Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Şahbaz Abdullayev Şahalı oğlu sh***@rambler.ru ID: 4582
Salam. Tikinti idarəsi sifarişçi olan Bakı ş İH-nin Əsaslı Tikinti İdarəsi ilə məktəb tikintisi ilə bağlı müqavilə bağlamışdır. Tikinti altına düşən ərazidən ağacların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu ilə üçtərəfli müqavilə bağlanmışdır. ETSN müvafiq qurumu ƏDV ödəyicisi olmadığı üçün ƏDV-siz hesab faktura təqdim edərək bizdən ödəniş aparılmasını tələb edir. Sifarişçi təşkilat da ƏDV -siz əməliyyat aparıldığı üçün ƏDV ödəməkdən imtina edir və bizdən ƏDV-siz EQF təqdim etməyimizi istəyir. Bu Vergi Məcəlləsi ilə necə tənzimlənir? Vergi isə kameral təqdim edərək uyğunsuzlu yarandığını, alınmış vəsaitə uyğun ƏDV ödənişini tələb edir. Xahiş edirəm əməliyyatın necə aparılması barədə ətraflı məlumat verəsiniz. Təəşəkkür edirəm.
28/04/2021 Oxunub: 116 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Eyni zamanda ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edildiyindən sorğunuzda qeyd olunan halda əməliyyatların dəyərinə ƏDV hesablanacaq. 

Əsas: Vergi Məcəlləsinin 159.1-ci, 161-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şəhla sh***@mail.ru ID: 4576
Şirkət gəlir vergisi ödəyicəsidir. Azərbaycanda qeydiyyatdadır. 1) Şirkət facebook-da reklama pul xərcləyirsə, bu xərci sonra rəsmi xərc kimi göstərib, gəlir vergisini azalda bilər ? 1.1.) Hansı sənədi təqdim etmək lazımdır ki, xərci sübut edək ? 1.2.) Nəzərə alarsız ki, Facebook-la müqavilə yoxdur. Ödənişlər bank kartı ilə həyata keçirilir. 2) Şirkət xarici şirkətlərdən domen, hosting alıb pul xərcləyirsə, bu xərci sonra rəsmi xərc kimi göstərib, gəlir vergisini azalda bilər ? 2.1.) Hansı sənədi təqdim etmək lazımdı ki, xərci sübut edək ? 2.2.) Nəzərə alarsız ki, o şirkətlərlə müqavilə yoxdur. Ödənişlər bank kartı ilə həyata keçirilir. 3) Şirkət xarici saytlarda proqram təminatı alırsa (məsələn CRM; 1C; antivirus və sairə) bu xərcləri sonra rəsmi xərc kimi göstərib, gəlir vergisini azalda bilər ? 3.1.) Hansı sənədi təqdim etmək lazımdı ki, xərci sübut edək ? 3.2.) Nəzərə alarsız ki, o şirkətlərlə müqavilə yoxdur. Ödənişlər bank kartı ilə həyata keçirilir.
27/04/2021 Oxunub: 213 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq hər hansı təsdiqedici sənəd olmadan aparılan ödənişin xərc kimi qəbul olunmamasına əsas verir.

Əlavə olaraq bildiririk ki, korporativ kartın bağlı olduğu hesaba nəzarət edən bank tərəfindən ödənişi təsdiq edən sənəd (sənədlər) təqdim edildikdə, habelə reklamın göstərilməsi müvafiq materiallarla (misal olaraq, reklamın internet resursda verildiyini təsdqiləyən görüntü, elektron qaydada göndərilən invoyslar, xidmətlərin haqqının ödənildiyini təsdiq edən bildirişlərin ekran görüntüləri və s.) təsdiq olunduqda, kart vasitəsi ilə qeyri-rezidentə edilən ödəniş xərc kimi nəzərə alına bilər.

Əlavə olaraq xatırladırıq ki, qeyri-rezidentin elektron qaydada göstərdiyi xidmət ƏDV-nin və ödəmə mənbəyində tutulan verginin vergitutma obyektini yaradır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 108-ci, 130.1-ci, 125-ci və 169-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vuqar Hasanov vu***@gmail.com ID: 4575
Salam. Mənə aid olan VÖEN vəsiqəni itirmişəm. Onun dublikatını yenidən necə əldə edə bilərərəm.
27/04/2021 Oxunub: 80 Orta qiymət: 5

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməlisiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sabina Huseynova Rafiq sa***@gmail.com ID: 4463
Salam, mart ayında xarici proqram xidmətini alış etdim debit kartla və avtomatik 18% ƏDV tutuldu. Proqramı lazımi şəkildə istifadə edə bilmədiyimdən qısa müddət ərzində xarici şirkətin özünə müraciət edərək ödənilən məbləği geri aldım, amma xidmət göstərən yerli bank (odəməni icra etdiyim kartın bankı) ƏDV-ni geri qaytarmaqdan imtina etdi. Məhsul yoxdur amma ədv var və geri qaytarılmır, bu hüquq pozuntusu deyilmi? Mən niyə durduq yerdə artıq vergi ödəməliyəm?Xahiş edirəm, hüquqlarımı müdafiə etməkdə mənə köməklik göstərəsiniz.
26/04/2021 Oxunub: 209 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılır. ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

5/5 (7 Orta qiymət)
Qiymət ver:
Elnur at***@gmail.com ID: 4574
Salam. Mən restoran fəaliyyəti ilə məşğulam. Və müxtəlif kuryer şirkətləri ilə əməkdaşlıq edirəm. Qeyd edim ki, müştərilər kuryer tətbiqi ilə müxtəlif sifarişlər verir və ödənişi kuryerin bank hesabına köçürür və daha sonra kuryer şirkəti də sifarişin məbləğini restoranın bank hesabına. Kuryer şirkəti yalnız xidmət göstərir. Bu zaman biz satışı necə rəsmiləşdirməliyik? Qaimə kəsə bilmirik, çünki sifarişi veren sadə vətəndaşlardır. NKA aparatına daxil edə bilmirik, çünki ödəniş nə nağddır, nə də POS-terminal. Bu zaman biz satışı necə rəsmilesdirməliyik?
26/04/2021 Oxunub: 246 Orta qiymət: 5

Bildiririk ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən hazırlanan məhsulların vasitəçi şirkət vasitəsilə əhaliyə təqdim edilməsi zamanı həmin məhsullar vasitəçi şirkətin nümayəndəsinə təhvil verilən zaman təqdim edilmiş malların dəyərinə nəzarət-kassa aparatının çeki verilir.

Eyni zamanda cəmiyyətiniz tərəfindən agent şirkətə təhvil verilən mallara görə Vergi Məcəlləsinin 71-1.5.4-cü maddəsinə uyğun olaraq malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-faktura təqdim edilə bilər.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda malların dəyərinin vasitəçi şirkət tərəfindən bank hesabınıza köçürüldüyünü nəzərə alaraq nəzarət-kassa aparatına mədaxil edilən məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün vasitəçi şirkətdən bank hesabınıza daxil olmuş vəsaitlər barədə vergi orqanına məlumat verməyiniz tövsiyə olunur.

Vasitəçi şirkət tərəfindən cəmiyyətinizdən təhvil alınmış malların dəyəri bank hesabınıza ödənilərkən bank ödəniş sənədində ödənişin təyinatı, yəni müştəriyə təqdim edilmək üçün alınmış malların dəyərinin ödənilməsi göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Eliazov Orkhan o.***@mail.ru ID: 4572
Здравствуйте. Может ли гражданин иностранного государства открыть VOEN с выбором сферы деятельности "сельское хозяйство", но без предоставления документов на собственность в виде земельного участка и так далее? Или же наличие данных документов обязательно при оформлении VOEN? Планировалось сперва открыть VOEN, а затем только оформить документы и подать их в дальнейшем.
26/04/2021 Oxunub: 107 Orta qiymət: 4

Bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin sürəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alına bilər. 

Eyni zamanda, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini mülkiyyətində və ya icarəsində olan təsərrüfat subyekti vasitəsilə həyata keçirdiyi halda həmin obyekt olduğu ünvan üzrə vergi orqanında uçota alınmalıdır. 

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Leyla Rahimova Ra***@gmail.com ID: 4240
Salam. 2014-cu il tarixində şirkət 1C proqramı əldə edib və qeyri maddi aktivi kimi qəbul edib. Bu QMA-nın müddəti 5 ildir və 2019-cu ildə tam silinməliydir. Lakin 2020-ci ildə şirkət müəyyənləşdirdi ki, mühasibin səhvə görə bu 5 il ərzində amortizasiya hesablanmayıb. Bu 5 il üçün dəqiləşdirilmiş mənfəət hesabı vermək mümkün deyil, çünki maliyyə hesabları artıq təsdiq olunub. Bu halda yaranmış səhvi 2020-ci ildə necə düzəltmək olar?
26/04/2021 Oxunub: 258 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

Vergi Məcəlləsinin 72.5-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda vergi hesabatı dövrü qurtardıqdan sonra əvvəlki hesabat dövrləri üzrə qeyri-maddi aktivə hesablanmamış amortizasiya ayırmaları vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə uyğun olaraq hesablanaraq səyyar vergi yoxlamasının başlandığı günədək dəqiqləşdirilmiş hesabat təqdim edilə bilər.

Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 72-ci, 85-ci və 114-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəlal Orucəli oğlu Rzayev ca***@mail.ru ID: 4198
Salam. Bildiyiniz kimi İcbari tibbi sığorta üzrə işçilərdən tutulmalar və müəssisə hesabına hesablamalar 01 yanvar 2021 ci ildən tətbiq olunur. Əvvəlki illər üçün məzuniyyətə görə kompensasiya, həmçinin əvvəlki illər üçün məhkəmə qərarına əsasən məcburi işburaxmaya görə əmək haqları cari 2021-ci ildə hesablanarkən göstərilən ödəmələrdən İcbari tibbi sığorta haqqı tutulurmu? Əvvəlcədən təşəkkür edirəm.
26/04/2021 Oxunub: 219 Orta qiymət: 5

Bildiririk ki, əvvəlki illər üçün məhkəmə qərarına əsasən məcburi işburaxmaya görə ödənilən əmək haqları, habelə 2021-ci ildən əvvəlki illər üzrə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada ödənilən kompensasiya məbləğləri (pul əvəzi) əmək haqqının tərkibinə daxil olmaqla icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb edilir.

Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqının tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddənin üçüncü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Bununla yanaşı, işçiyə məzuniyyət vaxtı üçün ödənilən ödəncin əmək haqqı olduğu (orta əmək haqqı), habelə müəyyən səbəblərdən işçi məzuniyyətdən istifadə etmədikdə istifadə edilməmiş məzuniyyətə görə işçiyə pul əvəzinin (kompensasiyanın) ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsində təsbit edilmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 140-cı maddəsinin dördüncü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu və Əmək Məcəlləsinin 140-cı, 154-cü maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Şərqiyə Musayeva em***@gmail.com ID: 4569
Sadələşdirilmiş verqi ödəyicisiyəm. Fəaliyyəti müvəqqəti olaraq dayandırıram. Bunun üçün hara müraciət etməliyəm?
26/04/2021 Oxunub: 83 Orta qiymət: 5

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Seyidzadə İlkanə Asif qızı il***@gmail.com ID: 4568
Salam. Mən 1 dekabr 2020 tarixində 20 Yanvar ərazisindən bina evi almışam. Həmin evin köhnə sahibi 4 Noyabr 2020 tarixində öz adına kupça alıb, ondan əvvəl evin kupçası olmayıb. Evi aldıqda kupça mənim adıma rəsmiləşib. Bələdiyyə evə 2020-ci il üçün bütövlükdə əmlak vergisi və ödənmədiyi üçün faiz hesablayıb. Bilmək istərdim ki, kupcası olmayan dövr üçün evə əmlak vergisi hesablanması və faiz də əlavə olunması düzgündürmü? Bir də həmin evin ərazisi 98.8 kvadratdır. Ümumi əmlak vergisi nə qədər olmalıdır?
26/04/2021 Oxunub: 83 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq vergi məbləğinin cari il üçün bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsi barədə tədiyə bildirişini verilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan Namaz Sarıbəy oğlu or***@gmail.com ID: 4231
Salam. A(ƏDV ödəyicisi) şirkəti ilə B(ƏDV ödəyicisi) şirkəti arasında müqavilə bağlamışdır. B şirkətindən A şirkətinin depozit hesabına 05.06.2019-cu il tarixdə 1800.00 manat avans ƏDV ödənişi gəlmişdir. 10.07.2019-cu il tarixində A şirkətindən B şirkətinə 11800.00 aznlik(10000.00 əsas və 1800.00 ədv) EVHF göndərilmişdir. 15.08.2019-cu il tarixdə B şirkətindən A şirkətinin bank hesabına əsas məbləğ 10000.00 azn ödəniş olunmuşdur. Bununlada B şirkətinin A şirkətinə borcu qalmayıb. Zəhmət olmasa A şirkətinin İyun 2019, İyul 2019 və Avqust 2019 üzrə ƏDV üzrə nəqədər ƏDV ödəliyinin yaranması barədə məlumat verərdiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.
26/04/2021 Oxunub: 180 Orta qiymət: 5

Bildiririk ki, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 01.01.2020-ci il tarixədək qüvvədə olan 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 166.2-ci maddəsinin 2019-cu ildə qüvvədə olan redaksiyasına əsasən ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda təqdim ediləcək mallara görə avans qaydasında ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanması qanununvericilikdə nəzərdə tutulmadığından mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur .

Məlumat üçün bildiririk ki, 01.01.2020-ci il tarixdən etibarən təqdim edilən mallar (işlər və xidmətlər) görə ƏDV tutulan əməliyyatın vaxtı həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi vaxtla müəyyən olunur.

Əsas: Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan 166-cı maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kamal Alıyev Nazim oğlu cs***@cafinance.az ID: 4238
Salam. Məlum olduğu kimi VM-nin 164.1.34. maddəsinə əsasən “bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan əməliyyat sayılır. Kənd təsərrüfatı təyinatlı qurğu sayılan “İstixana” metal konstruksiyalardan və digər materiallardan ibarət qurğudur və bu qurğular birbaşa olaraq sifarişçiyə məxsus ərazilərdə quraşdırılır. Bu cür istixanaların quraşdırılması ƏDV-dən azad olan əməliyyat sayılırmı? Bundan başqa istixanalar, suvarma sistemləri və digər qurğuların quraşdırılması üçün çəkilən nəqliyyat xərcləri, işçilik və s. bu qurğuların maya dəyərini formalaşdıran digər xidmətlər ƏDV-dən azad olunan əməliyyat hesab edilirmi?
26/04/2021 Oxunub: 153 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır.

Eyni zamanda Vergi Məcəlləsində kənd təsərrüfatı təyinatlı qurğuların quraşdırılması xidmətlərinin ƏDV-dən azad olması nəzərdə tutulmur. Buna əsasən ƏDV ödəyicisi tərəfindən göstərilən quraşdırma xidmətlərinin tam dəyərinə (quraşdırma ilə bağlı çəkilən xərclər daxil olmaqla formalaşan dəyər daxil olmaqla) 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir.

Bunlarla yanaşı bilavasitə kənd təsərrüfatı təyinatlı qurğuların quraşdırılması həmin malların satıcıları tərəfindən həyata keçirildikdə bu zaman quraşdrma xidmətlərinin dəyəri satılan malların dəyərinə aid edilir.

Əlavə olaraq bildirirk ki, istixanaların quraşdırlmasında istifadə olunan metal konstruksiyalardan və digər materiallardan ibarət qurğuların bilavasitə kənd təsərrüfatlı təyinatlı olması ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 164-cü və 171-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Xalid Zalov Cavad oğlu xa***@gmail.com ID: 4204
Məlumat üçün bildirim ki, qeyri-rezident olan A müəssisəsi ilə rezident olan B müəssisəsi (hüquqi şəxs) arasında ümumi məbləği 1050 ABŞ dolları (1000 ABŞ dolları malın dəyəri, 50 ABŞ dolları malın qablaşdırılması xidməti) olan alqı-satqı müqaviləsi bağlanıb. Qeyd olunan müqavilə üzrə mal idxal edilmiş və gömrük rəsmiləşdirilməsi zamanı 1050 ABŞ (1000 ABŞ dolları malın dəyəri, 50 ABŞ dolları malın qablaşdırılması xidməti) dolları təşkil edən invoys dəyəri üzrə 18 % əlavə dəyər vergisi hesablanaraq ödənilmişdir. Öyrənmək istərdim ki, 50 ABŞ dolları dəyərində olan qablaşdırma xidmət haqqından 10 % ödəmə mənbəyində vergi tutulmalıdırmı? Tutulmalıdırsa, zəhmət olmasa, müvafiq istinad göstərərdiniz.
26/04/2021 Oxunub: 130 Orta qiymət: 0

Bildiririk ki, rezident tərəfindən qeyri-rezidentlə malların təqdim edilməsi ilə bağlı bağlanmış müqavilə əsasında həmin malların qablaşdırılmasına görə edilmiş ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinə aid edilmədiyindən həmin ödənişlər ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Belə ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərid Yusublu Yazgül fa***@yahoo.com ID: 4184
Ölkə daxilində fəaliyyət göstərən A şirkət B şirkətinə satış hədəfinə çatdığına görə 10.000 azn kredit nota verir. Hər iki şirkət ƏDV ödəyicisdirsə, bu zaman kredit nota məbləği ƏDV-yə cəlb edilməlidir?
26/04/2021 Oxunub: 135 Orta qiymət: 5

Bildiririk ki, sorğuda göstərilən halda satışın artırılması ilə bağlı tətbiq edilən endirim məbləğləri malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı olmadığı halda həmin məbləğlər şirkətin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir. Bununla yanaşı satışdankənar gəlirlər ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü və 159-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qazızadə Gülxar Əli qızı gu***@yahoo.com ID: 4566
Salam mən son illər maqazinlərdən alış veriş edərkən, kommunal xərcləri ödəyərkən, pul köçürmələri edərkən kartlardan (maaş, pensiya, debit kart) istifadə edirəm bunun üçün məndən ƏDV tutula bilərmi? Son vaxtlar bəzi şəxslərə kartdan istifadə etdiklərinə görə (2020-2021 illər üçün) onlara külli miqdarda kartlarından vəsait tutulacağı haqqda bildiriş gəlib. Bu hansı hallar üçün nəzərdə tutulub bu haqda məlumat versəniz minnətdar olardım.
25/04/2021 Oxunub: 76 Orta qiymət: 5

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi məlumatı ilə buradan tanış ola bilərsiniz. 
 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İsmayılov Osman Süleyman oğlu os***@yahoo.com ID: 4565
Salam. Mən xarici ölkələr ilə İT (informasiya texnologiyaları) üzər programn təminatı xidmətləri göstərirəm. Bu xidmətlər müqabilində mənə ödənişlər olunur. Bunun üçün aktiv olan (97002, MUZDLU İŞƏ GÖRƏ ƏMƏK HAQQINDAN GƏLİR VERGİSİ ÖDƏYƏN FİZİKİ ŞƏXS) VÖEN-ə bağlı hesab açıb vəsait mədaxil olduqda məxaric etsəm hər-hansısa bir çətinlik yaşamayacam? göstərdiyim xidmət sahəsi üzrə VÖEN-in aktiv olduğu sahə uyğundurmu? Uyğun deyilsə bunu onlayn necə dəyişə bilərəm, bunun üçün mənə nələr lazımdır və neçə gün müddət ərzində dəyişiklik olunur? Bu xidmətlərə görə bankdan hesabdan vəsait nağdlaşdırılan zamanı tutulan vergi xidmət haqqısından əlavə hansısa xidmət haqqı ödəməliyəm (bankın xidmət haqqısı xaric) ? Bu xudmətlərə görə mən hansısa hesabatlar Vergi Xidmətinə təqdim etməliyəm? VÖEN-də şəxsi məlumatlarda (məs. soyad dəyişikliyi) olduqda bunu istifadəçi kodu və şifrəmlə ''onlayn kargüzarlıq'' bölməsindən edə bilərəm? Edə bilərəmsə necə etməliyəm? Bunu etmək üçün hansı sənədlər lazım olacaq? Müraciət edildikdən neçə gün sonra sistemdə dəyişiklik öz əksini tapacaq? Bu qeyd olunan dəyişikliyə görə VÖEN vəsiqəsi dəyişdirilməlidir? İnzibati binaya yaxınlaşmadan bu dəyişikliyi etmək mümkün deyilsə etibarnamə ilə bunları başqa bir şəxs edə bilərmi?
25/04/2021 Oxunub: 210 Orta qiymət: 5

Bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni "alt səviyyə" əlavə edilib. Alt səviyyə mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.

Sorğunuzda qeyd olunan fəaliyyəti yeni təsnifatda 6201001-6201002-6201003 aralığındakı fəaliyyət kodlarından birini seçərək həyata keçirə bilərsiniz. 7 rəqəmli alt fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar:

https://www.taxes.gov.az/az/page/bir-pencere

Eyni zamanda, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır. Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

Eyni zamanda vergi ödəyicisinin istifadəçi kodu, parol, şifrəsi və ya gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmza) olduqda, İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq “Yeni müraciət” bölməsindən uçotda olduğu vergi orqanına soyadın dəyişdirilməsi ilə bağlı sərbəst məzmunlu ərizəyə şəxsiyyət vəsiqəsi və müvafiq ərizə formasını (“Fiziki şəxsin uçotu haqqında Ərizə” formasını çap edib doldurduqdan sonra) skan edib qoşma fayl şəklində əlavə etməklə müraciət edə bilər.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Bayram Quliyev Adgözəl ba***@yahoo.com ID: 4559
Salam. Mən 23.04.2021 ci il tarixdə Bakıda fəaliyyət göstərən məşhur maqazadan 9200 azn məbləğində ev ücün əşya aldım. Əvvəldən ədv li cek veriləcəyini demişdi telfonda satış təmsilcisi ama pulu ödəyənda cek istədim dedilər rəhbərliyimiz cək verməyə icazə vermir.Nəticədə mənə də dövətmizə də ziyan vurmaqla bərabər vergidən yayınma halı baş verdi. Haqqımı tələb etmək ücün sizdən kömək istəyirəm.
24/04/2021 Oxunub: 124 Orta qiymət: 0

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.  

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin "Onlayn müraciətlər" alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 58.7-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vəli Əliyev Əkbər o ve***@mail.ru ID: 4241
Xahiş edirəm aşağıdakı sualları cavablandırasınız: 1) 2020-ci ilin fevral ayında 10000 manatlıq (ƏDV-siz) e-qaimə tərtib olunmuşdur. Həmin qaimə üzrə pul vəsaiti daxil olmayıb. Fevral ayının ƏDV bəyannaməsində 301.1.1.7-ci sətrdə "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri" sütununda 10000 manat əks olunacaq. Eyni zamanda ƏDV bəyannaməsinin 307.1-ci sətrdə "hesabat dövrü üzrə yaranan debitor borc məbləği " sütununda 10000 manat qeyd olunur. Sentyabr ayında isə alıcı "malların qaytarılması barədə" qaimə tərtib edərək fevral ayında təqdim olunmuş 10000 manatlıq maldan 2000 manat dəyərində malı geri qaytarır. Bu 2000 manatlıq geri qayıdan mal hansı ayın ƏDV bəyannaməsində və bəyannamənin hansı sətrlərində qeyd olunmalıdır? 2) 2020-ci ilin fevral ayında 10000 manatlıq (ƏDV-siz) e-qaimə tərtib olunmuşdur. Həmin qaimə üzrə pul vəsaiti daxil olmayıb. Fevral ayının ƏDV bəyannaməsində 301.1.1.7-ci sətrdə "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri" sütununda 10000 manat əks olunacaq. Eyni zamanda ƏDV bəyannaməsinin 307.1-ci sətrdə "hesabat dövrü üzrə yaranan debitor borc məbləği " sütununda 10000 manat qeyd olunur. Sentyabr ayında isə fevral ayında yazılan qaimədə VÖEN səhv qeyd olunduğu üçün ləğv edilir. Bu əməliyyat hansı ayın ƏDV bəyannaməsində və bəyannamənin hansı sətrlərində qeyd olunmalıdır? Əvvəlcədən təşəkkürümü bildirirəm
22/04/2021 Oxunub: 231 Orta qiymət: 4

Cavab 1) Sorğuda qeyd olunan əməliyyatın ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyat olması qənaətinə gələrək bildiririk ki, birinci halda geri qaytarılmış malın dəyəri (2000 manat) sentyabr ayı üzrə təqdim edilən “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 319.1 kodlu (ƏDV-yə cəlb olunan AZALDILAN dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin “Dövriyyə məbləği” sütununda əks etdirilməklə yanaşı, bəyannamənin 307.1 kodlu (ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə) sətrinin “Hesabat dövründə (ay) ərzində silinən debitor borc məbləği” sütununda qeyd edilməlidir.

Cavab 2) İkinci halda bildiririk ki, elektron qaimə-fakturanın VÖEN-nin səhv göstərilməsi səbəbindən ləğv olunması ƏDV məqsədləri üçün vergitutma obyektinə təsir etmədiyi üçün (elektron qaimə-fakturanın ləğv edilməsi malın (işin, xidmətin) faktiki olaraq təqdim edilməsi halını istisna etmir) 2020-ci ilin fevral ayı üçün təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsi” üzrə hər hansı düzəlişin edilməsi və ya e-qaimənin ləğv olunduğu dövr üzrə dəqiqləşdirmə aparılmasına zərurət yaranmır.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 4550
Salam. Mənim belə bir sualım var. Xahiş edirəm cavab yazasınız. Mən vergi ödəyicisi olan fiziki şəxsəm və hüquqi şəxsə məxsus obyekti icarəyə götürüb orda ərzaq mallarının pərakəndə satışı işi ilə məşğulam. Deyək ki, ay ərzində pul qazanmamışam. İcarə haqqı, Vergi, DSMF, İcbari Tibbi Sığorta, komunal və s. xərcləri ödəyə bilməmişəm. Lakin hüquqi şəxs mənə hər ay aylıq icarə haqqını ödəməkdən ötrü icarə müqaviləsinə uyğun olaraq ümumi dəyəri 100 AZN olan e-qaimə-faktura göndərib. Mən, rüblük Sadələşdirilmiş Vergi Bəyannaməsini təqdim edərkən aylıq gəlirinin olmadığını bəyan etdiyim halda mənə Vergi Xidməti tərəfindən uyğunsuzluq məktubu gələrək "rüb (ay) ərzində e-qaimə-fakturalar əsasında 100 manat xərciniz olmasına baxmayaraq hesabatı sıfır olaraq təqdim etmişsiniz" deyilir. Sualım ondan ibarətdir ki, e-qaimə-faktura əldə etməyimizə baxmayaraq gəlir əldə etmədiyimizi bəyan etdiyimiz vaxt bizə uyğunsuzluq məktubu gələrək 100*2%=2 AZN dəyərində kənarlaşma olduğunu bildirilirsə biz nə etməliyik? Təşəkkür edirəm.
22/04/2021 Oxunub: 119 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Həmçinin bildiririk ki, hesabat dövrü ərzində dövriyyəsi olmayan, lakin müəyyən xərcləri olan, elektron qaimə-faktura əldə edən vergi ödəyicisinin fəaliyəti kameral vergi yoxlaması zamanı risk meyarı kimi qəbul edilir. Bununla bağlı vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Əsas: Vergi Məcəllərinin 23-cü və 37-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ədalət Abbasov Məlik oğlu ad***@mail.ru ID: 4131
İl üzrə təqdim olunmuş ƏDV bəyannamələrinin 305-ci sətrində “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütununda, həmin bəyannamələrin 3 № li əlavələrində 301.3-cü (VM 159.5-ci maddəsinə əsasən vergi tutulan əməliyyat sayılan malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması üzrə məbləğ) sətrində göstərilən məbləğin payı olduqda, Mənfəətdən vergi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrindəki məbləğlə, həmin il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci sətrində “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütunundakı məbləğlərinin cəmi arasında fərq ola bilərmi? Misal: 2019-cu ilin 12 ayı ərzində malların təqdim edilməsindən gəlir 534 695.00 manat olmuşdur. Cari il ərzində AR VM-nin 159.5-ci maddəsinə əsasən vergi tutulan əməliyyat sayılan malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması üzrə məbləğ 3 547 020.00 manat olmuşdur. Cari il üzrə ƏDV bəyannamələrinin 305-ci sətrində “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütununda cəmi (534 695+3 547 020) 4 081 715.00 manat olmuşdur. 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrində cəmi məbləğ hansı göstərilməlidir?
22/04/2021 Oxunub: 198 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsi ƏDV məqsədləri üçün vergitutma obyektini müəyyən edilməsi üçün tətbiq olunur və mallar (işlər, xidmətlər) ƏDV ödənilməklə əldə edilmişdirsə və ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilmişdirsə və ya əvəzləşdirmə hüququ olmuşdursa, həmin malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır. Bu zaman malların (işlərin, xidmətlərin) dəyəri və ödənilmiş ƏDV məbləği mənfəət vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilmir.

Göründüyü kimi, Vergi Məcəlləsinin 159.5-ci maddəsində qeyd olunan hallar gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların (işlərin, xidmətlərin) dəyərinin “Mənfəət vergisinin bəyannaməsi”ndə gəlir kimi əks etdirilməsi nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, malların itməsi, əskik gəlməsi, xarab olması kimi halların baş verməsi nəticəsində vergidən yayınma sxemi müəyyən edildikdə və əsas məqsəd vergi üstünlüyü əldə etmək olduqda bu hal vergi orqanı tərəfindən təqdimetmə kimi qiymətləndirilə və həmin malların bazar qiymətləri nəzərə alınmaqla ƏDV və mənfəət vergisinə cəlb oluna bilər.

5/5 (2 Orta qiymət)
Qiymət ver: