Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Vüsal Əmiraslanov vu***@gmail.com ID: 8807
Mən özəl şirkətdə işləyirəm, amma hesaba bağlı VÖEN açdırmaq istəyirəm.
03/11/2023 Oxunub: 206 Orta qiymət: 1

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bank əməliyyatları aparan şəxslərə) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-35-ci maddələri.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Hafiz Osmanov Azər os***@gmail.com ID: 8803
Salam. 168.1.1. daşınmaz əmlakın olduğu yer - işlər (xidmətlər) bilavasitə bu əmlakla bağlıdırsa. Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir; 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi; Bu maddələrdə qeyd edilənlərə əsasən, , günümüzdə hansı anoloji xidmətləri daha çox nəzərə alırsız? Zəhmət olmasa, bu barədə ətraflı məlumat verərdiz.
02/11/2023 Oxunub: 269 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Bu maddədə “digər analoji xidmətlərin göstərilməsi” dedikdə bu maddədə sadalanan xidmətlərə oxşarlıq (uyğunluq) təşkil edən xidmətlər nəzərdə tutulur.

Əlavə olaraq bildiririk ki, konkret halla bağlı əməliyyatın xarakteri tam açıqlanmaqla qeydiyyatda olduğunuz vergi orqanına müraciət edildiyi halda əməliyyata münasibət bildiriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 168-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərid Mirişov Cəfərağa ac***@profigroup.az ID: 8686
Salam. Mən Beynəlxalq yükdaşıma ilə məşğulam. Təzəliklə ƏDV ödəyicisi olmuşam. Azərbaycan şirkətləri ilə müqavilə bağlayıb, xaricdən gətiriləcək yükləri Azərbaycana və ya Azərbaycandan xaricə yük daşıması edirəm. Mən qaiməni necə vurmalıyam? ƏDV-dən azad olunma ilə yoxsa ƏDV-yə '0' dərəcə ilə cəlb edilən ilə? ƏDV hesabatını necə verməliyəm?
02/11/2023 Oxunub: 441 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində təsbit edilmişdir ki, beynəlxalq yük daşınması ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir.

Buna əsasən, qeyd olunan xidmətlərin dəyəri elektron qaimə-fakturanın “o cümlədən, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 165.1.4-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası”.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Zülfiyyə Namazova Nuru qızı na***@mail.ru ID: 8801
Tutaq ki, dövlət sektoru və neft sahəsində çalışan fiziki şəxsə ümumilikdə aylıq 4000 manat əməkhaqqı hesablanmışdır. Bu işçi vergiyə cəlb olunan gəlirinin 45 faizi həcmində həyatın yığım siğortası üzrə siğortalandığı halda müəssisə tərəfindən əmək haqqından tutulmalar necə hesablanmalıdır?
02/11/2023 Oxunub: 265 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır. 

Eyni zamanda, sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Çingiz Məmmədov Şulan oölu ch***@gmail.com ID: 8690
Mənə zamanında (hal hazırda fəaliyyət dayandırılıb) vergi ödəyicisi olduğum barədə (arxiv məlumatları əsasında) arayış lazımdır.
02/11/2023 Oxunub: 182 Orta qiymət: 5

Bildiririk ki, "vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışı" vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək əldə edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əli Vəlizadə Allahverdi va***@gmail.com ID: 8694
Salam. Mən istehsal müəssisəsində mühasibəm, iş yoldaşım isə 1C operatorudur. Şirkətimiz kadr islahatı ilə bağlı məni PMS hazırlığına, iş yoldaşımı isə Data analitik kursuna göndərir. Müqavilə əsasında təlimin pulunu qarşı tərəfə ödəyir. Bizim bu xərclərimiz şirkət üçün gəlirdən çıxılan xərcdirmi?
02/11/2023 Oxunub: 301 Orta qiymət: 3

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Sorğunuzda qeyd olunan, işçilərin işəgötürən tərəfindən ödənilmiş sosial xarakterli xərcləri işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

3/5 (7 Orta qiymət)
Qiymət ver:
Quliyev Əlizamin qu***@mail.ru ID: 8703
Salam. Bilmək istəyirəm ki, vergi ödəyicisi ƏDV ödəyicisidir. O, həmin VÖEN lə başqa təsərrüfat subyekti açıb sadələşdirilmiş vergi ödəyicisi ola bilər?
02/11/2023 Oxunub: 273 Orta qiymət: 0

Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyiciləri Vergi Məcəlləsinin 218-ci maddəsi ilə müəyyən olunur.

Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. 

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan ƏDV ödəyicisin digər təsərrüfat subyektində sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən şəxslər sadələşdirilmiş vergini tətbiq edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zəka Mehrəliyev ze***@gmail.com ID: 8687
Salam. Vergiyə cəlb olunan məbləğ 2500 manatdan çox olduqda: 350 + (Vergiyə cəlb olunan məbləğ - 2500) *25%); burda qeyd olunan 350 manat nəyi ifadə edir, zəhmət olmazsa məlumat verərdiz.
02/11/2023 Oxunub: 216 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Sorğunuzda qeyd oluann 350 manat, 2500 manatın 14 faizinə bərabərdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hüseyn Həmidov Rəşadət hu***@gmail.com ID: 8800
Mən VÖEN şəhadətnaməsini itirmişəm. Yenidən necə ala bilərəm və bunun üçün cərimə tutulurmu?
01/11/2023 Oxunub: 133 Orta qiymət: 0

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Xidmət mərkəzində şəhadətnamənin yeni nüsxəsi ilə bağlı müraciətlər emal olunduqda, yeni nüsxə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin itirilməsinə görə hər hansı cərimə və ya ödəniş nəzərdə tutulmamışdır. 

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samirə Məmmədova Behbud sa***@yandex.com ID: 8796
Salam. Mən müstəqil jurnalist fəaliyyəti göstərirəm. Əməkdaşlıq etdiyim Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetindən qonorarımı almaq üçün mühasibatlığa qaimə göndərərkən asan imza əvəzinə PİN kodumdan istifadə edə bilərəmmi, və ya asan imzanı SİMA imza ilə əvəz etmək olarmı? Mənim gəlirim cüzidir. 25-30 manat verib asan imza almaq və hər ay 2 manat 50 qəpik asan nömrəyə balans yükləmək istəmirəm. Zəhmət olmasa, sualımı cavablandırın - asan imzanı pin kod və ya sima imza ilə əvəz etmək mümkündürmü?. Təşəkkür edirəm.
31/10/2023 Oxunub: 244 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyiciləri elektron qaimə-faktura göndərmək üçün gücləndirilmiş elektron imza vasitələrindən birini - “Asan İmza” və ya “SİMA Token” əldə etməlidir.

Vergi ödəyiciləri “Asan İmza” Sertifikatlarını əldə etmək üçün mobil şəbəkə operatorlarından aldıqları biznes tipli “Asan İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə, KOB evlərinə və ya ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Sertifikat emal müddəti nəzərə alınmaqla müraciət zamanı verilir.

“SİMA Token” imza sertifikatını isə onlayn müraciət etməklə, yaxud Bakı şəhərində “Şəbəkə” xidmət mərkəzi, digər bölgələrdə isə “Azərpoçt” MMC-nin poçt filiallarından əldə etmək mümkündür. “SİMA Token” imza sertifikatı müraciət etdikdən sonra 3 iş günü ərzində hazır olur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şahin Mirzəyev Güləhməd oğlu sh***@eco-logistics.az ID: 8795
Dəymiş zərərlərin ödənilməsi ilə bağlı kompensasiya ödənişi almaq üçün qarşı tərəfə elektron qaimə vermək lazımdırmı?
31/10/2023 Oxunub: 233 Orta qiymət: 3

Bildiririk ki, öhdəliyin icra edilməməsinə görə və ya dəymiş zərərə görə hüquqi şəxsə ödənilən vəsait satışdankənar gəlirlər kimi vəsaiti alan şəxsin mükəlləfiyyətindən asılı olaraq mənfəət (gəlir) vergisinə və ya sadələşdirilmiş vergiyə cəlb olunmalıdır.

Həmçinin vergi ödəyicisi vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur.

Qeyd olunan ödənişlərə görə elektron qaimə-fakturanın təqdim olunması üçün qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci, 71.1-ci və 71-1-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Zamanov Rauf Qurban Za***@gmail.com ID: 8794
Salam. Mən repetitor fəaliyyətinə başlamaq istəyirəm. Hansı proseslərdən keçməliyəm və nə qədər vergi ödəməliyəm?
31/10/2023 Oxunub: 225 Orta qiymət: 0

Bildiririk ki, repetitorluq xidmətinin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi orqanlarında uçota alındıqdan sonra vergi ödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq əldə olunan gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Qeyd olunan fəaliyyəti gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidirlər.

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı və hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğləri dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 96-cı, 102-ci, 108-ci, 219-cu və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Akif Qasımov Şirin oğlu ak***@mail.ru ID: 8786
Salam. Xahiş edirəm, mənim adıma olan VÖEN haqda məlumat verəsiniz.
27/10/2023 Oxunub: 126 Orta qiymət: 5

Bildiririk ki, Qasımov Akif Şirin oğlu  (VÖEN 6800569922) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şərifova Tünzalə Nəbi qızı tu***@gmail.com ID: 8783
Salam. Müharibə iştirakçısı VÖEN alaraq sahibkarlıq fəaliyyəti göstərmək istəyir. Zəhmət olmasa müharibə iştirakçısı olaraq fəaliyyətə başlayan sahibkarların bütün sahələrdə onlara verilən imtiyazları barədə ətraflı məlumat verərdiniz.
27/10/2023 Oxunub: 195 Orta qiymət: 5

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Müharibə veteranı olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ümumi qaydada vergiyə cəlb olunur. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci maddələri. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əbdüləzizova Kəmalə Səyidəhməd ka***@yandex.ru ID: 8781
Salam. Sualım dividendlə bağlıdır: Dividendlər Vergi Məcəlləsinin hansı maddəsinə əsasən MMC-lərə aiddir? 2022-ci ildə MMC mənfəət vergisi ödəyicisi olub, 2023-ci ildən ƏDV ödəyicisi olub. 2022-ci il üçün müəssisə qalan xalis mənfəətdən 14 % dividend vergi ödəməlidir? Zəhmət olmasa, açıqlama verəsiniz. Əvvəlcədən təşəkkür edirəm!
26/10/2023 Oxunub: 299 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsasən, müəssisənin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadığı dövr üzrə formalaşan mənfəətinin bölüşdürülməsi bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu və 218-1.1.4-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kənan İlyasov il***@gmail.com ID: 8776
Salam, adıma VÖEN olub-olmamasını bilmək istəyirəm.
25/10/2023 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində Mustafayev Kənan Mahir oğlunun uçotda olması barədə məlumat mövcud deyil. Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rüfət Həsənov Tahir ru***@gmail.com ID: 8774
Salam, VÖEN necə ləğv etmək olar? Hara müraciət etmək lazımdır?
24/10/2023 Oxunub: 166 Orta qiymət: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məmmədov Məmməd Əli oğlu Me***@gmail.com ID: 8772
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 51 nömrəli qərarı "Vergi ödəyicisi tərəfindən verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının verilmədiyi hallarda verginin əlaqəli məlumata əsasən hesablanması" Qaydası nə vaxt ləğv edilmişdir. Hal-hazırda Vergi ödəyicisi tərəfindən verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının verilmədiyi hallarda vergi əlaqəli məlumata əsasən necə hesablanmalıdır?
24/10/2023 Oxunub: 132 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin 13 aprel 2004-cü il tarixdli 47 saylı Qərarı ilə qüvvədən düşmüşdür. 

Vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablaya bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zirvə Səfərov zi***@gmail.com ID: 8766
Salam. Mənim yutub kanalım var. İstərdim ki, bu kanalı vergi sisteminə qoşum. Xahiş edirəm, qoşulma formasını və mənim görməli olduğum işləri izah edəsiniz. Çox sağ olun.
23/10/2023 Oxunub: 410 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız "Youtube" videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən "Gəlir vergisi bəyannaməsinin" forması və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədov Kənan İlqar kn***@gmail.com ID: 8765
Salam, ailə üzvüm peşə liseyində müəllimədir. VÖEN açılmalı olduğunu bildirirlər. VÖEN açmaq üçün hansı sənədlər lazımdır?
23/10/2023 Oxunub: 96 Orta qiymət: 0

Fiziki şəxs kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin surətinə əsasən həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: