrinin hesabına aid edilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 87-ci və 175-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.
Eyni zamanda, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci və 218.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.
Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmaqla hüquqi şəxs tərəfindən göstərilən icarə xidmətlərindən əldə olunan gəlirlər mənfəət vergisinə, həmin dövr üzrə göstərilən hüquq xidmətlərinə görə əldə olunan gəlirlər isə sadələşdirilmiş vergiyə cəlb olunduqda, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsində nəzərdə tutulan müddəalar yalnız sadələşdirilmiş vergiyə cəlb edilən gəlirlərə münasibətdə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 218-ci və 221-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su hesab edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Malların təqdim edilməsi zamanı mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim edilməlidir.
Buna əsasən müraciətdə göstərilən halda, şirkət tərəfindən vergi orqanında uçotda olan şəxsə iştirak payının təqdim edilməsi zamanı Vergi Məcəlləsinin 71-1-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilir.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci və 71-1-ci maddələri.
Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.
Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan şəxslərə vergi qanunvericiliyində nəzərdə tutulan vergi azadolmalarının tətbiqinin mahiyyəti ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı, özünəməşğulluğun təmin edilməsi, həmin sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin olunması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyi baxımından aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsidir.
Bununla yanaşı, müvafiq azadolmadan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədləri), habelə kənd təsərrüfatı məhsullarının ailə kəndli təsərrüfatından istehsal edildiyi halda bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti və digər zəruri sənədlər mövcud olmalıdır.
Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, Azərbaycan hüdudlarından kənarda kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələrində nəzərdə tutulan azadolmalar tətbiq edilmir.
Əsas: Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Belə ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (payçısı) olan fiziki və hüquqi şəxsə ödənilən dividenddən ödəmə mənbəyində vergi tutulmur.
Bununla yanaşı, Vergi Məcəlləsinin 122.2-ci maddəsinin müddəalarına əsasən dividendin faktiki sahibi olan hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, ödəmə mənbəyində vergidən azad olunan dividend gəlirini əldə edən ƏDV qeydiyyatında olan rezident müəssisə tərəfindən həmin dividendin öz təsisçisi olan fiziki şəxsə yenidən dividend şəklində verilməsi zamanı Vergi Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 106-cı və 122-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları gəlir vergisindən azaddır.
Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqına cəlb edilmir.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, muzdlu işdən əldə edilmiş aylıq gəlirin 8000 manatadək olan hissəsi 0 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir, qalan vergiyə cəlb olunan digər məbləğdən isə həyatım yığım sığortasına ayrılan məbləğ çıxıldıqdan sonra qalan məbləğdən 5 faiz dərəcə ilə gəlir vergisi hesablanır.
Eyni zamanda, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə məcburi dövlət sosial sığorta haqqından azadolma sığortaolunanın gəlirlərinə münasibətdə tətbiq edildiyindən və fiziki şəxslər Qanunun 14.8-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etdiyi təqdirdə, məcburi dövlət sosial sığorta haqqı sabit məbləğdən, yəni minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablandığından, Qanunun 14.8-ci maddəsi tətbiq edildikdə fiziki şəxslərin həyatın yığım sığortası üzrə nəzərdə tutulan sığorta haqqından azadolma hüququ yaranmır.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri gəlir vergisindən azaddır. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlir hesab edilir.
Bununla yanaşı, Mülki Məcəllənin 1082-ci maddəsinin müddəalarına əsasən müsabiqə müəyyən hərəkəti yerinə yetirməyə görə mükafatlandırma barədə açıq elandır. Bu zaman hərəkəti yerinə yetirən şəxslər (iştirakçılar) bir və ya bir neçə nəfərdən ibarət münsiflər heyətinin və ya mükafatı təyin etmiş şəxsin verdiyi prizi almaq üçün müsabiqədə iştirak etməkdən ötrü işlərin təqdim edilməsi barədə ərizə verirlər.
Mükafatlandırmaya dair açıq elanın predmeti priz verilməklə müsabiqədə iştirak etmək üçün işlərin təqdim edilməsi barədə ərizə olduqda bu elan yalnız işlərin təqdim edilməsi müddəti göstərildikdə qüvvəyə malikdir.
Göstərilənləri nəzərə alaraq, vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından sorğuda qeyd olunan bilik yarışının keçirilməsi ilə bağlı elan, yarışın iştirakçıları barədə məlumat, yarışın şərtləri, yarışın keçirilməsi ilə bağlı digər izahatlar və təsdiqedici sənədlər ilə birlikdə vergi ödəyicisi tərəfindən uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə edilir.
Əsas: Vergi Məcəlləsinin 98-ci və 102-ci maddələri, Mülki Məcəllənin 1082-ci maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.
Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmişdir.
Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-1-ci maddələri.