Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Səmədova Səfiyyə Rəsul qızı s_***@mail.ru ID: 4548
Salam. Bilmək istəyirəm: bank sərəncamlarına silinən məbləglər hesabatda (balansda) hansı hesab ilə müxabirləşir?
21/04/2021 Oxunub: 99 Orta qiymət: 5

Sorğuda göstərilən və digər əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tugra Seyidova tu***@gmail.com ID: 4547
Добрый день. Скажите пожалуйста, если открыть VÖEN на физическое лицо (услуги такси) то какие налоги нужно сдавать и сколько нужно будет платить в государственные учреждения?
21/04/2021 Oxunub: 145 Orta qiymət: 5

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyiciləri kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

“Sosial sığorta haqqında” Qanuna əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
kamal əsgərov Mufayət ka***@mail.ru ID: 4546
Mən onlayn növbə tutmaq istəyirəm. Heç bir vergi ödəyicisi olmamasi üçün hansı mövzunu seçim?
21/04/2021 Oxunub: 63 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi kağız daşıyıcısında ərizə ilə, artıq tərtib olunmuş bəyannamə (hesabat) ilə müraciət etdikdə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə kağız daşıyıcıda müraciətlər üçün  "Xidmətin növü" kombosunda  "Sənədlərin kağızda qəbulu" xanasını seçməlidir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şahin Əliyev Vahid sa***@gmail.com ID: 4545
Mən bilmək istərdim, vətəndaş hər hansısa bir alış-veriş etmişsə və ödədiyi məbləğin çekini tələb etməyi unutmuşsa və 17 gün sonra çek tələb etmək hüququ var?
21/04/2021 Oxunub: 153 Orta qiymət: 0

Bildiririk ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Göründüyü kimi, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. Malları təqdim edərkən kassa çekini təqdim etmiş vergi ödəyicisi vəzifəsini icra etmiş hesab olunur və keçmiş dövrlərdə təqdim edilmiş mallara görə NKA çekinin verilməsi həmin şəxsin vəzifəsi deyil. 

Malları təqdim edərkən malların satıcısı NKA çekini təqdim etmədikdə qanunu pozmuş hesab olunur və bununla bağlı Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulmuşdur.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci və 58-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Alyona Vorobyeva Qriqoryevna a2***@bk.ru ID: 4544
Avtomobil xidmətlərində xidmətlər göstərmək üçün gömrükdən qəbul olunmuş ehtiyat hissələri hansı ciddi hesabat formalarından istifadə olunduğunu aydınlaşdırmağınızı xahiş edirəm. Müştərinin avtomobilinə quraşdırmaq üçün ehtiyat hissələri məxaric edərkən hansı ciddi hesabat formaları istifadə olunur?
21/04/2021 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.

Texniki xidmətlərin göstərilməsi fəaliyyətini həyata keçirən sahibkar tərəfindən aparılan əməliyyatlar o cümlədən, çəkilən xərclər mühasibat sənədlərində, memorial-orderlərdə, baş kitabda, xəzinə kitabında, mal-materialın hərəkəti cədvəllərində, üzləşmə aktlarında, dövriyyə cədvəllərində və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilməlidir.
Bunlarla yanaşı xidmət fəaliyyəti ilə məşğul şəxslər tərəfindən mal-materialın sərf edilməsi ilə bağlı tələb olunan sənədlər, həmin sənədlərin forması və tərtib edilməsi qaydası barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən mal ayrıca təqdim olunmursa xidmətin tərkib hissəsi hesab olunur. Qeyd olunan maddəyə əsasən sorğunuzda ehtiyat hissələri xidmət göstərilən zaman ayrıca təqdim edilmirsə, xidmətin tərkib hissəsi sayılır və bu zaman xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir. Xidmət göstərilmədiyi halda ehtiyat hissələri ayrıca təqdim olunarsa pərakəndə ticarət fəaliyyəti hesab olunur.və bu halda nağd pul hesablaşmaları NKA tətbiq etməklə həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci və 16-cı maddələri və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu.

 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 4542
Salam. Mənim belə bir sualım var. Çox xahiş edirəm cavab yazasınız. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124 -cü maddəsinə əsasən " İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33 -cü və 149 -cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir" Sualım ondan ibarətdir ki, obyekti icarəyə verən hüquqi şəxs, icarəyə götürən isə fiziki şəxs olduqda 14 faiz dərəcə ilə vergini kim hesablayıb dövlət büdcəsinə ödəməlidir? Təşəkkür edirəm.
21/04/2021 Oxunub: 113 Orta qiymət: 0

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Bu halda ödəmə mənbəyində vergi tutulmur.

Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. 

Müraciətinizdə qeyd olunan hüquqi şəxs ƏDV ödəyicisi olduğu halda, icarə haqqının dəyərinə 18 faiz dərəcə ilə ƏDV də hesablanmalı və ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü ,159-cu və 173-cü maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nuraddin Jhanagirov nu***@mail.ru ID: 4541
Salam.Cahangirov Nurəddin Dadaş oğlu.1964.01.11.Azərbaycan vətəndaşi.Masallı rayon,Lürən kənd sakini.Xahiş edirəm,mənim vergidə qeydiyat nömrəni el.poçta zəhmət olmasa yollayarsız.Rusiyada tələb olunur. nuraddin2018@mail.ru. Sağ olun.
20/04/2021 Oxunub: 64 Orta qiymət: 0

Bildiririk ki, Cahangirov Nurəddin Dadaş oğlu (VÖEN 6402685272) vergi ödəyicisi kimi uçotdadır.

Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 4540
Salam. Çox xahiş edirəm cavab yazasınız. Misal üçün biz hüquqi şəxs kimi öz obyektimizi fiziki şəxsə icarə vermişik və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq 2018 -ci ildə aylıq icarə haqqına görə fiziki şəxsə e-qaimə-faktura göndəririk. Fiziki şəxs bizim əməlimizdə səhv olduğunu və hüquqi şəxs olaraq fiziki şəxsə e-qaimə-faktura göndərə bilmədiyimizi bildirir. Məsələni araşdırmaq üçün çox xahiş edirəm cavab yazasınız. Hüquqi şəxs fiziki şəxsə icarə verdiyi obyektdə görə fiziki şəxsə e-qaimə-faktura göndərməlidir? Təşəkkür edirəm.
20/04/2021 Oxunub: 98 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicsinin vəzifəsidir.

Sorğunuzda qeyd olunan halda, hüquqi şəxs tərəfindən vergi ödəyicisi kimi uçotda olan fiziki şəxsə icarə xidmətinin göstərilməsi ilə bağlı elektron qaimə-faktura təqdim edilməlidir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İradə Rəhimova İlyas qızı ir***@bk.ru ID: 4539
İşçi̇ analıq məzuni̇yyəti̇ndən qayıtdıqdan 3 ay sonra i̇şdən azad olursa, onun axırıncı haqq-hesabı necə veri̇lməli̇di̇r?
20/04/2021 Oxunub: 82 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Abbasov Adil oğlu il***@inbox.ru ID: 4535
Salam. Bilmək istərdim ki, fərdi sahibkar Bakı şəhərində eyni zamanda həm xidmət, həm də pərakəndə satış fəaliyyəti göstərirsə və əsas fəaliyyət növü xidmətdirsə, sosial sığorta haqqını hansı fəaliyyətə əsasən, hansı məbləğdə ödəməlidir?
20/04/2021 Oxunub: 115 Orta qiymət: 5

Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqları həmin sahələr üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü əsas götürülməklə müəyyən edilir.

Məlumat üçün bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə 1 yanvar 2021-ci il tarixdən etibarən minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Göründüyü kimi, 1 yanvar 2021-ci il tarixdən etibarən sorğunuzda qeyd olunan xidmət və pərakəndə ticarət sahələri üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqqının məbləğləri eynidir. .

Əsas: Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Musayev Seyfəddin Məmməd se***@mail.ru ID: 4531
İllik hesabat haqda məlumat almaq istəyirəm.
19/04/2021 Oxunub: 81 Orta qiymət: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna gəlir vergisinin ödəyicisi kimi alınan fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində rübdə bir dəfə olmaqla Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada gəlir vergisi üzrə hesablanmış cari vergi məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı aparmalıdır.

Vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 149-cu, 151-ci və 152-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Suriyyə Nəbiyeva Əbdülhüseyn m.***@yahoo.com ID: 4530
Azərbaycanda daimi nümayəndəlik açmaq üçün şərtlər nədən ibarətdir?
19/04/2021 Oxunub: 125 Orta qiymət: 0

Bildiririk ki, qeyri-rezident bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə 12 ay ərzində üst-üstə 90 gündən az olmayaraq Azərbaycan Respublikasında tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdikdə daimi nümayəndəlik yaratmalıdır. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasında nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə vergi ödəyiciləri tərəfindən nümayəndəlik yaradıldıqdan sonra 30 gün müddətində vergi orqanlarında uçota alınmaq üçün onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilməlidir.

Qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı nümayəndəliyi mənfəət vergisinin ödəyicisidir və Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan xidmətin növünə uyğun olaraq müvafiq dərəcə ilə vergi tutulmalıdır.

Xarici hüquqi şəxsin daimi nümayəndəliyinin Azərbaycan Respublikasında qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını (o cümlədən ərizə və sənəd nümunələrini) səhifəmizin “Bir pəncərə” bölməsinin “Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün” hissəsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 19-cu, 33-cü, 104.2-ci və 126-cı maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Bünyad el***@gmail.com ID: 4034
Bildiyimiz kimi "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları"na uyğun olaraq müraciət olunan DTA-03 və DTA-05 ərizə formaları və onlara əlavə olaraq təqdim olunan sənədlərlə bağlı Dövlət Vergi Xidməti tərəfindən İzahedici Mövqe sənədi açıqlanmışdır. Həmin sənədə əsasən qeyri-rezident tərəfindən təqdim olunan rezidentlik sertifikatını müvafiq qaydada həmin sertifikatı təqdim edən müvafiq qurumun rəsmi internet səhifəsindən yoxlamaq imkanı olduğu təqdirdə (QR kod, identifikasiya nömrəsi), həmin sertifikatlar gerbli möhür və ya apostil və ya leqallaşdırma olmadan vergi orqanları tərəfindən tanınırlar. Bu halda bir sual yaranırdı və 195 çağır mərkəzi ilə dəqiqləşdirməyə çalışdım, sualdan başqa bir sual meydan çıxdı. Sual 1: Xaricdə, apostil, leqallaşdırma olmadan alınmış sənədi Azərbaycanda vergi orqanına azərbaycan dilinə tərcümə və notarial təsdiq olunmuş qaydada təqdim olunmalıdır, yoxsa adi qaydada? -195-in cavabı: Sənəd azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq olunduqdan sonra təqdim olunmalıdır. İkinci sual isə bu sualdan yaranır, belə ki, notariuslar xaricdə leqallaşdırılma və ya apostil olunmayan sənədlərin surətlərini təsdiq etmir. Bu halda nə etməli? Sual 2: Bildiyimiz kimi DTA-05 müraciəti etmək üçün qeyri-rezident təşkilatlardan rezidenti olduğu ölkədə rezidentliyini təsdiq edən sənəd tələb olunur. Deyək ki, qeyri-rezident təşkilat 2016-2020-ci illərdə artıq ödənilmiş vergilərin geri alınması üçün müraciət etmək istəyir. Onların müvafiq orqanları tərəfindən bu günə təqdim olunan rezidentlik sertifikatında təşkilatın əvvəlki dövrlərdə rezident olduğu qeyd olunmur, hal-hazırda rezident olduğu qeyd olunur. Soruşmaq istəyirdim, bu şəkildə verilmiş sertifikat əvvəlki dövrlər üzrə müraciətlərin edilməsi üçün keçərlidirmi?
19/04/2021 Oxunub: 214 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarına (bundan sonra - Qaydalar) uyğun olaraq müraciət olunan DTA-03 və DTA-05 Ərizə formaları və onlara əlavə olaraq təqdim olunan sənədlərlə bağlı “İzahedici Mövqe”-yə 08.04.2021 tarixində dəyişiklik edilmişdir. Həmin dəyişikliklərə əsasən, DTA-03 və DTA-05 formaları üzrə qeyri-rezidentlər tərəfindən təqdim olunan rezidentlik sertifikatını müvafiq qaydada həmin sertifikatı təqdim edən müvafiq qurumun rəsmi internet səhifəsindən yoxlamaq imkanı olduğu təqdirdə (QR kod, identifikasiya nömrəsi), həmin sertifikatlar gerbli möhür və ya apostil və ya leqallaşdırma və Azərbaycan dilinə müvafiq tərcümə olmadan vergi orqanları tərəfindən tanınır.

Cavab 2. Qaydaların 8.6-cı bəndinə əsasən, DTA-05 forması üçün qeyri-rezidentin rezident olduğu dövlətin vergi orqanları tərəfindən təsdiq edilmiş rezidentlik sertifikatı vergilərin artıq ödənildiyi dövrü əhatə etməlidir. Təqdim olunan nümunəyə əsasən, qeyd etmək istərdik ki, qeyri-rezident təşkilat 2016-2020-ci illərdə Azərbaycan mənbəyindən əldə etdiyi gəlirə münasibətdə tətbiq olunan vergiləri geri qaytarmaq istəyirsə, Azərbaycan Respublikası ilə həmin ölkə arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişə əsasən həmin dövrlər üçün (vergilər artıq ödənildiyi) onların müvafiq vergi qurumlarından rezident olduğu barədə sertifikatları təqdim etməsi məqsədəmüvafiq hesab olunur.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Furkan Altun Gokay Oglu al***@gmail.com ID: 4527
Türk vətəndaşıyam, Azərbaycanda firma açmaq istəyirəm. Nə etməli olduğum haqda məlumat almaq istəyirəm.
19/04/2021 Oxunub: 112 Orta qiymət: 0

Bildiririk ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi halda, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Abdullayev Əbülfəz el***@gmail.com ID: 4525
Hotel işçisiyəm, 1 ildən artıqdır ki, maaş almıram. Adım işdə gedir. Adıma aktiv VÖEN var, lakin heç bir Dövlət dəstəyindən yararlanmamışam. Mənə bu işdə köməklik etməyinizi istəyirəm.
19/04/2021 Oxunub: 80 Orta qiymət: 0

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilmişdir:

Birinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı, İkinci proqram isə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı olmuşdur. Hazırda maliyyə dəstəyinin təqdim olunması nəzərdə tutulmamışdır. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Oktay Maharramov ok***@gmail.com ID: 4523
Salam, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatları müvəqqəti dayandırmadığı, lakin fəaliyyətləri olmayan ay (aylar) üçün sığortalı qismində icbarti tibbi sığorta haqqı ödəməlidirlərmi?
17/04/2021 Oxunub: 132 Orta qiymət: 5

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər.

Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Eyni zamanda bildiririk ki, icbari tibbi sığorta üzrə sığorta haqları şəxsin fəaliyyəti üzrə gəlir əldə etmədiyi dövrlər üzrə hesablanmır.

Əsas:  “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci və 15-10-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Tərlan Sadıqov Bayram te***@gmail.com ID: 4519
Salam. Mən 2016-cı ilin dekabrında VÖEN-imi dondurmuşdum. 2019-cu ildə isə VÖEN aktivləşib. Və mənim bundan xəbərim olmayıb (yadımdan çıxıb). 2016-dan bu yana heç bir sahibkarlıq fəaliyyətimdə olmayıb. Mən bu vəziyyətlə əlaqədar hansısa cərimə ödəməliyəm?
16/04/2021 Oxunub: 105 Orta qiymət: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, müvafiq arayış vergi orqanına həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq təqdim edilməlidir.

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə əvvəlki ərizəsində qeyd olunan fəaliyyətinin bərpa ediləcəyi tarix ilə növbəti ərizəsində qeyd olunan fəaliyyətinin dayandırılması tarixi arasında müddət fərqi olduqda, fəaliyyətinin aktivləşdiyi dövr üzrə müəyyən edilmiş müddətdən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,  57.1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əmrullayeva Bibixanım Telman Xa***@mail.ru ID: 4517
Salam. Bağışlayın maaşla bağlı narahat edirdim. Mən martın 9-dan dekretə çıxmışam. Mən bilmək istərdim ki, mənim dekret pulu nə zaman köçəcək?
16/04/2021 Oxunub: 68 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin Salahov İzzət sa***@gmail.com ID: 4516
Mən ƏDV-ni geri ala bilmirəm.
16/04/2021 Oxunub: 94 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir.

Belə ki, Qaydaların 2-ci bəndinin müddəalarına əsasən satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi, istehlakçı isə satıcıdan malı alan fiziki şəxsdir.

Eyni zamanda Qaydaların 4-cü bəndinin müddəalarına əsasən ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı xüsusi portal üzərindən qeydiyyatdan keçir və bu zaman istehlakçı üçün elektron kabinet yaradılır.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Lalə Əliyeva Nəsib qızı la***@gmail.com ID: 4466
Təsisçinin şirkətə verdiyi borcu bir müddət sonra hansı şəkildə şirkətə bağışlaya bilər və ya nizamnamə kapitalına yatıra bilərmi?
16/04/2021 Oxunub: 225 Orta qiymət: 0

Bildiririk ki, müəssisəyə təsisçi tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər.

Hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.

Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldığından təsərrüfat əqdləri həmin şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Nizamnamə kapitalına pul qoyuluşu hər iki tərəfdə (təsisçi və təsis olunan hüquqi şəxsdə) vergi öhdəliyi yaratmır.

Əsas: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 58.7-1-ci, 110-cu, 123.1-ci  150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver: