“Vergini ödə. Heç kimi görmə. İşini gör”
Vergilər Nazirliyi cəmiyyətdə vergiləri könüllü ödəmə vərdişlərinin formalaşdırılması, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bütün bunların davamı olaraq, nazirliyin təşəbbüsü ilə bir neçə yeni sosial çarx hazırlanıb. Sosial çarxlarda dövlət–sahibkar münasibətlərinə yeni yanaşma, şəffaf biznes mühitinin yaradılması və vergi öhdəliklərini yerinə yetirməyin üstünlükləri haqqında fikirlər ictimaiyyətə fərqli tərzdə təqdim edilir.
Vergi ödənişlərinin yerinə yetirilməsinin cəmiyyət üçün faydaları ayrı-ayrı sektorlarda çalışan sahibkarlar vasitəsilə çatdırılır. Sosial çarxlarda təqdim edilən fikirlərə görə, şəffaflıq dövlət və sahibkar arasında qarşılıqlı inamı artırır, biznes təmsilçisinə etimadı yüksəldir və sahibkarlığın inkişafına səbəb olur. Könüllü vergi ödənilməsinə keçid vergi ödəyicisinin ünvanına getmədən, ödəyicinin özünün vergiləri doğru, düzgün və dəqiq hesablayaraq büdcəyə ödəməklə vətəndaşlıq borcunu yerinə yetirməsini nəzərdə tutur. “Vergini ödə. Heç kimi görmə. İşini gör” şüarı altında hazırlanmış videoçarxlar vergilərin şəffaf şəkildə və vaxtında ödənilməsini təbliğ edir.