Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bakıda Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

Ukraynanın Xerson vilayəti Dövlət Administrasiyası ilə “SOCAR Energy Ukraine” şirkəti əməkdaşlıq memorandumu imzalayıb

Dekabrın 17-də Bakıda Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığına dair müzakirələr aparılıb.

Tədbirdə hər iki tərəfdən sənaye, maşınqayırma, kənd təsərrüfatı, tikinti, energetika, nəqliyyat-logistika, bankçılıq, tibb və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verən İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının bu gün keçirilən Azərbaycan-Ukrayna biznes forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Ukrayna arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələri iqtisadi münasibətlərin məzmununu və inkişaf perspektivlərini şərtləndirir.

Nazir diqqətə çatdırıb ki, ticarət əlaqələri əməkdaşlığımızın əsas istiqamətlərindəndir. Bu sahədə müsbət dinamika müşahidə olunur. Bu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz artaraq 712 milyon ABŞ dollarından çox olub. İkitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və strukturunun şaxələndirilməsi üçün tədbirlər həyata keçirilir.

M.Cabbarov qeyd edib ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə 2018-ci ildə Kiyevdə Azərbaycan Ticarət Evi, bu gün isə Bakıda Ukrayna Ticarət Evi açılıb. Bu səmərəli mexanizm biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

İki ölkə arasında investisiya əməkdaşlığından danışan nazir Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və digər sahələrdə Ukrayna kapitallı şirkətlərin uğurla fəaliyyət göstərdiyini bildirib. O, Azərbaycan şirkətlərinin Ukraynada fəaliyyətinin məmnunluq doğurduğunu, şirkətlərimizin iqtisadi fəallığına bundan sonra da hərtərəfli dəstək veriləcəyini bildirib. Qeyd edib ki, hər iki ölkənin iş adamlarının iştirakı ilə təşkil edilən biznes forumlar və işgüzar görüşlər yeni əməkdaşlıq imkanlarının və iş adamları arasında qarşılıqlı etimadın yaranmasına, ticarət dövriyyəsinin artmasına töhfə verir.

İqtisadiyyat naziri Azərbaycanın investisiyalar üçün açıq olduğunu vurğulayaraq aparılan islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli isə çıxışında Ukrayna-Azərbaycan iqtisadi əlaqələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb, bu sahədə həyata keçirilən tədbirlərin, həmçinin Azərbaycanda Ukrayna Ticarət Evinin açılmasının iqtisadi-ticarət əlaqələrinin inkişafında yeni imkanlar yaratdığını qeyd edib. Ukrayna iş adamlarının azərbaycanlı tərəfdaşları ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayan nazir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, İKT, turizm və sair sahələrdə potensialı diqqətə çatdırıb.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Ukrayna Ticarət və Sənaye Palatasının rəhbəri Gennadi Çijikov müvafiq olaraq Azərbaycanın və Ukraynanın biznes və investisiya mühiti barədə məlumat veriblər.

Tədbir çərçivəsində Ukraynanın Xerson vilayəti Dövlət Administrasiyası və “SOCAR Energy Ukraine” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sonra tədbir işini sahibkarlar arasında ikitərəfli görüşlərlə davam etdirib.