Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340; 2018, № 10, maddə 2010, № 11, maddə 2287, № 12 (I kitab), maddə 2603; 2019, № 4, maddə 644, № 6, maddə 1031) 1-ci və 2-ci hissələri ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələrinin layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2019-cu il.
 


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişafın və iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması, dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

2. Nazirliyin fəaliyyət istiqamətləri

2.0. Nazirliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. ölkənin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.0.2. dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması ilə bağlı təkliflər hazırlamaq;

2.0.3. ölkə iqtisadiyyatının inkişaf prioritetlərinə uyğun olaraq, dövlət iqtisadi idarəetmə, maliyyə, o cümlədən dövlət və icmal büdcələrin gəlir və xərclərinin əsaslandırılmasında, vergi, pul-kredit, valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;

2.0.4. aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) ilə birlikdə sosial-iqtisadi inkişaf konsepsiyalarının və dövlət proqramlarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və nəzarətini (monitorinqini) həyata keçirmək;

2.0.5. ölkədə sosial-iqtisadi inkişaf sahəsində gedən proseslərin qiymətləndirilməsini, sosial-iqtisadi (makroiqtisadi) proqnozların hazırlanmasını həyata keçirmək;

2.0.6. dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi maraqlarının qorunmasına, davamlı iqtisadi artım əldə edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək;

2.0.7. iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyəti həyata keçirmək;

2.0.8. milli iqtisadiyyatın və ixracın təşviqi və şaxələndirilməsi sahəsində məqsədyönlü fəaliyyəti təşkil etmək;

2.0.9. aidiyyəti dövlət orqanları ilə birlikdə sənaye sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.10. ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi, qorunması və təşviqi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.11. sahibkarlığın inkişafı, təşviqi və sahibkarlığa dövlət dəstəyi, habelə lisenziya və icazə sisteminin tənzimlənməsi sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;

2.0.12. ölkədə davamlı iqtisadi yüksəlişin insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə olunması məqsədilə bu sahədə uzunmüddətli proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.0.13. ölkədə azad rəqabətin qorunması, inkişafı və təşviqi, o cümlədən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.14. xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.15. regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.16. dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması sahəsində idarəetməni həyata keçirmək;

2.0.17. dövlət aktivlərinin idarə edilməsinə dair dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək, dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

2.0.18. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqların idarə olunması və özəlləşdirilməsi, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.19. istehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.20. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.21. reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;

2.0.22. standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahələrində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

2.0.23. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək.

3. Nazirliyin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır:

3.0.1. ölkənin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini hazırlamaq, aidiyyəti dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək;

3.0.2. ölkənin sosial-iqtisadi vəziyyətini, inkişaf dinamikasını təhlil etmək, proqnozlaşdırmaq, iqtisadiyyatın dövlət tənzimləməsi, iqtisadi və sosial inkişafın prioritet istiqamətləri barədə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

3.0.3. tədiyə balansı üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının təqdim etdiyi məlumatlar və ilkin proqnoz göstəriciləri əsasında aidiyyəti dövlət orqanları ilə birlikdə tədiyə balansını proqnozlaşdırmaq;

3.0.4. dövlət büdcəsinin formalaşdırılması üçün ölkənin iqtisadi və sosial inkişafının proqnoz göstəricilərini hazırlamaq;

3.0.5. Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətini həyata keçirmək, dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin etmək, bu sahədə dövlət nəzarətini həyata keçirmək;

3.0.6. dövlət büdcəsinə vergilər və digər icbari ödənişlər üzrə daxilolma proqnozlarının hazırlanmasında iştirak etmək;

3.0.7. ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə rüsumların və vergilərin, digər icbari ödənişlərin dərəcələri ilə, habelə bu sahədə güzəşt və azadolmalarla bağlı təkliflər hazırlamaq;

3.0.8. ölkə iqtisadiyyatında struktur siyasətinin əsas istiqamətlərini formalaşdırmaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;

3.0.9. aidiyyəti dövlət orqanları ilə birlikdə iqtisadi və sosial sahələrdə məqsədli proqramları və konsepsiyaları hazırlamaq, qəbul edildikdən sonra onların əlaqələndirilməsini və icrasına nəzarəti (monitorinqi) həyata keçirmək;

3.0.10. aidiyyəti dövlət orqanları ilə birlikdə korporativ idarəetmə prinsiplərinin və üsullarının tətbiqində iştirak etmək, korporativ idarəetmənin keyfiyyətinin yüksəldilməsi, o cümlədən müasir korporativ idarəetmə sistemlərinin tətbiq edilməsi ilə bağlı tədbirlər görmək;

3.0.11. iqtisadiyyatda innovasiya və elmi-texniki siyasətin formalaşdırılmasını aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək;

3.0.12. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkənin iqtisadi və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər hazırlamaq və həyata keçirmək;

3.0.13. ölkədə istehsal olunan mal və xidmətlərə tələbatın genişləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər hazırlamaq və həyata keçirmək;

3.0.14. dövlət iqtisadi idarəetmə, maliyyə, o cümlədən dövlət büdcəsi, vergi, pul-kredit, valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, dövlət satınalmaları və digər sahələrdə dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak etmək;

3.0.15. ölkənin sosial siyasətinin, o cümlədən sosial sahələrin inkişafına dövlət dəstəyi mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.16. aidiyyəti dövlət orqanları ilə birlikdə minimal sosial standartların hazırlanmasında iştirak etmək;

3.0.17. əmək ehtiyatları və məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin formalaşdırılması və həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;

3.0.18. insan kapitalının potensialından ölkənin iqtisadi inkişafında səmərəli istifadə olunması istiqamətində təkliflər vermək;

3.0.19. insan kapitalını inkişaf etdirmək və bu yolla ölkənin beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək məqsədilə təhsil və elmə investisiya qoyuluşları barədə təkliflər hazırlamaq;

3.0.20. iqtisadiyyatın mütərəqqi inkişafı üçün prioritet sahələr üzrə mütəxəssis hazırlayan təhsil müəssisələrinin dəstəklənməsi ilə bağlı təkliflər təqdim etmək;

3.0.21. qiymət-tarif siyasətinin ümumi prinsiplərinə, dövlət tərəfindən qiymətləri tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına, o cümlədən sosial əhəmiyyətli və təbii inhisar subyektlərinin məhsullarının qiymətlərinin tənzimlənməsinə, habelə tənzimlənən qiymətlərin formalaşdırılmasına dair təkliflər vermək, tətbiqi qaydalarına nəzarəti həyata keçirmək, ayrı-ayrı sahələr üzrə güzəştlərin verilməsinə dair təkliflər hazırlamaq;

3.0.22. aidiyyəti dövlət orqanları ilə birlikdə mərkəzləşdirilmiş valyuta ehtiyatlarından istifadə istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;

3.0.23. ölkədə əsas fondların təzələnməsi siyasətinin formalaşdırılmasında, onların yenidən qiymətləndirilməsində, amortizasiya normalarının hazırlanmasında və tətbiqində iştirak etmək;

3.0.24. təbii ehtiyatlardan, o cümlədən enerji resurslarından səmərəli istifadə mexanizminin, ölkənin yanacaq-enerji balansının hazırlanmasında və onun strukturunun təkmilləşdirilməsində iştirak etmək;

3.0.25. dövlət aktivlərinin idarə edilməsinə dair dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsində iştirak etmək;

3.0.26. dövlətə məxsus olan hüquqi şəxslərdə və ya nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə dövlətin maraqlarını təmsil etmək;

3.0.27. aidiyyəti dövlət orqanları ilə birlikdə sənayenin, o cümlədən onun ayrı-ayrı sahələrinin mövcud vəziyyətini təhlil etmək, gələcək inkişafını proqnozlaşdırmaq, sənaye sektorunun inkişafı və islahatı prioritetlərinin müəyyən olunmasına və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

3.0.28. ölkənin sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsini genişləndirmək məqsədilə tədbirlər hazırlamaq və həyata keçirmək;

3.0.29. aidiyyəti dövlət orqanları ilə birlikdə yerli resurslardan səmərəli istifadə etməklə, rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılmasının və fəaliyyətinin, habelə sənaye sahələri üzrə innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı təkliflər vermək;

3.0.30. sənaye parklarının, məhəllələrinin və xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və dövlət tənzimləməsini həyata keçirmək;

3.0.31. aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanları ilə birlikdə sənaye istehsalının regional strukturunun təkmilləşdirilməsi, sənaye zonalarının (sənaye klasterlərinin) yaradılması və ərazi planlaşdırılması sənədlərindən sənaye zonaları üçün ərazilərin planlaşdırılması ilə bağlı tədbirlər həyata keçirmək;

3.0.32. nizamnamə kapitalında dövlətin payı olan sənaye müəssisələrinin yenidən qurulması, təkmilləşdirilməsi və sağlamlaşdırılması məqsədilə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, bu məqsədlə aidiyyəti dövlət orqanlarından və təşkilatlardan belə müəssisələrin vəziyyəti haqqında lazımi məlumatlar almaq, onları təhlil etmək;

3.0.33. sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkmilləşdirilməsi və onların infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə təkliflər vermək, müvafiq tədbirlər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;

3.0.34. aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qorunması və təşviqi sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və dövlət tənzimləməsi mexanizmini həyata keçirmək;

3.0.35. ölkədə investisiya imkanlarını araşdırmaq, investisiya tələbatını öyrənmək, investisiya mühitinin yaxşılaşdırılmasına və investisiyaların stimullaşdırılmasına dair təkliflər hazırlamaq;

3.0.36. dövlət investisiya təkliflərini (layihələrini) qiymətləndirmək, dövlət investisiya proqramının layihəsini tərtib etmək, təsdiq olunduqdan sonra həmin proqramda nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək və onların yerinə yetirilməsinə nəzarət etmək, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət investisiya proqramına daxil olan layihələrin icrasının monitorinqi ilə bağlı tədbirlər görmək;

3.0.37. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkə iqtisadiyyatına investisiyalar cəlb etmək, onlardan istifadə olunması tədbirlərini hazırlayıb həyata keçirmək, investorlara kömək etmək, investisiya fəaliyyəti ilə bağlı beynəlxalq iqtisadi (ticarət) və maliyyə (kredit) təşkilatları, xarici dövlətlərin müvafiq qurumları, hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək;

3.0.38. xarici dövlətlərin müvafiq orqanları ilə investisiyaların təşviqi və qorunması haqqında sazişlərin layihələrini hazırlamaq və bununla bağlı danışıqlar aparmaq;

3.0.39. Azərbaycan Respublikasının adından alınan borc hesabına maliyyələşdirilməsi təklif edilən layihələrin (o cümlədən icrada olan layihə üçün əlavə maliyyələşdirmənin) və kreditlərin zəmanətlə alınması barədə müraciətlərin zəruriliyini, prioritetliyini, maliyyə dayanıqlığını, ölkənin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirmək;

3.0.40. dövlətə, dövlət orqanlarına, dövlətə məxsus olan hüquqi şəxslərə və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrə və digər dövlət təsisatlarına ayrılan qrant, maliyyə və texniki yardım layihələrinin və müvafiq müqavilə (saziş, kontrakt) layihələrinin iqtisadi ekspertizasını həyata keçirmək, onların iqtisadi nəticələrini qiymətləndirən sənədləri araşdırmaq, prioritet sahələri və əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələri müəyyənləşdirmək, həmin layihələrə dair danışıqlar aparmaq və ya danışıqlarda iştirak etmək, ayrılmış qrantları, maliyyə və texniki yardımları əlaqələndirmək, onlardan məqsədyönlü və səmərəli istifadə olunmasına nəzarət etmək, müvafiq hesabatları və sənədləri almaq;

3.0.41. dövlət büdcəsi hesabına əsaslı vəsait qoyuluşunun istiqamətlərini müəyyənləşdirmək, dövlət investisiya qoyuluşlarının səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək;

3.0.42. qanunla müəyyən edilmiş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

3.0.43. sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət tənzimləməsini hazırlamaq və həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;

3.0.44. sahibkarlığa dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, formalarının və mexanizmlərinin hazırlanmasını təmin etmək və onların həyata keçirilməsində iştirak etmək;

3.0.45. sahibkarlığa dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsi vəsaitinin, xarici və beynəlxalq kreditlərin (qrantların və digər maliyyə vəsaitinin) cəlb edilməsi üçün tədbirlər görmək;

3.0.46. sahibkarların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran (pozan) hərəkətlərin dayandırılmasını dövlət orqanlarından və təşkilatlarından, yerli özünüidarəetmə orqanlarından, digər şəxslərdən tələb etmək;

3.0.47. sahibkarlığın inkişafı, sahibkarlıq mühiti, sahibkarlığa dövlət dəstəyi, özəl sektorda investisiya fəaliyyəti sahələrində mövcud vəziyyəti təhlil etmək, həmin sahələrin daha da inkişaf etdirilməsi məqsədilə təkliflərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

3.0.48. sahibkarların maarifləndirilməsi, o cümlədən sahibkarların iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək, mikro, kiçik və orta sahibkarların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin tətbiqi, onların rəqabət qabiliyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq;

3.0.49. sahibkarlıq fəaliyyətinin inkişafı və təşviqi üçün əhəmiyyət kəsb edən investisiya layihələrinin reallaşdırılması məqsədilə tədbirlər görmək;

3.0.50. sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə dəstəyinin göstərilməsini Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.0.51. lisenziyalar və icazələr sisteminin tətbiqi sahəsində dövlət siyasətini və dövlət tənzimləməsinin əsas istiqamətlərini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək, lisenziya və icazə verən dövlət orqanlarına metodiki rəhbərliyi həyata keçirmək, habelə informasiya təminatını təşkil etmək, ölkədə lisenziyaların və icazələrin vahid reyestrini aparmaq, “Lisenziyalar və icazələr” portalının operatorunun funksiyalarını həyata keçirmək;

3.0.52. lisenziya və icazələr haqqında qanunvericiliyə dövlət orqanları tərəfindən riayət edilməsinə nəzarət etmək, lisenziyaların və icazələrin tətbiqinə dair izahatlar vermək;

3.0.53. müəyyən edilmiş hallarda və qaydada lisenziya, icazə və digər hüquqmüəyyənedici sənədlər vermək, onları yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ləğv etmək, Azərbaycan Respublikasının kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxsləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələri (qərarları) qeydiyyata almaq, bununla əlaqədar olaraq digər vəzifələri həyata keçirmək;

3.0.54. aidiyyəti dövlət orqanları ilə birlikdə xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahələrində dövlət siyasətini həyata keçirmək, bu sahədə vəziyyəti araşdırmaq və tədbirlər görmək;

3.0.55. xarici iqtisadi əlaqələr və xarici ticarət fəaliyyəti ilə bağlı xarici dövlətlərin müvafiq qurumları, hüquqi və fiziki şəxsləri ilə, beynəlxalq iqtisadi (ticarət) və maliyyə (kredit) təşkilatları ilə, habelə digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, bu sahədə danışıqlar aparmaq və müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq, verilmiş səlahiyyətlərə uyğun olaraq onları imzalamaq, imzalandıqdan sonra icrası üçün tədbirlər görmək, həmin təşkilatlarda müəyyən edilmiş qaydada ölkəni təmsil etmək;

3.0.56. ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və ticarət rejiminin təkmilləşdirilməsi məqsədilə təhlillər aparmaq, müvafiq təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə onların həyata keçirilməsini təmin etmək, ölkənin dünya ticarət sisteminə inteqrasiyası istiqamətində fəaliyyəti əlaqələndirmək;

3.0.57. beynəlxalq nəqliyyat, malların tranziti, habelə xarici ticarət daşımaları ilə bağlı beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında, razılaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.58. xarici ticarətdə ölkənin rəqabət qabiliyyətinin artırılmasını, ixrac potensialının inkişaf etdirilməsini, yerli malların və xidmətlərin xarici bazarlara çıxarılması üçün əlverişli şərait yaradılmasını, ixracatçıların maraqlarının müdafiə olunmasını təmin etmək üçün tədbirlər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;

3.0.59. xarici iqtisadi və ticarət fəaliyyəti iştirakçılarının iqtisadi, hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək, xarici iqtisadi və ticarət fəaliyyəti məsələləri üzrə informasiya sistemlərini yaratmaq;

3.0.60. xarici ticarət fəaliyyətinin tənzimlənməsi tədbirlərinin tətbiqi haqqında aidiyyəti dövlət orqanına təkliflər vermək;

3.0.61. ticarət sahəsində ölkəyə qarşı ayrı-seçkilik hallarının mövcud olub-olmadığını müəyyənləşdirmək, belə hallar aşkarlandıqda, onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək;

3.0.62. dünya mal və xidmət bazarlarının konyunkturunu təhlil etmək, əldə olunan nəticələrə əsasən fəaliyyət istiqamətləri üzrə təkliflər hazırlamaq;

3.0.63. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkənin daxili bazarının qorunmasına dair təhlillər aparmaq, müvafiq təkliflər hazırlamaq və qəbul edildikdən sonra onların həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.64. ixrac nəzarəti sahəsində dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak etmək;

3.0.65. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının maddi-texniki və maliyyə təminatını həyata keçirmək;

3.0.66. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.67. aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarını, qeyri-hökumət təşkilatlarını cəlb etməklə, regionların sosial-iqtisadi inkişaf istiqamətlərini hazırlamaq, həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.68. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunvericiliklə müəyyənləşdirilmiş tələblərə riayət olunmasına Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurum vasitəsilə nəzarət etmək, habelə monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək;

3.0.69. dövlət büdcəsinə vergilərin və digər icbari ödənişlərin, habelə qanunla müəyyən edilmiş müvafiq fondların büdcəsinə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının köçürülməsi ilə əlaqədar işlərin təşkili sahəsində strukturuna daxil olan müvafiq qurumun fəaliyyətinə nəzarət etmək;

3.0.70. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin edən tədbirlərin strukturuna daxil olan müvafiq qurum tərəfindən həyata keçirilməsinə nəzarət etmək;

3.0.71. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının strukturuna daxil olan müvafiq qurum vasitəsilə uçotunu aparmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat vermək;

3.0.72. strukturuna daxil olan müvafiq qurum tərəfindən kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərinin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatının və reyestrinin aparılmasına, habelə vergi ödəyicilərinin uçota alınmasına nəzarət etmək;

3.0.73. strukturuna daxil olan müvafiq qurum vasitəsilə səlahiyyətinə aid edilmiş cinayət işləri üzrə təhqiqat, istintaq aparmaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;

3.0.74. bilavasitə və ya strukturuna daxil olan müvafiq qurum vasitəsilə qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

3.0.75. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini strukturuna daxil olan müvafiq qurum vasitəsilə həyata keçirmək;

3.0.76. strukturuna daxil olan müvafiq qurum tərəfindən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqların idarə olunmasına və özəlləşdirilməsinə nəzarət etmək;

3.0.77. strukturuna daxil olan müvafiq qurumun daşınmaz əmlakın dövlət reyestrini, vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etməsinə və aparmasına, ünvan reyestrini aparmasına, həmçinin daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirməsinə nəzarət etmək;

3.0.78. strukturuna daxil olan müvafiq qurumun daşınmaz əmlakı, o cümlədən torpaqları, tikililəri, binaları, qurğuları, yaşayış və qeyri-yaşayış sahələrini, yaşayış və bağ evlərini, habelə müəssisələri qiymətləndirməsinə nəzarət etmək;

3.0.79. strukturuna daxil olan müvafiq qurum vasitəsilə dövlətə məxsus olan hüquqi şəxslərin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla) və iştirakçısı kimi çıxış etmək;

3.0.80. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə strukturuna daxil olan müvafiq qurum vasitəsilə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

3.0.81. bələdiyyə mülkiyyətinə torpaq alınması barədə vəsatətlərə strukturuna daxil olan müvafiq qurum vasitəsilə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

3.0.82. rəqabətin qorunması, inkişafı və təşviqi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması və haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasətin və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini strukturuna daxil olan müvafiq qurum vasitəsilə təmin etmək;

3.0.83. təbii inhisar subyektlərinin fəaliyyətinin dövlətin iqtisadi siyasətinə müvafiq olaraq həyata keçirilməsinin monitorinqini aparmaq və təbii inhisar subyektlərinin siyahısına dair təkliflər vermək, bu məqsədlə həmin müəssisələrdən texniki-iqtisadi göstəriciləri almaq, onları təhlil etmək və bununla bağlı tədbirlər görmək;

3.0.84. istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini strukturuna daxil olan müvafiq qurum vasitəsilə təmin etmək;

3.0.85. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini strukturuna daxil olan müvafiq qurum vasitəsilə təmin etmək;

3.0.86. daxili ticarət və xidmət sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və dövlət tənzimləməsini hazırlamaq, aidiyyəti dövlət orqanları ilə birlikdə bu siyasəti həyata keçirmək, habelə daxili ticarətin və istehlak bazarının inkişafı ilə bağlı tədbirlər görmək;

3.0.87. qanunla müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini strukturuna daxil olan müvafiq qurum vasitəsilə təmin etmək;

3.0.88. reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;

3.0.89. strukturuna daxil olan müvafiq qurum vasitəsilə dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təşkil etmək;

3.0.90. strukturuna daxil olan müvafiq qurum vasitəsilə standartların hazırlanmasını, qəbulunu, tətbiqini, standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri təşkil etmək;

3.0.91. strukturuna daxil olan müvafiq qurum vasitəsilə akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsini təşkil etmək;

3.0.92. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.0.93. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.0.94. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.0.95. fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.96. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə və digər vəsaitlərin xərclər smetalarını təsdiq etmək və onların təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;

3.0.97. dövlət sirrinin və məxfilik rejiminin, habelə fəaliyyət istiqamətləri çərçivəsində vergi, kommersiya və bank sirrinin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.98. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.99. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.100. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək və Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.101. Nazirliyin fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatların aparılmasını təşkil etmək;

3.0.102. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən fəaliyyət istiqamətləri üzrə daxil olan təklifləri ümumiləşdirmək və qanunamüvafiq tədbirlər görmək;

3.0.103. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.104. Nazirlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.0.105. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirmək.

4. Nazirliyin hüquqları

4.0. Vəzifələrini yerinə yetirmək üçün Nazirliyin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.2. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.5. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.6. müəyyən edilmiş qaydada dövri mətbu orqan təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.7. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin, konvensiyaların) icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

4.0.9. beynəlxalq tədbirlərin, o cümlədən forumların, konfransların, sərgilərin və digər tədbirlərin işində iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;

4.0.10. istifadəsinə verilmiş dövlət əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlardan istifadə etmək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

4.0.12. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hüquqları həyata keçirmək.

5. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturunu, Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi Azərbaycan Respublikasının iqtisadiyyat naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır.

5.4. Nazirin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 1 (bir) birinci müavini və 5 (beş) müavini vardır. Nazirin birinci müavini və müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Nazir:

5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməyən məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.4. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.5.6. Nazirliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının işçilərini, habelə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərləri və onların müavinləri, habelə Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

5.5.7. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan regional bölmələrin və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının işçilərinə, habelə Nazirlik yanında dövlət xidmətlərinin dövlət qulluqçusu olan rəhbərlərinə və onların müavinlərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir;

5.5.8. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad edir, ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsinə dair təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

5.5.9. Nazirliyin Aparatının və onun strukturuna daxil olan qurumların işçilərinə bu Əsasnamə ilə nazirin səlahiyyətinə aid edilməmiş ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi, həmçinin xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

5.5.10. müəyyən olunmuş əməkhaqqı və işçilərin say həddi daxilində Nazirliyin Aparatında struktur bölmələrini, Nazirliyin regional bölmələrini, habelə Nazirliyin strukturuna daxil olan qurumların struktur bölmələrini yaradır və ləğv edir;

5.5.11. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.12. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.13. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.14. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə, habelə beynəlxalq təşkilatlara münasibətdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.15. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.16. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir.

5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər.

5.8. Nazirlikdə nazirdən (Kollegiyanın sədri), nazirin birinci müavini və müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən, Nazirlik yanında dövlət xidmətlərinin rəhbərlərindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət tərkibdə Kollegiya yaradılır. Nazirliyin Kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Nazirliyin Kollegiyasının üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.10. Nazirliyin Kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

5.11. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

5.11.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

5.11.6. bu Əsasnamənin 5.11.1 – 5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktları ləğv edən və ya onlarda dəyişikliklər edən normativ hüquqi aktları.

5.12. Nazirliyin Kollegiyasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

5.13. Nazirliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.14. Nazirliyin Kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.