Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bəyannamələrin elektron qaydada hazırlanması və göndərilməsi, o cümlədən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq barədə ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Həmçinin bildiririk ki, lizinq fəaliyyyətini həyata keçirən hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 104-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək qanunvericiliyi ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Əmək Məcəlləsinin 77.7-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin tətbiqi hüququ məhdudlaşdırılmamışdır. Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılır. Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.

Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilir. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər.

Eyni zamanda, maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Eyni zamanda, torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dır ( o cümlədən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri). Müraciətinizdə qeyd olunanlara əsasən müvafiq sənədlə xidmət mərkəzlərinə müraciət edərək ətraflı məlumat əldə edə bilərsiniz.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Məlumat üçün bildiririk ki, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınma xidmətinə görə isə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən taksi fəaliyyətini həyata keçirən şəxslərin fəaliyyət göstəmədikləri halda vergi və sosial sığorta öhdəlikləri yaranmır və borc hesablanmır. 

Eyni zamanda, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58.2-ci, 218-ci, 221-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci, 14.6-cı madddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

Ümumi qiymət: 5/53
Qiymət ver:

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. Eyni zamanda, müraciətinizin araşdırılması üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Buna əsasən xarici foreks brokerlərinin xarici ölkələrdə olan depozit hesablarına fiziki şəxslər tərəfindən vəsait qoyulduqda həmin vəsaitdən 18 faiz dərəcə ilə ƏDV tutulub dövlət büdcəsinə ödənilir.

Bundan əlavə foreks əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.         

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci və 169-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Bildiririk ki, yuxarıda qeyd olunan sənədlər Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğun olaraq kağız və ya elektron daşıyıcıda mətbəəyə sifariş olunmadan hazırlanaraq tərtib oluna bilər və həmin sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğun olduğu halda vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur.

Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” Vergi Məcəlləsinə uyğun olaraq malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində göndərilir. 

Əsas:"İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, Vergi Məcəlləsin 58-ci, 71-1-ci və 130-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi uçotu və öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 220-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu halda icbari tibbi sığorta haqqı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutularaq ödənilməli və hesabat təqdim olunmalıdır.

Ümumi qiymət: 5/51
Qiymət ver: