Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

Sentyabrın 14-də Vergilər Nazirliyinin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun sədrliyi ilə “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda konfrans keçirilib. Vergilər Nazirliyinin mərkəzi aparatının məsul şəxsləri, yerli vergi orqanı əməkdaşları, Dövlət Sosial Müdafiə Fondunun məsul şəxsləri və müstəqil ekspertlərin iştirakı ilə keçirilən tədbirdə dövlət sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər, sosial sığorta üzrə qanunvericilik və hesablama mexanizmləri, sosial sığorta üzrə proqnozların icra vəziyyəti, bu sahədə mövcud olan çətinliklər, təhlil istiqamətləri və risk meyarları müzakirə olunub.

Tədbirdə Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov çıxış edərək dövlət sosial sığorta haqlarının yığımı sahəsində Vergilər Nazirliyi tərəfindən ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib və cari ilin ikinci yarımilliyində bu sahədə qarşıda duran əsas məsələlər barədə danışıb.  Qeyd edilib ki, aparılmış işlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib.  Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub. Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə birlikdə «inteqrasiya» prosesləri üzrə müəyyən edilmiş Tədbirlər Planı üzrə işlərin icra vəziyyəti nəzərdən keçirilib və gələcək dövlərdə qarşıya qoyulmuş vəzifələrin icrasına dair aidiyyəti üzrə tapşırıqlar verilib.

Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tədbirdə iştirak edən məzurəçiləri tərəfindən məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, MDSS haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyasını tətbiq etmək və digər məsələlərlə bağlı tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Tədbirdə dövlət sosial sığorta haqlarının yığımı sahəsində mövcud çətinliklər ətraflı müzakirə edilib, bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair, vaxtında təqdim edilməmiş vergi bəyannamələri (hesabatları) ilə bağlı vergi ödəyicilərindən hesabatların qəbulu və s. bağlı vergi orqanlarının rastlaşdıqları məsələlər təhlil edilib. Tədbir iştirakçılarının sosial sığorta öhdəliklərinin icrası ilə bağlı təcrübədə qarşıya çıxan problemlərə dair sualları cavablandırılıb. Tədbirdə iştirak edən müstəqil ekspertlər qaldırılan məsələlərin həlli ilə bağlı öz təkliflərini veriblər.