Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Sarvanov Şakir Bayram oğlu sa***@gmail.com ID: 4514
Salam. Mənim 34 yaşım var. Artıq 17 ilə yaxındır ki, Baş Mühasib vəzifəsində işləyirəm. İstəyirəm müvafiq qanunvericilikdə dəyişiklik olunsun və yeni qeydiyyata alınmış vergi ödəyiciləri qarşısında (xüsusilə mikro sahibkarlar) yazacağım formatda öhdəliklər qoyulsun. Düşünürəm yeni qeydiyyata alınmış vergi ödəyicisinin bank hesabında ən azı 1000 manat depozit pulu olmalıdır və həmən pul vəsaiti yalnız Vergi, DSMF, İcbari Tibbi Sığorta və s. bu və ya bunun kimi təyinatlar üzrə xəclənilməlidir. Qarşılaşdığım bir neçə hallar bağlı yazmaq istəyirəm. Misal üçün Vətəndaşın müraciəti əsasında ona məxsus VÖEN, Bank hesabı, Obyekt açılır və s. Vətəndaş bir iki ay işlədikdən sonra ziyana düşdüyünü anlayır və vətəndaşa Vergi, DSMF və digər ödənişlərlə bağlı məlumat verəndə vətəndaş əlində pul vəsaitinin olmadığını bildirir və bununlada problemlər, borc, kredit və s. yaranır. Mən təklif edirəm ki, vətəndaş vergi ödəyicisi kimi qeydiyyatdan keçərkən Vətəndaşın qarşısına öhdəlik qoyulsun və vətəndaş depozit olaraq yeni açdığı bank hesabına ən azı 1000 AZN pul vəsaiti yerləşdirsin ki, gələcəkdə hər hansı vergi və digər ödənişləri edən zaman problemlə üzləşməsin və həmən depozit ödənişi təstiq edən qəbz Dövlət Vergi Orqanına təqdim edilsin. Yəni birinci dəfə qeydiyyata alınmaq istəyən şəxs hərşeydən əvvəl bank hesabı açsın və həmən hesaba pul vəsaiti yerləşdirsin sonra digər sənədləşmə işləri görsün. Təşəkkür edirəm.
16/04/2021 Oxunub: 122 Orta qiymət: 5

Bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı vergi ödəyicilərindən daxil olan təkliflər ümumiləşdirilir və həmin təkliflərə ölkədə aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq baxılır.

Bununla bağlı müraciətlərinizi səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur. 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Quluzadə Kamal Habil oğlu ka***@gmail.com ID: 4513
Xahiş edirəm ki, aşağıdakı suallarımı məzmunu üzrə dəqiq şəkildə cavablandırasınız: 1. Əgər hüquqi şəxsə elektron kameral yoxlaması üsulu ilə əlavə ödənilməli sosial siğorta haqqı və ya vergi hesablanıbsa, hüquqi şəxs tərəfindən həmin məbləğ ödənilən zaman mütləq qaydada həmin pul hüquqi şəxsə məxsus bank hesabından çıxmalıdırmı? 2. Elektron Kameral hesablama nəticəsində əlavə hesablanmış məbləğ borclu vergi ödəyicisi tərəfindən ödənildikdən sonra dəqiqləşdirilmiş bəyannamə müvafiq vergi orqanına təqdim olunmalıdırmı? 3. Cari ildə hər hansı gəliri olmayan təşkilat keçən il yaranmış zərərini ödəməkdən ötrü təsisçidən borc alıb həmin zərərini bağlayıb, eyni zamanda həmin borc hesabına dövlət büdcəsinə vergi ödəyə bilərmidir? 4. Təşkilatımızın 2021-ci ilin 1-ci rübündə hər hansı gəliri olmasa da, 2020-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim edib hesablanmış vergini ödədikdən sonra şəxsi hesab vərəqəmizdə 2021-ci ilin 1-ci rübü üçün 0,48 AZN vergi hesablanmışdır. Buna səbəb nə ola bilər?
15/04/2021 Oxunub: 201 Orta qiymət: 4

Cavab 1. Bildiririk ki, vergi ödəyicisinin vergi borcunun ödənilməsi ilə bağlı pulun hər hansı mənbədən ödənilməsi ilə bağlı tələb vergi qanunvericilyində nəzərdə tutulmamışdır. Bununla belə, vergi ödəyicisinin vergi borcunun kənar şəxs tərəfindən ödənilməsi vergi ödəyicisinin satışdankənar gəliri hesab oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci maddəsi.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 72-ci maddəsi.

Cavab 3. Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).
Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Cavab 4. Bildiririk ki, mənfəət vergisi üzrə bəyannamənin təqdim edilməsi və yekun verginin ödənilməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq həyata keçirilməlidir. Vergi borcunuzun yaranması səbəbi haqda ətraflı məlumatı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 149-cu və 152-ci maddələri.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Kəmalə Hacıyeva ka***@gmail.com ID: 4512
İstifadə edilməmiş məzuniyyət haqlarından icbari tibbi sığorta haqqı hər il üzrə ayrılıqda yoxsa toplam məzuniyyət məbləğindən ümumlikdə hesablanır? (cəm məbləğin 8000 AZN-dən çox olduğunu nəzərə alaraq)
15/04/2021 Oxunub: 188 Orta qiymət: 0

Bildiririk ki, 2021-ci ildən əvvəlki illər üzrə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada ödənilən kompensasiya məbləğləri (pul əvəzi) əmək haqqının tərkibinə daxil olmaqla icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb edilir.

Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqının tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddənin üçüncü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Bununla yanaşı, işçiyə məzuniyyət vaxtı üçün ödənilən ödəncin əmək haqqı olduğu (orta əmək haqqı), habelə müəyyən səbəblərdən işçi məzuniyyətdən istifadə etmədikdə istifadə edilməmiş məzuniyyətə görə işçiyə pul əvəzinin (kompensasiyanın) ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsində təsbit edilmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 140-cı maddəsinin dördüncü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu və Əmək Məcəlləsinin 140-cı, 154-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Çıraqzadə Müsəddiq İmamverdi mm***@mail.ru ID: 4510
Hesabat təqdim edildikdən sonra, Muzdlu və qeyri- muzdlu işlə əlaqədar vahid bəyannamə necə çap edilir? Çap olunmuş bəyannamədə məlumatlara daha rahat və dəqiq baxmaq olur. Əvvəlcədən minnətdarıq.
15/04/2021 Oxunub: 61 Orta qiymət: 0

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" təqdim edildikdən sonra  "Göndərdiklərim" bölməsinə daxil olaraq hesabatda qeyd olunan məlumatları kompüterinizə endirə və çap edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağahüseyn Əfəndiyev Rizvan ag***@gmail.com ID: 4509
Mənə vergi uçotuna dair Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri Vüsal Qarayev tərəfindən məktub göndərilib. Məktubda 2020-ci il ərzində 3 ədəd elektron alış aktı olduğu qeyd olunmuşdur. Halbuki, reallıqda bele bir hadisə olmamışdır. Sizdən bunu dəqiqləşdirib tez bir zamanda xəbər verməyinizi xahiş edirəm!
15/04/2021 Oxunub: 74 Orta qiymət: 5

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Sorğunuzda qeyd olunan halın araşdırılması üçün, müraciətinizi Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə və ya elektron qaydada səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ziya Rəhimli Hüseyn Zi***@gmail.com ID: 4522
Salam, mən VÖEN açdırmışam, 1 həftədir gəlirim olmayıb. Boş hesabat vermişəm onlayn, bilmək isəyirəm təsdiqlənib?
14/04/2021 Oxunub: 72 Orta qiymət: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunanlara əsasən 2021-ci ilin 2-ci rübü ərzində qeydiyyata alındığınız üçün tərəfinizdən 2021-ci ilin birinci rübü üçün bəyannamənin təqdim edilməsi tələb olunmur.

Belə ki, sadələşdirilmiş vergi ödəyiciləri vergi bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidir və sizin tərəfinizdən 2-ci rüb üzrə sadələşdirilmiş vergi bəyannaməsi 2021-ci il iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Surme Cebrayilova su***@gmail.com ID: 4507
Yalnishliqla Gonderilmish olan serencamin geri cekilmesi haqqinda arayisi online formda nece elde ede bilerem?
14/04/2021 Oxunub: 96 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququ hesab olunur. Bu hüquqdan istifadə edilən zaman kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verilir.

Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Sərəncamın geri qaytarılması haqda məlumatı qeydiyyatda olduğunuz vergi orqanına elektron kabinetiniz vasitəsilə sərbəst ərizə ilə müraciət edərək əldə edə bilərsiniz.

Müraciətinizlə bağlı əratflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 23.1.7-ci, 60-cı və 65-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Agayev Azad Habil oglu az***@yandex.ru ID: 4506
“YeloBank“ Sumqayıt filialının (əvvəlki Nikoyl Bank) bir qrup rəhbər işçisinin cinayət əməllərinə görə azadlıqdan məhrum olması filiallın yeni rəhbər işçilərinə dərs olmayaraq, filialda qanunun pozulmasını davam etdirirlər. Cənab Prezidentin bütün bankların sahibkarlığın inkişafına dəstək olması, biznes kreditlərinin verilməsinə üstünlük verməsi barədə tapşırığı bu filialda başqa cür icra olunur. Heç bir sahibkarlığı olmayan vətəndaşları sahibkar kimi qeydiyyata aldıraraq (VÖEN alaraq) böyük şapka müqabilində 200-500 min arası kreditlər verirlər. Kreditin nağdsızlaşdırılması üçün isə yeni mexanizm kəşf ediblər. Filialda digər fiziki şəxsə hesab açaraq avtomobilin alınması üçün formal müqaviəyə əsasən kredit vəsaitini həmin şəxsin hesabına köçürərək krediti nağdlaşdırırlar. Bank isə, nə alınan avtomobillərin qeydiyyat sənədlərini, nə də fiziki şəxsdən mal alınanda vergi qanunvericiliyinə əsasən sahibkarın təqdim etməli olduğu elektron alış aktını tələb etmir. Bununla bank külli miqdarda vergidən yayınmağa şərait yaradır. Bu gün Qarabağımızın qurulması, bərpa olunması üçün dövlət büdcəsində hər qəpiyin önəmli olduğu bir vaxtı xahiş edirəm bankda baş verən külli miqdarda vergi yayınmalarını ,qanun pozuntularını araşdırasınız.
14/04/2021 Oxunub: 96 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ramazanov Elnur Əli oğlu el***@gmail.com ID: 4505
Əsas fəaliyyət kodu 94110, digər fəaliyyət kodu 47191 olan və gəlirləri Pərakəndə ticarətlə məşğul olan Hüquqi şəxs ƏDV vergi ödəyicisinin 2020-ci il mənəət vergi bəyannaməsində 75% vergi güzəşti tətbiq oluna bilər? Xatırladım ki, cari il ərzində Dövlət tərəfindən əmək haqqı üzrə maliyyə yardımı alınmışdır.
14/04/2021 Oxunub: 103 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) həyata keçirən şəxslərə Vergi Məcəlləsinin XVIII fəslinin müddəaları şamil edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyətinin pandemiyadan zərər çəkən fəaliyyət sahələrinə adi edilib-edilməməsinin faktiki uçot məlumatları əsasında müəyyən edilməsi üçün aidiyyəti sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 222-ci və 224-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Həşimov Adəm ha***@gmail.com ID: 4504
Salam. Mən gələn aydan istəyirəm taksi fəaliyyəti ilə məşğul olum. Bunun üçün lazım olan fərqlənmə nişanını hardan əldə etmək lazımdır? FN-nın alınması üçün hansı sənədlər lazımdı? Bu baradə ətraflı məlumatı hardan əldə edə bilərəm və sual yaranrsa hardan cavab almaq lazımdır?
14/04/2021 Oxunub: 132 Orta qiymət: 0

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyiciləri kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

“Sosial sığorta haqqında” Qanuna əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elbəyi Hüseynzadə Yasin hu***@mail.ru ID: 4502
Salam. Zəhmət olmasa mənə vergi orqanına imtaha vermək üçün hansı ədəbyatlardan və hansı mövzuları oxumalı olduğum proqramı atardız. Və xaiş edirəm bu ədəbiyyatlar sizin bazada varsa mənə göndərərdiz. Və ən əsası məntiqi təfəkkürü yoxlamağ üçün 20 test tapşırığı var. Axı bu məntiq çox geniş dərslikdir. Mən ömrümün axrna kimi məntiqi oxusam yenə də bitməz. Konkret məntiqdən hansı mövzular düşür onu da elan etməyinizi xahiş edirəm. Və xaiş edirəm ki ,bu müraciyətmizi yuxarı rəhbərliynizə bildirəsiz .
13/04/2021 Oxunub: 58 Orta qiymət: 4

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul elan edildikdə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı “İşə qəbul” bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir (https://www.taxes.gov.az/az/page/ise-qebul).

Saytımızda yerləşdirilən ədəbiyyat siyahısı dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 test tapşırığından 80-ni əhatə edir.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunan 100 test tapşırığının 20-ni məntiqi təfəkkürün müəyyən edilməsi istiqamətində tapşırıqlar təşkil edir və bununla bağlı əlavə məlumat üçün Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərsiniz.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Yanvar Haciyev ra***@gmail.com ID: 4501
Salam. Ailəmizə məxsus pay torpağını 6 il bundan qabaq rəsmi notariat qaydada digər bir şəxsə alğı-satqı etmişik. Həmin şəxs özünə dövlət çıxarışı çıxarıb. Lakin bu günə qədər SUN nömrə mənim adımda göstərilir. Onu necə ləğv etdirə bilərəm?
13/04/2021 Oxunub: 76 Orta qiymət: 5

Sığortaolunanın fərdi uçota alınması və uçotdan çıxarılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və ya "DOST" mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Faiq Süleymanov Sədrəddin fa***@mail.ru ID: 4498
Salam. Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən əvvəl onların ilkin dəyəri 10 000 manat, qalıq dəyəri isə 750 manat olmuşdur. Yenidən qiymətləndirilmə zamanı əsas vəsaitlərin ilkin dəyəri 25 000 manat təşkil etmişdir. Bu zaman onların qalıq dəyəri necə hesablanmalıdır, əvvəlki 750 manata əsasən yoxsa yeni dəyərləmi (25000 manat)?
12/04/2021 Oxunub: 131 Orta qiymət: 0

Bildiririk ki, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zöhrab Əliyev zf***@gmail.com ID: 4497
Salam. 2020-ci ilin Mart ayından başlayaraq ölkəmizdə karantin xüsusi iş rejimi təyin olunmuşdur. Mənim rəsmi iş müqaviləmə əsasən (fevral 2019- noyabr 2020) mənə düşən əmək haqqı ödənilmir. Yalnız Dövlət tərəfindən yardım hissəsi verilib. İyul,Avgust, Sentyabr,Oktyabr, Noyabr aylarına görə düşən 100% əmək haqqı şirkət tərəfindən verilmir və izah olaraq bildirdilər ki, zərər çekmiş sahalər üzrə, Vergilər Nazirliyin qərarına əsasən əmək haqqı ödənilməməlidir və bu məlumatı Vergilər Nazirliyi tərəfindən alıblar. Əmək müfəttişliyi yoxlama keçirərək şirkəti cərimə edib və əmək haqqı ödənilməsi ilə bağlı şirkətə məktub yollayıblar. Ancaq buna baxmayaraq şirkət mənim rəsmi əmək haqqımı ödəməkdən imtina edir. Zəhmət olmasa mənə məlumat verərdiniz ki, Pandemiya (karantin) zamanı hər hansı bir qanun və ya əmr var ki, əmək haqqı ödənilməməsi ilə bağlı? Yani, rəsmi əmək müqaviləsi varsa, şirkət bağlanmayıb və turizm sahəsi olduğuna görə, zərərçəkmiş qrupuna düşübsə, şirkət əmək haqqını ödəməlidir ya yox?
12/04/2021 Oxunub: 129 Orta qiymət: 4

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.

Bununla bağlı İqtisadiyyat Nazirliyi tərəfindən 4 (dörd) mərhələdən ibarət olmaqla, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin göstərilməsi həyata keçirilmiş, eyni zamanda Vergi Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilmişdir. 

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Sorğunuzda qeyd olunan işçilərə əməkhaqqının ödənilməməsi ilə bağlı hər hansı qərar mövcud deyil.

Eyni zamanda bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin isə bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

 

4/5 (2 Orta qiymət)
Qiymət ver:
ƏHMƏDOV NİYAZ SALMAN ah***@mail.ru ID: 4496
Həyatın yığım sığortası üzrə nəzərdə tutulan vəsaitdən işçidən və işəgötürənin vəsaiti hesabına 0,5 % işsizlik sığortası , 2% icbari tibbi sığorta və həmkarlara üzvlük haqqı tutulur? Əvvəlcədən təşəkkür edirik.
11/04/2021 Oxunub: 178 Orta qiymət: 3

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından azad olmadığı üçün həmin məbləğ  işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunur.

3/5 (3 Orta qiymət)
Qiymət ver:
Konul xelefova sebri am***@gmail.com ID: 4494
Salam. Mən Tibb bacısı tədris mərkəzi açmışam. Bir otaqda tək özüm işləyirəm. 28 tələbəm var. VÖEN açdırmışam. Otaq müqaviləsi bğlamışam. Möhür də almışam. Çox xahiş edirəm mənə deyin, mən lisenziya da almalıyam?
11/04/2021 Oxunub: 93 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün lisenziya və ya icazənin alınıb-alınmaması barədə məlumat almaq üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Abbasov il***@inbox.ru ID: 4493
Salam. Bilmək istərdim ki, pərakəndə ticarət mağasında Pos-terminal vasitəsilə olan satış əməliyyatı məbləği Pos-terminalla eyni zamanda mağazanın NKA-na da vurulmalıldırmı?
11/04/2021 Oxunub: 96 Orta qiymət: 0

Bildiririk ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samir Nəbiyev İlham ne***@gmail.com ID: 4490
Salam, mən bilmək itəyirəm: bələdiyyədən 1 hektar torpaq əkin üçün alsam, nə qədər rüsum ödənilir?
10/04/2021 Oxunub: 136 Orta qiymət: 0

Bildiririk ki,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli 226 saylı Qərarına əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarından az olmamalıdır. 

Göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müəyyən edilmişdir.

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Eyni zamanda dövlət və bələdiyyə torpaqlarının icarəyə götürülməsi zamanı icarə haqqının müəyyən edilməsi Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyindən qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə icarəyə verən bələdiyyə orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 206-cı, 207-ci, "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli 226 nömrəli və 2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hümbət Əhmədov Məhəmməd oğlu hu***@gmail.com ID: 4489
Salam. Mən 2020 ci il üzrə əlvan metal qırıntıları küçələrdən və ya başqa mənbələrdən toplayıb qəbul məntəqələrinə təhvil vermişəm. Tədarük məntəqələri metalı qəbul edən zaman Vergi Məcəlləsinin 71-2 maddəsinə əsasən alış aktısı tərtib edib və 101.6 maddəsinə əsasən 2% tutub qəbul məntəqələri tərəfindən büdcəyə köçürülüb. Rüb üzrə ÖMV bəyanaməsi ilə vergi orqanına bəyan etmişlər. Mən isə 20 mart 01 aprel 2021 ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ücün vergi orqanında qeydiyyata durub VÖEN almışam. Mənə 2020 ci il üçün verdiyim mala görə vergi öhdəliyi yaranırmı və ya yaranirsa vergi neçə faiz ödənilir? Nağdsız hesablama haqqında Qanunun 3.5 maddəsində göstərilən fəaliyyətlə məşqul olmaq üçün məhdudiyyət varmı və nə qədər belə fəaliyyət növü ücün limit verilmişdir?
10/04/2021 Oxunub: 150 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və "Ödəmə mənbəyində tutulan vergi" bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Sorğunuzda qeyd olunan halda, əvvəlki ildə təqdim etdiyiniz mallara görə ödəmə mənbəyində vergi tutulduğu üçün, həmin gəlirlərin yenidən vergiyə cəlb olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

Vergi ödəyicisi kimi uçota alındıqdan sonra təqdim etdiyiniz mallara görə qarşı tərəfə elektron qaimə-faktura təqdim etməli, fəaliyyətiniz topdansatış fəaliyyəti olduğu üçün gəlir vergisi ödəyicisi kimi əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 3-cü, 101-ci, 71-ci və 150-ci maddələri və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsi.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zakir Vəliyev Müzəffər za***@mail.ru ID: 4486
İcarə haqqı ödənişinə görə hesablanan ÖMV-nin dəyəri xərcə aid edilirmi?
10/04/2021 Oxunub: 108 Orta qiymət: 0

Bildiririk ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə aiddir. Bu zaman həmin gəlirlərdən ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergi tutulur.

Yuxarıda qeyd olunanlara əsasən, icarəçi ödəmə mənbəyində vergini tutub qalan vəsaiti icarəyə verən şəxsə ödəyir. Bu halda vergi yükü icarəyə verən şəxsin üzərinə düşdüyünü nəzərə alaraq, ödəmə mənbəyində tutulan vergi məbləğinin  icarəçinin gəlirindən çıxılan xərc kimi nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 108-ci, 109-cu və 124-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: