Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən rezident şəxs ilə qeyri-rezident hüquqi şəxslər arasında bağlanmış xidmətlərin göstərilməsi ilə bağlı müqavilədə müqavilə dəyərindən ödəmə mənbəyində vergilərin tutulması ilə bağlı müddəanın olmamasından asılı olmayaraq rezident şəxs tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən (sorğuda qeyd edilən misalda 17 000 manatdan) ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir. 

Bunlardan əlavə qeyri-rezident tərəfindən ƏDV ödəyicisi olan müəssisəyə göstərilən xidmətlərə görə tərəflər arasında bağlanmış müqavilə dəyərinin tam məbləğindən (gross up) 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 150-ci və 169-cu maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.

Həmçinin, məlumat üçün bildiririk ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin (sorğunuzda 45717.19 manat) 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. 

Sorğunuzda qeyd olunanlara əsasən, müəyyən edilmiş müddət ötürüldüyü üçün ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin səhmdar cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, qapalı səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi 10 milyon manat, iştirakçılarının say həddi isə 50 fiziki və hüquqi şəxslərdən ibarət olmalıdır.

Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Dövlət Vergi Xidmətinin müvafiq qeydiyyat orqanına notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilir. Ərizəyə isə aşağıdakı sənədlər əlavə edilməlidir:

- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat”;

- yenidən təşkil haqqında qərar;

- təhvil aktı və ya bölünmə balansı;

- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;

- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;

- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

- səhmdar cəmiyyətinin təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

- səhmdar cəmiyyətinin  təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));

- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

- səhmdar cəmiyyətinin təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- hüquqi ünvanını təsdiq edən sənəd;

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);

- nizamnamə kapitalı pul formasında deyil, əmlak formasında qoyulduqda, həmin əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;

- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda);

-  bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd;

Eyni zamanda məhkəmə tərəfindən hüquqi şəxs barədə cinayət-hüquqi tədbirin təyin edilib-edilməməsi və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə məhkəmədən müvafiq sənəd də əlavə olunur.

Əsas: Mülki Məcəllənin 55-58-ci, 92-ci, 98-ci və 103.2-ci maddələri, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanununun 9-cu maddəsi 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.

Həmçinin, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir. 

Göründüyü kimi, siyahıda ünvanlı sosial yardımla bağlı müddəa qeyd olunmamışdır. Bu səbəbdən sorğunuzda göstərilən halda fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi gəlir himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 102.1.6-cı, 102.5-ci, 102.6-cı və 102.8-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti qeydiyyatda olduğunuz vergi orqanına kağız və ya elektron qaydada təqdim edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 8 oktyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, elektron qaimə-fakturanın (o cümlədən əvəzləşmə üçün) Oflayn rejimdə hazırlanması üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - EFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin (e-taxes.gov.az) “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən yükləyə, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlaya və paketləyə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, elektron qaimə-faktura üzrə istifadə olunan e-qaimə nümunəsini İnternet Vergi İdarəsinin “e-Qaimə faktura” bölməsinin “İstifadəçi təlimatları” altbölməsində “Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr”i seçməklə əldə edə bilərsiniz.

Eyni zamanda, elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1)  və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin məqsədləri üçün ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır və müraciətinizdə qeyd olunan, dərman vasitələrinin pərakəndə satışı ilə bağlı ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkündür.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Həmçinin bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi həcmində vergidən azad edilmişlər. Qeyd olunan şəxslərə cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

Həmçinin, pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.

Mikro sahibkarlıq subyektləri gəlir vergisinin bəyannaməsinin verilmə müddəti 2020-ci ilin sentyabrın 1-ə kimi uzadılmış və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilmişdir. 

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.30-cu, 220-ci, 222-ci və 224-cü maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Dövlət Vergi Xidmətinə müraciət etmək üçün saytımızın (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

Ümumi qiymət: 5/55
Qiymət ver:

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir.

Belə ki, Vergi Məcəlləsinə əsasən sabit qəbz almaqla fərdi qaydada məşğul olan fiziki şəxslər fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi orqanından könüllü olaraq hesablanmış aylıq sabit məbləği tam ödədikdən sonra növbəti ay, rüb, yarımil və ya il üçün yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində sadələşdirilmiş verginin ödənilməsi haqqında sabit qəbz alırlar.

Qeyd edilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi sabit qəbzin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.

Lakin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədə olma müddətinə daxil edilmir və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilir.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək aşağıdakı fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları aşağıdakı qaydada müəyyən olunmuşdur (Qeyd: dəyişiklikdən əvvəl sabit qəbz almalı olan bütün fəaliyyət növləri üzrə dövlət sosial sığorta dərəcəsi minimim aylıq əməkhaqqının 25 faizi, yəni 62,5 manat təşkil edirdi): 

- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5 faizi (12,5 manat) miqdarında;

- fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5 faizi (12,5 manat) miqdarında;

- çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- naqqaşlıq emalatxanalarının fəaliyyəti - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında.

Qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 1,5;

- Digər şəhər və rayonlarda - 1,0.

Əsas: Vergi Məcəlləsinin  58.12-ci, 222.1-222.3-cü, 222.5.9-cu, 224.1.1-ci, 224.6-224.7-ci, 224.10-cu və 224.11-ci maddələri , “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri və keçid müddəaları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış vergi alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Eyni zamanda, hüquqi şəxs tərəfindən təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız həmin Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) həyata keçirilə bilər.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. 

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa,ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Eyni zamanda, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə əvəzləşdirilən ƏDV-nin vaxtı - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt hesab olunur. 

Əsas: Vergi Məcəlləsinin 175.1-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, QR kod və Fiskal ID oxunmadığı hallarda çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

Ətraflı məlumatla edvgerial.az portalında "FAQ"  və ya "İstifadə qaydaları" bölmələrində tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunanlarla barədə məlumat üçün qabaqcadan onlayn növblə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver: