Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları»nın təsdiq edilməsi haqqında Qərar N 82

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Bakı şəhəri, 12 iyun 2003-cü il

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 620, nömrəli Fərmanının 1-ci bəndinin dördüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ

(Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2015-ci il tarixli, 394 N-li Qərarı ilə edilmiş əlavə və dəyişikliklə)

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmişdir

Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri, büdcədən maliyyələşən təşkilatlar və bələdiyyələr istisna olmaqla) inventarizasiyanın aparılması qaydalarını müəyyən edir.

1.2. Vergi ödəyicisinin əmlakı dedikdə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq hər hansı daşınan və daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər və pul vəsaitləri nəzərdə tutulur.

1.3. Səyyar vergi yoxlaması zamanı inventarizasiya aşağıda göstərilən hallarda Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsaslandırılmış qərarı ilə aparılır:

  • vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə;
  • vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda;
  • vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə;
  • vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 

1.4. Əmlakın inventarizasiyası vergi ödəyicisinin əmlakının yerləşdiyi yerdən asılı olmayaraq olduğu yerlər və hər bir maddi məsul şəxs üzrə aparılır.

1.5. İnventarizasiyanın əsas məqsədi aşağıdakılardır:

  • vergitutmadan gizlədilmiş (yayındırılmış) obyektlərin, mal-material qiymətlilərinin və əmlakın faktiki mövcudluğunun aşkar edilməsi;
  • faktiki mövcud əmlakın və digər qiymətlilərin mühasibat uçotunun məlumatları ilə müqayisə edilməsi;
  • öhdəliklərin uçotda tam əks etdirilməsinin yoxlanılması;
  • sahibkarlıq fəaliyyətində gəlir (mənfəət) götürmək üçün istifadə edilən daşınar və daşınmaz əmlakın, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin vergitutma obyekti kimi vergi uçotundan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması;
  • vergitutmadan gizlədilmiş (yayındırılmış) mal-material qiymətlilərinin bazar qiymətləri nəzərə alınaraq ödənilməli olan vergi (o cümlədən Azərbaycan Respublikasına kənardan gətirilmiş mal-material qiymətliləri üzrə gömrük orqanlarında ödənilməli olan verginin) məbləğini müəyyən etmək.
  • Vergi orqanları vergi ödəyicisinin əmlakının digər qiymətlilərinin inventarizasiyasının aparılması üçün müəyyən edilmiş qaydada ekspertləri, tərcüməçiləri və digər mütəxəssisləri cəlb edə bilər. Bu zaman inventarizasiya edilən əmlak və digər qiymətlilər barədə mütəxəssislərin və ekspertlərin rəyləri tərtib edilmiş aktlara əlavə edilməlidir.

2. İnventarizasiyanın aparılmasının ümumi qaydaları

2.1. Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması barədə əsaslandırılmış qərar Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilir.

«İnventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir, vergi ödəyicisi və vergi orqanının nümayəndələri tərəfindən inventarizasiya siyahıları imzalandıqdan sonra inventarizasiya bitmiş hesab olunur. Müstəsna hallarda (inventarizasiya aparılan obyektlərin müxtəlif ərazilərdə yerləşməsi, iş həcminin çox olması, vergi ödəyicisi inventarizasiyanın nəticələri ilə razılaşmadıqda və s.) inventarizasiyanın müddəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsaslandırılmış qərarı ilə, səyyar vergi yoxlamasının keçirildiyi müddətdən çox olmayaraq artırıla bilər.

2.2. Əmlakın faktiki mövcudluğunun yoxlanılmasının başlanılmasına qədər vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən inventarizasiya başlanan vaxt sonuncu mədaxil və məxaric sənədləri və ya maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar alınır.

Vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən inventarizasiya başlanana qədər uçot məlumatları üzrə əmlakın qalığının müəyyən edilməsi üçün reyestrlərə (hesabatlara) əlavə edilmiş bütün mədaxil və məxaric sənədlərinə «inventarizasiyaya qədər «____» (tarix)» qeydi edilərək dərkənar qoyulur.

İnventarizasiya başlanana qədər maddi məsul şəxslər əmlaka dair bütün mədaxil və məxaric sənədlərinin mühasibata verilməsi, onların mühasibat registrlərində əks olunması, maddi məsuliyyətlərinə verilmiş bütün qiymətlilərin mədaxil və məxaric olunması haqqında iltizam verirlər.

Maddi məsul şəxs öhdəsində olan əmlakdan kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün əmlak verdikdə və ya kənardan borc, yaxud başqa qaydada saxlanmaq üçün əmlak aldıqda, eyni zamanda inventarizasiya yerində onun özünə məxsus əmlakı olduqda onları aydın şəkildə verdiyi izahatda göstərməlidir.

Əmlakın alınması üçün pul vəsaiti verilmiş təhtəlhesab şəxslərdən və ya vəkalətnamə verilmiş məsul şəxslərdən eyni qaydada iltizam alınır.

2.3. Əmlakın faktiki mövcudluğu haqqında məlumatları əks etdirən inventarizasiya siyahıları və ya inventarizasiya aktları (bundan sonra - inventarizasiya siyahıları) iki nüsxədən az olmamaqla tərtib olunur.

2.4. İnventarizasiya zamanı əmlakın faktiki mövcudluğu onların sayılması, çəkilməsi və ölçülməsi yolu ilə müəyyən olunur.

Vergi ödəyicisi əmlakın faktiki mövcudluğunun müəyyən olunmuş müddətdə tam və dəqiq yoxlanılması üçün lazım olan şəraiti yaratmalıdır (yüklərin çəkilməsi və daşınması üçün fəhlə qüvvəsi, texniki düzgün tərəzi, ölçü və nəzarət cihazları və ölçü tarası ilə təmin etməlidir və s.).

Malsatanların açılmayan qablarında (taralarında) saxlanılan mal və materialların sayı seçmə yolu ilə onların bir hissəsinin sayılması nəticəsində müəyyən edilə bilər. Qablaşdırılmamış materialların çəkisi (həcmi) ölçmələr və texniki hesablamalar əsasında müəyyən olunur.

2.5. İnventarizasiya siyahıları hesablama texnikası və ya digər növ təşkilat texnikasından istifadə edilməklə və həmçinin əl ilə yazılmaqla doldurula bilər.

İnventarizasiya siyahıları mürəkkəblə və ya diyircəkli qələmlə aydın və dəqiq yazılır, pozuntulara və qaralamalara yol verilmədən doldurulur.

İnventarizasiya olunan qiymətlilərin və obyektlərin adı və onların sayı nomenklatur üzrə və uçotda qəbul edilmiş ölçü vahidləri ilə göstərilir.

İnventarizasiya siyahılarının hər bir səhifəsinin aşağı hissəsində material qiymətlilərinin sözlə yazılmaqla sıra nömrələrinin sayı, hansı ölçü vahidi ilə (ədədlə, kiloqramla, metrlə və s. ilə) ifadə olunmasına baxmayaraq həmin səhifədəki maddi qiymətlilərin natural göstəricilərinin ümumi cəmi göstərilir.

Əmlakın faktiki qalığının inventarizasiyası maddi məsul şəxslərin bilavasitə iştirakı ilə aparılır.

Şəxsi və ya məsuliyyətli mühafizəyə götürülən, icarəyə, yuyulmağa və təkrar emala qəbul edilən əmlaka ayrıca inventarizasiya siyahıları tərtib edilir.

İnventarizasiya siyahılarında taralar növləri, məqsədli təyinatı və istismar vəziyyətinin keyfiyyəti (təzə, istifadə olunmuş, təmir tələb edən və s.) üzrə göstərilir.

Səhvlərin düzəldilməsi inventarizasiya siyahılarının bütün nüsxələrində düzgün olmayan məlumatların üstündən xətt çəkilməsi və onun üstündən düzgün məlumatların yazılması yolu ilə aparılır. Düzəlişlərin aparıldığı bütün hallarda inventarizasiya siyahılarına izahatlar əlavə olunmalı və düzəlişlər vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) və maddi məsul şəxs (şəxslər) tərəfindən imzalanmalıdır.

2.6. İnventarizasiya siyahılarında doldurulmamış sətirlərin qalmasına yol verilmir, sonuncu səhifələrdə doldurulmamış sətirlər xətlənir.

İnventarizasiya siyahılarının sonuncu səhifələrində qiymətlərin yoxlanılması, məbləğlərin cəmlənməsi və ümumi məbləğin hesablanması haqqında qeydlər edilir və vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanır.

2.7. İnventarizasiya siyahıları vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) və maddi məsul şəxslər tərəfindən imzalanır. İnventarizasiya siyahılarının sonunda maddi məsul şəxslər əmlakın vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən yoxlanılmasının onların iştirakı ilə aparıldığını və onlara etirazlarının olmaması barədə və ya inventarizasiyanın nəticələrinə öz xüsusi münasibətini (etirazını) bildirməklə müvafiq qeydlər aparır və imza edirlər.

2.8. Əmlakın inventarizasiyası bir neçə gün ərzində aparıldığı hallarda, maddi qiymətlilərin saxlandığı yerlər (bina, otaq, tikili, anbar və s.) günün axırında vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən möhürlənir və cavabdeh şəxsə təhvil verilir.

2.9. İnventarizasiyanın rəsmiləşdirilməsi üçün sahə xüsusiyyətləri nəzərə alınmaqla müvafiq nazirliklər, komitələr (birliklər) tərəfindən təsdiq olunmuş formalardan (hesabatlardan da) istifadə edilə bilər.

3. Ayrı-ayrı əmlak növlərinin inventarizasiyasının aparılması qaydaları

3.1. Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, maliyyə qoyuluşlarının, mal-material qiymətlilərinin, başa çatmamış istehsalın və gələcək dövrlərin xərclərinin, cavan və kökəldilməkdə olan heyvanların, pul vəsaitinin, pul sənədlərinin və ciddi hesabat blankları sənədlərinin, hesablaşmaların inventarizasiyası qaydaları qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4. İnventarizasiyanın nəticələrinin rəsmiləşdirilməsi

4.1. İnventarizasiya cədvəllərinin tərtib edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.2. Vergi ödəyicisinin əmlakının inventarizasiyasının nəticələrinin məlumatları vergi yoxlaması aktında öz əksini tapmalı və səyyar vergi yoxlamasının materiallarına baxılarkən nəzərə alınmalıdır.