Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Real TV “Mir Şahinin vaxtı” proqramına müsahibəsi

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Real" TV-nin "Mirşahinin vaxtı" verilişinə geniş müsahibə verib, iqtisadi islahatlardan, dövlət-biznes münasibətlərindən, qarşıda duran vəzifələrdən danışıb. Müsahibənin mətnini təqdim edirik:

- Cənab nazir, yeni məsuliyyət və yeni səlahiyyət münasibətilə sizi təbrik edirik. Yaxın perspektivlərlə bağlı sualım olacaq. Qarşıya hansı vəzifələri qoymusunuz və hansı istiqamətləri müəyyənləşdirmisiniz? Nəzərə alaq ki, bu artıq Vergilər Nazirliyi deyil, İqtisadiyyat Nazirliyinin qarşısında fərqli hədəflər və daha geniş miqyaslı vəzifələr qoyulub...

- İqtisadiyyat Nazirliyinin qarşısında vəzifələr möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən qoyulub və təyinat öncəsi qarşımızda duran vəzifələr ölkənin kütləvi informasiya vasitələrində, o cümlədən "Real" TV də kifayət qədər geniş işıqlandırılıb. Əsas vəzifəmiz və hədəfimiz ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməkdir: buraya iqtisadi artım, əhalinin məşğulluğunun, iqtisadi fəallıq indikatorlarının artırılması və nəticə etibarilə ölkəmizin iqtisadi gücü, ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi vəzifələri daxildir. Haqlı olaraq qeyd edirsiniz ki, İqtisadiyyat Nazirliyinin, xüsusilə yenilənmiş İqtisadiyyat Nazirliyinin qarşısında duran vəzifələr çoxşaxəlidir. Bu vəzifələrin yerinə yetirilməsi üçün biz digər aidiyyəti dövlət qurumları ilə yaxından işləməyi planlaşdırırıq. Qarşımızda duran vəzifələri ardıcıllıqla qeyd etsək, bunu iki geniş istiqamətə bölmək mümkündür. Birincisi, yenilənmiş nazirliyin tərkibinə daxil olan strukturların mövcud fəaliyyətini hər hansı təhlükə altına qoymadan, öz funksiyalarını qüsursuz yerinə yetirməklə istər əhaliyə göstərilən xidmətlərdə, istər biznes üçün, sahibkarlar üçün təmasda hansısa çətinliyin yaranmasına yol verməmək və paralel olaraq koordinasiyanı təmin etmək, işləri vahid baxışa, vahid siyasətə malik nazirlik çərçivəsində həyata keçirmək.

Mövzunun ikinci tərəfinə gəldikdə, təbii olaraq ölkəmizin əldə edilmiş nailiyyətləri əsasında mövcud iqtisadi bazis, təməl üzərində, mövcud makroiqtisadi çərçivəni və göstəriciləri nəzərə almaqla, iqtisadi siyasətin həyata keçirilməsi üçün bütün zəruri şəraiti yaratmaq, alətlərdən istifadə edərək sahibkarlıq mühitini daim yaxşılaşdırmaq, xüsusilə kiçik və orta biznesin çiçəklənməsi üçün şərait yaratmaq. Burada ən vacib məqam ondan ibarətdir ki, bu işlərə son dövrlərdə dövlət başçısının həyata keçirdiyi keyfiyyətcə yeni islahatlar, ölkənin inkişafının yeni mərhələsi ilə paralel şəkildə qədəm qoyulur. Hər birimiz bunun şahidiyik. Onu deyə bilərəm ki, bizim fəaliyyətimizdəki dəyişikliklər kosmetik deyil, keyfiyyətcə yeni xarakter daşımalıdır. Çünki ölkə iqtisadiyyatının dayanıqlı, davamlı inkişafı məhz belə yanaşma tələb edir.

 

- İqtisadiyyat Nazirliyinə bir neçə struktur əlavə olundu və təbii ki, ortaya belə bir sual çıxır: yeni qurumların funksional fəaliyyəti necə təşkil olunacaq? Bunun üçün müəyyən çərçivələr müəyyənləşdirə bilmisinizmi?

- Ondan başlayım ki, biz, hər bir halda, vahid hökumət, vahid Nazirlər Kabineti tərkibində fəaliyyət göstərmişik və işlər hər zaman bu çərçivədə koordinasiya olunub. Bu mənada dəyişiklik nə qədər əhəmiyyətli olsa belə, ayrı-ayrı qurumların öz aralarında işçi təmasları, müvafiq sahə siyasətlərinin koordinasiyası, razılaşdırılması, işlənilməsi hökumətin cari və təbii iş prosesidir. Təbii olaraq, İqtisadiyyat Nazirliyi prizmasından baxanda, bu baxış bir az fərqlidir və dəyişir. Çünki nazirliyin tərkibində fəaliyyət göstərən müvafiq xidmətlərin fəaliyyətinin əlaqələndirilməsi idarəedicilər, menecerlər üçün yeni bir hədəfdir, kifayət qədər mürəkkəb bir çağırışdır. Qeyd etdiyim kimi, bizim diqqət yönəltdiyimiz əsas mövzu, bir tərəfdən iş axınına mənfi təsir etmədən, digər tərəfdən də bu sinerji nəticəsində əldə edilən yeni imkanları, yeni baxışları, koordinasiyanı vahid bir nazirlik çərçivəsində daha sıx həyata keçirərək, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid edilmiş sahələrdə vəzifələri daha keyfiyyətli şəkildə yerinə yetirməkdir.

Buna dair ilkin baxışlar mövcuddur. Bununla bağlı xüsusi koordinasiya qrupu fəaliyyət göstərir və bu fəaliyyət uzun müddət həyata keçiriləcək. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bir sıra funksiyaların vahid İqtisadiyyat Nazirliyində birləşdirilməsi bizə imkan verməlidir ki, ölkənin iqtisadi rəqabət qabiliyyətini yeni mərhələyə çıxara bilək, öz fəaliyyətimizdə bu və ya digər təhdid və çağırışlara daha çevik cavab verək, müvafiq vəzifə və salahiyyətlərdən istifadə edərək, qarşımızda duran hədəflərə daha qısa müddətdə, daha uğurlu şəkildə çataq.

 

- Mikayıl müəllim, Prezident növbəti nazir portfelini simvolik olaraq sizə təqdim edərkən müəyyən tapşırıqlar verdi, yol xəritəsini müəyyənləşdirdi. Bunların hamısına şahid olduq. Bayaq sizin də qeyd etdiyiniz kimi, bunları efirə birinci biz verdik və xüsusi vurğulandı ki, Azərbaycan postneft dövründədir. Təbii ki, postneft dövrünün xüsusi tələbləri var. Bu tələblərin də içərisində ən başlıcası Azərbaycan iqtisadiyyatını qeyri-neft sektoru hesabına artırmaqdır. Prezidentin danışığından belə başa düşdüm ki, bu sahədə vəziyyət onu tam qane etmir. Azərbaycanda həyata keçirilən islahatlar kontekstində qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın, əsas iqtisadi strukturların inkişafı barədə fikirlərinizi bilmək istəyirəm...

- Cənab Prezidentin rəhbərliyi ilə, ölkəmizdə bütün vacib infrastruktur sahələri yenidən qurulub, tikilib, müasirləşdirilib. Digər tərəfdən, sahibkarlıq mühitində köklü dəyişikliklər baş verib. Başqa sözlə, iqtisadiyyatımızın dayanıqlığını artırmaq, qeyri-neft iqtisadiyyatına əsaslanmaqla gələcək inkişafımızı təmin etmək üçün dövlət tərəfindən müvafiq şərait yaradılıb. Sizin sualınıza cavab olaraq təklif edərdim ki, aşağıdakı mənzərəni nəzərdə saxlayaq: iqtisadiyyat hər bir ölkənin qarşısında duran vəzifələrin həlli üçün bir resursdur. Həyat səviyyəsinin yaxşılaşması, əmək haqlarının artırılması, dövlətin hərbi gücünün möhkəmləndirilməsi və s. istiqamətlərdə tələb olunan resurslar iqtisadi inkişafın nəticəsi olaraq təmin edilməlidir və təmin edilir. Belə olduğu halda, tamamilə aydındır ki, dövlətin və dövlət başçısının sosialyönümlü siyasətinin həyata keçirilməsi üçün qeyri-neft sektorunun sürətli inkişafı və həmin sektorun uğuru bizim üçün çox vacib, arxalandığımız taleyüklü vəzifədir. Qeyri-neft sektoru çox geniş məfhumdur. Qarşımızda duran vəzifələr ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının mövcud imkanlarını qiymətləndirək, mövcud sənaye sahələrinin, klasterlərin potensialını müəyyənləşdirərək artıq uğur əldə etdiyimiz, ölkə iqtisadiyyatı üçün əhəmiyyət daşıyan sahələrin daha sürətli inkişafı yolunda imkanlar yaradaq.

Digər tərəfdən, zaman, texnologiyalar yerində dayanmır. Dünya iqtisadiyyatının strukturu çox sürətlə dəyişir. Ona görə də ölkəmizdə yeni innovativ iqtisadiyyatın təməlinin qoyulması, mövcud olan sahələrdə sürətləndirilməsi üçün həm düzgün diaqnostika aparmaq, həm də alətləri düzgün təmin və tətbiq etmək lazımdır. Təbii ki, bu proses təcrid edilmiş halda baş vermir. Bu, ayrı-ayrı institutlarla, məhkəmə institutu, mülkiyyətin toxunulmazlığı prizması ilə əlaqəlidir. İstər yerli, istər xarici investorları ölkə iqtisadiyyatına kapital qoymağa cəlb etmək üçün bu və ya digər sahələrin inkişafı ilə bağlı xüsusi dəstək mexanizmləri tətbiq edilməlidir, bu proses digər alətlərdə və imkanlarda öz əksini tapmalıdır. Buna görə də qarşımızda duran əsas vəzifə artan ehtiyaclarımızı və xərclərimizi perspektivdə məhz böyüyən iqtisadi gücümüzlə uyğunlaşdırmaqdan ibarətdir. Artan iqtisadiyyat artan vergilər və büdcə imkanları deməkdir.

Burada mühüm əhəmiyyət kəsb edən bir məqam var, bu da hesab edirəm ki, maliyyə və iqtisadi maarifləndirmə amilidir. Populizmi və populist tələbləri real ehtiyaclardan ayırmağı bacarmalıyıq və bunu yalnız hökumət, nazirlik, iqtisadiyyat, sosial sahə eksperti etməməlidir. Bunu daha geniş əhali təbəqələrində, akademik dairələrdə, universitetlərimizdə, kütləvi informasiya vasitələrimizdə də görmək istərdik. Hər zaman, belə demək mümkündürsə, inkişafa və dayanıqlı maliyyə savadlılığına əsaslanan arqumentlərin rolu gücləndirilməlidir. İqtisadiyyat Nazirliyi olaraq, təbii ki, bütün bu proseslərdə öz səlahiyyətlərimiz çərçivəsində digər dövlət orqanları ilə vahid komandada işləyərək, qeyri-neft sektorunun sürətli inkişafına təkan verməyi bacaracağımıza inanıram.

- Vergi sistemində çox ciddi islahatlar aparıldı. Bunun nəticəsində "kölgə iqtisadiyyatı"nın miqyasının nəzərəçarpacaq dərəcədə azalmasının şahidi olduq. Bu da imkan verdi ki, vergi ödənişləri artsın və bu son nəticədə dövlətin çox geniş bir sosial paket həyata keçirməsinə şərait yaratdı. Sosial təşəbbüslərin davamlı olması üçün daha hansı sahələrdə islahatlar planlaşdırılır? Eyni zamanda burada bir məsələni də qeyd etmək istəyirəm. Bizdə bir vaxtlar var idi, ver ki verəsən, ver ki verəsən. İndi gəldik çatdıq o yerə ki, sadəcə vergi ödəyirsən. Bu da bir sıra hallarda vətəndaşlarımızın vergi mədəniyyətinin, savadının kifayət qədər normal həddə olmaması ilə bağlı problemlər yaradır. Yəni, müxtəlif sahələrdə sadəcə vergi ödənişi üçün gələn dövlət məmurlarını tamamilə fərqli qarşılayırlar, hətta primitiv təfəkkür nəticəsində "mənim çörəyimə bais olmağa gəlmisən, Allah sənin evini yıxsın" tipli qarğışlarla yola salırlar. AzTV-yə müsahibənizdə mənim diqqətimi çox maraqlı bir mesajınız çəkdi. Siz dostluq təklif etdiniz. Yeri gəlmişkən, Vergilər Nazirliyində fəaliyyətə başlayarkən ilk müsahibənizdə də demişdiniz ki, sahibkara dostluq təklif edirsiniz. Dostluğun anlaşılması üçün sizcə, qarşı tərəfin maariflənməsi kifayət qədərdirmi?

- İlk növbədə ondan başlamalıyıq ki, cənab Prezidentin rəhbərliyi ilə müxtəlif sahələrdə baş verən islahatların nəticəsini, birbaşa faydasını görən geniş əhalimizdir, vətəndaşlarımızdır. Belə nümunələr çoxdur, hər bir sahədə bu nümunələr var. ASAN Xidmətin fəaliyyəti gözümüzün qarşısındadır. Vergi islahatları çərçivəsində həyata keçirilən əməkhaqqı islahatı nəticəsində əvvəllər vergi qismində ödənilən 100 milyonlarla manat vəsait vətəndaşların sərəncamında qaldı. Sosial mənzil layihələrinin həyata keçirilməsi, tikilməsi, vətəndaşlarımız tərəfindən güzəştli şərtlərlə əldə edilməsi və s. Yəni hər bir islahatın konkret hədəfi var: vətəndaşa dünənə qədər əlçatan olmayan dövlət xidmətlərinin daha keyfiyyətlə təqdim edilməsi, firavanlığın artırılması və s. Vergi islahatlarına gəldikdə, mən onu xatırlatmaq istərdim ki, biz əslində bu islahatların birinci ilindəyik. Çünki 2018-ci ili keçid ili kimi elan etmişdik və həmin il yalnız inzibatçılıqda fərqli yanaşmaları tətbiq edirdik. Vergi islahatları ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər paketi 2019-cu il yanvarın 1-dən qüvvəyə minib. Qısa müddət keçməsinə baxmayaraq, ötən on ay ərzində artıq gözlədiyimiz müsbət nəticələri görürük. Onu da qeyd edim ki, bir sıra hallarda gözləntilərimizdən daha yaxşı nəticələr əldə etməyimizə baxmayaraq, bəzi istiqamətlərdə gözləntilər hələ ki özünü doğrultmayıb.

Bu sahələrdə müvafiq inzibatçılıq davam etdirilir və nəticələr əldə olunacaq. Amma, məncə, sual altına qoyulmayan odur ki, qısa müddət keçməsinə baxmayaraq, biz vergi inzibatçısı ilə vergi ödəyicisi arasında, sizinlə ötən söhbətlərimizin birində toxunduğumuz məsələlərdən biri də bu idi, münasibətin təbiətinin dəyişdirilməsinə nail ola bilmişik. Deyə bilmərəm ki, bu proses başa çatıb. Bu daimi prosesdir və hər iki tərəf daimi olaraq, inanıram ki, təkmilləşə bilər və təkmilləşəcəkdir. Dostluğa gəldikdə, bəli, dostluq bir çox digər xüsusiyyətlərdən fərqli olaraq birtərəfli ola bilmir. Dostluq hər zaman ikitərəfli bir yoldur. Çünki sən dost dedikdə həm güvənirsən, həm də özünə güvənmək üçün hər zaman insana hüquq verirsən, o hüququ onun üzərinə ötürürsən. Azərbaycan sahibkarlığı, iqtisadi fəaliyyətin subyektləri artıq böyük bir yol keçiblər və mən inanıram ki, hər iki tərəf buna hazırdır. Bu, başqa bir sualdır ki, gediləcək yolda çətinliklər olacaqmı? Bu yolu biz birlikdə necə keçəcəyik? Bu, hər iki tərəfdən öz üzərində, gündəlik işində, yanaşmalarında müəyyən yeniliklər tələb edir. Biz öz tərəfimizdən bu yolu keçməyə hazırıq. Sualınızdakı üçüncü məqam "kölgə iqtisadiyyatı" və "kölgə"dən çıxışla bağlı məqamlar idi. Biz indiyədək daha çox "kölgə iqtisadiyyatı"nın azaldılması və yaxud "kölgə iqtisadiyyatı" ilə mübarizə dövlətə, əhaliyə, vətəndaşa, işçiyə nə verir, məqamları üzərində dayanmışıq. İnanıram ki, bu fəaliyyət biznesə, sahibkara, iş adamına nə verir, sualına cavabımız daha aydın ola bilər. Bu, hər iki tərəfə fayda verən bir prosesdir. "Kölgə"dən çıxmaq biznes üçün bir çox əlavə imkanlar yaradır. Bu, geniş maliyyə resurslarına çıxış imkanı verir. Əgər sahibkar öz fəaliyyətini kreditlə maliyyələşdirirsə, tamamilə aydındır ki, biznesi maliyyələşdirən bank şəffaf fəaliyyət göstərən vergi ödəyicisinin risklərini daha aşağı qiymətləndirir, nəinki sahibkarın fəaliyyətinin bir hissəsi rəsmi, bir hissəsi qeyri-rəsmi olanda. Bu, öz növbəsində, təqdim olunan kreditlərin faiz dərəcəsində də əksini tapır. Yaxud biz beynəlxalq maliyyə bazarlarına çıxışdan danışırıqsa, ümumiyyətlə, danılmaz bir faktdır ki, bu addım müəyyən inkişaf səviyyəsini, şirkətin maliyyə hesabatlarının şəffaf auditinin, vergi öhdəliklərinin şəffaf yerinə yetirilməsini tələb edir. Digər vacib amillərdən biri də cəmiyyətdə nüfuz amilidir. Əksər biznes sahələrinin təqdim etdiyi xidmətlərin, məhsulların istehlakçısı əhalidir. Bu mənada əhali arasında biznesin reputasiyası, işgüzar partnyorları ilə olan münasibətlərdə nüfuzu onun üçün yeni imkanlar, yeni bazarlar və yeni maliyyə resursları deməkdir. Və nəhayət, dövlət dəstəyi alətlərini də unutmamalıyıq. Çünki iqtisadi inkişaf üçün subyektlərə müxləlif dəstək alətləri təqdim edilir. Əgər dövlət öz tərəfindən vergi, yaxud gömrük sahəsində hansısa güzəştlərə gedirsə, tamamilə aydındır ki, bu güzəştlər qeyd etdiyimiz kimi vicdanlı vergi ödəyicisinə, öz fəaliyyətini qanuna uyğun olaraq qurmağa üstünlük verən sahibkara şamil edilir. Bu güzəştlər birmənalı olaraq qanunu pozan, qanunun tələbindən yan keçən sahibkarlar üçün nəzərdə tutulmur. Əks halda bu, ictimai maraqlara, dövlətin maraqlarına xidmət etməyən bir yanaşma olardı. İnanıram ki, bu istiqamətdə konfrans, yaxud seminarın keçirilməsi faydalı olardı. Qeyd etdiyim kimi, bu, maariflənmə prosesinin tərkib hissəsidir. Biz bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik.

- Mikayıl müəllim, təşəkkür edirəm!