Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Şirinov Yasin Rza oğlu ya***@mail.ru ID: 5986
Salam! Sahibkarın obyektinin qeydiyyatı ilə bağlı iki sualım var. 1. Hüquqi şəxs, Az.Resp. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (VÖEN 2000015631) ilə bağlanmış rəsmi icarə müqaviləsinə əsasən onun balansında olan qeyri-yaşayış sahəsindən faktiki istifadə edir, icarə haqqı məbləğini də həmin quruma ödəyir. Obyekti qeydiyyata salmaq üçün İcarə müqaviləsi ərizə ilə birlikdə vergi orqanına təqdim edilsədə, həmin obyektin kodlaşdırılmasını vergi orqanı mümkünsüz sayır (obyekt kodu olmadığına görə). Mövcud vəziyyətdə hüquqi şəxs nə etməlidir? 2. Vergi orqanının tərtib etdiyi akta əsasən Fiziki şəxs, mülkiyyətində olan yaşayış binasından obyekti ofis məqsədi ilə təsisçisi olduğu hüquqi şəxsin istifadəsinə verir və həmin obyekt vergi orqanında kodlaşdırılaraq qeydiyyata salınır. Bu zaman həmin obyekt hüquqi şəxsin mülkiyyəti hesab edilirmi və bunun üçün vergi orqanına Əmlak vergisi bəyannaməsi təqdim olunmalıdırmı?
17/02/2022 Oxunub: 149 Orta qiymət: 3

Birinci sualınızla bağlı bildiririk ki, müraciətinizin araşdırılması üçün Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinə rəsmi qaydada müraciət etməyiniz tövsiyə olunur. 

İkinci sualınızla bağlı bildiririk ki, mülki qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.

Qeyd olunanlara əsasən fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 34-cü maddələri, 

3/5 (5 Orta qiymət)
Qiymət ver:
Nəcibə qo***@hotmail.com ID: 5985
Salam. İşçi xaricə 1 günlük ezam olunur, qayıtdıqdan sonra muhasibatlığa 3 gün ərzində hesabat verir. Bu zaman işçinin avans hesabatında kurs olaraq nə götürülür? İşçinin ezamda oldugu günün kursu, yoxsa hesabatı təqdim etdiyi tarixin kursu nəzərə alınır?
16/02/2022 Oxunub: 165 Orta qiymət: 4

Bildiririk ki, ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilmişdir. 

Bunlarla yanaşı işəgötürən tərəfindən ezamiyyəyə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar .2012-ci il tarixdə 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənir.

Həmçinin bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə, o cümlədən vəsaitin hansı qaydada ödənilməsinə dair izahatın verilməsi Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.


 

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Qarayev Mahir Qaraxan oğlu qa***@gmail.com ID: 5984
Beyləqan rayonunda 200 kvm yaşayış binasının əmlak vergisi nə qədərdir?
16/02/2022 Oxunub: 91 Orta qiymət: 5

Bildiririk ki, vətəndaşın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə əmlak vergisinin hesablanması zamanı binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin)  hər kvadratmetrinə Beyləqan rayonu üzrə müəyyən olunan 0,2 manat vergi dərəcəsi tətbiq edilir ((200 – 30) x 0,2 =34 manat).

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rəşad İslam Dadaşov re***@mail.ru ID: 5983
Salam. Obyektin İcarə müqaviləsinə əsasən ödəniş 6 ay sonra başlayacaq. Bu aralıq dövrdə tərəfimizdən obyektin təmiri işləri aparılacaq. Belə ki, hal-hazırda obyekt təmirsizdir. İcarədən ÖMV-yə cəlbedilmə 6 aydan sonra başlayacaq?
16/02/2022 Oxunub: 137 Orta qiymət: 5

Bildiririk ki, icarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir. 

Eyni zamanda bildiririk ki, vergi orqanları tərəfindən həyata keçirlən nəzarət tədbirləri zamanı vergilərin hesablanmasına təsir edə bilən əməliyyatın fərqli xüsusiyyətləri, habelə vergidən yayınma sxemləri aşkarlanarsa vergilər faktiki iqtisadi göstəricilər əsas götürülməklə hesablana bilər.

Əsas: Vergi Məcəlləsinin 124-cü, 150.3.2-ci maddələri 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Bəndəliyeva Zülfiyyə Yusif qızı zu***@faktorlizinq.az ID: 5982
" A" MMC lizinqə vermək məqsədilə fərdi sahibkardan nəqliyyat vasitəsi alır. Sahibkar həmin nəqliyyat vasitəsinin özünün şəxsi mülki olduğunu bildirir və buna görə də elektron qaimə təqdim edə bilmir. Həmçinin "A" MMC də elektron alış aktını satıcının VÖEN-i olduğuna görə tətbiq edə bilmir. Bu halda hər hansı qanun pozuntusu varmı? Əgər qanun pozuntusu varsa hansı tərəf məsuliyyət daşıyır?
16/02/2022 Oxunub: 252 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Eyni zamanda malların təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən vaxt təqdim edilir.

Malların alış aktı vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda tərtib edilir və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura olmadıqda həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə  malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 71-1-ci və 71-2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Gülnar Xankişiyeva Xa***@icloud.com ID: 5981
Salam. Vergidən yayınan sahibkar barədə necə şikayət etmək olar?
16/02/2022 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Adil Mehdiyev Qüdrət oğlu ad***@mail.ru ID: 5980
Salam! 2021 ildə əmək haqqından (200 manat cıxılandan sonra), qalan məbləğindən 14% gəlir vergi tutulurdu. Bilmək istərdim, 2022-ci ildə əmək haqqından tutulan gəlir vergisində, dəyişiklik varmı?
16/02/2022 Oxunub: 81 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin qeyd olunan maddəsi ilə bağlı hər hansı dəyişiklik edilməmişdir. Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Sənan Hüseynov Tahir sa***@gmail.com ID: 5979
Salam, bilmək istəyirəm, vergi orqanlarına ixtisasım düşürmü? İxtisasım- "Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi".
15/02/2022 Oxunub: 79 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəşad rm***@mail.ru ID: 5977
Salam. Müharibə veteranları hansı sənədləri mühasibatlıqa təqdim etməlidir ki (102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;) 400manat vergidən azad edilsin
15/02/2022 Oxunub: 85 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Buna əsasən müəssisənizin ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarının müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zülfiyyə Allahverdiyeva Gəray me***@mail.ru ID: 5976
Salam. Mən "ƏDV geri al"-da parolumu unutmuşam. Parolun bərpası üçün isə məndən nömrə istəyir. Həmin nömrəm isə yanıb, indi parolun bərpası üçün nə etməliyəm, zəhmət olmasa cavablandırın.
15/02/2022 Oxunub: 85 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcəfov Pərviz Qurban oğlu na***@gmail.com ID: 5975
Salam. Mənim adıma bir neçə il öncə VÖEN var idi. Müraciətim əsasında bağlanıldı. İndi yenidən necə aktiv etmək olar?
15/02/2022 Oxunub: 96 Orta qiymət: 5

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edilməldiir. Yenidən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İsrail Yusifli Hüseyn oğlu iy***@mail.ru ID: 5973
Salam! Mən xaricidə fəaliyyət göstərən şirkətlə müəyyən işləri yerinə yetirmək üçün kontrakt bağlamışam. Kontraktda qeyd olunub ki, həmin şirkət mənə hər ay müəyyən məbləğdə valyutada əmək haqqı ödəyəcəkdir. Xahiş edirəm, izah edəsiniz ki, mən bu əmək haqqını necə ala bilərəm və bü əmək haqqından vergi və digər tutulmalar necə və hansı faiz dərəcələri ilə hesablanmalıdır. Əvvəlcədən sizə təşəkkür edirəm.
15/02/2022 Oxunub: 121 Orta qiymət: 0

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülüstan Cəbrayılova Hacıməmməd qızı G.***@mail.ru ID: 5972
Salam. Mənim kreditlə alınmış (2006 dekabr ayı-20 illik , 45.47m2) evim var, hal-hazıra kimi ödənişi davam edir. Evin krediti tam ödənilmədiyi üçün çıxarış alınmayıb. Yaşadığım evə 12.02.2022 tarixində Xırdalan Bələdiyyəsi Vergi Xidməti Orqanı tərəfindən əmlak vergisi üzrə tədiyyə bildirişi (nömrəsiz) göndərilib (ötən dövr üçün əmlak vergisi 4.64+0.63 faiz, cari il üçün 4.64). Bilmək istəyirəm, əgər evin krediti tam ödənilməmiş və ev mənim əmlakıma tam keçməmiş, əmlak vergisi ödəməliyəm?
15/02/2022 Oxunub: 106 Orta qiymət: 0

Bildiririk ki, xüsusi mülkiyyətinizdə olan tikiliyə görə bələdiyyəyə əmlak vergisi ödənilməlidir.

Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə  Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir. 

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Eyni zamanda, fiziki şəxsin mülkiyyətində olan və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynova Aygun Həsən ay***@mail.ru ID: 5970
Salam. Himayəsində 3 övladı olan dövlət müəssisəsində calışan xanım (həyat yoldası çalışmır) vergi imtiyazina malikdir? Bildiyim qədər, məvacibinin 250 m. mislindən vergi tutulmasından azad olunmalıdır. Övladların yaş həddi 9-15 yaşdır.
15/02/2022 Oxunub: 69 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən  ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əlavə olaraq Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Salyan Suvarma Sistemləri İdarəsi sa***@mail.ru ID: 5967
1) I-ci və II-ci Qarabağ Müharibələrində iştirakçısı təqdim etdiyi Arayışa əsasən tətbiq olunası güzəşt? 2) I-ci və II-ci Qarabağ Müharibələrində iştirak etmiş Veteran adı almış şəxslərə olunası güzəştı? 3) I-ci və II-ci Qarabağ Müharibələrində iştirak etmiş və Veteran adı almış Valideynlərin övladlarına olunan güzəşt? 4) I-ci və II-ci Qarabağ Müharibələrində Şəhidlərin Valideynlərinə olunan güzəşt? 5) I-ci və II-ci Qarabağ Müharibələrində Şəhidlərin Övladlarına olunan güzəşt? 6) I-ci və II-ci Qarabağ Müharibələrində iştirak etmiş Medal almış şəxslərə olunası güzəşt?
15/02/2022 Oxunub: 142 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
  • Azərbaycanın Milli Qəhrəmanlarının;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  • müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin; 
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.4-cü maddəsinə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  • 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  • Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
  • məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Həmçinin bildiririk ki, yuxarıda sadalanan hər iki maddə üzrə güzəşt hüququ olan şəxsə bu güzəştlərdən biri, məbləğcə ən böyük (400 manat) olanı verilir.

Qeyd olunan güzəştlər Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda adı çəkilən sənədlərdən biri olduqda işçinin əmək kitabçasının olduğu əsas iş yerində tətbiq olunur.

Müraciətiniz barədə əlavə məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağazadə İbrahim Mayis oğlu ib***@gmail.com ID: 6140
Salam mən 25.02.2022 tarixində 28 mayda yerləşən mobil mall mağazsından telefon almışam, lakin mal defekt çıxdı. Mən ayın 26-sı telefonu geri qaytardım və təzə telefon istədiyimi dedim. Lakin, telefonun servis rəyindən sonra mənə yenisi verilə biləcəyini dedilər. Servisdən cavab isə 10.03.2022 tarixində çıxdı, telefonun defekt çıxdığı sübut olundu və mən satış mağazasına mənə pul lazım olduğun bildirdim. Lakin, satış mağazası mənə ancaq telefonu dəyişə biləcəyimi və pulun qaytarılmayacağını dedilər. Mən indi onları hansı maddələrə uyğun məhkəməyə verə bilərəm və burada sizin edə biləcəyiniz nədir?
14/02/2022 Oxunub: 75 Orta qiymət: 0

Sorğunuzda qeyd olunanlar Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, bu barədə ətraflı məlumat almaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (competition.gov.az/az) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bahadur Tanrıverdiyev Muxtar oğlu ke***@gmail.com ID: 5966
Salam. Mən VÖEN-i deaktiv etmək istəyirəm. Vəsiqəmi tapa bilmirəm. VÖEN haqqında yazım məlumat alım. Siz aktivliyi və ya deaktivliyi haqqında məlumat verə bilərsiz? Bir də borc var ya yox?
14/02/2022 Oxunub: 88 Orta qiymət: 0

Bildiririk ki, Tanrıverdiyev Bahadur Muxtar oğlu (VÖEN 2001035202) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir və ödənilməmiş vergi borcu yoxdur.

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 30-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nail Elekberov Ilham Na***@inbox.ru ID: 5958
Salam. Mənim Vergi Məcəlləsinin 150-ci maddəsində bəzi qaranlıq məqamla bağlıdır sualım. Məcəllənin 150.1.13.5-ci maddəsində ipoteka saxlayanın əldə etdiyi əmlakdan ödəmə mənbəyində vergi tutulmadığı qeyd olunub. Lakin, 150.3-1 ci maddənin 3-cü abzasında vergi orqanında uçotda olmayan fiziki şəxsin borc təminatı olan, ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın ipoteka saxlayan tərəfindən əldə edildikdə ixtisaslaşmış təşkilat burada ipoteka saxlayandan 220.8 ve 220.8-1 madde ile sadələşdirilmiş vergi tutur və 150.3-5 ci maddədə fərdi sahibkarın 150.1.13.5 nəzərdə tutulmuş halda 220.8 ve 220.8-1 maddə əsasında sadələşmiş vergi tutulduğunu və növbəti ayın 20-dək büdcəyə köçürüldüyü qeyd olunub. Bəs sual meydana çıxır ki, 150.1.13.5-ci maddədə qeyd olunan vəziyyətdə vergi tutulmadığı qeyd olunur. Belə çıxır ki, bu maddələr bir-birini inkar edir. Bunu necə başa düşə bilərik?
12/02/2022 Oxunub: 84 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan Vergi Məcəlləsinin 150.1.13.5-ci və 150.3-1-ci maddələri arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir.

Belə ki, Vergi Məcəlləsinin 150.1.13.5-ci maddəsinin müddəalarına əsasən verilmiş borcun təminatı kimi fərdi sahibkarın əmlakı, 150.3-1 maddəsində isə verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin əmlakı qeyd olunmuşdur. 

Əsas: Vergi Məcəlləsinin 150-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Fariz Atabəy oğlu fa***@dmx.gov.az ID: 5951
İşləri görən və ya xidmətləri göstərən Vergi Məcəlləsinin 71-1.1.3. maddəsinə əsasən – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim etməlidir. Həmçinin, vergi ödəyicisi hər hansı xidmət göstərdiyi halda, işin başa çatmasını “Görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktı” ilə rəsmiləşdirilir. Elektron qaimə-faktura “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən tərtib edilir və həmin qaydalara əsasən mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları və sair) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas:” sətrində qeyd olunur. Bu halda, əgər işlərin və xidmətlərin təqdim olunması zamanı E-qaimə yazılmışdırsa, “işlərin və xidmətlərin görülməsinin təhvil-təslim aktı”nın tərtib edilməsinə zərurət vardırmı? Məntiqlə E-qaimə akt əsasında doldurulursa, aktın qaimədən sonra hazırlanması doğru deyil. Digər məntiqlə isə, E-qaimə təqdim edilməmişdirsə, vergi ödəyicisi hər hansı göstərdiyi xidmət üzrə sənədləşməni tam icra etmədiyindən, işin başa çatmasını aktlaşdıra bilməz. Həmçinin eyni məzmun və eyni mahiyyətli ilkin uçot sənədlərini, E-qaimə və işlərin və xidmətlərin görülməsinin təhvil-təslim aktının hazırlanmasına nə kimi ehtiyac var?
11/02/2022 Oxunub: 137 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən xidmətlərin qəbulu zamanı təhvil-qəbul aktının, habelə digər ilkin uçot sənədlərinin tərtibatı tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cabbarov Aqsin aq***@inbox.ru ID: 5949
Salam, mən yaşadığım ünvanda həyətimdə 20 kv. ərzaq dükanı işlətmək istəyirəm. Bilmək istəyirəm, VÖEN açılmalıdır? Bu haqda mənə məlumat verərdiz, zəhmət olmasa.
11/02/2022 Oxunub: 118 Orta qiymət: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı (VÖEN əldə etməli) və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən minimum aylıq əmək haqqının (300 manat) 25 faizinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci, 218-ci və 220-ci maddələri və “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver: