Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb
Dekabrın 9-da Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Həmin gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.
Niyyət Protokolu 20-25 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri zamanı Prezident Vladimir Putinlə görüşü çərçivəsində iki ölkə arasında innovasiyalar və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini ehtiva edir.
Sənədə əsasən, tərəflər Protokolun imzalandığı tarixdən üç ay müddətində “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"na daxil ediləcək innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı (“Yol Xəritəsi”) hazırlayacaq.
Tədbirlər Planı innovasiyalar və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq istiqamətində birgə layihələr və tədbirlərin müzakirəsi üçün hər iki tərəfdən ekspertlərin daxil olduğu işçi qrupun yaradılması, Rusiya Federasiyasının aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə Azərbaycan Respublikasında İnnovasiya, Elm və Texnologiya Mərkəzinin yaradılması və birgə idarə olunması, həmçinin Müştərək Vençur Fondunun təşkili imkanlarına baxılması və digər məsələləri əhatə edəcək.