“Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:
4.1. bu Fərmanla təsdiq edilmiş hər iki Qaydanın tələblərinə vergi ödəyiciləri tərəfindən ciddi əməl olunmasına nəzarətin həyata keçirilməsini təmin etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 7-ci hissəsində və 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 9-cu hissəsində nəzərdə tutulan ciddi hesabat blanklarının formasını bir ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Bu Fərmanın 1-ci, 2-ci və 4-cü hissələri 2017-ci il iyulun 15-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2017-ci il
N 1460
Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Bu Qaydanın məqsədi topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;
1.3.2. təhtəlhesab şəxs – inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs.
1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Gəlir və xərclərin uçotunun aparılması
2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar.
2.2. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.
3. Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi
3.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir:
3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir;
3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
3.3. Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
3.4. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır.
3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə vasitəsi üçünhəyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” verilir tərtib edilir.
3.7. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi mallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda geri qaytarıldıqda, həmin mallar anbara və ya malların saxlandığı digər təsərrüfat subyektlərinə (obyektlərə) yenidən mədaxil edilir və onların dəyərinin alıcıya qaytarılması uçot sənədlərində nəzərə alınır.
3.8. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında “Malların qaytarılması aktı” tərtib edilir.
3.9. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən şəxslər komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.
3.10. Malların anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.
3.11. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.
3.12. Vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “topdansatış ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir.
4. Topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi
4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır.
4.3. Topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Malların bir məsul şəxsdən digərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
4.4. İdxal mallarının və təhtəlhesab şəxsin aldığı malların anbara təhvil verilməsi, habelə topdansatış ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.
4.5. Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” tərtib olunur.
5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi
5.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi mallar üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir.
5.2. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.
5.3. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir.
5.4. Vergitutma məqsədləri üçün xərclərin çəkilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə müəyyən olunur.
6. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin anbarlarında mal qalığının müəyyən edilməsi
6.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin anbarlarında malların qalığı hər bir məsul şəxs üzrə ayrılıqda inventarizasiya aparılmaqla müəyyən edilir.
6.2. Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən edilmiş mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq, malların uçotunda düzəlişlər edilir.
7. Yekun müddəalar
Bu Qaydanın 1.3.1-ci, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 3.3-cü və 4.1-ci bəndlərində nəzərdə tutulan qaimə-faktura, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 3.2-3.4-cü və 3.9-cu bəndlərində nəzərdə tutulan “Malların təhvil-qəbul aktı”, 3.2-ci bəndində nəzərdə tutulan “Malların alış aktı”, 3.3-cü bəndində nəzərdə tutulan vəkalətnamə (etibarnamə), 3.5-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, 3.6-cı bəndində nəzərdə tutulan “Yük avtonəqliyyatı üçün yol vərəqi”, 3.8-ci bəndində nəzərdə tutulan “Malların qaytarılması aktı”, 4.4-cü bəndində nəzərdə tutulan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və 4.5-ci bəndində nəzərdə tutulan “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” ciddi hesabat blanklarıdır və onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.
7.1. “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.
7.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.
7.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Bu Qaydanın məqsədi istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. təhtəlhesab şəxs – inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs;
1.3.2. kommersiya (satış) təmsilçisi – hazır məhsulların sifarişçilərə çatdırılması ilə bağlı sahibkarı təmsil edən və onun adından müqavilə bağlayan şəxs;
1.3.3. istehsal fəaliyyəti – maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesi;
1.3.4. əsas istehsal sahəsi – müəssisənin (fərdi sahibkarın) sahibkarlıq fəaliyyətinin əsas məqsədi hesab edilən məhsulların istehsalının başa çatdırıldığı istehsal sahəsi;
1.3.5. köməkçi istehsal sahəsi – müəssisənin (fərdi sahibkarın) sahibkarlıq fəaliyyətinin əsas məqsədi hesab edilən məhsulların komponentlərinin (yarımfabrikatlarının) istehsal olunduğu, habelə onların istehsalı ilə bağlı işlərin görüldüyü və xidmətlərin göstərildiyi istehsal sahəsi;
1.3.6. istehsal ehtiyatı – istehsal prosesində istifadə olunan mal-material.
1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Gəlir və xərclərin uçotunun aparılması
2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar.
2.2. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.
3. İstehsal sahəsində istehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsi
3.1. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi orqanlarında uçotda olan şəxslərdən, o cümlədən malsatan və podratçılardan satın alınan istehsal ehtiyatları aşağıdakı qaydada sənədləşdirilir:
3.1.1. istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür;
3.1.2. istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür.
3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
3.3. Vergi ödəyicisi istehsal ehtiyatlarını təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. İstehsal ehtiyatlarının alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş istehsal ehtiyatlarının satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin istehsal ehtiyatlarını anbara və ya istehsal sahəsinə təhvil verməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
3.4. İdxal olunan istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal olunan istehsal ehtiyatları uçota alınarkən həmin istehsal ehtiyatlarının idxalına dair gömrük bəyannamələri, faktura (invoys) və istehsal ehtiyatlarının satın alınmasına dair müqavilə əsas götürülür. Həmin sənədlərə idxal olunan istehsal ehtiyatlarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal olunan istehsal ehtiyatları uçot sənədlərində qeydiyyata alınarkən həmin istehsal ehtiyatlarının alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, istehsal ehtiyatlarının yüklənmə, boşaldılma, yenidən yüklənmə və sığorta xərclərinin cəmi nəzərə alınır.
3.5. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır.
3.6. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisi istehsal ehtiyatlarını malgöndərənlərlə bağlanmış müqavilələrə uyğun olaraq “Alış sifarişi” təqdim etməklə aldıqda, həmin istehsal ehtiyatlarının sənədləşdirilməsi bu Qaydanın 3.1-ci və 3.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
3.7. İstehsal ehtiyatlarının anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.
3.8. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-ci yarımbəndləri və 3.2-ci bəndi ilə müəyyən edilmiş qaydada malların anbara təhvil verilməsi zamanı hər hansı uyğunsuzluq aşkar edildikdə “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” tərtib olunur.
3.9. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imzası və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.
3.10. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən işgüzar adətlərdən irəli gələrək malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.
3.11. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.
3.12. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya emal üçün qəbul edilmiş mal və materialları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.
4. İstehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının sənədləşdirilməsi
4.1. Əsas və köməkçi istehsalat sahələrinə istehsal ehtiyatları istehsal sahəsinə məsul şəxsin (texnoloq, baş mühəndis, istehsal sahəsinin rəhbəri) sifarişi (tələbi) əsasında buraxılır. Sifariş (tələb) məsul şəxs (texnoloq, baş mühəndis, istehsal sahəsinin rəhbəri) tərəfindən imzalanmış və müəssisə rəhbəri (fərdi sahibkar) və ya onların səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş normativlər əsasında tərtib edilir. Bu zaman məsul şəxs tərəfindən “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi” tərtib edilir. Həmin tələbnamə məsul şəxs (texnoloq, baş mühəndis və ya istehsal sahəsinin rəhbəri) tərəfindən təsdiq edilməklə istehsal ehtiyatları anbarına təqdim edilir.
4.2. İstehsal ehtiyatları anbarının məsul şəxsi tərəfindən alınmış tələbnamə əsasında istehsal ehtiyatları hazırlanır və “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası” tərtib edilərək istehsal ehtiyatları sifarişçiyə (məhsul istehsalı üçün texnoloqa, hazır məhsulun qablaşdırılması üçün isə sex rəisinə (müavinə) təqdim edilir.
4.3. Əsas istehsal sahəsinin məsul şəxsi tərəfindən hazır məhsulun istehsalı üçün tələb olunan köməkçi istehsalat məhsullarından ötrü yazılı sifariş tərtib edilir və həmin sifariş məsul şəxslər tərəfindən (texnoloq, baş mühəndis, istehsal sahəsinin rəhbəri) təsdiq edilir.
4.4. Sifariş əsasında istehsal edilmiş məhsullar köməkçi istehsal sahəsinin məsul şəxsi tərəfindən “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası” tərtib edilərək əsas istehsal sahəsinə buraxılır.
4.5. Vergi ödəyicisinə məxsus anbarlar və ya obyektlər (təsərrüfat subyektləri) məhsul istehsalı fəaliyyəti üzrə obyektin (təsərrüfat subyektinin) hüdudlarından kənarda yerləşdikdə və hazır məhsulların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün əlavə olaraq “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir.
5. Hazır məhsulların anbara mədaxilinin sənədləşdirilməsi
5.1. İstehsalı başa çatmış hazır məhsullar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar “Hazır məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə təhvil verilir.
5.2. “Hazır məhsulların təhvil-qəbul aktı”nda məhsullar kəmiyyət ifadəsində əks olunur.
5.3. Anbara təhvil verilmiş hazır məhsullarla bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş dəyərlə uçota alınır.
5.4. Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir.
5.5. Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar “Zay məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə verilir.
5.6. Hazır məhsulların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.
6. Hazır məhsulların satışının sənədləşdirilməsi
6.1. Müəssisədə və ya fərdi sahibkar tərəfindən istehsal edilmiş hazır məhsullar anbardan alıcıların sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura tərtib edilməklə sifarişçilərə göndərilir.
6.2. Hazır məhsulun istehsalçısı ƏDV qeydiyyatında olduğu halda sifarişçiyə elektron qaimə-faktura təqdim edir.
6.3. Vergi ödəyicisinə hazır məhsullar təhtəlhesab şəxs vasitəsilə göndərildikdə, təhtəlhesab şəxsdən Malların alınması üçün vəkalətnamə tələb edilir. Hazır məhsulların alışı zamanı təhtəlhesab şəxs tərəfindən satıcıya Malların alınması üçün vəkalətnamə təqdim edildikdən sonra satıcı (istehsalçı) Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş hazır məhsulların satışına dair elektron qaimə-faktura təhtəlhesab şəxsə təqdim edir.
6.4. İstehsalçı istehsal etdiyi hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışını həyata keçirdikdə, həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
6.5. Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hallar nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” tərtib olunur.
7. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi
7.1. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istehsal etdiyi hazır məhsulun bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim edilməsi üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir.
7.2. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.
7.3. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş hazır məhsulların satışı üzrə məsrəflər, o cümlədən yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflər, köməkçi istehsalatların xərcləri, əsas istehsala xidmət və onun idarə edilməsi ilə bağlı dolayı xərclər, zayolmadan əmələgələn itkilər və s. bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. Yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflərə əsas istehsalda olan əsas vəsaitlərin amortizasiyası, əsas istehsalatla bağlı qeyri-maddi aktivlərin amortizasiyası, əsas istehsalatda istifadə edilmiş istehsal ehtiyatları, öz istehsalının yarımfabrikatları, icarə haqqı, kommunal xidmətlər və s. aid edilir.
7.4. Vergitutma məqsədləri üçün xərclərin çəkilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə müəyyən olunur.
7.5. İstehsal edilmiş hazır məhsullar üzrə fərdi uçot aparılmadıqda, gəlirdən çıxılan hazır məhsulların dəyəri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139.4-cü maddəsinə uyğun olaraq orta maya dəyəri ilə müəyyən edilir.
8. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında mal qalığının müəyyən edilməsi
8.1. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında malların qalığı hər bir anbar üzrə ayrılıqda inventarizasiya aparılmaqla müəyyən edilir.
8.2. Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən edilmiş mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq, malların uçotunda düzəlişlər edilir.
9. Yekun müddəalar
9.1. “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.
9.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.
9.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.