Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: [2]
1. Dövlət Xidmətlərinin Elektron Reyestri (bundan sonra Elektron Reyestr) yaradılsın.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Elektron Reyestrin təşkilini və fəaliyyətini təmin etsin;
2.2. Elektron Reyestrin aparılması ilə əlaqədar görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. Bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumların göstərdiyi xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan subyektlərə göndərilməsini və onlar tərəfindən cavablandırılmasını Elektron Reyestr vasitəsilə təşkil etsin; [3]
2.4. ASAN xidmət indeksi ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin:
2.4.1. xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.);
2.4.2. xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa);
2.4.3. xidmətin göstərilmə müddəti;
2.4.4. xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası;
2.4.5. xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi;
2.4.6. şikayət və nəzarət mexanizmləri;
2.4.7. vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri;
2.5. Elektron Reyestrə daxil edilmiş hər bir xidmət üzrə ASAN xidmət indeksi nin Elektron Reyestrdə yerləşdirilməsini təmin etsin;
2.6. Dövlət xidmətlərinin ASAN xidmət indeksi üzrə qiymətləndirilməsi qaydalarını müəyyən etsin.
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdikləri xidmətlərin adı, hüquqi əsası, xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin qanunvericiliklə müəyyən edilmiş siyahısı və ödənişlər, xidmət istifadəçiləri, xidmətin göstərilmə müddəti, forması və xidmətin göstərilməsində istifadə edilən mövcud elektron informasiya ehtiyatları barədə məlumatları Elektron Reyestrə daxil edilməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə elektron formada təqdim etsinlər və mütəmadi olaraq həmin məlumatların yenilənməsini təmin etsinlər. [4]
3-1. Dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların mütəmadi yenilənməsini təşkil etmək məqsədi ilə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumlar öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını, burada müvafiq dövlət xidmətləri barədə Elektron Reyestrdəki məlumatlara keçidin yerləşdirilməsini və elektron xidmətlərin həmin bölmədən həyata keçirilməsini 2016-cı il oktyabrın 1-dək təmin etsinlər.[5]
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında, Elektron Reyestrinin aparılma qaydalarını üç ay müddətində müəyyən etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
5.1. notariat fəaliyyəti ilə bağlı bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş məlumatları Elektron Reyestrə daxil edilməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin və mütəmadi olaraq həmin məlumatların yenilənməsini təmin etsin.
5.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2014-cü il
262
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 9 iyun 2016-cı il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 10 iyun 2016-cı il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1030)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 9 iyun 2016-cı il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 10 iyun 2016-cı il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1030) ilə Adında və 1-ci hissəsində orqanları tərəfindən həyata keçirilən xidmətlərin sözləri Xidmətlərinin sözü ilə əvəz edilmişdir.
[2] 9 iyun 2016-cı il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 10 iyun 2016-cı il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1030) ilə preambulada orqanları tərəfindən həyata keçirilən xidmətlər sözləri xidmətləri sözü ilə əvəz edilmişdir.
[3] 9 iyun 2016-cı il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 10 iyun 2016-cı il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1030) ilə 2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.3 2.6-cı bəndlər əlavə edilmişdir.
[4] 9 iyun 2016-cı il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 10 iyun 2016-cı il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1030) ilə 3-cü hissədə orqanları sözündən sonra , dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları sözləri əlavə edilmişdir.
[5] 9 iyun 2016-cı il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 10 iyun 2016-cı il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1030) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.