Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi bəyannamələrinin əvvəlcədən doldurulması üzrə beynəlxalq təcrübə öyrənilir

Vergi sisteminin qəbul edilmiş strateji inkişaf planları sırasında “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan” mühüm yer tutur. Vergi sisteminin bir çox sahələrinin inkişafı üzrə mərhələli və kompleks tədbirlər sisteminin həyata keçirilməsini nəzərdə tutan bu sənədin mühüm bəndlərindən biri də vergi ödəyicilərinə müasir və keyfiyyətli xidmətlərin göstərilməsidir.

Sənəddə diqqət çəkən məqamlardan biri vergi bəyannamələrinin əvvəlcədən doldurulması sisteminə keçirilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və mərhələlərlə ölkəmizdə də bu sistemə keçidin təmin olunmasıdır. Göstərilən prosesin həyata keçirilməsi, həmçinin nazirliyin strukturlarının layihə təkliflərinin icrası məqsədilə Vergilər Nazirliyi bu sahədə Avropa Komissiyasının TAIEX texniki yardım alətinə müraciət edib. Avropa Komissiyası Vergilər Nazirliyinin müraciətini müsbət cavablandırıb.

Aparılan müzakirələrdən sonra “Əvvəlcədən doldurulmuş vergi bəyannamələri” sahəsində Finlandiya vergi administrasiyasının təcrübəsi qəbul olunub. Bununla bağlı sentyabrın 30-da Vergilər Nazirliyinin mərkəzi aparatında TAIEX ekspert missiyası öz işinə başlayıb. Finlandiya vergi administrasiyasının baş məsləhətçiləri xanım Heli Annala və xanım Merja Holantinin təqdimatçı kimi iştirak etdikləri seminar müddətində vergi bəyannamələrinin əvvəlcədən doldurulması üzrə hüquqi çərçivə, məlumat mənbələri, bəyannamələrin hazırlanması, məlumat mübadiləsi və digər mövzulara dair müzakirələr aparılacaq. Seminar oktyabrın 2-dək davam edəcək.